COP29-un Bakıda təşkili
- Azərbaycanın növbəti böyük uğuru
Məlum olduğu kimi, Azərbaycanın paytaxtı
Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasına Tərəf
Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək.
Azərbaycanın dünyanın ən böyük və
mühüm dövlətlərarası tədbirlərindən
biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək
üçün seçilməsi Azərbaycan Prezidentinin
növbəti beynəlxalq qələbəsidir. Bu,
Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik
Şurasına üzvlük kimi, dövlət
başçısının xarici siyasətdə ən
böyük uğurlarındandır. Eyni zamanda, son zamanlar Azərbaycana
qarşı çirkin kampaniya aparan bəzi dairələrə
tutarlı cavabdır. Dövlət başçısı bir
daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın
müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini
sübuta yetirdi. Prezident bu təşəbbüsü ilə
Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi
və beynəlxalq aləmdə böyük etimad
qazandığını nümayiş etdirdi. Ölkəmiz
qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə
qarşı səyləri səfərbər etmək və bu
mübarizəyə töhfə verməklə dünyanın
diqqət mərkəzində olacaq.
Milli Məclisin deputatı Vahid Əhmədov bildirir
ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin
dünyada layiqli təmsilçiliyinə böyük töhfə
verəcək. Bu gün yaşıl enerjiyə keçid
bütün dünyada diqqət mərkəzində olan əsas
məsələlərdən biridir: "Azərbaycan da
sözügedən məsələ ilə əlaqədar bir
sıra layihələr həyata keçirib və bundan sonra
da alternativ enerjiyə keçidlə bağlı layihələrin
icrası davam etdiriləcək. O baxımdan, Azərbaycan
ekoloji cəhətdən təmiz məhsul istehsal etmək
üçün yaşıl enerjiyə diqqətin
artırılmasına töhfə və dəstək verən
ölkələr sırasındadır".
Millət vəkili vurğulayıb ki, qeyd olunan sahəyə
verilən önəmin bariz nümunələrindən biri də
Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsidir:
"Ölkəmizin beynəlxalq tədbirlərə ev
sahibliyi etmək təcrübəsi kifayət qədər
böyükdür və belə tədbirlər hər zaman
yüksək səviyyədə təşkil olunub".
V.Əhmədovun dediyinə görə, COP29 kimi
mötəbər tədbirin Azərbaycanda keçirilməsi
burada sabitliyin möhkəm təməllər üzərində
qurulduğunu bir daha sübut edir:
"Bütün bunlarla yanaşı, ölkəmizin
iqlimlə əlaqədar əhəmiyyətli bir tədbirə
ev sahibliyi etməsi, Azərbaycanın dünyada bir çox fərqli
sahələrdə tanıdılmasına və layiqli təmsilçiliyinə
böyük töhfələr verəcək".
Millət vəkili Sevinc Hüseynova deyir ki, COP29-un gələn
il ölkəmizdə keçirilməsi ilə bağlı
verilən qərar mühüm tarixi əhəmiyyət kəsb
edir. Sözsüz ki, BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə
ölkəmizdə keçirilməsi Azərbaycanın
növbəti siyasi-diplomatik uğuru hesab olunur. Bu, eyni zamanda
dünya ölkələrinin Azərbaycana növbəti dəfə
böyük etimad və ehtiramın bariz nümunəsidir.
Ölkəmiz məhz bu cür yüksək dəyərlərə
layiqdir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu siyasət nəticəsində
dünya miqyasında çox güclü mövqelərə
sahib olub: "Bu, bir reallıqdır ki, Azərbaycana beynəlxalq
aləmdə olan hörmət günbəgün artır. Bunu
ölkəmiz həyata keçirilən siyasətlə
qazanıb. Çünki ölkəmizin müstəqil siyasəti,
prinsipial mövqeyi, beynəlxalq hüquqa əsaslanır. Eyni
zamanda dövlətimizin öz ərazi bütövlüyü
və suverenliyini bərpa etməsi beynəlxalq birlik tərəfindən
ona olan hörməti daha da artırıb".
Millət vəkili qeyd edib ki, bu qərarın antiterror
əməliyyatından iki ay yarım sonra qəbul olunması
mühüm önəm kəsb edir: "Beləliklə, bir
daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini
ifadə etmiş olur. Təbii ki, Bakıda COP29 konfransının
keçirilməsi beynəlxalq aləmin hər bir
üzvünün razılığı ilə mümkün
olan qərardır. Yəni burada yekdil mövqe bir daha
özünü göstərib. Çünki antiterror əməliyyatından
sonra bəzi Qərb ölkələri Azərbaycana
qarşı əsassız ittihamlar irəli sürürdü.
