Xilas

 

Esse

 

Avropanın mərkəzi şəhərlərindən biri... Böyük izdiham. Meydanda gözgörəsi qədər uzanan insan selinin başı üzərində Avropa Birliyinin, Fransa, Almaniya, İsveç, Danimarka... dövlətlərinin bayraqları dalğalanır. Bir azdan izdiham oturaq xarakter alır və mən də bu oturanların lap mərkəzində peyda oluram. Haradan bura düşdüyümə məəttəl qalsam da, bunun necə baş verdiyi üzərində baş sındırmağa çalışmıram.

Bəlkə fevral ayında ən yaxşı aviakampaniya bilib ən bahalı bilet alaraq sərnişinlərini ucuz təyyarə və yarıtmaz xidmətlə daşıyan, enəcəyim şəhərin başı üzərindən 100 kilometrlərlə uzaqda tərgidən, bir dəyişmə ilə 8 saatlıq hava uçuşumun 29 saat təyyarə, avtobus, taksi marşrutları ilə başa çatmasına baiskar "Lütfhanze" aviaşirkətinin əlavə xərclərimi ödəməkdən imtina etdiyinə görədir bu izdiham?! Ya meqapolis şəhərdə arvadına, uşağına, müdirinə acıq edib nəqliyyatı iflic, sərnişinləri girinc vəziyyətə salan, hər dəfə də qiymətləri artımla, həm də müxtəlif fırıldaqlarla, ən çox da qonaq və turistlər üçün hissolunacaq dərəcədə "tənzimləyən" həmkarlar ittifaqının çağırışına yığışıb bu millət? Onda bu halların ağrı-acısını öz şəxsimdə hiss edən, hiss etdikcə də Avropanın bu ürəkbulandırıcı "qonaqpərvərliyi"ndən bezən mənim burada nə işim var?! Axı neçə dəfə olub ki, Avropanı mədəniyyət mərkəzi hesab edənlərin o mədəniyyətdən də qatbaqat artığını doğma ölkəmizdə tapa biləcəklərini, yaxud bizdə mədəniyyətin zəif inkişaf etdiyini bəyan edənlərin Avropanın mədəniyyətdən, eyni zamanda haqdan, ədalətdən uzaq əməllərinə, şovinist siyasətlərinə misal çəkmişəm. Elədirsə, bəs mənim burada nə işim var, məni bu izdihamın içinə kim gətirib sualları içində aciz qalmışam...

Nəhayət, haradansa mikrofon işə düşür. Kütlə çığırmağa başlayır. Böyük monitorlarda ən yaxşı bağıranların üz ifadələri adamda ikrah hissi doğurur. Qəzəbdən şişmiş damarlar gicgahlarda dağa qalxan cığırlar kimi ap-aydın görünür. Bunu bir az da təzə nəşr olunan kitab üzlərində qabarıq əyri-üyrü şriftlərə bənzədirəm. Nə yazılmasının fərqində deyiləm, Almaniya küçələrində "Peqida" təşkilatının, Paris küçələrində öz rəhbərlərini yumurta, peyin atəşinə tutan fermerlərin, digər əksər Avropa şəhərlərində həmcins cütlüklərin, nə bilim nələrin antilərlə dolu mitinqlərinin sonradan pivə barlarında çığırtı-bağırtılı sərxoşluqlarla yekunlaşdığını bildiyimdən kimin nə deyəcəyi, hansı şüarı səsləndirəcəyi vecimə deyil. Bu monitorlarda daha çox qışqırdıqca ağzı daha geniş açılan, dodaqları palaz tək ora-dura dartılan sifətlər, bədənlərin açıq yerlərindən ən məşhur rəssamın çəkə biləcəyi iyrənc döymə şəkillər bu tətil və mitinqlərin ikrahedici mənzərələri kimi gözüm önündə canlanır. Və bu ikrahedici, ürəkbulandırıcı tədbirdə mənim missiyam nədir, hələ də dərk edə bilmirəm.

