Mir Cəfər
Bağırov kim idi?
Mən öz Tanrımla görüşə
hazıram. Ancaq Tanrım mənimlə əzablı ünsiyyətə
hazırdırmı? - bu, başqa məsələdir.
Uinston Çörçill.
Mən son illərdə yazdığım
"Stalin" pyesinə belə bir kiçik şərh
vermişdim: "Mənim həyatımın böyük bir
hissəsi Sovet İttifaqında keçib.
İllər amansız bir sürətlə bir-birini əvəz
edir və bu nəhəng imperiyanın - Sovet
İttifaqının süqutu uzaqlaşdıqca, elə bil, elə
həmin sürətlə də suallar bir-birini əvəz
edir: "Mən necə bir ölkədə
yaşamışam?", "Bu ölkəyə kimlər rəhbərlik
edib?", "Rəsmi portretlərinin arxasında o rəhbərlər
kim idi?", "Onlar üçün ölkə, xalq,
kommunizm idealları və hakimiyyət nə demək idi?",
"Əqidə onlar üçün həqiqət idi, yoxsa,
maska?", "Söz ilə əməl arasındakı
uçurumun səbəbi nə idi?" və s. və
i.a."
Bu yazı da eyni düşüncələrin ifadəsidir.
Bu yazı tarixi oçerk, bioqrafiya, siyasi portret deyil,
sadəcə, yaxın tariximizlə bağlı fərdi
düşüncələr, fərdi və olsun ki, subyektiv təhlil
və qiymətləndirmədir və buna görə də
burada tarixi xronologiyaya əməl olunmayıb, əgər belə
demək mümkünsə, assosiativ təəssüratlarla
yazılıb.
Sovet İttifaqının dağılmasından 33 il
keçib və yəqin ki, artıq oxucuların xeyli qismi bu
yazıda adları çəkilən şəxsləri
tanımırlar, bəlkə bəzilərinin heç
adlarını da eşitməyiblər. Mən bəhs etdiyim
şəxslərin hər biri ilə bağlı ayrıca
şərh verməmişəm, ancaq maraqlanan oxucular
onların hamısı haqqında internetdən məlumat tapa
bilərlər.
Beləliklə, Sovet Azərbaycanına uzun müddət
- 1933-1953 - rəhbərlik etmiş Mir Cəfər
Bağırov kim idi?
4
Mən belə bir maraqlı fakta rast gəldim ki, Mir Cəfər
Bağırov 1937-ci il iyulun 1-də Stalinin qəbulunda olub və
40 dəqiqə çəkən bu görüşdə o
zaman Xalq Komissarları Sovetinin sədri (Baş nazir)
Vyaçeslav Molotov da iştirak edib. Nə barədə
söhbət olub-olmayıb - məlum deyil, ancaq maraqlı
dediyim burasındadır ki, məhz həmin
görüşün səhəri, yəni iyulun 2-də Siyasi
Büro (Stalin), yəqin ki, dünya dövlətçiliyində
və kargüzarlığında ən qara sənədlərdən
birini, birincilərdən birini - "antisovet elementlər"
haqqında qərar qəbul edir. Elə həmin gün də
bu qərar İosif Stalinin imzası ilə müttəfiq
respublikaların, bütün vilayətlərin rəhbərlərinə
göndərilir və həmin qərara görə
"antisovet elementlər"i dərhal güllələmək,
eləcə də konslagerlərə göndərmək səlahiyyətinə
malik üç nəfərdən ibarət "Üçlük"
("Troyka") institutu təsis edilir. Stalinin teleqramına əsasən,
"Üçlük"lərin tərkibi və güllələnəcək,
eləcə də konslagerlərə göndəriləcək,
sürgün ediləcək insanların kvotası (güllələnmə
və sürgün cədvəli) tərtib edilib, beş
gündən gec olmayaraq, təsdiq üçün Moskvaya,
MK-ya göndərilməli idi.
İyulun 1-də Mir Cəfər Bağırovla
Stalinin görüşü zamanı bu qərar müzakirə
olunubmu-olunmayıbmı, indi bu barədə yalnız güman
söyləmək olar, fakt isə budur ki, bir neçə
gündən sonra Siyasi Büro Mir Cəfər Bağırovun
Bakıdan göndərdiyi təklifləri qəbul edir: Azərbaycan
Respublikasının Yuvelian Sumbatov - Topuridze sədr olmaqla,
Teymur Quliyev və Cahangir Axundzadədən (bu partiya xadiminin
özü də bir neçə aydan sonra "xalq
düşməni" kimi güllələnib) ibarət
"Üçlük" təsdiq edilir və ilkin olaraq 1000
(min) nəfərin güllələnməsi, 3000 (üç
min) nəfərin isə sürgünə göndərilməsi
limitləşdirilir.
Onu da deyim ki, Siyasi Büronun həmin iclasında bu
şeytani limitlərlə yalnız Azərbaycanla bağlı
yox, SSRİ üzrə bütün yerlərdəki
bütün partiya rəhbərlərinin təklifləri təsdiq
edilmişdi. Misal üçün, Ermənistana güllələnmə
üçün ilkin olaraq 500 (beş yüz), sürgün
üçün 650 (altı yüz əlli) limit müəyyən
edilmişdi, Zaqafqaziyada ən yüksək rəqəmlər
isə Gürcüstana (Stalinin vətəninə!) aid idi:
güllələnmə 1419 (min dörd yüz on doqquz),
sürgün - 1562 (min beş yüz altmış iki). Ancaq
Siyasi Büronun qərarından sonra da bu ilkin limitlərə
yenidən baxılmış və onlar "NKVD"də dəyişdirilmişdi:
Azərbaycanda güllələnmə limiti 1500-ə (min
beş yüzə), sürgün limiti isə 3750-yə
(üç min yeddi yüz əlliyə)
qaldırılmışdı.
İnsan həyatı ilə tam bir
özbaşınalıq, dərəbəylik hadisəsi olan
bu "Üçlük" cəlladlığı hələ
Vladimir Lenin zamanı Sovet İttifaqı, o cümlədən
də, Azərbaycan tarixi üçün yeni bir hadisə
deyildi və 1921-ci ilin əvvəllərində Azərbaycanda
yeni hakimiyyətin qurulduğu və möhkəmləndiyi
dövrdə "əksinqilabçılar"a qarşı
təcili tədbirlər görmək üçün Azərbaycanda
fövqəladə səlahiyyətli
"Üçlük" yaradılmışdı. Bu
"Üçlük" Zaqafqaziya Sərhəd Dairəsinin
rəisi Vladimr (Volf) Qureviçin sədrliyi ilə (bu adam
artıq haqqında bəhs etdiyim həmin cəllad Mixail
Frinovskinin bacısının əri idi) Mir Cəfər
Bağırov və Pavel Qnesindən ibarət idi. Məxəzlərin
göstərdiyinə görə, təxminən 5 il fəaliyyət
göstərmiş bu "Üçlüy"ün qərarı
ilə 67 452 (altmış yeddi min dörd yüz əlli iki)
insan güllələnmişdi - bu da tariximizə
yazılmış və qismən də Mir Cəfər
Bağırovun adı ilə bağlı qara bir rəqəmdir.
