Böyük
Qayıdışın miqyası sürətlə genişlənir
"Qarabağa Böyük Qayıdış"
planı Azərbaycan hökumətinin xüsusi diqqət
yetirdiyi prosesdir. 44 günlük II Qarabağ
savaşındakı parlaq qələbəmizdən sonra bu
plan ətrafında gedən işlər sürətlənib.
İşğaldan azad edilmiş ərazilərimizdə təmir-bərpa
işlərinin sürətlə getməsi bunu deməyə əsas
verir. Dövlət tərəfindən "Böyük
Qayıdış" planına uyğun olaraq məcburi
köçkünlərin doğma yurd-yuvalarına ən
qısa zamanda qayıtması üçün bütün
imkanlar səfərbər edilib. Həmin ərazilərdə
yeni yaşayış məntəqələrinin
salınması, infrastrukturun bərpası, yolların çəkilişi,
məktəb, xəstəxana tikintisi sürətlə davam
edir.
Millət vəkili Rüfət Quliyev deyir ki,
"Böyük Qayıdış"la əlaqədar
işlər uğurla davam edir. Bu prosesin miqyası sürətlə
genişlənir. Amma nəzərə almaq lazımdır ki, hələ
Qarabağda böyük layihələri yenə də
reallaşdırmaq lazımdır. İnfrastruktur layihələri,
əvvəlcə yaşayış evləri tikilməlidir,
insanlara iş yerləri açılmalıdır. Bu, ən
vacib məsələdir. Təkcə insanları oraya
köçürməklə iş düzəlməyəcək.
Gərək onların iş yerləri olsun. Kənd təsərrüfatı
ilə, gələcəkdə turizmin inkişafı ilə əlaqədar
layihələr var. Bunlar həyata keçiriləcək. Kənd
təsərrüfatı layihələri həyata keçirilən
kimi ondan sonra Qarabağ ərazisində emal müəssisələri
açılmağa başlayacaq. Hər şey nümunəvi
formada, planlı şəkildə hazırlanır. Yəni
xaotik heç bir addımlar atılmır. Yaranan
"ağıllı kənd", "ağıllı şəhər"lər
də planlı şəkildə yaranır:
"Düşünürəm ki, bu proses hələ kifayət
qədər çəkəcək. Ona görə ki, bizim
orada çoxlu işlərimiz var. Bu işləri də biz
uğurla həyata keçiririk".
Millət vəkili Vüqar İskəndərovun
sözlərinə görə, Azərbaycan Vətən
müharibəsindəki böyük və şanlı qələbəsi
və bir günlük antiterror tədbirləri ilə öz ərazi
bütövlüyü və suverenliyini bərpa etdi. Otuz ilə
yaxın düşmən tapdağında olan müqəddəs
ərazilərimizi geri qaytardıq. Dünyanın ən
çox mina ilə çirklənmiş ərazisi olmasına
baxmayaraq, işğaldan azad edilmiş ərazilərimiz Azərbaycanın
məhz öz gücünə minalardan təmizlənir və
paralel olaraq sürətli şəkildə böyük
quruculuq, bərpa işləri həyata keçirilir:
"Sözün əsl mənasında qısa zaman ərzində
işğaldan azad olunmuş torpaqlarımızda hava
limanları, inzibati dövlət binaları, yaşayış
məskənləri, ağıllı kənd və şəhər
konsepsiyasının, yaşıl zona sisteminin
formalaşdırılması üçün çox
mühüm işlər görülür. Artıq bir
çox ərazilərdə insanların
qayıdışı və orada firavan həyat sürmələri
təmin olunub. Məhz ilk olaraq da qarşımızda duran məsələ
həmin ərazilərin bərpası və məcburi
köçkünlərin öz doğma yurdlarına geri
qayıdışının təmin edilməsidir.
"Böyük Qayıdış" konsepsiyası
hazırda uğurla icra olunur. Füzuli, Zəngilan,
Laçın və digər ərazilərə insanların
qayıdışı həyata keçirilir. Həmin ərazilərdə
yaşayış üçün vacib bütün
infrastruktur yaradılaraq, istifadəyə verilib.
İşğaldan azad edilmiş ərazilərdə yeni
iş yerlərinin açılması məsələsi də
gündəmdə olan ən vacib məqamlardan biridir.
