Gül ki
güləsən!.. - "Molla Nəsrəddin XXI əsrdə"
silsiləsindən
MOLLANIN MƏSLƏHƏTİ
Maaşların az, qiymətlərin yüksək
olduğu vaxtlarda tənbəl, müftə yeməyə aludə
bir kişi Molla Nəsrəddinin yanına gəlib deyir:
- Molla əmi, neçə vaxt idi hökuməti maaşları
artırmağa məcbur eləməyin yollarını tapmaq
üçün baş sındırırdım. Nəhayət,
dünən birini tapmışam. Deyim, sən də qiymət
ver. Deməli, sabah bir çəngə saman götürüb
gedəcəm hökumət evinin qabağına, başlayacam
orda saman kövşəməyə. Gəlib soruşsalar ki, niyə
belə eləyirsən, deyəcəm yeməyə heç nəyim
yoxdur, ona görə. Yəqin ki, qəzet-jurnalların
dil-ağzına düşməmək üçün
maaşları qaldırarlar.
Molla gülüb deyir:
- Yox, aşna, bu fəndin keçməyəcək.
Əksinə, o saat biləcəklər ki,
kasıblığın sənin qənaətcil olmamağının,
cibinin hesabını düzgün apara bilməməyinin nəticəsidir.
- Axı niyə, Molla əmi? - deyə kişi təəccüblə
soruşur.
Molla deyir:
- Ona görə ki, ağıllı, tədbirli,
sabahı fikirləşən adam ilin-günün bu
vaxtında hər tərəfi bürümüş
yamyaşıl otu qoyub saman çeynəməz.
Kişi dolxor halda soruşur:
- Bəs təklifin nədir? Mən necə hərəkət
edim?
- Yaxşısı budur hələlik hökumət
evinin qabağındakı bağda qoyun kimi otla, samanı isə
dar günə - qışa saxla. Sonrası Allah kərimdir.
MOLLA NƏSRƏDDİNİN MƏNTİQİ
("Hap-gop tayms" agentliyinin xəbərlər
blokundan)
Xəbər verdiyimiz kimi, bu yaxınlarda şəhərimizdə
ilk dəfə "Doğruçular müsabiqəsi" keçirilmişdir.
Münsiflər heyəti uzun məşvərətdən sonra
Molla Nəsrəddini müsabiqənin qalibi elan etmiş, onu
böyük məbləğdə pulla
mükafatlandırmışdır. Aşağıda müxbirimiz Yalançı oğlu
Yalançının qalibdən aldığı ilk
eksklüziv müsahibəni təqdim edir, sonda bütün
oxuculara bir sual ünvanlayırıq. Suala düz cavab verən
oxucu agentliyimiz tərəfindən
mükafatlandırılacaq.
- Molla əmi, bu müsabiqəyə necə
qatıldınız və bilmək olarmı, necə,
hansı məntiqə söykənərək qalib gəldiniz?
- Oğul bala, əlim çox aşağı idi. Bir
gün televizorda elan elədilər ki, doğruçuların
ilk ümumrespublika müsabiqəsi keçirilir. Telefonla mesaj atıb cəld qeydiyyatdan
keçdim və vaxt tamam olub vədə yetişəndə məni
çağırdılar ki, növbən çatıb, gəl
məharətini göstər.
Nə başını ağrıdım, deyilən
vaxtda deyilən yerə gəlib çıxdım münsiflər
heyətinin qabağına və başladım, nə
başladım. Dedim, 1943-cü ildə Stalinqradda
qızğın döyüşlər gedən vaxt mən də
əsgər kimi ön sıralarda idim. Qəfildən
yadıma düşdü ki, bu gün uşaqlıq dostum
Stalinin ad günüdür. Cəld dalda bir yerə çəkilib
ona telefon açdım. Stalin səsimi eşidən kimi
kövrəldi, dedi, çoxdandır səsin gəlmir, ay
molla, nə var, nə yox, necəsən?.. Dedim,
sağlığın, ay İosif. Okazıvaetsya bu gün sənin
ad günün imiş, 64 yaşın tamam olur. İstə...
Stalin sözümü kəsib dedi, sən canın,
heç nə lazım deyil, ay Molla. Mən Bayıl həbsxanasında
yatanda ruhuma hopmuş "Pəncərədən daş gəlir"
mahnısından bir ağız desən, bəsimdir.
O, bir demişdi, mən improviza
siya ilə bir neçə ağız oxudum. Dedim ki:
Pəncərədən daş gəlir, ay Stalin,
Stalin,
Neçə kəsilmiş baş gəlir, ay Stalin,
Stalin.
Döyüş getsə də, nə qəm, ay Stalin,
Stalin,
Yaş üstünə, yaş gəlir, ay Stalin,
Stalin,
Ad günündür, yeməyə
Aş gəlir, bozbaş gəlir, ay Stalin, Stalin
Stalin əməllicə kövrəldi,
"Özünü qoru, ay Molla. Sən bizə hələ
çox lazım olacaqsan" - deyib telefonu söndürdü.