Mən dedim ki, qələm adamlarının bəzi
çağırış və donos məqalələri xəcalət
hissi doğurur, ancaq Mir Cəfər Bağırov 1937-ci il
iyunun əvvəllərində, artıq Böyük Terrorun
başlandığı bir vaxtda partiya qurultayının
yüksək tribunasından "Yazıçılar
İttifaqının bu gün belə öz
sıralarını Seyid Hüseyn, Salman Mümtaz, Yusif Vəzir,
Sanılı, Hüseyn Cavid və başqaları kimi qəddar
burjua millətçilərindən təmizləmədiyi
faktdır!" deyirsə, Talıblını, Şahbazini,
Əli Nazimi, Əhməd Cavadı "xalq düşməni",
Hüseyn Cavidi "qəddar müsavatçı"
adlandırırsa, bu - artıq hökmdür, yerinə yetirilməli
güllələnmə, gedər-gəlməzlik
hökmüdür və yerinə yetirilir də. Daha burada xəcalətə
yer yoxdur, bu - fəlakətdir.
Sistemin repressiyalarında elə bir cəldlik var idi ki,
dərhal işə düşürdü, yəni güllələnən
təcili güllələnir, konslagerlərə, Sibirə,
Qazaxıstanın soyuq və kimsəsiz çöllərinə
göndərilənlər təcili yük vaqonlarına
doldurulurdu və bu repressiyaların əsasında pataloji yalan,
iftira, saxtakarlıq dururdu. Rəsmi orqanlar Mikayıl
Müşfiqin güllələnməsini gizli saxlayıb və
yaxınlarına ünvanlanan məktubda ona 10 il iş
verildiyini bildirmişlər, ancaq yalnız 50-ci illərin əvvəllərində
məlum oldu ki, onu 1938-ci il yanvarın 6-da Nargin adasında
ayağına daş bağlayaraq, güllələyib dənizə
tullayıblar. Müşfiqin həyat yoldaşı Dilbər
Axundzadə 70-ci illərdə hərdən
Yazıçılar İttifaqına gəlirdi və bir dəfə
mənimlə söhbətində dedi ki, biz axıracan elə
bilirdik, Mikayıl sağdır. Bunu da deyim ki, Müşfiqdən
sonra Dilbər xanımın özünü də həbs
edirlər və o zaman bu zərif qadının 23 yaşı
var idi.
Bəyəm, Mir Cəfər Bağırovun bu
qeyri-insani və qəddar saxtakarlıqlardan xəbəri yox
idi? - Əlbəttə, var idi.
Mən uşaq vaxtlarından yaxşı
xatırlayıram ki, bizim evə gəlib-gedən
yazıçılar - İlyas Əfəndiyevin azsaylı qələm
dostları - etibarlı, məhrəmanə söhbətlərində,
KQB-nin binası dəniz kənarına yaxın olduğu
üçün, ora "Dəniz qırağı"
deyirdilər ("filankəs "Dəniz
qırağı"nın adamıdır..."), Mir Cəfər
Bağırova isə "Dördgöz" deyirdilər və
bu, ancaq onun eynək taxması ilə bağlı deyildi -
"Dördgöz", yəni gözündən heç nə
yayınmayan, hər şeyi görən, ancaq eyni zamanda yəqin
ki, bu "dörd göz"lükdə təhtəlşüur
olaraq, nağıllarımızdan gələn bir dev,
dördbaşlı əjdaha baxışları da ifadə
olunurdu.
Müşfiqdən əvvəlki nəslə mənsub
Əhməd Cavad qəddarlıq və kəmfürsətliklə
Novruz bayramı günü Yazıçılar
İttifaqından çıxarılmış, sentyabrda isə
güllələnmişdi və ona qarşı əsas
ittihamlardan biri də Türkiyədə şeirlərinin
çap olunması idi, arvadı Şükriyyə xanım isə
acar knyazı Süleyman Becanın qızı idi.
Şükriyyə xanım uzun illərin
sürgününü yaşadı, qızı və
oğlanları da min bir məşəqqətlə
böyüdü. Onların oğlu, rəhmətlik Yılmaz
mənə danışırdı ki, atamızın güllələndiyini
biz ancaq Xruşşov zamanı bildik. Sonralar isə məlum
oldu ki, Əhməd Cavad heç güllələnməyib də,
sadəcə (?!) "NKVD"nin zirzəmisində dindirmə
zamanı o qədər döyülüb ki, elə orada da bu
işgəncələrdən vəfat edib.
Bir halda ki, söz yazıçılardan
düşdü, mən maraqlı bir epizodu da qeyd etmək istəyirəm
və bu epizodu mən rəhmətlik Əli Vəliyev
haqqında yazdığım xatirə-portretdə də
söyləmişəm, ancaq elə bilirəm ki, burada da yerinə
düşər.
Mir Cəfər Bağırova cavab qaytarmaq, onun
sözünün üstündən söz demək - bu,
mümkün olan bir iş deyildi və mən başqa sahələri
bilmirəm, ancaq yazıçılar arasında ilk və son dəfə
Əli Vəliyev ona cavab qaytarıb. Müharibə təzəcə
qurtaran vaxtlar Bağırov yazıçıların
müşavirəsini çağırır və İlyas
Əfəndiyevi də cavan yazıçıların nümayəndəsi
kimi (o, 1940-cı ildən Yazıçılar
İttifaqının üzvü idi) həmin müşavirəyə
dəvət edirlər.
İlyas Əfəndiyev danışırdı ki,
sir-sifətindən qəzəb yağan Mir Cəfər (məhrəm
söhbətlərdə ona Mir Qəzəb də deyirdilər)
müşavirə başlayar-başlamaz, Səməd
Vurğunun son illər yaradıcılığını, fəaliyyətini
kəskin tənqid edir və müşavirəni də buna
görə çağırdığını deyir. Bundan
sonra o dövrün tanınmış
yazıçı-şairlərinə bir-bir söz verərək,
münasibət bildirmələrini tələb edir və
çıxış edənlər də, kimisinin əlinə
fürsət düşdüyü üçün, kimisi də
qorxusundan Səmədi tənqidə başlayır.
Mən ad çəkmək istəmirəm,
çünki o dövrün koloritini bir daha hiss etmək
üçün o rəhmətliklərin adlarını
çəkib, ruhlarını incitməyə ehtiyac yoxdur - o
müşavirənin aurası qorxu, həyəcan, xof,
özünüqoruma (saxlama) instinktindən ibarət idi.
Vaxtı ilə İlyas Əfəndiyev bu hadisəni
danışanda, mən qeyd etmişdim və arxivimdə
axtarıb tapıb, söhbətin ardını uzaq, 14 fevral
1967-ci il tarixli o qeydlərdə yazdığım kimi də təqdim
edirəm:
"Bağırov sözü Əli Vəliyevə
verəndə, o da: "- Düzdür, yoldaş
Bağırov, - dedi. - Səməd Vurğunun nöqsanları
var, amma o, böyük talantdır". Bağırov qəzəblə
onun sözünü yarımçıq kəsib, xüsusi
vurğu ilə dedi: "- Talant idi!" Birdən Əli Vəliyev
Bağırova baxa-baxa gözlənilmədən uca səslə:
"- Xeyr! - dedi. - O, indi də talantdır!" və
üzünü yana çevirib, eləcə dik dayandı.
Araya elə bir sükut çökdü ki, elə bil adamlar
heç nəfəs də almır. Bağırov qalın eynək
şüşələrinin arxasından gözlərini
Əli Vəliyevə zilləmişdi, adama elə gəlirdi
ki, bu saat mizin üstündə nə varsa, hamısını
Əli Vəliyevin üstünə çırpacaq, ancaq bir
müddət heç nə demədi, sonra ayağa qalxdı.
