"Türkman", yoxsa "türkmən"?  

Adi görünən suala dərin tədqiqat tələb edən cavab

 

Bir neçə gün bundan əvvəl görkəmli ədəbiyyatşünas alim, professor Asif Rüstəmli soruşdu: "Türkman" sözü əlifləmi yazılır?"

"Bəli, əliflə yazılır" - demək olardı.

Lakin bir hərfin yazılışı və oxunuşunda bir etnosun, bir xalqın, dünya şöhrətli şairin milli kimliyi, dünyanın ən qədim abidələrindən birinin taleyi durduğunu düşünəndə dərin tədqiqata ehtiyac duyulduğu qənaətinə gəldim.

Təəssüf ki, klassik ədəbiyyatımızla, folklorumuzla məşğul olan bəzi alimlər bu etnonimin yazılışının fərqinə varmırlar. Bu söz "Kitabi-Dədə Qorqud"un Drezden, Vatikan və 2018-ci ildə tapılan "Qazan xanın yeddibaşlı əjdahanı öldürdüyü boy"un əlyazmasında əliflə türkman kimi əksini tapıb.

Yeri gəlmişkən, bu əlyazma üzərində işləyən Yusif Azmun (İstanbul), Mətin Əkici (İzmir), Ramiz Əsgər (Bakı)  ciddi tədqiqat aparmadan tələm-tələsik əlyazmanı "Kitabi-Dədə Qorqud"un yeni variantı" adı altında çap etdirmişlər. Əgər hörmətli tədqiqatçılar "Kitabi-Dədə Qorqud"un "Salur Qazanın tutsaq olub oğlu Uruz çıxartdığı" XI boyla tanış olsaydılar, Dədə Qorqudun yeni boyundan söhbət getdiyini duyardılar və indiyə qədər elm aləminə məlum olmayan "Salur Qazanın yeddibaşlı əjdahanı öldürdüyü boy"un ilk müjdəçiləri olardılar.

"Kitabi-Dədə Qorqud"un XI boyundan məlum olur ki, Salur Qazan kafirlərin əlində dustaq olanda kafirlər tələb edirlər ki, Salur Qazan onları tərifləsin. Qazan xan kafirlərin arzusuna xilaf çıxaraq özünün bir çox qəhrəmanlıqlarından, o cümlədən də, yeddibaşlı əjdahanı öldürməyindən bəhs edir və deyir:

 

Yeddibaşlı əjdahaya yetib vardım.

Heybətindən sol gözüm yaşardı.

Hey gözüm, namərd gözüm, müxənnət gözüm

Bu yılandan nə var ki, qorxdun - dedim

Anda dəxi "ərəm, bəgəm" - deyüb ögünmədim.

(Bax: "Kitabi-Dədə Qorqud". Bakı, 1988, s.117-118).

 

Professor Ramiz Əsgər əliflə yazılan sözü nədənsə "türkmən" kimi oxuyub və yazıb. Halbuki əlyazmanın fotofaksimelisində əliflə yazılan söz türkman oxunur (Bax: "Kitabi-Dədə Qorqud"un üçüncü əlyazması, Bakı, 1919, s.35).

"Kitabi-Dədə Qorqud" boylarında bu etnonimə tez-tez təsadüf edilir.

"Qanlı Qoca oğlu Qanturalı boyu"nda oxuyuruq: "Bəli, canım baba, eylə istərəm! Pəs varasın, bir cici-bici türkman qızını alasan" (VI boy, səh.85) və ya IX boyda (səh.108) işlənən "Oğuzun arsızı türkmanın dəlisinə bənzər", bu qəbildəndir.

"Türkman" etnonimini "türkmən"dən fərqləndirən mühüm amillərdən biri də onun kəsb etdiyi məna ilə bağlıdır. İllərlə öncə türkman etnoniminin "ulu türk", "əsl türk", "qüdrətli türk", "böyük türk" mənasında işləndiyini göstərmişdik.

İndinin özündə belə, ədəbi dilimizdə və İraq türkman ləhcəsində işlək olan azman, qocaman, orman, ataman, asiman, daraman (nəhəng), batman (böyük ölçü vahidi), kərtman (böyük toxa), koçman (böyük koramal), daraman təppəsi (çox böyük və kök adam), şişman (çox kök), keçəman (böyük kərtənkələ) və s. sözlərdə "man"ın ulu, böyük, əzəmətli anlamına gəlməsi dediklərimizi təsdiqləyir.

