Şəhid şair
Kamal Ömər bəy - Kərkük
ədəbiyyatı
İraq türkmən ədəbiyyatımızın
köklü, zəngin ənənələrə malik
olduğuna kimsənin şübhəsi yoxdur. Bu gün əbədiyyatımız
sürətlə inkişaf edərək Türk
dünyası ədəbiyyatı ilə ayaqlaşır.
1970-ci ildə İraq dövləti tərəfindən
qısa bir müddət ərzində mədəni
hüquqlarımızın tanınmasından sonra ədəbiyyatımızın
yüksək səviyyəyə
çatacağına inanırdıq. O gündən bu
günədək mədəniyyət və ədəbiyyat
sahəsində ziyalılarımız, ədəbiyyatçılarımız
meydana çıxıb, ədəbiyyatımızı olduqca
inkişaf etdirib, irəli aparıblar.
2003-cü ilədək nəşriyyat
orqanlarımızdan biri olan, dövlət nəzdindəki
Türkmən Mədəniyyət İdarəsi onlarla
kitabımızı çap edərək
kitabxanalarımızı zənginləşdirib. Yüzlərlə
gənc işıq üzü görən nəşrlərimizdən
faydalanaraq istedadlarını inkişaf etdiriblər. Onlardan
biri də öz adını türkmən ədəbiyyatçıları
arasına qızıl hərflərlə yazdırmış
gənc ozanımız şəhid Kamal Ömər bəydir.
Gənc ozanımız şəhid Kamal xoyrat yazmaqda
üstün bir səviyyəyə çatmağa nail
olmuşdu. Şair şəhid olduqdan sonra bir qrup
yazıçılarımız onun xoyratlarını
toplayıb kitab halında nəşr etdirməyə söz
verdilər. Təəssüf ki, bizdən başqa heç kim
bu vəzifəni yerinə yetirmədi. Olmadı!.. Bir tərəfdən
də şəhidimizin bəzi xoyratları qəzet və jurnallarda
başqalarının adından dərc olunmağa
başladı.
Beləcə, üzərimə düşən vəzifəni
uyğun bilərək, şairin əsərlərini
toplayıb, araşdırma və tədqiqatlar apardıqdan
sonra bir kitab halına gətirməklə onun ölməz
ümidlərini, tükənməz incə
duyğularını, ruhunu, ölümsüzlüyə apara,
millətimə, ədəbiyyatımıza azacıq bir xidmət
edə bilmişəmsə, xoşbəxtəm...
Bu yazımda şəhidin kitabından ömür
hekayəsi hissəsini təqdim edirəm.
Yazdığı lirik, cinaslı və cinassız
xoyratlarıyla ürəyimizi yandıran gənc ozan şəhid
Kamal Ömər bəy 1966-cı ildə Kərkükün
Piryadi rayonunda anadan olmuşdu. İbtidai və orta məktəbi,
liseyi Kərkükdə bitirmişdi. 1988-ci ildə
İraq-İran müharibəsində Şimal cəbhəsində
Şəmirən dağında vətən uğrunda şəhid
oldu.
Kamal uşaqlığından bəri xoyrat dinləməyi,
xüsusilə köhnə lentlərdəki xoyratları
çox sevərdi. 1980-ci ildə xoyratın xüsusiyyətlərini
öyrənərək xoyrat yazmağa başladı.
Tutulduğu bir müqəddəs eşq üzündən
yazdığı mənalı xoyratlarını 1984-cü ildən
başlayaraq tez-tez qəzet və jurnallarda dərc etdirərək
ədəbiyyat sahəsində bir xoyratçı kimi
tanındı.Zaman keçdikcə kitab oxumaqla
istedadını inkişaf etdirən rəhmətlik Kamal
Ömər bəy Osman Məzlum, Ali Marufoğlu, Mehmet İzzət
Xəttatın təsiri altında xoyratın ədəbi və
fəlsəfi cəhətləri ilə tanış olaraq, dərin
fikirli, könül oxşayan xoyratlar yazdı.