Onun əllərində ekzema var idi,
qaşındığı üçün hərdən əlinə
bir dəstə karandaş alıb, ovuclarında bir-birinə
sürtürdü. Bu dəfə də əlinə bir dəstə
karandaş alıb, ovuclarında
şaqqıldada-şaqqıldada var-gəl etməyə
başladı, sonra üzünü eləcə tribunada
dayanıb qalmış Əli Vəliyevə tutub, sakit səslə:
"- Keç, otur", - dedi, sözü də
başqasına yox, elə Səmədin özünə verdi.
Səməd çox təsirlənmişdi, tribunaya
çıxanda bir az kövrəldi. Bağırov tamam
mülayim bir səslə: "- Yaxşı, özünü
ələ al, - dedi. - Bu tənqidlərdən nəticə
çıxarmaq lazımdır". Əli Vəliyevin eləcə
söz qaytarmağı Mir Cəfəri əməlli-başlı
yumşaltmışdı".
Bunları yazıram və fikirləşirəm: Mir Cəfər
Bağırov kommunist idimi? Söhbət onun neçənci
ildən partiyaya üzv olmasından, kimlərin ona zəmanət
verib-verməməsindən getmir (istintaq zamanı da, məhkəmədə
də bu barədə xeyli sorğu-sual olmuşdu), əqidədən,
sidq-ürəkdən gələn inamdan və
bağlılıqdan gedir və mən bu suala da birmənalı
cavab verə bilmirəm.
Mir Cəfər Bağırov və Lavrenti Beriya
SSRİ respublikaları arasında yeganə iki partiya rəhbərləri
idi ki, 1930-cu illərin əvvəllərindən Birinci katib
kimi fəaliyyətə başlamış və 37-38-dən
sağ çıxmışdılar (Nikita Xruşşov
1938-ci ildə müvəqqəti Ukraynaya göndərilmişdi,
sonra da yenidən Moskvaya çağırıldı, eyni zamanda
Politbüronun üzvü idi; Qriqor Arutinov 1937-də bu vəzifəyə
gətirilmişdi və s.). Stalin Bağırovu güllələmədi,
ona görə yox ki, onunla münasibəti var idi. Stalin o tiran
idi ki, Şərqdə də, Qərbdə də ən
yaxın qohumlarını da güllələdir,
qalanlarını da sürgünə göndərirdi və bu
mənada o, tarixdə atalarını, qardaşlarını,
övladlarını öldürən, onların gözlərini
çıxartdıran, ən yaxın dostlarını,
silahdaşlarını zəhərləyən
imperatorların, şahların, sultanların varisi idi, dostluq,
qohumluq Stalini heç bir mənəvi-insani öhdəliyə
məcbur etmirdi.
Görünür, Stalin Mir Cəfər
Bağırovun yüksək işləmək
iqtidarını, tapşırıqları yerinə yetirmək
bacarığını, çalışmaq qabiliyyətini
qiymətləndirirdi və bu, Stalin üçün çox
səciyyəvi bir cəhət idi. Onun irəli çəkdiyi,
birgə işlədiyi Molotov, Kaqanoviç, Malenkov, Mikoyan,
Xruşşov, Beriya, Kuybışev, Jdanov, Bulqanin, Şerbakov
və başqaları faydalı, yaxud bəd əməllərinə
baxmayaraq, yüksək iş qabiliyyətinə, təşkilatçılığa
malik, gecə-gündüz işləyən adamlar idi və
inqilabdan sonra geridə qalmış aqrar, ac-yalavac bir ölkənin
qısa müddətdə super imperiyaya çevrilməsi
onların zəhmətinin, partiya (Stalin) qarşısında məsuliyyətinin
nəticəsi idi. Hətta 1930-cu illər
repressiyalarının qəddarlığı və kütləviliyi
də bu repressiyaları təşkilatlandıran və icra edən
Henrix Yaqoda və Nikolay Yejov kimi yırtıcıların
yüksək iş qabiliyyətlərinin (qara
istedadlarının!) sayəsində əldə olunurdu. Mir Cəfər
Bağırov beş dəfə Sovet İttifaqının ən
yüksək Lenin ordeni ilə təltif edilmişdi, bir
çox başqa orden və medallar almışdı və
Stalin o rəhbər deyildi ki, kimisə, xüsusən də,
yüksək vəzifəli partiya işçisini bu cür
qiymətləndirsin.
Əgər Lavrenti Beriya 32 yaşında Zaqafqaziya
Partiya Təşkilatının, eyni zamanda Gürcüstan KP
MK-nın birinci katibi olursa, yaxud Anastas Mikoyan 25-26
yaşlarında artıq Rusiyada vilayət partiya komitəsinə
rəhbərlik edirsə, 31 yaşında SSRİ-nin Daxili və
Xarici Ticarət komissarı vəzifəsində işləyirsə,
yaxud da Lazar Kaqanoviç elə o yaşlarında artıq
Kremldə MK katibi seçilirsə və bu adamlar bu cür
böyük, ciddi və məsuliyyətli vəzifələrinin
öhdəsindən gəlirlərsə, elə bu cür səciyyəvi
göstəricilər Stalin əsabələrinin
bacarığından və yüksək iş qabiliyyətlərindən
xəbər verir. Azərbaycan ərazisinə və əhalisinə
görə böyük sovet respublikalarından biri olmasa da,
Mir Cəfər Bağırov məhz bu tipli sovet partiya və
dövlət xadimləri arasında, həm də ön
sırada idi.
1938-ci ildə Moskvada Azərbaycan incəsənət
dekadası keçirildi və dekada bitdikdən sonra Stalinin
iştirak etdiyi qəbulda SSRİ Komissarlar Sovetinin sədri
Vyaçeslav Molotov badə qaldırıb: "- Azərbaycan
bolşeviklərinin rəhbəri yoldaş Bağırovun
şərəfinə!" sağlıq deyirdisə, bu,
şübhəsiz ki, Mir Cəfər Bağırovun
nüfuzunu və yalnız Molotovun yox, Stalinin də ona
münasibətinin ifadəsi idi. Yeri düşmüşkən,
deyim ki, həmin qəbulda Stalinin şərəfinə
sağlığı isə Mir Cəfər Bağırov yox,
Üzeyir bəy Hacıbəyov demişdi.
Belə bir təəssürat yaranır ki, Stalində
qeyri-xristian Qafqaz və Sibir xalqlarına qarşı siyasi
etimadsızlıq kompleksi var idi və elə təkcə bir
fakt - Qafqaz xalqlarının, yaxud Krım tatarlarının, eləcə
də on minlərlə azərbaycanlının sürgün
olunması, müharibədən sonra isə yüz mindən
çox azərbaycanlının vaxtı ilə Ermənistana
verilmiş doğma torpaqlarından Azərbaycana
köçürülməsi və s. xatırlamaq olar. Yeri
düşmüşkən, xatırlayıram ki, bizim görkəmli
yazıçımız Məmməd Oruc
"Köçürülmə" romanında bu
sürgün məşəqqətlərini dəqiq və
yaxşı bir bədiiliklə təsvir edib. Ancaq bu gün
son illərdə ən populyar sovetoloqlardan (stalinçilərdən)
biri olan İqor Pıxalov kimi bəzi müəlliflər, hətta
bu köçürülmələrə (didərginçiliyə)
də haqq qazandırır.
İqor Pıxalov müharibə vaxtı işğal
olunmuş Krımda dərc edilən hansısa bir əyalət
qəzetində faşist Almaniyası və şəxsən
"Adolf Hitler əfəndi" haqqında xoş sözlər
yazılmış bir məqaləyə istinad edərək,
Krım tatarlarının kütləvi sürgününə
bəraət qazandırır. (Игорь Пыхалов. За что Сталин выселял народы?,
Москва, Яуза, 2010, стр. 77.)
