İncəsənət - yalnız
gözəllik yaratmağa qadir dünya
Azərbaycan Milli İncəsənət muzeyinin rəhbəri,
əməkdar mədəniyyət işçisi Şirin Məlikova
ilə söhbət
"İncəsənət xalqa məxsusdur".
Vaxtilə şüara çevrilən bu deyim bu gün unudulsa
da, bir kəlam olaraq həqiqətə söykənir. Sosial
şəbəkədə sırf incəsənət
haqqında rast gəldiyim iki fikir mahiyyət etibarilə mənə
daha maraqlı gəldi: "İncəsənət insan hisslərinin
təsvir vasitəsidir" və "İncəsənət
mədəniyyətin tərkib hissəsi olan ictimai
şüur növüdür".
Eyni zamanda incəsənət gözəllikdir, insanı
həm heyrətləndirən, həm özünə məftun edən
gözəllik. Kimliyindən asılı olmayaraq isə
gözəlliyi hər kəs duyur, ən azından gözlə
görünənə biganə qala bilmir. Bəlkə də
bu gözəllikdəndir ki, tarixi çox uzaq keçmişə
söykənən nadir incəsənət nümunələri
dünyanın hər yerində özləri qədər
unikal muzeylərdə ciddi şəkildə mühafizə
olunur. Və nə yaxşı ki, bunu biz də
bacarmışıq. Çox xırdalıqlara varmadan
yalnız bunu vurğulamaq istəyirəm ki, 1937-ci ildə
açılan Azərbaycan İncəsənət Muzeyi 1951-ci
ildə ona ayrılan binada fəaliyyətini bu gün də
davam etdirir. İndi "De Burun sarayı" və onun
yaxınlığındakı "Mariinski Qadın
Gimnaziyası"nda yerləşən Azərbaycan Milli
İncəsənət Muzeyini birləşdirən
şüşəli tipli müasir sənət məkanı
keçmişlə bu günün çox unikal və
düşünülmüş vəhdətidir. Biz də bu
gün bir neçə aydır, Azərbaycan Milli İncəsənət
Muzeyinə rəhbərlik edən sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət
işçisi Şirin Məlikova ilə
oxucularımızın görüşünə gəlmişik.
- Söhbətimizə sənətşünaslığa
gələn yolun başlanğıcından başlayaq...
- Bu, öz seçimim olub. Hələ məktəb
vaxtından bu yola üz tutacağımı bilirdim. Təbii
ki, burda anamın ruhuna yaxın olmağım özünü
göstərməyə bilməzdi, çünki o,
pianoçu idi və mənəvi inkişafım zənnimcə,
onunla bağlıdır. Kiçik yaşlarımdan
bütün konsertlərə gedirdim. Evimiz alman kilsəsi ilə
üzbəüz idi. Opera və Balet Teatrı, Bakı Musiqi
Akademiyası yaxınlığımızda olduğundan bu məkanlar
bir növ ikinci evim olub. Bir də muzeylər və sərgilər...
Bakı İncəsənət Mərkəzi ən sevdiyim məkan
idi və bu dünya mənim üçün həmişə
qeyri-adi olub. Mənə elə gəlirdi ki, bu aləm əbədi
gözəllik, istedadlı, güclü zəka sahiblərinin
məkanıdır və həmişə o dünyanın bir
parçası olmaq istəmişəm. Elə ona görə
seçimim lap əvvəldən bəlli idi.
- İncəsənət Şirin Məlikovanın
düşüncəsində...
- İncəsənət çox geniş
anlayışdır, çünki o, bizi hərtərəfli əhatə
edib. Sadəcə olaraq onu görmək lazımdır. Şəxsən
mənim üçün incəsənət həyatımın
mənasıdır. Məni ruhlandıran, özünə
inamı yaradan, rahatlıq, həzz yaşadan, nə
üçün bu dünyaya gəlmişik haqda insanı düşündürən
bir dünyadır incəsənət. Yalnız gözəllik
yaratmağa qadir bir dünyadır.
- Və keçək fəaliyyətinizin son on ilini əhatə
edən muzeyə...