Xüsusi vurğulamağa dəyər ki, "türkman" etnoniminin yazılışının və oxunuşunun fərqinə varmamaq onu türkmən kimi yazmaq və oxumaq bir yandan "Kitabi-Dədə Qorqud"un, digər tərəfdən də İraqda yaşayan "bir bütövün parçası olan" soydaşlarımızı istəsək də, istəməsək də, bizdən uzaqlaşdırmağa yönəlmiş olur. Nəticədə türkmən qardaşlarımız İraqda yaşayan soydaşlarımızı, "Kitabi-Dədə Qorqud"u və Nəsimini özününküləşdirmək iddiasına düşürlər.

Əta Tərzibaşı "İraqda türkman ədəbiyyatı tarixinin başlanğıcına dair araşdırmalar" məqaləsində türkman etnonimindən də söz açır. Tədqiqatçı yazır ki, İraq türkmanları etnik olaraq "Türkman" adını şifahi danışıqda xüsusi bir kimlik kimi işlətsələr də, Osmanlı dönəmində və cümhuriyyətin ilk aylarına qədər yazı dilində "türk" sözündən istifadə ediblər. "Türkman" adı 01 fevral 1959-cu ildə Bağdad radiosunun "Türkmanca bölümü"nün açılışıyla rəsmiləşdirilmişdir.

Tarixə nəzər saldıqda bütün mənbələrdə türkman etnonimi ilə bağlı eyni mənzərənin şahidi oluruq. XI əsrdə yaşamış məşhur dilçi alim Mahmud Kaşqari (1005-1102) fundamental "Divani lüğət-it-Türk" əsərində "türkman" etnonimi və türkmanlar haqqında əsaslı məlumatlar vermişdir.

Abidənin girişində Mahmud Kaşqari türkmanları oğuzlarla eyniləşdirir. Türkmanlardan söz salanda "bunlar oğuzdurlar" - deyir. Oğuzlardan bəhs edəndə "Oğuzlar türkmandırlar" hökmünü verir (Bax: İraq türkmanları və Azərbaycan. Bakı, 2023, səh.60).

Əta Tərzibaşı "İraq türkman ədəbiyyatına toplu bir baxış" məqaləsində Nəsimidən danışarkən yazır: "Bağdada bağlı "Nəsim" adlı qəsəbədə doğulduğu deyilən, həyatının böyük bir qismini Bağdadda və daha sonra Hələbdə keçirən, İraq türkman ədəbiyyatında yeni bir cığır açan dəyərli şair Nəsimi Əlişir Nəvainin diqqətini cəlb edib. "Nəsim əl-muhabbe" ("Məhəbbət mehi") əsərində Nəsimini İraq və Anadolu xalqının bənzərsiz şairi saydıqlarını, türkmani və rumi dillərində şeir yazdığını bildirir".

Elə buradaca Əta Tərzibaşı yazır: "Sevənləri Nəsimini kənarda Azəri, İraqda isə türkman şairi hesab edirlər" ("Türkman kəşkülü", sayı 3, iyul, Kərkük, 1965; "Qardaşlıq", sayı 6-7, Bağdad, 1971).

Nəsiminin türkman dilində şeir yazması oxucuları çaşbaş salmasın. Əsrlər boyu biz də türkman adlanmışıq (Təəssüf ki, milli kimliyimizi saxlaya bilməmişik. Gah tatar, gah türk, gah azəri adlanmışıq. İndi isə azərbaycanlı kimi tanınırıq).

Burada türkman və türkmən etnonimi il bağlı tanınmış azərbaycanlı alim Əfzələddin Əsgərin "Dədə Qorqud ensiklopediyasında dərc olunan məqaləsindən bir hissəni veririk: "Oğuzlar tanrıçı olub. Oğuz törəsi ilə (adət-ənənəsi) yaşayırdı. İslamı qəbul etmiş oğuzlar öz etnik sistemindən çıxaraq türkman etnik sisteminə daxil olurdu. Buna görə də Yazıçıoğlu Əli (XV əsr) yazır ki, bizim zəmanəmizdə bütün oğuzları türkman adlandırırlar".