Əgər bir nəfər "Adolf əfəndi"
dediyi üçün bütün Krım tatarları
amansızcasına sürgün olunmalıdırsa, o zaman əsir
düşdükdən conra 125 minlik rus ordusu yaradıb,
"Adolf əfəndi"nin əli və bayrağı
altında Sovet İttifaqı ilə ölüm-dirim
döyüşünə başlamış məşhur
Andrey Vlasov, eləcə də Pyotr Krasnov, Fyodor Truxin, Vasili
Malışkin, Aleksandr Budıxo və başqa rus sovet
generallarına görə rus xalqı cavab verməlidir? Bir
sıra Sovet İttifaqı qəhrəmanları, hətta iki
dəfə Sovet İttifaqı qəhrəmanları olan
Bronislav Antilevski, Semyon Bıçkov kimi rus sovet zabitləri də
əsir düşdükdən sonra SSRİ-yə qarşı
vuruşublar və bunun intiqamını rus xalqından almaq
lazımdır? Hələ mən orasını demirəm ki,
müasir Rusiyada Dövlət Dumasının deputatı, general
Krasnova abidə ucaltmaq barədə qərar layihəsi
hazırlayır, Moskvanın keçmiş meri Qavriil Popov isə
general Vlasovu "demokratiya uğrunda mübariz"
adlandırır və Vlasovun şərəfinə memorial
yaratmağı təklif edir (Bax: Леонид Млетин. Нож в спину. История предательства,
Москва, Центрполиграф, 2-14, стр. 79.).
Biz, deyəsən, yenə uzaqlara gedirik...
Stalinin vəfatına qədər davam edən Mir Cəfər
Bağırov epoxası rəhbərin ona etibarının və
şübhəsiz ki, Bağırovun özünün
bacarığının, qabiliyyətinin,
işgüzarlığının, tapşırıqları
dərhal artıqlaması ilə yerinə yetirməsinin,
görünən bolşevizminin nəticəsi idi.
Mir Cəfər Bağırov 1927-ci ildə Azərbaycanda
inzibati orqanlara rəhbərlikdən uzaqlaşdırılaraq,
Zaqafqaziya Su Təsərrüfatı İdarəsinin rəisi
təyin edilir və o zaman Məhəmməd Əmin Rəsulzadə
Türkiyədə nəşr edilən "Yeni Qafqasiya"
jurnalında acı bir sarkazm ilə məşhur sözlərini
yazmışdı: "Azərbaycan xalqının cəlladı
Bağırovu Su Təsərrüfatına başçı
qoymuşlar, zənn edirəm ki, Zaqafqaziya
çaylarının suları Azərbaycan oğullarının
qanına bulaşmış əllərini yuyub təmizləməkdə
ona kömək edəcəkdir..." (Bax: "Odlar yurdu"
qəzeti, № 17, sentyabr, 1988.)
Ancaq Mir Cəfər Bağırovun bu kənarlaşdırılması
iki ildən çox çəkmir və Stalin 29-cu ilin
avqustunda Vyaçeslav Molotova məktub yazır:
"Bağırovu (əvvəlki günahlarına baxmayaraq)
Azərbaycan çekasının sədri təyin etmək
lazım olacaq: indi o, yeganə adamdır ki, Azərbaycan kəndlərində
baş qaldırmış müsavatçıların və
ittihadçıların öhdəsindən gəlməyi
bacaracaq. Bu, ciddi məsələdir və bu yerdə zarafat etmək
olmaz". (Elə burada qeyd edim ki, Stalin "baş
qaldırmış müsavatçılar"la birlikdə
ittihadçıların da adını çəkir, Lavrenti
Beriy isə gündəliklərində yazır ki, 1920-ci illərin
əvvəllərində "Azərbaycanda İttihadı
darmadağın etdim". (Лаврентий Берия. «Без Сталина России не
быть!», Тайный архив Берии, Москва, «Яуза-Пресс», 2012, стр. 28.)
Stalinin Molotova məktubundakı təklifi əslində
təlimat və tapşırıqdır - "çekistlərin
sədri" kimi onun vəzifəsi dəqiq müəyyənləşdirilir
və görünür, Mir Cəfər Bağırov yüksək
etimadı doğrultduğu üçün (bəlkə də
Stalinin əvvəlcədən düşündüyü
plana əsasən), qısa bir müddətdən sonra Moskvaya
çağırılır: iki il ÜK (b)P MK-nın
yanında marksizm-leninizm kurslarının dinləyicisi olur və
bu kursları bitirdikdən sonra yenə də Stalinin təşəbbüsü
ilə MK aparatında məsul təlimatçı vəzifəsinə,
bir neçə aydan sonra isə Azərbaycan Xalq
Komissarları Sovetinin sədri, bir ildən də sonra AKP
MK-nın birinci katibi vəzifəsinə təyin edilir.
O zaman Mir Cəfər Bağırovun 38 yaşı var
idi və bu cavan adamın bu dərəcədə sürətli
karyerası ("əvvəlki günahlarına
baxmayaraq"!), heç şübhəsiz ki, bilavasitə kadr
məsələlərinə çox həssas yanaşan
Stalinin münasibətinin və istəyinin ifadəsi idi. Bura
orasını da əlavə etsək ki, Moskva rəhbərliyində
Bağırovun əleyhinə işləyən Lev Mexlis, yaxud
Anastas Mikoyan kimi saray intriqa ustaları, Stalinə yaxın
nüfuzlu şəxslər var idi, o zaman Stalinin Mir Cəfər
Bağırova inamının və etibarının nə qədər
yüksək olduğunu təsəvvür etmək
mümkündür. Düzdür, 1930-cu illərin
sonlarından etibarən, Bağırovun Lavrenti Beriyanın
timsalında güclü Kreml dayağı və dostu var idi,
ancaq Stalin üçün əsas özünün qənaəti,
özünün təəssüratı idi.
Lavrenti Beriya və Mir Cəfər Bağırov
başqa müttəfiq respublikaların rəhbərləri
kimi yerli "NKVD"dən asılı deyildilər, onlar
müttəfiq respublikalar arasında yeganə partiya rəhbərləri
idi ki, yerli "NKVD"ləri tam şəkildə özlərinə
tabe etmişdilər və əslində, Azərbaycanda da,
Gürcüstanda da "NKVD" - elə onların
özü, güclü və sərt, amansız xarakterə malik
Mir Cəfər Bağırov və Lavrenti Beriya idi.
Mir Cəfər Bağırovun uzun illər boyu maqnit
kimi hakimiyyətinin əsas səbəbi onda idi ki, o, Azərbaycan
Sovet Sosialist Respublikasını tam şəkildə ələ
almağı, buradakı dəmir qayda-qanunu Sistemin şəksiz
dayağına çevirməyi bacarmışdı və
görünən budur ki, Stalin bunu qiymətləndirirdi.