Bəyazam, qar kimiyəm,
Şirinəm, nar kimiyəm,
Gah gülləm, gah ağlaram,
Mən də o yar kimiyəm.
Gənc ozan Kamal Ömər bəy illər boyu əsiri
olduğu müqəddəs bir eşqə görə
xoyratlarında məhəbbət mövzusuna böyük yer
vermişdi.
Yardan getdi,
Xoş günlər yardan getdi,
Mən vaz geçdim, kar etdim,
Nə getdi, yardan getdi,
Özünü sadiq bir aşiq sayardı. Sevgilisinin
ayrılığına dözə bilməyərək
çəkdiyi acı və üzüntüləri heç
kəs onun kimi çəkməmişdi.
Çi mərdi,
Çi dostu sor, çi mərdi,
Fələk çimən olsaydı,
Göz yaşımda çimərdi.
Sevgiyə bütün varlığıyla bağlanan
şair sevdiyi qızın üzündən ulduzlarla
dostlaşmışdı. Onun sevgilisi üçün
yazdığı xoyratlar xəyalpərəst və olduqca dərin
mənalı xoyratlardır.
Kim anlasın,
Tərk edib kim anlasın,
Mənnən yarın dərdini
Kim desin, kim anlasın.
Çox vaxt yeni cinas axtarar, yazdığı
dördlüklərində də yeni düşüncələr,
qəribə xəyallar görünərdi...
Yaşa xanda,
Ol xançı, yaşa xanda,
Kimsə deməz nəyindi,
Gözümnən yaş axanda!
Kamal Ömər bəy də bir çox şairlər
kimi, ədəbiyyata xoyratla gəlmişdi və qara
sevdasına - sevgilisinə vurğun olaraq hissini, duyğusunu o
gözəl, ürəkdən gələn xoyratlarında əks
etdirmişdi.
Xoyrat əzbərləmək bacarığı ilə
yaddaşında yüzlərlə köhnə
xoyratımızı saxlardı və oğurlanan xoyratları
oxuyarkən, "bu, filankəsin xoyratıdır", - deyərdi.
Dərdli davar,
Kəsmərəm dərdli davar,
Hər dərdlini bir sayma,
Dərdli var, dərdli də var.
Ədəbiyyatı sevdiyi kimi, sənəti də sevərdi,
folklor mahnılarımızın, nəğmələrimizin
daimi dinləyicisi idi. Çox vaxt sənətin gizli tərəflərini
axtarıb- arayardı, saza da xüsusi marağı vardı.
Tel saldım saza, yarım,
Qaldırdım yaza, yarım,
Xo mən Əyyub deyiləm,
Səbr edim naza, yarım.
Həqiqətən, səbrin də həddi
varmış!!!
Ədəbiyyat, xüsusilə də xoyrat hər
şeydən bəhs edər. Yazdığı xoyratlar
Kamalın ən qiymətli varlığıdır və
onlarla qürur duyardı.
Solu sən,
Sağ sayısan solu sən,
Sən də dərdimə düşsən,
Saralısan, solusan.
Bir çiçək üçün yaşayan
şair qış mövsümündən bir bədbinlik
duyaraq, səbəbini bilmədən ona nifrət edərdi.
Çox savuğdı qışımız,
Birə birdi dişimiz,
Rəqib üzün görmiyey,
Heç düz gəlməz işimiz.
Könlü təmiz bir insan olan gənc şəhid
Kamal "zülm" sözünü həzm edə bilməz,
həqiqəti müqəddəs sayaraq sevgilisinə və
könlünə ən yaxın olan kəsə səslənirdi.
Odun yanı,
Odunluğ odun yanı
Sölə, yar zülm etməsin,
Düşünsün o dünyanı.