Əta Tərzibaşı "Türkmü, türkmənmi,  ya da "türkman" adlı məqaləsində yazır ki, bu etnik adların əsası və inkişafı haqqında tədqiqatçılar tarixin dərinliklərinə enərək geniş məlumatlar vermişlər. Mənsə-mənlik olmasın - burada mövzuya başqa bir istiqamətdən nəzər salmaq istəyirəm. Yazılarımda həmişə türkmən sözünün əvəzinə türkman işlətməyimin səbəbini bu məqalədə müəyyən mənada izah etməyə çalışmışam.

Mənim yazılarımda türkmən və türkman sözlərindən axırıncıya üstünlük verməyimin səbəbi ana-atamın, qonşularımın, bir sözlə, bütün soydaşlarımın danışıq və söhbətlərində həmişə türkman sözünü işlətmələrinə istinad etməyimdir. Hətta bu adı yaranmasından bəri fars, ərəb və Avropa xalqları belə əsərlərində həmişə (-manlı) kimi işlədirlər. Xalqımızın yazı dilində olan bir sözün imlasında öz dilinə müraciət edərək fikir birliyi ilə işlənən müştərək sözlərdən faydalanması düzgün olardı. Elmanı, alma, kardeşi, qardaş kimi  yazmaq uyğun və daha münasibdir. Xalqın təmiz dili sözlük dilindən daha vacibdir, çünki sözlüklər əsasən xalqın dili üzərində qurulmuşdur (Bax: Türkman kəşkülü, II cild, Kərkük, 2020, s.3-5)".

Yeri gəlmişkən, Əta Tərzibaşı "Şimali Azərbaycanda türkmanoloji araşdırmalar məqaləsində də bu məsələyə toxunmuş, Rəsul Rzanın, Mirzağa Quluzadənin, Məmmədhüseyn Təhmasibin, Əbdülkərim Əlizadənin, Sinan Səidin, Ayaz Vəfalının, Qəzənfər Paşayevin məqalələrini təqdir etmiş, Hadi Mirzəzadənin "İraq ərazisində yaşayan azərbaycanlıların dili haqqında bəzi qeydlər" məqaləsini yüksək qiymətləndirmiş, lakin türkman deyil, türkmən termini işlətməsini məqbul saymamış, mötərizədə düzəliş etmişdir (Bax: "Qardaşlıq" dərgisi, sayı 3, Bağdad, 1969).

Əta Tərzibaşı "Kardeşlikmi, Qardaşlıqmı?" məqaləsində bu məsələyə daha ciddi yanaşır. Tədqiqatçı yazır: İraq-türk ləhcəsində işlənən heç bir sözdə "a", "ı", "o", "u" hərflərindən biri "e", "i", "ö", "ü" hərfləri ilə əvəzlənməz. Hətta yerli şivəmizdə istifadə olunan ərəb və fars sözləri də ahəng qanununa tabe olur. Ahmed-Əhməd, ateş-atəş... şəklində olur. Türkcə sözlər də bu cürdür. Elma yerinə alma, ela yerinə ala, kardeş yerinə qardaş, kardeşlik yerinə qardaşlıq işlədilir. Kardeşlik isə hər halda istanbulluların, rumlu həmşəhərlilərinin ağzını əyərək həqiqi "qardaşlıq"dan uzaq "kardeşlik" sözünü yanlış olaraq işlətmələri nəticəsində yazılı dilimizə keçmişdir.

Könül çox istər ki, yazı dilində ümumi türk dilinə uyğun qaydalar tətbiq edilə.

Göründüyü kimi, Əta Tərzibaşı doğma dilin yerinə hətta çox yaxın olsa belə, başqa bir dili ədəbi dil kimi qəbul edilməsini məqbul saymır.

Yeridir Ulu öndər Heydər Əliyevin tarixi sözlərini yada salım: "Sonralar tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır" (Bax: "Qardaşlıq" dərgisi, sayı 8, İstanbul, 2000-ci il, s.4).

Mənə belə gəlir ki, dövlətimiz iraqlı soydaşlarımızın təhsil sistemini öz üzərinə götürsəydi, tarixi ədalətsizlik aradan götürülər və birliyimiz bərpa olunardı.

 

Qəzənfər PAŞAYEV

Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

525-ci qəzet.- 2024.- 3 may,№77.-S.10.