Çaparaq notlar
Stalinin qızı Svetlana Alliluyevanın sevgililəri
Mən tarixi-sənədli bir əsər üzərində
işləyirəm. Personajlar sırasında inqilabi fəaliyyətinin
mühüm dövrü Bakı ilə bağlı olan
İosif Stalin və onun həyat
yoldaşı Nadejda Alliluyeva da var.
Haqqında söhbət açdığımız
Svetlana Alliluyeva bu məşhur ailənin övladıdır.
Oxucular üçün maraqlı ola biləcəyini nəzərə
alaraq Stalinin qızı haqda kiçik qeydləri təqdim
edirəm. Svetlananın anası Nadejda Alliluyeva 1932-ci ildə
intihar edəndə qızcığazın yeddi yaşı
vardı. İlk illər ona demişdilər ki, anası xəstəlikdən
ölüb. Sveta sonralar anasının özünü
güllə ilə vurub öldürdüyünü biləndə
sarsılmışdı. Stalinin qızı sonralar
yazırdı: "Təki mənim anam Baş katibə yox,
adı bir dülgərə ərə gedəydi".
Svetlana təbiətən sərbəst, habelə
hökmlü bir qızdı.
Stalinin sevimli qızı hələ 14 yaşında
olarkən Beriyanın oğlu Serqoya vurulmuşdu. Amma oğlan
Stalinin qızından iki yaş böyük idi. Bir müddət
sonra Serqo Lavrentyeviç məşhur proletar ədib Maksim
Qorkinin nəvəsi Marfa Peşkovla evləndi.
Qorkinin nəvəsi çox gözəl və
"modnitsa" idi. Svetlana isə rəftar və geyimində
sadəliyi sevirdi. Məsələ budur ki, hər iki məşhur
simanın qızları zaman keçdikcə bir-birinə daha
çox nifrət etməyə başladı.
İlk yeniyetməlik eşqinin oxu daşa dəyən
Svetlana 17 yaşında olarkən o zaman tanınmış
dramaturq Aleksey Kaplerlə sevişməyə başladı. O
zaman Kaplerin 40 yaşı vardı. Kapler "Lenin Oktyabrda"
adlı məşhur filmin ssenari müəllifi idi. Kapler
Svetanın qardaşı Vasilinin dostu idi. Stalin məktəbli
qızının yəhudi əsilli, həm də
yaşlı bir adamla sevişdiyini biləndə bərk qəzəbləndi.
Az sonra yazıçını "ingilis
şpionluğunda" günahlandırıb Vorkuta
sürgün etdilər. Kapler orada ağır şəraitdə,
xüsusi xidmət orqanlarının təzyiqi altında
yaşamağa başladı. O zaman başqa cür ola da bilməzdi.
Onlar, bu iki sevgili, bir də Stalinin ölümündən sonra
təzədən görüşə bildilər.
Stalin qızının müstəqil ailə həyatı
qurmasını, ümumiyyətlə azadlıqsevərliyini, təqdir
etmirdi. Amma Svetlana da Svetlana idi. O, hələ MDU-da təhsil
alarkən yenə öz qardaşının tələbə
dostu Qriqori Morozovla ailə qurdu. Bu, onun ilk rəsmi nikahı
idi. Oğlan Stalinin qızından ötrü dəli-divanə
idi. Amma Sveta öz ərinə qarşı soyuq idi. Tezliklə
onların övladı oldu. Uşağın adını dahi
rəhbərin şərəfinə İosif qoydular.
Stalin öz nəvəsini sevmirdi, çünki
uşağın atası yəhudi idi.
Qriqori uşaqcanlı idi. İstəyirdi ki,
çoxuşaqlı ata olsun. Amma Svetlana ərinin arzusunun
xilafına olaraq çox uşaq istəmirdi. Alliluyeva Morozovla
yaşayarkən beş dəfə abort etdirdi.
Svetlana atasının təhriki ilə Qrişadan
ayrılmalı oldu. Oğlu Yosenin (İosifin) iki yaşı
olanda o, Yuri Jdanovla ailə qurdu. Yurinin atası Andrey Jdanov Mərkəzi
Komitə katibi, üstəlik də, Stalinin yaxın dostu və
silahdaşı idi. Bu izdivac valideynlərin arzusu ilə baş
tutmuşdu. Tezliklə onların bu evlilikdən Katya adlı
qızları dünyaya gəldi. Amma Svetlana ərini sevmirdi.
