Bədii nəsrimizin sönməyən
ulduzu
İsi Məlikzadə -
90
İsi Məlikzadə... Azərbaycan bədii nəsrinin
XX əsrdə yetirdiyi görkəmli söz ustalarından
biri... Ədəbiyyatda heç kimə bənzəməyən,
özünəməxsus fərdi deyim tərzi, yolu və
üslubu olan bir sənətkar... Gözəl hekayələr
müəllifi... Müasir Azərbaycan povestinin
yaradıcılarından biri... Bədii nəsrində ən
doğru həqiqətləri sənət dililə ifadə edən,
XX əsr Azərbaycan ziyalısının, kəndlisinin
obrazlarını yaradan ustad nasir... Neçə bədii filmin
ssenari müəllifi... Və nəhayət, heç vaxt xatirələrdən
silinməyən, yaddaşlarda yaşayan əziz dost, gözəl
insan...
35 illik bir yaradıcılıq yolu keçdi İsi Məlikzadə.
Onu şəxsən tanımayanlar, maddi və mənəvi
qayğılarından xəbərsiz olanlar üçün
xoşbəxt sənətkar idi. Bu təsəvvürü
İsi Məlikzadə öz zəngin
yaradıcılığı, sözünün qədir-qiymətilə
qazanmışdı. Ancaq bu xoşbəxt sənətkar
İsi Məlikzadə yaşadığı 65 ildə
heç də rahat və firəvan, mənəvi itkilərsiz
yaşamayıb. Tay-tuşları, hətta ondan cavanlar fəxri
adlar, təltiflər içində üzüblər, o isə
başını aşağı salıb yazıçı -
əkinçi ömrünü yaşayıb. Əslində,
həyatın, yaşayışın mənası,
yazıçı ömrünün mahiyyəti kimsədən
pay ummamaq, zəmanə adlanan qara divlə üz-üzə gəlmək,
bu amansız mübarizədə "mən bir həqiqətəm,
heç deyiləm" məramını təsdiq etmək
deyilmi? İsi Məlikzadə bu mübarizədən qalib
çıxdı...
Təsadüf elə gətirib ki, mən İsi Məlikzadənin
yaradıcılığı ilə bağlı bir neçə
məqalə yazmışam, onunla müsahibə
aparmışam, eyni redaksiyada - "Azərbaycan"
jurnalında işləmişəm. Yalnız hekayə və
povestlərindən tanıdığım və sevdiyim
İsi Məlikzadə ilə ünsiyyətim məndə belə
bir fikir yaradıb ki, İsi Məlikzadə ilə onun təsvir
etdiyi qəhrəmanlar arasında necə də bir
doğmalıq var. Sanki o, öz ömrünün
ayrı-ayrı aylarını, illərini obrazlarına
paylayıb. İsi bütün əsərlərində
özünü yaradıb. Ancaq eyni zamanda, o qəhrəmanların
hər biri də öz ömrünü yaşayıb.
"İki günün qonağı"ndakı mühəndis
İslam sanki İsinin özüdür, "Quyu"da,
"Yaşıl gecə"də, "Günəşli
payız"da, "Dədə palıd"da,
"Gümüşgöl əfsanəsi"ndə də təsvir
olunan qəhrəmanlar İsinin mənəvi dünyasından
güc almışlar.
Əgər biz keçən əsrin 50-90-cı illər
Azərbaycan mənəvi mühitini, Azərbaycan
ziyalısının və kəndlisinin həyat və məişətini,
duyğular aləmini daha yaxından izləmək istəsək,
heç şübhəsiz, İsi Məlikzadənin bədii
nəsri və bu nəsrin qəhrəmanları əlimizdən
tutacaq, ən yaxın bələdçimiz olacaq. Mənim
İsi ilə ünsiyyətim, birgə işlədiyimiz illərdə
onunla bu və ya digər dərəcədə təmasım
onu həm də bir insan kimi tanımağa, duymağa kömək
elədi. Və mən baxıb gördüm ki, İsi
özü bir insan kimi hər hansı bir əsərin baş
qəhrəmanı ola bilər.