Oturub öz-özümə fikirləşdim ki,
yaxşı, Stalin belə deyir, bəs sənin mərifətinə
nə gəlib? Komandirin gözünü oğurlayıb
keçdim nemeslərin arxasına və düz altmış
dörd nemes gəbərdib meyitlərini sürüdüm biz
tərəfə. Sonra dübarə Stalinə telefon
açdım, dedim ki, bir nəfər göndər, gəlib hədiyyəni
aparsın. Stalin qayıtdı ki, Molla, vallah xəcalət
verirsən, heç bilmirəm bunun altından
çıxacam, ya yox. Sonra köks ötürüb dedi:
"Yaxşı, baxım görüm kimi göndərirəm"
Təxminən 2 saatdan sonra marşal Jukov hardansa peyda
oldu. Ora-bura baxıb məni görəndə dedi: "Bu
saqqallı, təsbehli kişi kimdir? Ondan heç əsgər
olar?"
Bu saymazlıq xətrimə dəydi, alnının
ortasından necə ilişdirdimsə, kişi tirtap sərildi
yerə. Handan-hana özünə gəlib ayağa qalxdı,
papağını çırpa-çırpa dedi ki,
bağışla, ay Molla, bayaq səni tanımadım. Amma onu
da deyim ki, səndən hər şey gözləyirdim, təkcə
bu yumruğu yox.
Xülasə, meyitləri vertolyota yükləyib yola
salandan sonra döyüş yenə qızışdı - gah
biz irəli gedirdik, gah da nemeslər. Mən də buna uyğun
olaraq bizimkilər hücuma keçəndə olurdum sovet əskəri,
nemeslər üstünlük qazananda isə paqonlarımı
söküb keçirdim onlar tərəfə. Nəhayət,
hər iki tərəf yoruldu, razılığa gəlindi ki,
fasilə elan edib bir az dincələk, sonra yenidən
başlayaq. Səngərin qırağında oturub təzəcə
tərimi silməyə başlamışdım ki, qəfildən
kimsə əlini çiynimə qoydu. Dönüb
gördüm Hitlerdi. Dedim, nə var, ə, vələduzna, nə
lazımdır. Hitler qayıtdı ki, alə, adam kişi olar
ey. Düz eləmirsən axı. Birdəfəlik seçim elə,
ya keç biz tərəfə, ya da qoy işimizi görək
də.
Çıxışımı bitirib gözlərimi
dikdim münsiflər heyətinə. Bir müddət heç
kimdən səs çıxmadı. Axırda sədr dilə
gəlib dedi: "Molla, sən deyəsən,"Doğruçular
müsabiqəsi" ilə "Yalançılar müsabiqəsi"ni
səhv salmısan. Dediklərinin hamısı ağ
yalandır, özü də ən yekəsindən! Heç
saqqalından utanmırsan?
Dərhal gülə-gülə cavab verdim ki, ay
sağ ol, sədr. Sən dolayısı ilə mənim qalib gəldiyimi
elan elədin. O məşhur kinoda deyildiyi kimi, davay, pulumu
verin...
SUAL: Nəyə görə, Mollanın hansı məntiqi
qarşısında münsiflər heyəti onu qalib elan elədi?
MOLLA NƏSRƏDİNİN "ZAPI"SI VƏ
"BİP-BİP" ƏHVALATI
Molla görür ki, zəmanə dəyişib, daha
eşşək ona əl vermir. Ona görə də, sevimli
eşşəyini satıb borca-xərcə köhnə bir
"Zaporojets" alır ki, çulunu sudan
çıxartsın. Səhəri gün şəstlə
maşınına minib üz tutur rayon mərkəzinə: istəyir
yer-yemişdən alıb yığsın maşının
baqajnikinə və arvadına sürpriz eləsin. Amma bazara
çatmamış avtomobil müfəttişinin
qarmağına keçir - müfəttiş onu saxlayıb
deyir ki, bəs qadağan olunmuş yerdə siqnal verib
yaxınlıqdakı uşaq bağçasında yatan
uşaqları yuxudan oyatmısan, gərək filan qədər
cərimə verəsən.
Molla nə qədər and-aman edir ki, siqnal-zad verməyib,
müfəttiş tutduğunu buraxmır.
Əlqərəz, xeyli çənə-boğaz
olurlar. Axırda Mollanın səbir kasası dolur, əsəbi
səslə soruşur:
- Deyirsən siqnal verdim də?!
- Hə, özü də lap ucadan. Adamın qulağı
batırdı.
Molla yenə soruşur:
- Yaxşı, deyə bilərsən siqnalımın
səsi necə idi?
Müfəttiş
gözlərini döyə-döyə deyir:
- Necə olacaq? Bax, belə: "Bap-bap-bap..."
Molla maşının siqnalını basıb
tapança kimi açılır:
- Yalançının atasına lənət!!! Bax,
gör mənim siqnalım "bap-bap" səsi
çıxardır, yoxsa "bip-bip"??!!