Onun bütün günü restoran və gənclərin şənlik
məclislərində keçirdi. Tezliklə ailə
dağıldı. "Ellər atası" bu dəfə
boşanmaya sakit yanaşdı, onsuz da böyük ölkənin
problemləri az deyildi.
Svetlana 1956-cı ildə yeni eşqə mübtəla
oldu. Bu, onun uşaqlıqdan tanıdığı Svanidze idi.
Oğlanın adı Conrid idi. Bu ad ona məşhur amerikan
jurnalisti Con Ridin şərəfinə qoyulmuşdu. Məsələ
burasında idi ki, Conrid Stalinin birinci arvadının
qardaşı oğlu idi. Yəni Svetanın ögey bibisi
oğlu. Svanidzenin valideynləri 1938-ci ildə həbs edilərkən
öz övladlarından imtina etməli olmuşdular. Conrid uzun
illər həbsdə və sürgündə olmuşdu.
1954-cü ildə sürgündən qayıdıb Moskvaya gəlmiş,
Xruşşovun şəxsi göstərişi ilə ona mənzil
verilmişdi. Svanidze Svetlana ilə 1957-ci ildə ailə qurdu.
İki ildən sonra onlar ayrıldılar.
Svetlana Alliluyeva dördüncü dəfə hind vətəndaşı
Braceş Sinqxlə ailə qurdu. Bu adam Moskvaya müalicə
üçün gəlmişdi. Kommunist idi. Varlı ailədən
çıxmışdı. Alliluyevadan 26 yaş böyük
idi. Kreml bu evlənmənin əleyhinə idi. Axı bu necə
ola bilər ki, Stalinin qızı xarici vətəndaşla ailə
qursun? Amma Sveta öz istəyində möhkəm idi. Ərini
də sevirdi. Halbuki Sinqx ağır xəstə idi. Onlar
dörd il birgə yaşadılar. 1967-ci ildə Sinqx
öldü. Svetlana onu dəfn etmək üçün
Hindistana getdi. Amma onun sevgi macəraları davam edirdi.
Svetlana beşinci dəfə 1970-ci ildə amerikalı
memar Uilyam Piterslə ailə qurdu. Onun Olqa Piters adlı
qızı oldu. Sonralar həmin qız Kris Evans kimi
tanındı.
1988-ci ildə Svetlana Alliluyeva texaslı Tom Ternerlə
yeni ailə qurur. Tom ondan on yaş kiçik idi. Amma evlilikdən
bir neçə ay sonra Tom öldü.
İngiltərədəki meksikalı diplomat Raul Ortiz
də Svetlananın son ərlərindən biri idi. Yaşı
altmışı keçmiş bu adam yüksək təhsil
və mədəniyyət sahibi idi.
Bütün bunlardan başqa, müxtəlif mərhələlərdə
Svetlana Alliluyeva müxtəlif adamlarla eşq həyatı
yaşayıb. Bunlara misal olaraq məşhur tənqidçi və
yazıçı Andrey Sinyavskini göstərmək olar. Bu
adam Abram Terts imzası ilə də tanınır.
Daha bir tanınmış şəxs, məşhur rus
şairi David Samoylov Svetanın sevgililərindən biri idi.
Amerikalı jurnalist Luis Fişer, rus şair və
yazıçısı Vladimir Solouxin, jurnalist Dmitri Pisrevski,
amerikan iş adamı Ues, redaktor Rozamond Riçardson,
Başnell də Svetlana Alliluyevanın sevgililəri olmuşdu.
Dahi rəhbərin qızı 2011-ci ildə Amerikada
Viskonsin ştatında vəfat edib.
Stalinin oğlu və Hitlerin bacısı oğlu...
Yeni tarixi əsər üzərində işləyərkən
Stalinin oğlu ilə bağlı əksəriyyətinizin
bildiyi bir faktı təzədən araşdırmalı oldum.
Yakov Cuqaşvili 1941-ci ilin yay aylarında qanlı
Smolensk döyüşlərinin birində əsir
düşür. Əsir Yakov Berlin şəhəri
yaxınlığında yerləşən Zaksenhauzen həbs
düşərgəsinə gətirilir. Almanlar Yakovu Stalinqrad
döyüşü zamanı sovet ordusuna əsir
düşmüş feldmarşal Fredrik Paulus ilə dəyişdirmək
istəyirlər. Mənbələrdə Stalinin bu təklifə
müxtəlif cavablar verdiyi göstərilmişdir. Həmin
cavablardan ən məşhuru budur:
"Bir feldmarşalı leytenanta dəyişmərəm".