- Çox yaxşı sual oldu. İş
orasındadır ki, son altı ilə qədər Beynəlxalq
Muzeylər Şurası tərəfindən muzey nədir sualının
cavabı araşdırılır və müəyyən bir
qənaətə gəlinməyib. Son olaraq Beynəlxalq Muzeylər
Şurasının 2022-ci ildə Praqada keçirilən Ali
Konfransında bu suala aydınlıq gətirilib. Çünki
muzeylər həqiqətən dəyişkəndir. Əvvəllər
muzey keçmişin nümunələrini qoruyub saxlayan bir məkan
olaraq, özündə bu nümunələri toplamaq, öyrənmək,
araşdırmaq kimi funksiyalar
daşıyırdı. Bu gün isə muzeyin interpretasiya və
öyrədicilik funksiyaları da onun fəaliyyətinə
daxil olub. Bu yanaşmalara muzey öz mövqeyini bildirəndə
bir növ ictimai fəaliyyət müstəvisində
görünməyə başlayır. Təsəvvür edin
ki, muzey müxtəlif sosial qruplarla işləməyə
başlayır, onlarla ünsiyyətə girir və beləliklə
də, muzey adlı fəza hamı üçün əlçatan
bir məkana çevrilir. Bu gün muzey öz
iştirakçılarını qarşılıqlı
ünsiyyətə dəvət etməlidir. Yəni muzeyə
gəldim, baxdım və getdim kimi bir anlayışla deyil,
ziyarətçi bu məkandan şəxsi təcrübəsilə
ayrılmağı da bacara bilsin. Bu, çox vacibdir,
çünki belə olan halda muzey yaddaşlarda qalacaq.
- Bu istiqamətdəki təcrübənizdən
danışaq...
- Bunu Azərbaycan Milli Xalça Muzeyində çox əsaslı
şəkildə görmək olar. Ora rəhbərik etmiş
biri kimi onu deyim ki, bizim xalça muzeyi dünyada unikal muzeylərdən
biridir. Bura gələn təkcə müxtəlif illəri əhatə
edən sənət kolleksiyası ilə tanış olmur.
Seyrçi burada ən sadə toxuculuq nümunələrindən
tutmuş çətin və hətta şedevr olan
çoxsaylı ekzpozisiyaların xronologiyasını, tətbiqi
incəsənətin müxtəlif növlərini də
görə bilir. Bütün bunlardan savayı, xalça
muzeyinin özəlliyi ondadır ki, burada ənənəvi
texnologiyanı nümayiş etdirən şöbə fəaliyyət
göstərir. Bu şöbədə 5 rəssam, 13 toxucu
çalışır və muzeyə gələn ziyarətçi
əyani olaraq xalçanın toxunmasını seyr edir,
arzulayan adam özü ilmə vura bilir, bir texnologiyanın digərindən
fərqini görür. Və gördüklərini
yaddaşında özü ilə apara bilir. Bu isə ziyarətçinin
muzeydə gözlə gördüyünün əbədi
olaraq yaddaşında saxlamağı deməkdir. Məhz bu
şəkildə muzeylərin fəaliyyəti çox
vacibdir.
- Söhbət Xalça Muzeyindən
düşmüşkən, fürsətdən istifadə edim.
Dünya muzeylərində Azərbaycana məxsus xalçalar
var, lakin elə qərib məkanlarda da yaşayırlar...
- Bunun mümkün olan başqa yolu yoxdur. Muzey
kolleksiyaları formalaşır və artıq oradan nəyisə
başqa muzeyə aparmaq mümkün deyil. Restitusiya məsələri
olsa da, hələ ki, dünya praktikasında bu, kifayət qədər
deyil. Lakin bununla belə, biz xaricdən unikal
xalçalarımızı alıb Azərbaycana gətirməyə
nail olmuşuq. Azərbaycan muzey təcrübəsində ilk
olaraq bunu biz etmişik. Çox sevindirici haldır ki, hərraclar
vasitəsilə əldə etdiyimiz xalçalar əsasən
XVII-XVIII əsrlərə aid olan Qarabağ
xalçalarıdır. Son aldığımız eksponat XVII əsrə
aid və adı "Əjdahalı xalça" olan
Qarabağın sənət nümunəsidir. Uzun illər idi
onu Münhendə görürdük və çox
çalışırdıq ki, xalçanı Azərbaycana
gətirək. Nəhayət keçən il muzeyin öz vəsaiti
hesabına xalçanı ölkəmizə qaytarıdıq
və yüksək səviyyədə onun təqdimatını
da keçirdik.