Bağırov hakimiyyət uğrunda mübarizədə
köhnə və nüfuzlu bolşeviklərdən Trotski,
Zinovyev, Kamenyev kimi Stalinə rəqib deyildi, milliyyətcə
rus olan Buxarin, Kirov, Rıkov kimi gürcü Cuqaşvilinin
qarşısını kəsə biləcək potensial
etnik-siyasi fiqurlar da deyildi. Mir Cəfər Bağırov vəzifə
baxımından Malenkov, Xruşşov, Beriya, Jdanov,
Kaqanoviç kimi Stalinin onlardan aşağı kalibrli
yetişdirməsi idi. Düzdür, Stalin Aleksey Kuznetsov, yaxud Nikolay
Voznesenski kimi yetişdirmələrini əvvəlcə Kremlə
gətirdi, sonra da çox keçmədi ki, güllələtdirdi,
ancaq onlar Siyasi Büroda (yəni partiya-dövlət rəhbərliyində)
nüfuz və səlahiyyətlə bağlı Stalindən
sonrakı ikinci yerə yiyələnməkdən ötrü
digər Stalin yetişdirmələri (elə həmin Malenkov,
Beriya, Xruşşov, Kaqanoviç, Bulqanin) ilə rəqib idilər
və Kuznetsovun da, Voznesenskinin də karyeralarının (və
özlərinin) sürətlə məhv olmasında da saray
intriqaları öz rolunu oynadı. Mir Cəfər
Bağırov isə kənarda idi, bütün şəksiz
bacarığı, təşkilatçılıq
istedadı, xarakteri ilə, nəinki effektlə Sistemə
qulluq edirdi, o, Azərbaycanda bu Sistemi, bəlkə də
ümumsovet göstəricisindən də yüksək mərtəbəyə
qaldırmışdı.
Mən Bağırov hakimiyyətilə bağlı
"maqnit" sözünü işlətdim: bu hakimiyyət
"xalq düşməni" kimi ifşa eləmək istədiyi,
güllələyəcəyi, ya da gedər-gəlməzə
göndərəcəyi insanı canının qorxusundan hara
qaçırsa-qaçsın, harda gizlənirsə-gizlənsin,
maqnit kimi dartıb, özünə çəkərək istədiyini
edəcəkdi.
Mir Cəfər Bağırov fanatik kommunist kimi fəaliyyət
göstərirdi, korrupsiyanın düşməni idi, ancaq eyni
zamanda onun vaxtında kolxozlarda pambıq, ya yun planını
doldurmaq üçün kəndlinin yorğanının,
döşəyinin yununu, pambığını
çıxarırdılar və mən bunu uşaq, yeniyetmə
vaxtlarımda Füzulidə elə həmin kənd
camaatının dilindən, onların İlyas Əfəndiyevlə
söhbətlərindən eşitmişəm. Yuxarıda
yazdım ki, Mir Cəfər Bağırov korrupsiya
baxımından təmiz adam idi və o, həqiqətən,
rüşvətə, maliyyə maxinasiyalarına qarşı
amansız idi, ancaq planı doldurmaq naminə kəndlinin
yorğan-döşəyini söküb aparmaq dolayısı
yola korrupsiya deyilmi? Düzdür, bunu kolxoz, uzaqbaşı,
raykom səviyyəsində məmurlar edirdi, ancaq dediyim kimi,
Respublikada milçək uçsaydı belə, xəbərdar
olan Mir Cəfər Bağırov bundan xəbərsiz idi? -
Əlbəttə, yox.
Bağırovun Azərbaycana rəhbərlik etdiyi
dövr kontekstində, əslində, "rəhbərlik"
məfhumu həmin 1933-1953-cü illər arası tam şəkildə
ehtiva etmir, çünki mülkədar öz şəxsi
torpağının, yaxud sahibkar öz şəxsi fabrikinin
necə sahibi idisə, Stalin də eləcə, SSRİ-nin
sahibi idi və Bağırov da həmin Stalin sahibliyi daxilində
nə qədər maksimum sahib olmaq mümkün idisə, o dərəcədə
də Azərbaycanın sahibi idi. Belə eybəcər
dövlət idarəçiliyini Sistem yaratmışdı və
Mir Cəfər Bağırov da bu münbit zəmindən tam
şəkildə istifadə (və sui-istifadə!) etməyi
bacarmışdı.
Belə geniş bir fikir yaranıb ki, Bağırovla
Lavrenti Beriya yaxın dost olublar və onların həyat yoluna
baxanda bu fikrin həqiqət olduğu şübhə
doğurmur.
Roman Rudenko Beriyanı dindirərkən soruşur:
"- Bağırovla münasibətiniz necə idi?"
Beriyanın cavabı: "- Yaxşı. Mən
Bağırovu partiyaya ən sadiq adamlardan biri hesab edirəm.
Bir-birimizin evinə gedib-gəlirdik". Beriyanın həbsindən
sonra həbs və sürgün həyatı yaşayan və
84 illik həyatının sonunacan ona sadiq qalan, onun haqqında
deyilənlərin yalan olduğunu söyləyən arvadı
Nino Qeqeçkori də (məşhur menqrel-gürcü zadəgan
nəslindən idi) dindirmə zamanı Mir Cəfər
Bağırovla bağlı deyirdi: "- Biz çox yaxın
idik. O, Moskvaya gələndə bizdə olur, biz Bakıya gedəndə
onların evində qalırdıq".
Beriyanı
uşaqlıqdan tanıyanların söylədiyinə görə,
o, Suxumi peşə məktəbində oxuyarkən, tarix
müəllimi ona deyib: "- Sən ya Zəlimxan kimi
qaçaq olacaqsan, ya da Fuşe kimi məşhurlaşacaqsan".
Lavrenti Beriya o zaman bütün Gürcüstanda məşhur
azərbaycanlı Zəlimxan kimi qaçaq olmadı, hersoq
Jozef Fuşe qədər, Sovet İttifaqında isə
Fuşedən qat-qat artıq məşhurlaşdı, ancaq
Fuşe kimi öz əcəli ilə ölə bilmədi.
Stalin epoxasının səriştəli tədqiqatçılarından
biri Yelena Prudnikova Beriya haqqındakı (və Beriyaya tam bəraət
qazandıran) monoqrafiyasında yazır ki, Mir Cəfər
Bağırov 1921-ci ilin aprelində Azərbaycan Fövqəladə
Komissiyasının ("DTK"nın - "KQB"nin ilkin
adı) sədri təyin edilərkən, etibarlı kadrlar
seçib, ətrafına toplamağa başlayır və o
vaxt Lavrenti Beriyanı da məxfi-operativ şöbə rəisinin
müavini, sonra isə özünün müavini vəzifəsinə
təyin edir (Е.А.Прудникова. Берия – преступления, которых не было,
Санкт-Петербург, «Нева», 2005, стр. 62-63.).
Bəzi məxəzlər isə Mir Cəfər
Bağırovla Lavrenti Beriyanın dostluğunun 1916-cı ildən
başladığını yazırlar və guya o zaman
dörd gənc inqilabçı - Bağırov, Lavrenti Beriya,
Vsevolod Merkulov və Yevgeni Dumbadze Bakıda tanış olaraq,
gizli siyasi dərnək yaradır, marksist ədəbiyyatı
öyrənir və təbliğ etməyə başlayır.
Bu cavanları marksist ədəbiyyatla - Marksın, Engelsin,
Plexanovun, Leninin, Trotskinin, Jordaniyanın əsərləri ilə
guya "Avel əmi" deyə
çağırdıqları Avel Yenukidze təmin edirmiş
və 1920-ci ildə Serqo Orconikidze, Sergey Kirov və onlara
qoşulmuş Anastas Mikoyan XI orduyla Bakıya daxil olan gün Bağırov,
Beriya, Dumbadze, Boqdan Kabulov və Vladimir Dekanozov Gənc
Kommunistlər Bürosu yaradırlar.