Xoyratçımız Kamal Ömər bəy
aşiqanə dördlükləriylə könülləri
oxşayar, xoyratlarıyla da özünəməxsus həssaslığını,
böyük bir sevgiyə bağlandığını
göstərirdi...
Bir yat, ağa,
Bir oyan, bir yat, ağa,
Yardan şərtim beləydi,
Girəydiy bir yatağa.
Müqəddəs bir eşq üzündən əzab-əziyyətə
düşərək könlündə çəkdiyi
eşq tablosu üçün cürbəcür maneələrə
qarşı bir div kimi müqavimət göstərmişdi.
Amma təəssüf ki, zalım fələk ruhunu
almayınca yaxasını əldən buraxmadı.
Qah, gedəy xana kimin,
Fala baxana kimin,
Fələk yaxam salmadı,
Evim yıxana kimin.
Əridim ax çəkməydən,
Ruhum çıxana kimin.
Yaşadığı acı günlərdə
"ölüm" sözü gənc
xoyratçımızın düşüncəsindən
heç bir zaman çıxmırdı.
Aşağıdakı xoyratlar şairin daxili hisslərini
açıq-aydın ifadə etməkdədir:
İşləsin, işdə tapsın,
Yaz bitdi, qışda tapsın,
Mən ölsəm, mənim təkin
Məgər, yar dişdə tapsın.
Apardılar eşimi,
Qəm salmırı peşimi,
Qorxuram, düşüm ölüm,
Qurd-quş yesin leşimi.
Nənə, bir şad olmadığ,
Mırazımız almadığ,
Aldığ musalla yolun,
Aləm kimin gülmədiğ.
Şairin vəsiyyətinə görə cənazəsini
sevgilisinin qapısı önündən zurna-qaval ilə
keçiriblər.
İçənlərə içirdin,
Biçənlərə biçirdin,
Öldüysəm, cənazəmi
Yar qapsınnan keçirdin.
İstedadlı bir xoyratçı olan Kamal Ömər
bəy arabir heca vəznində şeirlər də yazardı,
amma xoyrat ustalığı şeirlərindən daha
üstün idi. Sevginin müqəddəsliyinə,
ucalığına inanan bir insan idi.
Gör bağrım yarmağını,
Yaramın sarmağını,
Yeddi il yardan qaldım,
Sıxmadım barmağını.
Tükənməz eşqə sahib olan Kamalın
duyğuları dördlüklərdən, xoyratlardan
açıq-aydın bəlli idi. Qəlbi təmiz bir insan
olduğu üçün içini ölüm duyğusu
sarmışdı və yaxında öləcəyini təxmin
edirdi. Bir gün yazdığım bu xoyratını ona
söylədim:
"Dostlar məni başarsa,
Yad əlimdə çaşarsa,
Boyun əymərəm, yara
İçərimdə yaşarsa", -
Dinləyəndən sonra mənə "Bu
dördlük mənim olsaydı, üçüncü və
dördüncü misralarını belə ifadə edərdim"
- dedi:
Razıyam mən ölməyə,
Yar yerimə yaşarsa".
Dostlarının sevimlisi olan Kamal sevgilisi
üçün könlündə elə müqəddəs
bir eşq bəsləyirdi ki, sanki ürəyindən həyəcanla
xoyrat bulağı coşub-daşırdı. Amma təəssüf
ki, bu müqəddəs eşq günəş görmədən
öldü. Bu ilham qaynağı qurudu, bitdi, bu istedadlı gənc
ozanın ulduzu şeir dünyamızdan axdı. Musalla məzarlığında
igid şəhid Kamal Ömər bəyin təmiz bədəni
torpağa dəfn olundu. Sonsuzluq yollarında dönməz
karvanlara qatıldı.
Dostum, qurma əyləncə,
Yardan xəbər gəlincə,
Əcəl gələndə baxmaz
Uşaq, ixtiyar, gəncə.
Şəmsəddin KUZƏÇİ
525-ci qəzet.- 2024.- 2 may,№76.-S.12.