Sözsüz ki, ölkəmizə qarşı irəli
sürülmüş bu ittihamların heç bir əsası
yox idi. Fakt o idi ki, Azərbaycan öz suveren ərazisində
separatçılığa, işğalçılara
qarşı antiterror əməliyyatı keçirərək
beynəlxalq hüququn aliliyini bir daha təmin edib. Ölkəmiz
həmçinin bütün humanitar normalara riayət edərək
öz suverenliyinin bərpasına nail olub. Azərbaycan COP29
beynəlxalq konfransını da yüksək səviyyədə
keçirəcək. Bu, ölkəmizin, xalqımızın
növbəti böyük uğuru olacaq. Azərbaycan neft-qaz
ölkəsi olsa da, dövlətimizin qarşısında
yaşıl enerji ilə bağlı mühüm hədəflərin
olduğu bir daha bəyan ediləcək. Çünki
yaşıl enerji növlərinin yaradılması və
yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda
dövlətimizin həyata keçirdiyi enerji siyasətinin
prioritetini təşkil edir. Bu reallıqları həmin
konfransda bütün dünya bir daha görmüş
olacaq".
Sevinc Hüseynova Azərbaycanın beynəlxalq tədbirlərə
uğurlu ev sahibliyində böyük təcrübəyə
malik olduğunu söyləyib: "Bu baxımdan Azərbaycanın
Qoşulmama Hərəkatına uğurlu sədrliyini nümunə
göstərmək olar. Ölkəmiz Qoşulmama Hərəkatına
dörd il ərzində uğurla sədrlik etməklə yeni
bir nümunə yaradıb və bunun nəticəsində Azərbaycanın
təşkilata sədrliyinin müddəti daha bir il
uzadılmışdı. Bu, sözsüz ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə əldə edilmiş
uğurlu, müdrik və uzaqgörən siyasətin bariz
nümunəsidir. Azərbaycan Qoşulmama Hərəkatı
ilə yanaşı, Türk Dövlətləri Təşkilatı,
İslam Əməkdaşlıq Təşkilatı,
İqtisadi Əməkdaşlıq Təşkilatı və
digər beynəlxalq qurumlarda aktiv iştirak etməklə
yanaşı, vacib təşəbbüslərin müəllifi
və icraçısı kimi çıxış edir. Məhz
COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycanın
beynəlxalq miqyasda artan gücünün və nüfuzunun təzühürü
kimi dəyərləndiriləcək".
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə
əsasən, bu gün Azərbaycan müxtəlif beynəlxalq
tədbirlərin keçirildiyi məkana çevrilib. Bu
baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin
nüfuzu üçün olduqca əhəmiyyətlidir.
Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz
Bakıda keçirilməsinə dair qərarı
bütün dünya ölkələri qəbul etmişdir və
beləliklə, Azərbaycana növbəti dəfə
böyük etimad və böyük hörmət göstərilib:
"Azərbaycan iqlim dəyişikliyi məsələsi ilə
bağlı davamlı olaraq dünyada bu istiqamətdəki təşəbbüslərə
öz töhfəsini verir. Dünya və dünya iqlimi
hazırkı dövrdə çox ciddi imtahanlarla
üz-üzədir. Dünyanın bütün dövlətləri
iqlim dəyişikliyi istiqamətindəki qanunvericiliyə o qədər
də əməl etmirlər. Bu anlamda COP29-a ev sahibliyinin Azərbaycana
verilməsi təsadüfi deyil. Çünki Azərbaycanın
təcrübəsi, cənab Prezidentin siyasəti ətrafında
həyata keçirilən tədbirlər, atılan
addımlar ölkəmizə olan inamı daha da
artırır. Müxtəlif dövlətlərin ölkəmizlə
bağlı bu istiqamətdə mühüm qərarlar qəbul
etməsinə də mühüm töhfə verir.
Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik
etməklə Azərbaycan özünə çoxlu
etibarlı dost qazandı. Azərbaycanın da daxil olduğu
Qlobal Cənub ölkələrinə bu gün xüsusi diqqət
lazımdır. COP29 ölkəmizin yaşıl enerji
strategiyasının dünya ictimaiyyətinə təqdimatı
baxımından mühüm rol oynayacaq.Tədbir iki həftə
ərzində davam edəcək. Bu müddət ərzində
Azərbaycan paytaxtına 70-80 min xarici qonaq gələcək.