Ümumilikdə qarşıdakı illərdə bütün
şəhər və kəndlərə insanların
qayıdışı təmin olunacaq. Paralel olaraq həmin ərazilərdə,
yəni Qarabağ və Şərqi Zəngəzur iqtisadi
zonasında ağıllı kənd və şəhər
konsepsiyası daha da inkişaf etdiriləcək. Xüsusilə
də həmin torpaqların yaşıl zona kimi
inkişafına xüsusi diqqət ayrılır. Burada diqqəti
çəkən əsas məsələ isə bütün
bu işlərin sırf Azərbaycanın öz gücü və
potensialı hesabına həyata keçirilməsidir. Bu da
birbaşa olaraq respublikamızın qüdrətindən xəbər
verir".
Politoloq Rəşad Bayramov qeyd edib ki, azad edilmiş ərazilərə
"Böyük Qayıdış" Azərbaycanın
2030-cu ilədək beş Milli Prioritetindən biri olaraq müəyyən
olunub. Bu Milli Prioritetlərə əsaslanan "Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki
hədəflərə çatmağa xidmət edən
mühüm sənəddir: "Qısa zaman kəsiyində Zəngilan,
Füzuli, Laçın, Kəlbəcər, Ağdam və digər
ərazilərimizdə görülən işlər, hava
limanlarının açılması, şəhər və
rayonlarımızın baş planının təsdiq
olunması və baş plana uyğun fəaliyyətin təşkili,
infrastrukturun yenidən qurulması yönündə
aparılan fəaliyyət bir daha onu sübut edir ki, regionun
lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi
torpaqlarda qısa zaman kəsiyində həyatı
canlandıracaq. Azərbaycan öz torpaqlarını azad etməklə
tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri
ilə səciyyələnən, dayanıqlı sülhə,
tərəqqiyə əsaslanan və bir çox ölkələr
üçün nümunə olan yeni mərhələsinə
qədəm qoymuşdur. İşğaldan azad edilmiş
regionlarımızda yeni infrastrukturun qurulması, evlərin
tikilməsi, o cümlədən, yolların və digər
kommunikasiya sistemlərinin yaradılması istiqamətində
aparılan sürətli işlər onu deməyə əsas
verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı
yaşamış vətəndaşlarımızın öz
doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək.
Müharibənin başa çatmasından sonra dünyada
hökm sürən qlobal iqtisadi böhran və qeyri-sabit
siyasi durumu nəzərə alan analitiklər bu bölgədə
böyük layihələrin həyata keçirilməsi bir
yana, insanların məskunlaşmasını belə, yaxın
onillik üçün real görmürdülər. Amma nəticə
göz qabağındadır. Azərbaycan dövlət olaraq hər
kəsə bunun mümkünlüyünü sübut edərək
bütün bədbin proqnozları darmadağın etməyi
bacardı".
Onun sözlərinə görə, görülən
işlərin nəticəsidir ki, bu gün Şuşa
bütövlükdə Türk dünyasının siyasət
və mədəniyyət mərkəzi rolunu oynayır:
"Hazırda şərqdən qərbə böyük
tranzit yolun Azərbaycan hissəsinin tikintisi başa
çatdırılıb. Füzuli və Laçın şəhərinə,
Ağalı, Talış, Zabux kəndlərinə 6000 nəfərə
yaxın insanın qayıdışı təmin edilib.
Bütün bunlar, sözün həqiqi mənasında,
olduqca əhəmiyyətlidir və dövlətimizin qüdrətini
təsdiqləyən faktlardır. Təbii ki,
"Böyük Qayıdış"ın tam şəkildə
təmin olunması üçün bir sıra mühüm
amillər vacib şərtdir. Bunların sırasında isə
minalanmış ərazilərin təmizlənməsi də
öncül sıralarda yer alır. Mənfur düşmənlərin
30 il ərzində işğal altında saxladıqları
torpaqlarımızda apardıqları minalama indiyə qədər
yüzlərlə vətəndaşmızın həyatına
son qoyub. Həmin ərazilərin minadan təmizləmə
işləri də sürətlə davam etdirilir. Artıq 20
faizə yaxın ərazinin minalardan təmizlənməsi təmin
olunub. Dövlətimiz bütün mühüm imkanları ilə
"Böyük Qayıdış" Proqramının
uğurla icra edilməsi üçün hər şey edir.
