"Cəhənnəmdən
keçmiş mələk": Bircənin fərqliliyi
Dünyada elə insan tapmaq olmaz ki, sirli məqamlar onun
üçün maraqlı olmasın. Bu, istər
dünyanın sirləri olsun, istər ilahi möcüzələr,
istər müqəddəs kitabların bizə təlqin etdiyi
bilinməyənlər, istərsə də hər hansısa
gizli imza. Bu mənada illərdir feysbuk sosial şəbəkəsində
diqqətimi çəkən, adının yeniliyi və qəribəliyi
ilə maraq oyadan Bircə də mənim üçün xeyli
maraqlı biri təəssüratı yaradırdı.
"Kimdir bu Bircə?" sualını bəlkə də
yüzlərlə, bəlkə də minlərlə azərbaycanlı
oxucu, sosial şəbəkə istifadəçisi öz-özünə
düşünüb. Maraq insanı araşdırmaya
sürüklədiyi kimi, mən də Bircəni tanımaq istəyirdim.
Təbii ki, ilk olaraq hər bir qələm sahibinin
yazdıqlarında həyatından bir parça vardır. Ona
görə də hələ ilk nəşr olunduğu ildə
- 2021-ci ildə Bircənin "Cəhənnəmdən
keçmiş mələk" romanının birinci
kitabını oxumağı qərara aldım. Kitabın
cildinin ön səhifəsindəki qeyddən də bəlli
olurdu ki, roman avtobioqrafik əsərdir. Demək ki, bu
maraqlı şəxsin kimliyini bu əsərdən öyrənmək
mümkün idi.
Açığı, ilk təəssüratım o olmuşdu
ki, müəllif özünü acındırmaqla oxucu cəlb
etməyin ustasıdır. Hətta hər hansı bir kişi
müəllifin özünün uydurduğu qadın qəhrəmanının
dilindən maraqlı bədii əsər ortaya qoyma səriştəsi
üzərində də düşünürdüm.
Romanın ikinci hissəsi çıxanda artıq feysbukda
Bircə ilə dostlaşmış, kimliyini öyrənə
bilməsəm də (təbii ki, maraq hər kəsi ona şəxsi
suallar verməyə də məcbur edir), bu maraqlı
yazarın qadın olduğuna əmin idim. Beləliklə,
romanın birinci kitabının aşıladığı səmimi
üslub ikinci kitabın nəşrini həvəslə
gözləməyimə səbəb olmuşdu. Əsər
haqqında ətrafımdakı ədəbiyyatsevər dostlara
da o qədər danışmışdım ki, hətta birinə
iki kitabı hədiyyə də almışdım.
Yazışmalarımız zamanı hədsiz
marağımı görən Bircə xanım
ünvanımı götürüb bir neçə gün
sonra həmin iki kitabı mənə göndərmişdi. Mənim
sifariş verdiyim və Bircə xanımın göndərdiyi
kitabların eyni gündə Naxçıvana çatması
da qəribə bir xatirəyə çevrilmişdi mənim
üçün.
2024-cü ilin əvvəlində isə romanın 760
səhifəlik üçüncü kitabı çapdan
çıxdı. Düzdür, artıq romanın
dördüncü hissəsi elektron mediada yayımlanıb. Hətta
müəllif öz müsahibəsində beşinci hissənin
də tamamlandığını bildirib. Sadəcə son hissə
hələ təqdim olunmayıb.
Üçüncü kitabı oxuduqdan sonra içimdə
coşub qaynayan hisslərimi yazıya tökmək ehtiyacı duydum.
Azərbaycanda oxucunu bu qədər maraqda, intizarda, hətta deyərdim
ki, duyğusal baxımdan gərginlikdə saxlayan az əsərə
rast gəlmişəm. "Cəhənnəmdən
keçmiş mələk" məhz belə bir ədəbi
nümunə kimi təqdirolunasıdır.
Sadəcə müəllif təxəyyülündən
doğan ədəbi məhsul olduğunu fikirləşdiyim
"Cəhənnəmdən keçmiş mələk"
səhifələri vərəqlədikcə, kitabları
bitirdikcə gerçək bir həyat hekayəsinin
olduğuna inandırdı məni. Müəllif hadisələrin
hamısını birinci şəxsin təkinin dilindən - yəni
öz dilindən nəql edir. Əsərdə müəllif təkdir,
o, sirlərini kimsəyə aça bilməyən, sadəcə
çoxsaylı oxucusuna üz tutub danışan obrazdır.
Romanın təhkiyəsi boyu Bircənin müraciət etdiyi
sadəcə biri var - Dostum. O, bütün sirlərini,
yaşadıqlarını, dərdini, sevincini, kədərini,
etiraflarının hamısını, sanki
qarşısında əyləşibmiş kimi, dostuna
danışır. Kitabın birinci bölümünə
ön söz yazmış İmran Bədirxanlının da
qeyd etdiyi kimi, buradakı Dostum hər hansı biri də ola bilər,
oxucu da ola bilər, yaradanın özü də ola bilər,
mifoloji mətnlərdən bildiyimiz Tanrıların hər
hansı biri də ola bilər, atası, qardaşı,
oğlu, qonşusu da ola bilər. Bu yerdə deyim ki, ayna
qarşısında əyləşmiş müəllifin
özü də özünü dinləyən
"Dostum" ola bilər.