İsinin mənsub olduğu ədəbi nəsil o
dövrün (60-cı illərin) gənc yazarları hesab
edilirdi. Yazmaq, çap olunmaq heç də asan, maneəsiz
deyildi. Axı canlı klassiklər yaşayırdı - Azərbaycan
sovet nəsrinin təməlini yaradan Mirzə İbrahimov, Mehdi
Hüseyn, Süleyman Rəhimov, Əli Vəliyev, Əbülhəsən,
İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı. Digər
tərəfdən, artıq
yaradıcılığının bəhrəli
çağlarını yaşayan İsmayıl
Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, Bayram
Bayramov kimi tanınmış yazıçılar vardı. Bu
iki ədəbi nəslin əhatəsində sadəcə
olaraq başqa bir yol yox idi, ya gərək onları təqlid
edəydin, ya da öz yolunu müəyyənləşdirəydin.
Və İsinin mənsub olduğu ədəbi nəsil birinci
yolu yox, ikinci yolu tutdu.
İ.Bexer məqalələrinin birində
yazırdı: "Yeni incəsənət heç vaxt yeni
formalardan başlamır, həmişə yeni insanla
doğulur". İsi Məlikzadə və onun mənsub
olduğu "altmışıncılar" ədəbi nəsli
ədəbiyyata məhz yeni qəhrəman tipini gətirdilər.
"Evin kişisi" povestində İsi Məlikzadə
adi bir insanı - sıravi milis işçisi Qaçayın
həyatını təsvir edir. Qaçay öz hərəkətləri
və davranışı ilə sovet ədəbiyyatının
"müsbət qəhrəmanı" tipi ilə heç
cür uyuşa bilməz. Çünki o, mənfiliklərə
qarşı mübarizə apara biləcək qəhrəman səviyyəsində
deyil. Hətta Qaçay "müsbət qəhrəman"a
xas olmayan avam və sadəlövh düşüncə tərzilə
gülüş də doğurur.
Rəisi Qaçayı ironiya ilə
"Koroğlu" adlandırır, lakin Qaçay nəinki
Koroğlu, heç onun dəlilərindən də deyil. Amma
Qaçay daxilən saf və təmiz insandır. O, kiminsə
qarşısında əyilir, sınır, amma bu təmizlik onu
tərk etmir. Məsələ burasındadır ki, Qaçay
tipli insanlar ədəbiyyatın qəhrəmanı
olmamışdılar. Onlar adi həyat tərzi, gün -
güzəran ağırlığı, maddi və mənəvi
qayğıları ədəbiyyatın predmetinə
çevrilməmişdi. Təsadüfi deyil ki, "Evin
kişisi" çap olunandan sonra bəzi tənqidçilər
"Bu necə qəhrəmandır? Bu qəhrəman niyə
passivdir?" deyə haray qopardılar. Lakin unudulurdu ki, ədəbi
qəhrəmanın tipləri müxtəlif ola bilər və
Qaçay kimi insanlar isə həyatda, reallıqda
mövcuddurlar. İsi Məlikzadə isə süni şəkildə
Qaçaya "müsbət qəhrəman" pasportu,
"mübarizlik" vəsiqəsi bəxş etməmişdi.
Lakin əlbəttə, İsi Məlikzadənin
yaratdığı ədəbi qəhrəmanların
heç də hamısı Qaçaya oxşamır.
Qaçay sadəcə olaraq sadə, təmiz və mənəviyyatlı
insanların bir nümunəsidir. Bu qəhrəmanların hamısının
qarşısında istisnasız və tərəddüd eləmədən
"işıqlı" sözünü bədii təyin
kimi işlətmək mümkündür. Lakin İsi Məlikzadənin
təsvir etdiyi bu işıqlı insanların hər birinin
öz fərdi dünyası, mənəvi aləmi var. Və
İsi Məlikzadə hər bir qəhrəmanı təsvir
edəndə özünəməxsus bədii boyalar, təravətli
ifadə vasitələri tapa bilmişdi.