- Təəssüf ki, ən böyük Azərbaycan
xalçası "Şeyx Səfi" bir əsrdən
çoxdur Londondadır...
- Siz niyə buna təəssüf edirsiniz ki?
- Ona görə ki, bizim olan özümüzdə
deyil...
- Bu, bir qədər yanlış fikirdir. Böyük
kolleksiyalarda nəinki Azərbaycana, bütün dünyaya aid
unikal eksponatlar var. Bu kolleksiyalara daxil olan sənət nümunələrinin
hər birinin tarixçəsi mövcuddur. Yəni həmin
eksponatın oğurlanmış və ya hansı yollarla
aparılmış olduğu o tarixçədə əksini
tapır. Hər bir xalq, o cümlədən, Azərbaycan
üçün çox vacib haldır ki, bizim incəsənətimiz
böyük muzeylərdə nümayiş etdirilsin. Bu o deməkdir
ki, Azərbaycan dünya miqyasında şah əsərləri
ilə təbliğ olunur. Bununla yalnız öyünmək
lazımdır. Dediyiniz həmin "Şeyx Səfi"
xalçası bu gün tətbiqi-sənət
baxımından dünyanın ən zəngin muzeyi olan
"Viktoriya və Albert" muzeyindədir. Bu, artıq
dünya səviyyəsndə Azərbaycanın
tanınması deməkdir. Bütün bu eksponatlar bizim
tariximizin, mədəniyyətimizin dünya miqyasında
öyrənilməsinə təkan verir. Əksinə, biz
görəndə ki, hansısa bir muzeydə bizim
eksponatımız yoxdur, çalışırıq orada Azərbaycan
mütləq təbliğ olunsun.
- Deməli ki, fikrimdə yanılmışam...
- Bu yaxınlarda Alma-atada YUNESKO-nun konfransında
iştirak etdim. Qazaxıstanın Mərkəzi Muzeyi oranın
ən böyük muzeyidir və Orta Asiyada ən böyük
kolleksiyaya malikdir. Bu muzeydə həmin ölkədə
yaşayan xalqlara aid vitrinlərdə onları təmsil edən
ekspozisiyalar var. Təəssüf ki, orada gürcüyə də,
erməniyə də aid vitrinlər var, lakin Azərbaycana aid
heç nə yoxdur. İlk növbədə bir azərbaycanlı,
daha sonra bir mədəniyyət xadimi, bir muzey rəhbəri
kimi bu, mənə pis təsir etdi və biz
bacardığımız qədər
çalışmalıyıq ki, ölkəmizə aid sənət
nümunələri dünyada təbliğ olunsun.
- Artıq Azərbaycan Milli İncəsənət
Muzeyinə rəhbərlik edirsiniz...
- Bəli, bir neçə aydır ki, ünvan dəyişsə
də, mənə doğma olan muzey adı qalmaqda davam edir.
Bilirsiniz, artıq elə bir dövrdür ki, muzeyləri
yalnız keçmişi əks etdirənləri qoruyub saxlayan
məkan anlamından çıxarmaq lazımdır. Bunun
üçün kifayət qədər layihələr
hazırlayıb maraqlı və böyük işlər
görmək olar ki, bu da özlüyündə çox
vacibdir. Heç uzağa getməyək, Azərbaycan Milli
İncəsənət Muzeyinin iki tarixi binasını birləşdirən
gördüyünüz müasir incəsənət məkanı
bunu göstərir ki, dayanmadan inkişaf vacib amildir. Bu istiqamətdə
planlarımız, layihələrimiz var və onları
artıq həyata keçirməyə
başlamışıq. Mən daha çox uşaqların
kiçik yaşlarından muzeylərə cəlb olunması
xəttini inkişaf etdirməyin tərəfdarıyam,
çünki uşaqlar gələcək nəsil deməkdir
və nə qədər onlar ruha rahatlıq gətirən,
düşünməyə vadar edən, gözəlliyin dərk
olunmasına xidmət göstərən məkanlara cəlb
olunarsa, bir o qədər vurub dağıtmaq, vandalizm, insana xas
olmayan bir xislətdən uzaq keyfiyyətlərlə
böyümüş olarlar. Bu baxımdan muzeyimizdə
onların diqqətini cəlb edə biləcək maraqlı və
əhəmiyyətli işlərimiz davam edir. Ümumilikdə
isə bizim üçün yaş kateqoriyası yoxdur.