ŞEYTANA ŞABAŞ
Bir kişi özünü təngnəfəs
Mollanın yanına çatdırıb deyir:
- Molla əmi, yaman yerdə
axşamlamışam, mənə kömək elə!
Molla soruşur ki, nə olub. Kişi sözünə
davam edir:
- Deməli, mən
üç ay bundan əvvəl müqəddəs ziyarətdən
qayıtmışam. Deyəsən, orda şeytana daşatma mərasimində
iştirakım mənə düşməyib. Belə ki,
qayıdandan sonra hər gecə şeytan dişlərini
ağarda-ağarda yuxuma girir, barmaq silkələyib məni hədələyir.
Deyir, ay başıboş adam, elə bilirdin 5-6 daş atıb
məni əzəcəksən? Ay-hay! İndi gözlə,
gör başına nə oyun açacam.
Molla saqqalını tumarlayıb soruşur:
- De görüm şeytanın görkəmi, qiyafəsi
necə idi?
- Necə olasıdır ki, ay Molla? Şeytan idi də
- əlində yaba, başında 2 buynuz, dalında da uzun bir
quyruq...
Molla deyir:
- Görünür, atdığın daşların kəraməti
olmayıb. Neynək, sən belə elə - bir bıçaq,
tövlədən bir yaba, bir parça da köhnə əsgi
götürüb çalış gir şeytanın yuxusuna.
Elə ki, şeytan ağzını açmaq istədi, cəld
əsgini sox ağzına ki, səsi çıxmasın. Sonra
yabanın dişləri ilə qollarını mıxla divara,
bıçaqla quyruğunu dibindən kəs və "Nə
yemisən turşulu aş" - deyə-deyə başla
öz quyruğu ilə onu şallaqlamağa. Denən, ay
zaraza, atdığım daşlardan şil-küt
olmamağın bəs deyil, hələ mənə hədə-qorxu
da gəlirsən? İstəsən, daşlara xərclədiyin
pulları da tələb edə bilərsən. Yeri gəlmişkən,
nə qədər pul xərcləmişdin o daşlara?
Kişi deyir:
- Hər biri 20 dollara 5 daş almışdım.
Molla deyir:
- Əla! Gördün ki, şeytan heydən
düşür, de ki, 100 dollarımı qaytar. Şeytan
ağlayıb yalvaracaq, deyəcək
ki, lazım deyil, döymə məni. Onda sən də
Şurik kimi cavab verərsən ki, nado, şeytan, nado.
- Bəs bunun axırı nə olacaq, ay Molla? - deyə
kişi gözlərini döyə-döyə soruşur.
- Axırı o olacaq ki, bir dəqiqədən sonra
şeytanla çaşka-lojka - yəni qolboyun olub "Bir yerdə
olaq" mahnısını oxuya-oxuya rəqs edəcəksiniz.
Kişi narazı halda deyir:
- Bu lap ağ oldu, ay Molla. Heç nə başa
düşmədim. Şeytan adama pul verəndi?
Molla gülə-gülə son nöqtəni qoyur:
- Əşi, canın sağ olsun. Vermir verməsin.
Onda sən cibindən daha bir şax yüz dollarlıq
çıxarıb şabaş kimi verərsən
şeytanın əlinə!
"İKİ ƏRİN OLA"...
İş elə gətirir ki, Molla "Bandit
Peterburq" adlı rus serialına baxası olur. Filmin növbəti
seriyasında əsas qəhrəman öz dostuna xəyanət
edərək, onun arvadı - vaxtilə sevgi romanı
yaşadığı qadınla intim münasibətdə olur
və sonradan faktiki olaraq onun 2-ci - gizli ərinə çevrilir, yəni gizli şəkildə
onunla yaşamağa başlayır. "Dostun" dosta,
qadının isə ərinə xəyanəti Mollanı
sarsıdır. Hirsindən əvvəlcə istəyir vurub
televizorun ekranını sındırsın. Amma sonra fikrini dəyişib
öz-özünə deyir ki, gözləyək görək bunun
axırı nə ilə qurtaracaq.
"Dostlar" "Antibiotik" ləqəbli qanu
ni oğrunun rəhbərlik etdiyi mafiya ilə qeyri-bərabər
döyüşə girirlər. Sonda ciddi təhlükə
hiss edib həmin qadını çətinliklə Türkiyəyə
yola salır, özləri isə banditlərlə
atışmada həlak olurlar. Qadının bundan xəbəri
olmur, hər axşam Türkiyədə - limandakı kafedə
əyləşib həsrətlə kiminsə (??) yolunu
gözləyir. Ekranda bu kadrlar gedəndə Molla görür
ki, neçə vaxtdan bəri içini dağıdan hirsini
çölə töküb ürəyini boşaltmaq məqamı
yetişib. Əllərini bir-birinə çırpıb deyir:
- Pah atonnan, bundan da böyük dərd olar? Eyni vaxtda
iki ərin ola, dar günündə heç olmasa biri gəlib
sənə yiyə durmaya!
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2024.- 3 may,¹77.-S.11.