İsi Məlikzadənin təsvir etdiyi Kənd
keçən əsrin 60-90-cı illərindəki Azərbaycan
kəndidir. İsi bu kəndi yaxşı tanıyırdı
və yaxşı tanıdığı üçün də
özündən heç nə uydurmurdu. O, kəndi ideallaşdırmırdı,
özündən əvvəlki yazıçılardan fərqli
olaraq bu kəndin ordenli - medallı, şöhrətli qəhrəmanlarından
söz açmırdı (onsuz da bu mövzuda onlarla əsərlər
yazılmışdı). İsi bu kəndin
ağrı-acılarından, mənəvi baxımdan ekoloji tənəzzülündən,
kənddə yaşayan insanların müxtəlif
qayğılarından danışırdı. Bu baxımdan
onun üç povestini xatırlatmaq kifayətdir:
"Quyu", "Yaşıl gecə" və "Dədə
palıd".
Xalq yazıçısı Elçin "Quyu"
müəllifinə məktub göndərmişdi və həmin
məktubda yazırdı ki: "Bu məktubun əsas səbəbi
Sizin "qazdığınız" "Quyu"dur və
lap əvvəldən deyim ki, yaxşı "quyu"
qazmısınız, suyunun "mət kimi şipşirin,
göz yaşı kimi dumduru" olması barədə bir
söz deyə bilmərəm, amma bu quyu bədii psixoloji mənada
gələcəyin daha dərin "Quyu"larından xəbər
verir, Sizin yaradıcılığınızdakı
inkişafı, bədii - estetik kamilliyə doğru keyfiyyət
dəyişikliyini əyani şəkildə göstərir".
Elçin müəllim həmin məqaləsində İ.Məlikzadənin
"bədii cəhətdən dürüst və aktual"
yaratdığı ayrı-ayrı obrazlardan söz
açır və bu povesti İsi Məlikzadə
yaradıcılığında irəliyə doğru
böyük addım hesab edirdi.
"Quyu"da İ.Məlikzadə həmin dövrdəki
Azərbaycan kəndinin mənəvi-əxlaqi mənzərəsini
əks etdirirdi. Əlbəttə, demək olmaz ki, bu mənzərə
tam və bütöv idi, amma tam və bütöv olmasa da,
real idi, inandırıcı idi, yalan deyildi. İsinin təsvir
etdiyi insanlar - Umud, Məcid kişi, kolxoz sədri Xalıq,
onun arvadı Əsli, qızı Solmaz, qoca anası və bu
ailəyə məhrəm olan Piri bir obraz kimi son dərəcə
təbii idilər - bütün müsbət insani keyfiyyətləri
və qüsurları ilə birgə. Quyu sözünün
özü də simvolik, rəmzi bir məna
daşıyırdı və oxucu əsl quyu qazanlarla "quyu
qazanlar"ı seçib fərqləndirə bilirdi.
İ.Məlikzadənin "Yaşıl gecə"
povestindəki Qərib də eyni yolu seçir. Fərq
burasındadır ki, Umud üçün yol
açıqdır - o, artıq özünü dərk edib,
bundan sonra həyatda özünü bir şəxsiyyət
kimi təsdiq etməyə çalışacaq. Qərib isə
o dünyalıqdır, mənən saf və təmiz olan bu
insanın fiziki qüvvəsi tükəndi. "Dədə
palıd"dakı Nurcabbar isə təbiət aşiqidir.
Lakin təbiətə bu vurğunluğu təkcə
heyranlıqla bağlamaq doğru olmazdı, burada həm də
rəmzi-simvolik bir çalar var. Nurcabbar təbiətlə
insan harmoniyasının pozulduğunu, insanın təbiətə
qəsd etdiyini böyük ürək ağrısı ilə
dastana, nağıla çevirir: "Quruyacaq Dədə
palıd, ayaq üstə can verəcək..." İsinin bu
povestində bir haray var - təsadüfi deyil ki, Dədə
palıd mişarlananda Nurcabbar da meşəni, təbiəti tərk
edir.