İstənilən kəs muzeyimizdə onu cəlb edə biləcək
nəyisə tapa bilər. Hər həftənin 3-cü
günü muzeydə konsert günüdür və
uzadılmış iş rejimində
çalışırıq. Muzeyimizdə iki möhtəşəm
zal var. İtalyan zalında klassik musiqi həvəskarları
üçün, Mariinski Gimnaziyasının binasında yerləşən
Səttar zalında isə muğamı sevənlər
üçün konsertlər təşkil edirik. Həftənin
şənbə və bazar günlərində kinozal fəaliyyət
göstərir və burada Azərbaycanın mədəniyyət, incəsənət
xadimləri haqqında filmlər nümayiş etdirilir. Bir
sözlə, muzey incəsət və mədəniyyətin
bütün sahələrinə xidmət göstərir və
nəticələrimiz də çox uğurludur.
- Bayaq vandalizm sözünü işlətdiniz. 30 il
özündən sonra bizim üçün yalnız bu izləri
qoya bildi...
- İnsanlığa sığmayan və adını
qoymaqda çətinlik çəkdiyimiz bir dövrdür bu
30 il. Müharibə başlayandan qələbəmizə əminlik
hissi qəti şəkildə idi, çünki bu,
düşünülməmiş bir əmr ola bilməzdi.
Müharibə qorxulu olsa da, gənclərimiz şəhid olsa
da, qələbə göz yaşı qarışıq bir
sevincdir. Arxa cəbhədə hərə öz üzərinə
düşən işi bacardığından da artıq etməyə
çalışırdı. Biz muzey olaraq sosial şəbəkə
üzərindən Qarabağ mədəniyyətini, incəsənətini
var gücümüzlə yayaraq təbliğ edirdik. Müxtəlif
beynəlxalaq təşkilatların xətti ilə
dağıdılmış, yerlə-yeksan edilmiş tarixi abidələrin,
muzeylərin aqibətini dayanmadan dünyanın diqqətində
saxlamağa çalışırdıq. Onlayn şəkildə
digər ölkələrin muzeyləri ilə əlaqə
saxlayıb onların diqqətinə həqiqəti
çatdırmaqdan usanmaq bilmədik. Özümüz
üçün Qarabağın intreaktiv bir xəritəsini
hazırlamışdıq. Ölkə başçısının
hər çıxışından sonra həmin xəritədə
alınan ərazini onlara aid xalçaların elementlərinn rənginə
boyayırdıq. Əvvəl ağ-qara rəngində olan xəritə
44 gün ərzində rəngarəng bir gözəlliyə
çevrildi. Təbii ki, səbirsizliklə gözlədiyimiz
Qarabağın tacı Şuşanın azad olunması idi. Və
bu tarixi hadisəni bu günün özündə belə, təsirlənmədən
xatırlaya bilmirəm. Bizim üçün böyük
xoşbəxtlikdir ki, muzeyimizin Şuşa filialının fəaliyyəti
neçə illərdən sonra bərpa edildi. Burada sərgilənən
sənət əsərləri qədim Qarabağ torpağının
ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış
insanların, o cümlədən, sənətkarların həyat
və məişətini, estetik zövqünü, bədii
dünyagörüşünü duymağa, həmin tarixi
mühitin abu-havasını təsəvvür etməyə
imkan yaradır. Və bu tarixi zəfər uğruna canından
keçən şəhidlərimizə,
sağlamlığını itirən qazilərimizə
ehtiramımız sonsuzdur.
Tamilla M-zadə
525-ci qəzet.- 2024.- 2 may,№76.-S.8.