Bu tədbirin miqyası ölkəmizdə əvvəlki beynəlxalq
tədbirlərlə müqayisədə olduqca
böyükdür. Qonaqların buradan xoş təəssüratla
yola salınması üçün böyük
hazırlıqlar görülməkdədir. Bütün beynəlxalq
tədbirlərdə olduğu kimi, bu tədbirdə də Azərbaycan
öz sözünü deyəcək. Azərbaycan beynəlxalq
tədbirlərin keçirilməsi baxımından nümunədir".
Millət vəkili Elman Nəsirov qeyd edib ki, COP29 tədbirinə
Azərbaycanın ev sahibliyi etməsi əslində ölkəmizin
beynəlxalq aləmdə nüfuzu və xüsusi çəkisinin
bir göstəricisidir. Çünki bu tədbirə ev
sahibliyi etmək üçün Azərbaycan dünya ölkələrinin
hər birinin müsbət rəyini almalı idi. Bu prosesdə
bizə mane ola biləcək tərəf Ermənistan ola bilərdi.
Ancaq o da prosesdən kənarda dayandı. Azərbaycanla Ermənistan
arasında aparılan ikitərəfli danışıqlar və
əldə edilmiş razılaşmalar nəticəsində
Ermənistan da Azərbaycanın bu tədbiri keçirməsinə
etiraz etmədi və bu ilin noyabr ayında dünyanın ən
böyük tədbirinə Azərbaycan ev sahibliyi edəcək".
Elman Nəsirov deyib ki, bu tədbirə ev sahibliyi etmək
üçün Azərbaycanın iqtisadi gücü var,
infrastruktur potensialı və beynəlxalq aləmdə
nüfuzu kifayət qədər böyükdür: "Noyabr
ayında 80 mindən çox adam iki həftə ərzində
Azərbaycanın paytaxtında olacaq. Dünyanın əksər
dövlətlərinin rəhbərləri, prezidentləri,
baş nazirləri ölkəmizə təşrif buyuracaq və
sözün həqiqi mənasında dünyanın ürəyi
Azərbaycan paytaxtında döyünəcək. Nəzərə
alsaq ki, bu tədbir BMT-nin iqlim dəyişiklikləri ilə
bağlı bir tədbirdir. Adətən ənənəvi
enerji potensialına malik olan dövlətlərin belə tədbir
keçirməsinə qısqanclıqla yanaşırlar. Ancaq
Azərbaycanı bu prosesdə bütün dövlətlər
dəstəklədi. Bunun əsas səbəblərindən
biri də onunla bağlıdır ki, bəli, Azərbaycan zəngin
neft və qaz potensialına malik olsa da belə, amma qeyri-ənənəvi
enerji sahəsində də bizim çox mühüm
imkanlarımız var. Azərbaycanın çox böyük
külək, günəş və hidrogen potensialı
mövcuddur. Artıq Azərbaycan Avropa ölkələrinə
qeyri-ənənəvi enerji mənbələrinin ixracı ilə
bağlı ilkin addımlar atmağa başlayıb. Bu sahədə
bu proses başlanıb. Həm də çox mühüm
müqavilələr imzalanıb və bütün bunları
nəzərə aldıqda görmək olur ki, Azərbaycan həm
ənənəvi, həm də qeyri-ənənəvi enerji mənbələrinə
malikdir və Azərbaycan bu tədbiri keçirməklə
bütün dünyaya belə bir ismarış verir ki, bəli,
biz iqlim dəyişiklikləri problemlərinə çox
ciddi yanaşırıq və bu prosesə öz töhfəmizi
vermək istəyirik. Sağlam dünya görmək istəyirik
və Azərbaycan da bütün imkanlarını səfərbər
edib COP29 tədbiri çərçivəsində iqlim dəyişiklikləri
ilə bağlı mühüm qərarların qəbuluna
nail olmağı hədəf seçib. Hesab edirəm ki, bu tədbir
çərçivəsində bir sıra mühüm siyasi
və hərbi problemlərin müzakirəsi üçün
də imkanlar açıla bilər. Nəzərə alsaq ki,
həm Rusiya, həm də Ukrayna prezidenti tədbirə dəvət
alıb. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham
Əliyev vurğulayıb ki, noyabr ayına qədər biz Ermənistanla
sülh müqaviləsinin imzalanmasına çox böyük
ümidlər bəsləyirik və bütün bunların
reallaşacağı təqdirdə istisna deyildir ki, Ermənistanın
Baş naziri Nikol Paşinyan da bu tədbirə qatıla bilsin.
Yəni zaman hər şeyi göstərəcək. Əsas
odur ki, Azərbaycan bu gün dünyanı narahat edən ən
mürəkkəb, ən qəliz problemlərin həlli
yollarının tapıldığı bir məkana
çevrilib".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 3 may,№77.-S.12.