Doxsanıncı illərdə İsi Məlikzadə
"Qırmızı şeytan" povestini yazdı. Bu povestdə
İsi Məlikzadə illərdən bəri içində
püskürən qəzəb və etirazını,
yaşadığı cəmiyyətdən
narazılığını bədii sözlə ifadə
etdi. Onun qəhrəmanı Səməndər 20 Yanvar gecəsi
şəhid olur.
Və 90-cı illərdə İsi Məlikzadə
müstəqilliyin bəhrəsini gördü. Amma... öz
yazıçı təbiətinə sadiq qaldı -
kapitalizmin özü ilə gətirdiyi mənəvi, ictimai,
iqtisadi qüsurlara da kəskin etirazını bildirdi. O illərdə
İsi Məlikzadə deyirdi: "Mənim fikrimcə, nə
olur-olsun, hansı partiya, hansı siyasi xadim hakimiyyətə gəlirsə-gəlsin,
mədəniyyət, sənət biganəliklə üzləşməməlidir.
On-on beş ilə əvvəl hər hansı bir şəxs
fəxrnən deyərdi ki, mənim filan şair qohumum var, indi
isə adamlar yazıçılarla, şairlərlə yox,
biznesmen, tacir, kommersant qohumları ilə fəxr edirlər".
Ədəbiyyat hər bir dövrdə insan
üçün təkcə estetik zövq, mənəvi qida
mənbəyi olmayıb, həm də xalqın sözlə
yaradılan tarixidir. Lakin doxsanıncı illərdə mənzərə
dəyişmişdi: sənət, bədii söz arxa plana
keçib, mənəviyyatda dərin bir çat əmələ
gəlmişdi. Müharibənin doğurduğu əhval-ruhiyyə,
gün-güzəranın pisləşməsi, əhalinin təbəqələşməsi,
Azərbaycanın qaçqın-köçkün ölkəsinə
çevrilməsi, soyumaq bilməyən hakimiyyət
ehtirasları... bütün bunlar dəhşətli bir xaos
yaratmışdı... Ədəbiyyat kimsəyə lazım
deyildi, adamlar povest, ya roman oxumaq halında deyillər,
onları gündəlik ruzi daha çox
düşündürürdü. İsi onda müsahibələrinin
birində belə söyləyirdi:
"...Mənim atam deyərdi ki, vallah, oğul, biz
Allahın qəzəbinə gəlmişik, bizim
axırımız pis qurtaracaq. Kişi düz deyirdi,
çünki bilirdim ki, daha belə yaşamaq olmaz, bu cür
yaşayış - bir-birimizi aldatmağımız, kələklə,
hiyləylə ömür sürməyimiz, hər sahədə
"pripiska", total rüşvətxorluq,
kökümüzü danmağımız bizə baha başa
gələcək.
...Mən döyüş bölgələrində və
onlara yaxın olan rayonlarda çox olmuşam. Orada olanda
özümü daha rahat hiss edirəm, çünki hər
şey gözlərimin qarşısında baş verir. Yanan
evlərində, qaçan adamları da, talan olmuş kəndləri
də, Laçından, Xocalıdan, Kəlbəcərdən,
Ağdamdan gələnləri də görürəm, bu faciə
ürəyimdən keçir. Bəli, sevinirdim ki,
Qarabağdayam, bu səbəbdən rahat idim. Sonra Bakıya gələndə
gördüm ki, Qarabağla çox az maraqlanırlar,
çoxu öz alveriylə məşğuldur.
Ancaq mən heç vaxt ümidimi itirməmişəm.
Həmişə düşünürəm ki, ola bilməz
ki, bu xalq basılsın. Gücümüz də, enerjimiz də,
mənəvi qüvvəmiz də, igid oğullarımız da
kifayət qədərdir..."
...İsi Məlikzadə - görkəmli Azərbaycan
yazıçısı, gözəl povestlər müəllifi
bu ümid və inamla da dünyadan köçdü. Ancaq
dünyadan köçən onun cismi oldu, İsi Məlikzadənin
yaratdığı Söz Dünyası yaşayır. İsi
Məlikzadənin əsl ömrü o Sözün ömrü
qədərdi.
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2024.- 3 may,№77.-S.13.