...Birdən hər yerdə insanların görə biləcəyi qədər hündürlükdən asılmış monitorda yanımda oturan, qulağını cırıb, qulağından da böyük sırğa taxması, dodağına yan-yana dəmir halqalar yerləşdirməsi bayaqdan diqqətimi cəlb edən gəncin məhz mən tərəfə tuşlanmış qəzəb dolu sifəti görünür. Nə dediyini başa düşməsəm də, qəzəbi, kini, nifrəti bütün əzalarında hiss olunur. Yumruğunu mənə tərəf uzadıb, sonra havada yellədərək bərkdən qışqırır və əlini irili-xırdalı dəmir yığnağı olan dəri gödəkcəsinin altına aparır. Mənə elə gəlir ki, indicə silah çıxaracaq və ətrafı güllələməyə başlayacaq. Bir vaxt antiterror kursunda öyrəndiyim hansı təmrinin camaata atəş açmaq istəyən terrorçunu həyatım bahasına olsa belə zərərsizləşdirmək işinə yarayacağı fikri sürətlə beynimdən keçir. Ancaq dəri gödəkcənin altından şüşə qabın görüntüsü bir az səbirli olmağı fikrinə sövq edir. Xəyalıma gələndən özüm içimdə xəcalət çəkirəm. Şüşə qabda yəqin hər hansı içki (onsuz da o içkiləri içmirəm və tanımıram) olduğunu fikirləşəndə xəcalətim bir az da artır. Qabın yerə qoyulması məni lap arxayınlaşdırır. Əl bir də cibə gedəndə daha təşviş keçirmirəm, bir azdan oradan alışqan çıxsa belə! Sakitliyimi qoruyuram.

Üçüncü dəfə əl dəri gödəkçənin altına gedəndə mənə tuşlanan baxışların ağırlığını hiss edirəm. Nədənsə dalağım sancır. Müqəddəs kitabımızı görəndə bir daha butulkaya nəzər salıb orada benzin olduğunu tam yəqinləşdirirəm. Öz əksimin monitorda geniş təsvirini görəndə hər şey mənə aydın olur. Niyə burada olduğumu indi dərk etməyə başlayıram. Müqəddəs kitabəmizdə "biz onların nə vaxt, harada?.. olması ilə bağlı ayələr yadıma düşür.

Yanımdakı məxluq yenə əsib-coşur, bütün izdihamın gurultusu, uğultusu ilə müşayiət olunan qızğın hərəkətləri onun özündə olmadığını, ruhunu şeytanlara tabe etdirdiyini aşkar göstərir. Müqəddəs Kitabəmi yuxarı qaldırıb allah bəndəsinə tanış olmayan bir halda özünü yeyib-tökməsi, qonşu Sənəm arvadın dediyi kimi, şüvən qoparması müqabilində yenə də sakit dayanmağım özümə qəribə gəlir. Niyə durub bu naməlum məxluq yığıntısını tərk etmirəm axı?

Bu vaxt yanımdakı məxluq Müəqəddəs Kitabəni əlində silkələyib yerə qoyur, digər əlini şüşə qaba aparıb alışqanı axtarandan sonra nə baş verə biləcəyindən şübhələnirəm. Çığırtıların daha da qızışdığı, baş-beyinə zərbə kimi çırpıldığı bir vaxtda hansısa bir qüvvə çiyinlərimdən yapışıb sürətlə yuxarı dartır. Ayaqlarım yerdən üzüləndə minlərlə bərəlmiş göz mənə tuşlanır, uzandıqca-uzanan boğazlar armud sapalağına dönürlər, təkcə burunlardan, dodaqlardan, qulaqlardan sallanan dəmir halqalar günəş şəfəqlərində parıldayır. Kilsəsinin ən uca zirvəsində yer kürəsinə bənzər yumru fiqura sancılmış xaçın (yəqin yer kürəsinə hakim olmaq rəmzidir) qızılı sayrışmasında bu parıltılar bir göz qırpımında yoxa çıxır. Qulağıma ancaq qalxdığım yerdən çoşan uğultular gəlir. Düşünürəm ki, bəlkə məni, bir tanrının yaratdığı ayrı dindən olan bəndəni şaqqalamaq fürsətlərini bada verdiklərinə görə belə coşublar?! Və yadıma yandırmaq istədikləri Qurani-Kərim düşür. Allah kəlamının ifadəsi olan bu kitabı məxluq yığnağından xilas edə bilmədiyimi düşünüb özümü qınayarkən hardansa yuxarılardan qulağıma azan səsi dəyir. İxtiyarsız olaraq başımı qaldıranda Müqəddəs Kitabı sol əlimdə görürəm. Yuxarılardan, hardasa uzaqlardan azan səsi ucaldıqca sanki hansısa qüvvənin gücündən güc alaraq qanadlanıram, yerdən, aşağıdan-aşağı olan məkandan gələn  gurultular getdikcə azalır, tamam eşidilməz olur.

...Mənim üçün dünyanın ən gözəl musiqisi olan, Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi hərbi orkestrimizin ifasında xalqımızın həmrəyliyini ifadə edən Azərbaycan Himninin sədalarına yuxudan oyanıram. Bu möhtəşəm musiqinin sədaları altında Milli Televiziyamızın azad olunmuş Qarabağda, Zəngəzurda geniş quruculuq işlərini, sərhədlərimizdə keşik çəkən müzəffər ordumuzun şücaətini əks etdirən kadrlar ürəyimi riqqətə gətirir.

 

Mahir Cavadlı

525-ci qəzet.- 2024.- 3 may,№77.-S.15.