Azərbaycanda gənc Mir Cəfər Bağırovun
bioqrafiyası, bəzi qaranlıq məqamlara baxmayaraq, əsasən,
dəqiq tarixlərlə öyrənilib və bu, deyilənləri
təkzib edir, eyni zamanda Yevgeni Dumbadzenin xatirələrində
də bu barədə heç nə deyilmir (maraqlananlar
internetdə tanış ola bilərlər: Е.Думбадзе. На службе
чека и коминтерна, Париж, 1930.), ancaq
mən bu versiya ilə bağlı belə bir tarixi faktı
qeyd etmək istəyirəm ki, adları çəkilən həmin
gənc inqilabçıların hamısı rəhbər vəzifəli,
tanınmış çekistlər oldu və mən bu
çekistlərin gələcək həyatı ilə
maraqlananda, məlum oldu ki, onları aşağı-yuxarı
eyni tale gözləyirmiş: Sistem bu versiyada adıçəkilən
romantik gənc inqilabçıların yeddisini də "xalq
düşməni" kimi güllələdi. Stalinin yaxın
ailəvi dostlarından biri, bir müddət, bəlkə də
birincisi olan Avel Yenukidze 1937-ci ildə güllələndi;
Dumbadze 1930-cu illərdə xaricə qaçdı və
1941-ci ildə geri qaytarılaraq güllələndi; Stalinin vəfatından
sonra Beriya, Merkulov, Boqdan Kabulov (çekist qardaşı Amayik
ilə birlikdə - bu qardaşlar "NKVD" generalları və
Tiflis erməniləri idi) və Dekanozov (Dekanozişvili -
Bakı gürcülərindən idi; şahidlərə
inansaq, güllələnməyə aparılanda
özünü yerə yıxıb, sürünə-sürünə
ağlayır və yalvarırmış) eyni vaxtda,
Bağırov isə bir az sonra güllələndi.
Burasını da deyək ki, Lavrenti Beriya daxili işlər
komissarı təyin edildikdən sonra, Merkulovu, Kobulov
qardaşlarını, Sergey Qoqlidzeni, Dekanozovu və bir sıra
başqa qafqazlıları özü ilə Moskvaya apararaq
NKVD-nin rəhbər vəzifələrinə təyin etdi və
hətta Siyasi Büro üzvlərinin belə ehtiyat etdikləri,
qorxduqları bu adamlar Mir Cəfər Bağırovla da
yaxın idilər. Elə bilirəm ki, bu amil də onun
SSRİ-nin partiya rəhbərliyindəki, Kremldəki
nüfuzunun yaranmasında və artmasında az rol oynamayıb.
Vaxtı ilə Stepan Şaumyanın katibəsi
olmuş Olqa Şatunovskaya yazır ki, Bağırovu Beriya ilə
o tanış edib və guya Beriya 1920-ci ildə Bakıda təxribatçı
kimi həbs olunub, Bağırov da onu həbsdən azad edib.
Şatunovskayanın özü də 37-də
"ifşa" olunanlardan və Nikita Xruşşovun
qızğın antistalin kampaniyasında fəal və həvəslə
iştirak edənlərdən biri idi. Ola bilər ki, artıq
yaşlaşmış və repressiyaya məruz qalmış
bu qocaman bolşevik qadın Beriyanın da, Bağırovun da
qarasına danışmaqla Nikita Xruşşova bir az
yarınmaq istəyib.
1920-ci illərin əvvəllərində Mir Cəfər
Bağırov Azərbaycan Baş Siyasi İdarəsinin
("QPU") rəisi olduğu zaman Lavrenti Beriya onun
tabeçiliyində işlədiyi vaxtlardan etibarən,
görünür, onların arasında rəsmi rəis - əməkdaş
münasibətindən artıq dərəcədə şəxsi
və etibarlı dostluq münasibətləri yaranıb və
sonralar Zaqafqaziya Federasiyası yaranarkən, Beriya Federasiya KP
MK-nın birinci katibi olur, Bağırov isə artıq Azərbaycan
KP MK-nın birinci katibi idi və onlar çox effektli şəkildə
bir-birini müdafiə edirdi.
Belə bir versiya var ki, 1937-ci ilin əvvəllərində
Nikolay Yejov Beriyanın həbsi ilə bağlı
Gürcüstan daxili işlər naziri (narkomu) Qoqlidzeyə
(sonralar Beriya ilə birlikdə güllələndi) order
göndərir və bundan xəbər tutan Beriya təcili və
gizli şəkildə Bakıya gəlir və Bağırovun
köməyi ilə Moskvaya uçur.
Yulian Semyonovun yazdığına görə, Beriya
Lazar Kaqanoviçin vasitəçiliyi ilə Stalinlə
görüşməyə nail olur və bu görüşdən
sonra Beriyanın ulduzu yenidən parlamağa başlayır.
Yulian Semyonov, dediyim kimi, "KQB"yə məhrəm bir
yazıçı-publisist idi və onun söylədiyi bu hadisə
bir də ona görə inandırıcı görünür
ki, Lazar Kaqanoviçin böyük qardaşı Mixail
Kaqanoviçin şərlənməsinin və
intiharının əsas səbəbkarı Nikolay Yejov idi -
çox güman ki, Beriya-Yejov qarşıdurmasında
Kaqanoviç həmişə ehtiyatlı olsa da, belə bir
mövqe tuta bilərdi.
Stalinin Mir Cəfər Bağırova, əgər belə
demək olarsa, nisbi - isti münasibət bəsləməsində
Beriyanın rolu, görünür, az olmayıb və
ayrı-ayrı faktlara, nüanslara fikir verəndə
Stalin-Beriya-Bağırov arasında bu nisbi-isti münasibət
hiss olunmaqdadır. Bağırov Sov.İKP MK-nın
Beriyanın "ifşa"sına həsr olunmuş
plenumdakı uğursuz çıxışında deyir ki,
"bir dəfə Stalinlə Beriyagilə getmişdik" və
ancaq elə Beriyanın evinə Bağırovun Stalinlə
müştərək baş çəkməsi, əlbəttə,
az söz demir.
Yeri düşmüşkən, bir məsələni
də qeyd etmək istəyirəm: belə bir tarixi fakt var ki,
Beriya bir müddət Müsavata yerləşdirilmiş
bolşevik agenti kimi fəaliyyət göstərib və
1920-ci illərin əvvəllərində mahiyyətə bələd
olmayanlar onu əslində müsavat agenti hesab ediblər. Bu da
maraqlı bir faktdır ki, Azərbaycan Demokratik Respublikası
Əksinqilabla Mübarizə Təşkilatının rəisi
(yəni Daxili İşlər naziri) Nağı bəy
Şeyxzamanlı Lavrenti Beriya haqqındakı məqaləsində
yazır: "Beriya sosialist kimi çar üsul-idarəsinin
qatı əleyhinə idi. İşimizə
yarayacağını bildiyimizdən qəbul etmişdim. 21
yaşında ciddi görkəmli bir şəxs idi. Onu senzura
şöbəsinə götürmüşdüm. Az sonra
onun işinə çox can yandırdığını
görüb şöbəyə şef təyin etdim. O, bir
anası olduğunu və çox kasıb
yaşadıqlarını mənə bildirmişdi. İdarədən
aldığı maaş və ərzaqla maddi vəziyyətini
bir az düzəldə bilmişdi. Təmiz işi, enerjisi,
qafqazlı gürcü olması və ruslara qarşı son dərəcə
nifrəti olması ilə özünü mənə
sevdirmişdi. Xəzər dənizi yolu ilə
limanımıza gələn paraxodların sərnişinlərindən
ələ keçirdiyi məlumatları mənə ətraflı
surətdə raport verirdi". (Bax: Nağı Keykurun -
Nağı bəy Şeyxzamanlının xatirələri və
istiqlaliyyət fədaisi, Bakı, 2007, səh.72.)