Realist üslubda qələmə alınan romanın ən
böyük məziyyəti onun hadisələrə bədii
don geyindirilərək yazıya alınmasıdır. Burada təbii
ki, müəllifin hədsiz dərəcədə mütaliəli
olması da özünün göstərir. Bunu romanın
müxtəlif yerlərində ölkə və dünya ədəbiyyatından
çəkilən müəllif və kitab adlarından yola
çıxaraq da anlamaq mümkündür.
Bircənin timsalında Azərbaycan
qadınının yaşadığı məişət
çətinlikləri, ailə və qohumluq münasibətlərindəki
ziddiyyətlər və çətinliklər, bütün
bunlara mətinliklə dözməyi bacaran, mentalitet
düşüncəmizdə kök salmış ailə
müqəddəsliyini qorumaq naminə hər cür əzaba,
çətinliyə, ağır sözlərə və hətta
söyüşlərə tab gətirən zərif ruhlu zəif
qadının iradəsinin gücü qarşısında təzim
etməli olursan. İstər ər-arvad münasibətləri
və bu zaman yaşanan ailədaxili münaqişələr,
istər ənənəvi qayınana-gəlin motivi, istər
ailə üzvlərinin məsləhətləri ilə bu əzablara
dözülməyə məhkum edilən övlad, bacı və
bu kimi, demək olar ki, hamımızın
gördüyümüz, bildiyimiz və eşitdiyimiz
çaxnaşmalar içərisində iç səsinə
üz tutan, Dostu ilə dərdləşən qadının
tablaşdığı və daşıdığı
ağırlıq qarışısında oxucu olaraq əzilməmək
mümkün deyil. Bütün bunları oxuyub öyrəndikcə
müəllifin romanının hər üç bölməsindəki
cildin arxa üzündə yazılmış bu cümlələrini
ayrıca düşünməli olursan: "Hər
qadının içində bir mələk oturub. Bizim bədənimiz
o mələyin can evidi. Qadın inciyəndə,
ağrıyanda, zülm çəkəndə içindəki
mələyin evi xarabazara çevrilir, cəhənnəmə
dönür. Romanı səbirlə izləyin, sonra da
hesablayın, görün mən o cəhənnəmin
neçə qatından keçmişəm..."
Açığını deyim ki, mən hesablaya bilmədim.
Ya da, adətən, yeddi qat məsələsini eşitdiyimizdən,
Bircənin ən azı yetmiş yeddi qatdan keçdiyini deyə
bilərəm. Bu qədər əzablara dözə bilən
bir insanın, daha bundan artıq başına heç nə gəlməz
dediyim bir anda başqa bir əzabla qarşı-qarşıya
qaldığına şahidlik etmək oxucu üçün də
ağır olur.
Romanın sujeti haqqında danışmaq fikrindən
uzağam, məncə, bura kimi olan qeydlərimi oxuyan oxucu
maraqlı olacağını düşünsə, mütləq
"Cəhənnəmdən keçmiş mələk"lə
tanış olmaq istəyəcək. Mənim demək istədiyim
başqa nüanslar var. Birinci bunu deyim ki, Bircənin zəngin
söz bazası var. Azərbaycan dilinin zənginliyi ilə
"Cəhənnəmdən keçmiş mələk"də
qarşılaşmaq olur. Ədəbiyyatda,
yaradıcılıqda bu, mühüm amildir və dil zənginliyi
oxu prosesində də asan qavramaya səbəb ola bilir.
İkincisi, Bircənin dilində həm də oxucunun
ilk dəfə eşitdiyi yüzlərlə, onlarla demirəm
ha, yüzlərlə söz və ifadələr var.
Yuxarıdakı məqamla tərs mütənasib olsa da, bu,
ilk dəfə qarşılaşdığımız sözlər
mətni anlamağımıza mane olmur, əksinə, mətni
yeni eşitdiyimiz ifadələrin fonunda fərqli şəkildə
dərk etməyimizə köməklik edir. Etiraf etməliyəm
ki, ilk dəfə qarşılaşdığımız bu
sözləri, ifadələri, frazeoloji birləşmələri
həm də kontekstdən yola çıxaraq çox
yaxşı anlayırıq. Bu mənada roman dilçilik
baxımından da, dialektologiya baxımından da diqqətçəkən
bir əsərdir. Müəllifin - Bircənin gizli imza
olduğunu, hansı bölgədə
yaşadığını bilmədiyimiz üçün həmin
şivə sözlərinin hansı bölgəmizə aid
olduğunu sıradan oxucu anlamaya bilər, lakin dil
araşdırmaları ilə məşğul olan dialektoloq
alimlər, yəqin ki, bu baxımdan çətinlik çəkməzlər.