Digər bir cavab: "Yakov kimi milyonlarla oğlum var. Ya
onları da Yakov ilə birlikdə azad edərsiniz, ya da
oğlum onlarla eyni taleni yaşamalıdır" -
olmuşdur.
Amma mənim diqqətimi vacib bir informasiya cəlb etdi.
Hələlik fakt kimi tam təsdiqlənməmiş bir
mülahizəyə görə, Adolf
Hitler sovet əsirliyində olan bacısı oğlu Leo
Raubalı Stalinin oğlu Yakov ilə dəyişdirmək istəmiş,
ancaq bu təklif də Stalin tərəfdindən rədd
edilmişdir.
Yakov Cuqaşvili Zaksenhauzen həbs düşərgəsində
saxlanılan zaman düşərgədən qaçmaq istəyərkən
elektrik tellərinə toxunaraq həlak olmuşdur.
P.S. Yakov 1925-ci ildə 18 yaşı olarkən, 16
yaşlı yəhudi qızı Zoya Qunina ilə evlənmişdi.
Stalin oğlunun bu nikahına qarşı çıxır.
Yakov əsəbiləşib özünü güllə ilə
vurur və sağ qalır. Stalin istehza ilə deyir ki, "bu
heç düz-əməlli atəş də aça
bilmir".
Stalin oğlunu o qədər də sevmirdi. Hətta
deyilənə görə, ikinci arvadı Nadejdanı öz
oğluna qısqanırdı.
Sonralar Yakov artilleriya akademiyasına daxil olur. 30-cu illərin
əvvəllərində Yakov Olqa Pavlovna Qolışeva ilə
tanış olur. Qız Moskvaya Urüpinskdən -Stalinqrad
oblastından gəlmişdi.
Amma onlar az müddətdən sonra ayrıldılar. 10
yanvar 1936-cı il tarixdə onların Yevgeni adlı
övladları dünyaya gəldi.
1936-cı ildə Yakov balerina Yuli Meltserlə evləndi.
Yakov balerinanın əri Nikolay Bessarabla əlbəyaxa
vuruşmuş, nəhayət, öz istəyinə nail
olmuşdu. Onların bu nikahdan Qalina adlı qızları
doğulmuşdu. Nikolay Bessarab sonradan həbs edilərək
öldürüldü.
28.10.16
Leninin sevgilisi...
Krupskayanın əri...
Leninlə Krupskayanın ər-arvad olduğunu az qala
bütün dünya bilir. Amma az adam bilir ki, Leninin qanuni
arvaddan başqa, mülki arvadı, daha doğrusu, sevgilisi də
olub. Bu, məşhur inqilabçı İnesa Armand idi.
Lenin (və eləcə də Krupskaya) İnessa
Armandla 1909-cu ildə Parisdə tanış olub. Bu
tanışlığa qədər İnessanın iki nikahdan
beş uşağı vardı. Bildiyimiz kimi, Krupskayanın
övladı olmamışdı.
Nadejda öz məşhur ərinin fransalı
xanıma bənd olduğunu yaxşı bilirdi. Nə qədər
təmkinli olsa da belə, Nadya daxilən iztirab keçirirdi. Hətta
bir dəfə boşanmaq qərarına da gəlmişdi. Amma
sonralar bu istəkdən daşınmışdı.
Leninlə İnessanın sevgi macərası izsiz
ötüb keçməyib. Deyilənə görə,
onların Aleksandr (bəzi mənbələrə görə
isə Andrey) adlı övladları olub. Bu barədə bir qədər
sonra...
İnessa Fyodorovna Armand 1874-cü ildə Parisdə
opera müğənnisi Teodor Stefanın ailəsində
doğulmuşdu. O, səkkiz yaşında ikən
atasını itirir. Ailə çətinliklərə məruz
qalır. İnessa 15 yaşında ikən öz bacısı
Rene ilə Rusiyada yaşayan xalasıgilə gəlir. Xala məşhur
varlı ailənin - Armandların uşaqlarına musiqi dərsi
keçirdi. 1893-cü ildə İnessa Armandın
oğullarından birinə - Aleksandrla, onun bacısı Rene isə
digər qardaşa - Pavellə ailə qurur.