Əgər Beriya ADR-də, həqiqətən,
bolşevik agenti kimi fəaliyyət göstəribsə,
Nağı bəyi bu dərəcədə aldada bilibsə,
deməli, lap gənc vaxtlarından mahir bir casus kimi cilddən-cildə
girməyi bacarıb, yox, əgər o, ADR-in təhlükəsizlik
orqanında Nağı bəyin dediyi kimi, əqidə və
daxili bir saflıqla xidmət edibsə və birdən-birə
180 dərəcə dönərək, mətin bolşevik
nüfuzu qazanıb, sovet inzibati orqanlarına
başçılıq edib, SSRİ-nin qüdrətli rəhbərlərindən
biri olubsa, bu da onun böyük bacarığından, məharətindən
və fitri vergisindən xəbər verir.
Nağı bəy Şeyxzamanlıdan başqa, ADR-in və
ADR dövrünün Məhəmməd Əmin Rəsulzadə,
Mirzəbala Məmmədzadə kimi məşhur simaları da
Türkiyə mətbuatında Lavrenti Beriyanın ADR-dəki fəaliyyəti
barədə yazıblar və ola bilərmi ki, "NKVD" bu
yazılardan xəbər tutmasın? Bu barədə Stalinə
məruzə edilməsin? Yaxud Nikita Xruşşov var
gücü ilə Beriyaya qarşı hərəkətə gətirdiyi
təbliğat maşınında nə üçün belə
bir mühüm ifşaedici materialdan istifadə etməyib? Bu
cür bir çox suallar ortaya çıxır.
Kremlin (ümumiyyətlə, tarixən sarayların!)
siyasi mətbəxi cavabsız suallarla zəngindir.
Mən Stalin dövründən bəhs edən sənədli
ədəbiyyatda belə bir fikrə də rast gəldim ki,
guya Feliks Dzerjinski Beriyanın da, Bağırovun da vəzifədən
azad edilərək, həbs olunmaları barədə əmr
verib. Stalin məsələyə qarışıb və onlar
öz vəzifələrində qalıblar, ancaq Yelena
Prudnikova bu faktın həqiqət olmadığını
yazır. (Е.А.Прудникова. Берия – преступление, которых не было,
Санкт-Петербург, «Нева», 2005, стр. 82-83.)
Beriya haqqında başqa bir monoqrafiyanın müəllifi
Boris Sokolov da bu faktı uydurma hesab edir və yazır ki, Serqo
Orconikidze Beriyaya qarşı bu ittihamın yanlış
olduğunu təsdiq edir, hətta Stalinin də bundan xəbərdar
olduğunu bildirir. (Борис Соколов.
Берия – судьба всесильного наркома, Москва, «Вече», 2003, стр.25.)
Ancaq başqa bir məşhur və nüfuzlu sovetoloq,
professor Əbdürəhman Avtorxanov isə Lavrenti Beriya ilə
birlikdə Mir Cəfər Bağırovun da, həqiqətən,
müsavat agenti olduqlarını yazır və hər halda, bu
versiyaya da diqqətlə yanaşmaq lazımdır. Milliyyətcə
çeçen olan Əbdürəhman Avtorxanov 1940-cı illərin
əvvəllərində SSRİ-dən qaçmış və
Avropada, ABŞ-da görkəmli sovetoloq-tarixçi kimi məşhurlaşmışdı.
Onun Stalin, Beriya, ümumiyyətlə "Kreml mətbəxi"
haqqında yazdıqları elmi sovetologiyanın sanballı
nümunələri sayılır və Avtorxanovun Beriya ilə
Bağırov haqqında dedikləri məndə belə bir təəssürat
yaratdı ki, onların ikili kəşfiyyat fəaliyyəti
göstərmələri barədə ehtimalı bir kənara
atmaq düzgün olmaz - bu ehtimalın tədqiqə
ehtiyacı var.
1953-cü il iyunun 26-da Siyasi Büronun iclasında (o
zaman Rəyasət heyəti adlanırdı) marşal Jukov
başda olmaqla, bir qrup hərbçi (bəzi məxəzlərə
görə, guya general-mayor Leonid Brejnev də (gələcək
Baş katib) onların arasında olub) Beriyanı həbs ediblər
- bu, rəsmi versiyadır. Başqa bir geniş
yayılmış versiyaya görə isə, həmin gün
Beriyanı, mənzilinə basqın edib, qətlə
yetiriblar. Tədqiqatçı Nikolay Zenkoviç yazır ki,
SSRİ-nin keçmiş komsomol rəhbəri Nikolay Mixaylov
(sonralar MK katibi, mədəniyyət naziri olmuşdu) Lavrenti
Beriyanı mühakimə edən məhkəmənin
üzvü olub və illər keçdikdən sonra
Beriyanın oğlu Serqoya deyib ki, həmin məhkəmə
tamam bir fars idi, yarımqaranlıq məhkəmə zalında
oturub, yalnız "hə", "yox" deyən müttəhim
Beriya deyildi. (Николай Зенкович. Маршалы и генсеки, Москва, Олма-Пресс, 2005,
стр. 145.) Atasının evdə
qətlə yetirilməsi haqqında Beriyanın oğlu Serqo
Beriya (bir müddət anasının "Qeqeçkori"
familini götürməyə məcbur edilmişdi) ətraflı
bəhs edib. (Серго Берия. Мой отец Лаврентий Берия, Москва, Современник,
1994.)
Azərbaycanda Lavrenti Beriyanın adını
daşıyan bir çox müəsissələr, Kənd Təsərrüfatı
İnstitutu, qəsəbələr, kolxozlar, şəhər
və rayonlarda prospekt və küçələr var idi və
onun 50 yaşı tamam olanda Mir Cəfər Bağırov
Bakının Şəhər rayonuna onun adı verilməsi
xahişi ilə Stalinə məktub yazmışdı, ancaq
cavab gəlmədi. Kirovabad (Gəncə) Dövlət
Teatrı da Beriya adına idi və mən bunu yazanda
Şekspirin məşhur sözləri yadıma
düşdü: "Bütün dünya teatrdır, insanlar
isə aktyor".
Bizim ailə foto-albomunda da Beriyanın əvvəlindən
və sonundan xəbər verən belə bir foto var: mənim
həyat yoldaşım Nüşabə xanım uşaq
bağçasına getdiyi vaxtlar kollektiv foto çəkdiriblər
və o uşaq bağçası da "Lavrenti Beriya
adına uşaq bağçası" olub.
Görünür, çəkiliş onun "ifşa"sı
günlərinə təsadüf etdiyi üçün,
fotoqraf bağçanın adı yazılmış
başlıqda "Lavrenti Beriya" sözlərini
qaralayıb, ancaq "adına" sözü qalıb.
Kimin adına uşaq bağçası? - Heç
kimin.
Lavrenti Beriyanın adının hər yerdə silinməsi
Sovet İttifaqında elə bir qlobal siyasi cidd-cəhdlə və
partiyalı sayıqlıqla aparılırdı ki, absurd və
tragikomik hərc-mərcliyə gətirib
çıxarırdı: baxın, rəhmətlik
Əbülhəsənin "rəşadətli sovet ordusunun
faşizm üzərindəki qələbəsi"nə həsr
olunmuş və hakim ideologiyanın təqdir və təbliğ
etdiyi irihəcmli "Müharibə" romanında iki dəfə
Beriyanın adı çəkildiyi üçün,
romanın kitabxanalardan yığışdırılması
barədə Azərbaycanda MK bürosunun (!) qərarı qəbul
edilmişdi.