Bəzən hətta elə düşünürəm ki,
müəllifin bilərəkdən işlətdiyi bu sözlərin,
ifadələrin arxasındakı məqsəddə dilin zəngin
dialekt faktlarının qorunub-saxlanması məqamı da
dayanır. Bircə, sanki, mənim yaşadığım kənddə
bu cür ifadələr, sözlər var ki, onlar zamanla
sıradan çıxa bilər, qoy bu əsərdə
yaşasın, - demək istəyir. Həmin sözlərin bəzilərini
burada qeyd edə bilərəm. Məsələn: dürək,
sürha, tüpü, şoqqar, ifçin, qamqalaq, tozanqı,
şisəngi, əcuza, gallahı, qıfşıq. Yaxud ilk dəfə
qarşıma çıxan feillərə baxaq: hövüllənmək,
dingəlirmək, genimək, xırxalamaq, unamaq, tamsınmaq,
manşırlamaq, almanclamaq, dansımaq və s.
Romanı oxuduqca özüm üçün ilk dəfə
eşitdiyim, oxuduğum bu sözlərin altından xətt
çəkirdim və sonda ərinmədim, bu sözlərin
hamısını kompüterdə ayrıca bir faylda
yazdım. Nə az, nə çox, 500-dən artıq söz,
frazeoloji birləşmə mənim üçün,
inanıram ki, oxuyanlar da etiraf edər ki, onlar üçün
də yeni idi. Bu da dilçi alimlərin bu romanı
oxumasına, hətta tədqiq etməsinə səbəb ola
bilər.
Atalar sözlərinə və məsəllərə
ayrıca toxunmaq istəyirəm. Qeyri-adi milli-məhəlli
yaddaşı olan Bircə romanını öz
doğmalarının - nənəsinin, bibisinin,
xalasının, yaşlı qohumlarının,
qonum-qonşularının danışdığı
üslubda qələmə alıb. Bir folklorşünas kimi
romanda oxuduğum və mənim üçün yeni olan atalar
sözlərini, məsəlləri, deyimləri, adət-ənənələrini,
inancları da bilgisayarımda ayrıca fayla yazdım. Azərbaycan
folklorunun regional xüsusiyyətlərinin öyrənilməsində
bu nümunələrin hər biri adıçəkilən
janrların sırasını zənginləşdirdiyi kimi,
regionallıq prinsipi baxımından da dəyərlidir.
Ümumiyyətlə, hər hansı bir əsəri
oxuyarkən hərtərəfli qeydlər aparmaq kimi bir hobbim
var. Bu mənada "Cəhənnəmdən keçmiş mələk"
romanının ümumilikdə 1500 səhifədən
çox olan həcmi, heç bir oxucunun gözünü
qorxutmamalıdır. Çətini başlamaq və 10 səhifə
oxumaqdır. Sonrasında romanı nə vaxt bitirdiyinizi
özünüz də bilməyəcəksiniz.
Üç bölümü nəşr olunan
kitabın, dördüncü bölümünün də ən
qısa zamanda nəşr olunub geniş oxucu kütləsinə
çatdırmasını arzulayıram. Beşinci
bölümü isə, məncə, son bölmə olacaq.
Onu da səbirsizliklə gözləyirəm.
Buradan üzümü ölkənin nüfuzlu nəşriyyatlarının
söz sahiblərinə tutub demək istəyirəm ki, kitab
işinin biznes tərəfi ilə maraqlı olan naşirlər
Bircə xanımla müqavilə bağlayaraq romanın
sonrakı hissələrini, hətta fərqli dizayn və
keyfiyyətlə əvvəlki hissələrini də
çap etməklə yaxşı gəlir ələ edə
bilərlər. Bunu etməklə həm müəllifi
oxucularla görüşdürər, həm ədəbiyyatımızın
çox maraqlı imzasını geniş oxucu kütləsinə
tanıdar, həm də yaxşı qazanc əldə edə
bilərlər.
Elmi çevrələrdə isə romanın
müzakirəsi keçirilə bilər. Hətta roman dil faktlarını,
etnoqrafik, folklor və şivə xüsusiyyətlərini nəzərə
alsaq, ayrıca bir dissertasiya mövzusu, tədqiqat obyekti
gücündədir. "Cəhənnəmdən
keçmiş mələk" heç bir mübaliğəsiz
bu gücə və imkanlara malik bir əsərdir
Bircə xanım, hər kimsinizsə, sizi bir oxucu kimi,
bir ədəbiyyat adamı - şair kimi, bir tədqiqatçı
- folklorşünas kimi təbrik edirəm. Sizə
yaradıcılıq uğurları, cəhənnəmin
müxtəlif qatlarından keçməyi bacaran və
artıq mələk ömrü yaşamağa gətirib
çıxaraq həyat yolunuzda sağlamlıq, sevincli, deyə-gülə
və xoşbəxt bir yaradıcılıq ömrü
arzulayıram.
Bilirəm, romanın sonrakı hissələrini
yazdıqca o yaşadığınız cəhənnəm əzablarını
təzədən yaşayırsınız. Nə etməli,
yazıçı taleyinin belə bir yazısı də var.
Elxan YURDOĞLU
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
şair-publisist
525-ci qəzet.- 2024.- 3 may,№77.-S.14.