2022-2026-cı illər üçün işğaldan azad
olunan ərazilərimizin bərpa və yenidən
qurulmasına 19.2 milyard manatın ayrılması da bunun bariz
sübutudur. 2026-cı ilədək 40 minə yaxın ailə,
bütövlükdə 150 mindən çox vətəndaşımızın
30 ildən sonra öz ata-baba yurdlarına
qayıtmasının təmin olunacağına artıq
heç kimin şübhəsi yoxdur".
Millət vəkili deputat Tural Gəncəliyev deyir ki,
"Böyük Qayıdış"la bağlı dövlət
proqramının həyata keçirilməsi intensiv şəkildə
davam edir. Artıq yay ayları ərzində intensiv
köç prosesi sürətlənəcək: "Artıq
Şuşaya ilk dəfə olaraq "Böyük
Qayıdış" başlayır. Biz bu yay ərzində və
ilin sonuna kimi Şuşaya şəhər sakinlərinin
işğaldan sonra ilk dəfə daimi yaşayış
üçün qayıtmasının şahidi
olacağıq. Bildiyiniz kimi, Laçın şəhərində
artıq əsas məskunlaşma başa
çatmışdır. İndi bu prosesin davamı gedir.
Laçın gündən-günə gözəlləşir,
inkişaf edir. Oturuşmuş "Böyük
Qayıdış" və köç prosesi sürətlə
davam edir. Eyni zamanda Füzuli şəhəri də bu proqram
çərçivəsində müvəffəqiyyətlə
sakinlərini qarşılayır. Dövlət proqramı bu
istiqamətdə də həyata keçirilir. Bunlar
hamısı davam edən, geniş vüsət almış
quruculuq, bərpa işləri ilə birlikdə gedir.
İnfrastruktur sistemi, yollar, körpülər, tunellər,
hava limanları çox sürətlə tikilməkdədir.
Bunu biz hər dəfə Qarabağ iqtisadi zonasına, Şərqi
Zəngəzur iqtisadi zonasına səfər edəndə
görə bilirik. Dövlətimiz böyük büdcə vəsaitlərini
məhz Qarabağ iqtisadiyyatının inkişafı
üçün ayırır, insanların geri
qayıtması üçün zəmin hazırlayır. Eyni
zamanda Qarabağın və Şərqi Zəngəzur iqtisadi
rayonlarının inkişafı, rifah halını yüksəltməsi
bu prosesin ətrafında gedən siyasi proseslərlə də
məntiqi sonluğunu tapacaq. Çünki Ermənistanla
bütün problematik məsələləri həll etdikdən,
Azərbaycanın suverenliyi bərpa edildikdən, Qazaxın 4 kəndi
qaytarıldıqdan sonra Ermənistanla Azərbaycan arasında
sərhəd delimitasiya və demarkasiya prosesi çərçivəsində
ilk sərhəd nişanının torpağa
basdırıldığı kontekstdə bu məsələyə
baxsaq, "Böyük Qayıdış"ın daha təhlükəsiz,
daha müvəffəqiyyətlə olacağı göz
qabağındadır. Çünki Qarabağ bölgəsi
üçün heç bir təhlükə qalmır, beləliklə
də, bu prosesi yekunlaşdırmaq daha müvəffəqiyyətli
olacaq".
Millət vəkili vurğulayıb ki, hazırda bu
proseslə bağlı bizim yeganə problemimiz mina problemidir.
Bu problem də obyektiv xarakter daşıyır: "Minanın
sayının çox olması bizdən asılı deyil.
Dövlətin əlindən gələni etməsi bu prosesi
yekunlaşdıracaq. Ancaq mina problemi dünyanın üzləşdiyi
problemdir ki, burada sürət amilinə yox, daha çox
minanın təhlükəsiz şəraitdə təmizlənməsi
amilinə önəm verilir. Ona görə də biz məsələni
də nəzərə almalıyıq. Beləliklə,
"Böyük Qayıdış" proqramının əsas
hissəsi 2025-2026-cı illərdə başa çatacaq. Azərbaycanın
Qarabağ iqtisadi zonası, Şərqi Zəngəzur Azərbaycanın
digər bölgələrindən biri kimi inkişaf etmiş
yer olacaq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 2 may,№76.-S.10.