İnessanın birinci nikahdan dörd uşağı -
iki oğlu, iki qızı olur. 1902-ci ildə qadın öz ərindən
ayrılaraq onun kiçik qardaşı - 18 yaşlı
Vladimirə ərə gedir və bu evlilikdən Andrey adlı
oğlu olur. O, əvvəlcə Vladimirin təsiri altında
rus eserrçilərinin Moskva qrupu ilə tanış olur.
Bundan sonra İnessa inqilabı fəaliyyətlə məşğul
olur. O, tezliklə bolşeviklərə qoşulur. Dediyimiz
kimi, Leninlə Armand Parisdə tanış olmuşdular.
İnessa Volodyadan dörd yaş kiçik idi. Bildiyimiz kimi,
Nadejda isə Volodyadan bir yaş böyük idi. Xanım
İnessa fransız fəhlələri arasında partiya təbliğatı
aparırdı. O, Leninin əsərlərini fransızcaya tərcümə
edirdi.
Armand 1917-ci ilin aprelində Rusiyaya Leninlə eyni vaqonda
- bir kupedə gəldi. Leninin yaxın silahdaşı kimi
ağır döyüşlərdə iştirak etdi. Xəstəliklərə
mübtəla oldu.
Lenin hakimiyyətə gələndən sonra da
İnessa Armanda xüsusi qayğı ilə
yanaşmışdı. İnqilabdan sonra bu xanım Moskva Xalq
Komissarları şurasının sədri seçildi. Armand
1919-20-ci illərdə Rusiya Kommunist (b) Partiyası MK-da
qadın şöbəsinə rəhbərlik edib. İnessa
12 oktyabr 1920-ci il tarixdə Nalçikdə vəbaya yoluxub və
Beslanda vəfat edib. O, Moskvada Kreml divarları önündə
dəfn edilib. Məzarının üzərinə Baş
nazirdən - Leninin adından əklil qoyulub.
Yeri gəlmişkən, belə bir rəvayət də
gəzir ki, Leninlə Armand ötən əsrin əvvəllərindən
tanış olublar və Andrey məhz Vladimir İliçin
oğlu olub. Qızıl ordunun kapitanı Andrey Aleksandroviç
Armand (1903-1944) müharibədə qəhrəmancasına həlak
olub və Vilnüs yaxınlığında - Mariyampolda dəfn
olunub.
...Rus tarixini yazanlar son zamanlar belə bir mülahizə
ilə də çıxış edirlər ki, Nadejda Krupskaya
Vladimir İliçdən əvvəl də ailəlik həyatı
yaşayıb.
Gəncliyində Krupskaya yaraşıqlı qız
olub. Onun aşiqləri, fanatları az olmayıb. Belə iddia
olunur ki, Nadyanın birinci əri Boris Vladimiroviç German
olub. O, 1860-cı ildə doğulub. Nadejdadan 9 yaş böyük olub. Eser
partiyasının rəhbərlərindən biri kimi
tanınıb. Sonralar ər-arvadın yolu ayrılıb və
onların nikahı pozulub.
Yeri gəlmişkən, German məşhur eser Fanni
Kaplanın yaxın dostu olub. Bu, həmin Kaplandır ki, 1918-ci
il avqust ayının 30-da Lenin Moskvada Mixelson zavodunun fəhlələri
qarşısında çıxış edərkən
tapançadan bir neçə atəş açmış, nəticədə
inqilab rəhbərini ağır yaralamışdı.
German haqqında "NKVD"nin keçmiş agenti
Kirill Henkin 1984-cü ildə İsraildə nəşr
etdirdiyi kitabda ətraflı söhbət açıb.
1984-cü ildə çapdan çıxmış həmin
kitabın adı belədir: "Ruslar gəldlər".
Kitabda qeyd olunur ki, İnqilabdan sonra Boris German
Argentinaya gedir, ömrünü mühacirətdə başa
vurur. German mühacirətdə də dinc durmur, terrora əl
atır. Həbs olunur və elə həbsxanada "Sosializmin
biologiyası" adlı kitabını yazır. O, deyilənə
görə, məhbəsdə vəfat edir.
Tarixin bu cür açılmamış səhifələri
də olur...
Firuz MUSTAFA
525-ci qəzet.- 2024.- 2 may,№76.-S.11.