Bir-birini "ifşa" edənlər, bu gün
"ifşa" edib, sabah eyni ittihamlarla özü "ifşa"
olunanlar, güllələnmə hökmü kəsənlər,
sonra da özləri eyni maddələrlə həbs olunub
güllələnənlər - bütün bunları oxuduqca,
öyrəndikcə, həqiqətən, adama elə gəlir
ki, bütün bu hadisələr teatrda ifa olunur, bütün
bu öldürülənlər və öldürənlər
- aktyorlardır, rejissorlar isə - hansısa mifik və qorxunc
varlıqlardır.
Stalindən sonrakı sovet rəhbərliyi, ilk növbədə
isə, Nikita Xruşşov nəhəng ideoloji təbliğat
aparatını var gücləri ilə işə saldı və
Lavrenti Beriyanın qəddar siyasi-ideoloji düşmən,
casus, qanqster, haramzadə obrazı yaranmağa başladı və
yaradıldı. O, seksual manyak kimi təqdim və təbliğ
olunurdu, guya maşınla Moskvanın küçələrini
gəzib, xoşuna gələn yüzlərlə qızı,
qadınları elə küçədə
oğurlatdıraraq, onları zorlayırdı. Rəsmi-inzibati
dairələr bu məsələdə əsas şahid kimi
Beriyanın şəxsi mühafizəsinin rəisi, polkovnik
Rafael Sarkisovdan istifadə edirdi. Rafael Sərkisov (Sarkisyan) Gəncə
ermənisi idi və məşhur "NKVD" generalı Pavel
Sudoplatovun (Stalinin tapşırığı ilə Lev
Trotskinin qətlinin təşkilatçısı)
yazdığına görə, Anastas Mikoyanın qohumu
olduğu üçün öz "NKVD"
karyerasını qura bilmişdi. Lavrenti Beriyanın işində
"Sərkisov siyahısı" deyilən bir sənəd
var və burada 27 qadının adı və ünvanı
yazılıb. Sərkisovun verdiyi ifadəyə görə,
bunlar guya Lavrenti Beriyanın cinsi təcavüzünə məruz
qalmış qadınlardır və yenə də Sərkisovun
ifadəsinə görə, guya Beriya bu işdə vasitəçi
kimi məhz ondan istifadə edib.
Yuri Jukov yutubdakı müsahibələrindən birində
deyir ki, "Sərkisov siyahısı"ndakı qadınlar
elə Sərkisovun özünün təcavüz etdiyi
adamlardır və özünü Beriya ilə birlikdə
güllələnməkdən xilas etmək üçün
belə edirdi. Görünür, Sərkisov istintaqın tələb
etdiyi bu şərə görə də, həqiqətən,
güllələnmədən xilas olur və ona cəmi 10 il həbs
cəzası verilir.
Beriyanın həyat yoldaşı Nino Qeqeçkorinin
dediyinə görə isə, "Sərkisov
siyahısı"ndakı o quraşdırma 27 qadın əslində
"NKVD" əməkdaşları olublar və Mixail
Qorbaçov "perestroykası"ndan sonra sovetologiyada
müxtəlif fikirlər səslənsə də, Beriyanı
müdrik və ədalətli bir dövlət xadimi kimi, az
qala, ideallaşdırma cəhdləri yaranmağa başlasa
da, bu günün özündə belə onu, hətta Stalini
zəhərləyib öldürməkdə də ittiham edirlər.
Eduard Şevardnadze Ukrayna jurnalisti Dmitri Qordon ilə
müsahibəsində Lavrenti Beriyanın Stalini zəhərlədiyinə
daxilən inandığını deyir və belə bir hadisə danışır: Stalin Soçiyə
istirahətə gələndə keçmiş seminariya
yoldaşları Kabanidze və Seradzeni qonaq dəvət edir və
onlarla söhbət əsnasında Beriyadan söz
düşür. Stalin ayağa qalxıb, vanna otağına gedir
və onları da əlinin işarəsi ilə
çağırıb, heç kim dinləyə bilməsin
deyə, krantda suyu açaraq deyir: "Lavrentinin məsələsi
həll olunub".
Guya Beriya bundan xəbər tutub və iki-üç
aydan sonra da Stalini zəhərləyib. Doğrusu, bu əhvalat
həqiqətdən çox, kento folkloruna oxşayır.
Mən Stalinin Soçiyə nə zaman getməsi ilə
maraqlandım və məlum oldu ki, o, sonuncu dəfə
Soçiyə 1950-ci ildə gedib. Bunu da deyim ki, "Hiyləgər
tülkü", "Qoca tülkü" kimi ayamaları ilə
tanınan Eduard Şevardnadze bu müsahibəni verərkən,
artıq xeyli yaşlaşmışdı və
yaddaşında da, görünür, problemlər
yaranmışdı, bir sıra məlum faktları
qarışdırır, səhv salırdı.
Serqo Beriya hadisənin bilavasitə şahidlərinə
(söhbət üç dəfə Sosialist Əməyi Qəhrəmanı,
general-polkovnik Boris Vannikov, yaxud iki dəfə Sovet
İttifaqı Qəhrəmanı, general Sultan Amet-xan kimi
tanınmış şəxslərdən gedir) və sənədlərə
istinad edərək, sübuta yetirir (yaxud yetirmək istəyir)
ki, Lavrenti Beriya elə həmin gün, yəni iyunun 26-da qəflətən
öz mənzilində güllələnib və bir sıra
sovetoloqlar, tarixçilər də bu versiyanı qəbul və
təsdiq edirlər.
Lavrenti Beriya gürcü və rus dillərindən
başqa, Azərbaycan və erməni dillərini də
yaxşı bilirdi və rus jurnalisti, siyasi şərhçi
Maksim Şevçenko da sovet epoxası ilə bağlı ən
məlumatlı tarixçilərdən biri olan Yevgeni
Spisınla müsahibəsində deyir ki, Beriyanın məhkəməsində
iştirak edən Mir Cəfər Bağırov azərbaycanca
ona nəsə deyib, ancaq Beriya heç nə başa
düşməyib, yəni mühakimə edilən Lavrenti
Beriya yox, onun oxşarı olub.
Əgər doğrudan da belədirsə, əgər
doğrudan da, Lavrenti Beriya qətlə yetirilib, həbs edilən,
mühakimə edilən isə onun oxşarı olubsa, deməli,
Beriya ilə bağlı Nikita Xruşşovun, Vyaçeslav
Molotovun, Anastas Mikoyanın, guya onu həbs edən
marşalların - Jukovun, Moskalenkonun, guya Beriyanı
tapança ilə şəxsən güllələyən
Batiskinin memuarları, intervüləri, dedikləri, Baş
prokuror Roman Rudenkonun dindirmə stenoqramları, bu stenoqramlarda
Georgi Malenkovun, Nikita Xruşşovun, Kliment Voroşilovun, Lazar
Kaqanoviçin, başqa Siyasi büro üzvlərinin dərkənarları,
qeydləri, istintaq, məhkəmə və edamla bağlı
məktublaşmalar və s. - hamısı sonradan
quraşdırılıb, saxtadır, yalandır, - o zaman nəyə
inanasan?
Və kim zəmanət verə bilər ki, Mir Cəfər
Bağırovla bağlı dindirmə stenoqramları,
şahid ifadələri, məktublaşmalar həqiqətdir?
Doğrusu, hərdən elə bir təəssürat
yaranır ki, repressiya saxtakarlıqları və bu
saxtakarlıqların doğurduğu rəsmi sənədləşdirmə
hərc-mərcliyinin içində hər hansı bir həqiqəti
üzə çıxarmaq mümkün deyil. Çox zaman
müəlliflərin Stalin, Beriya, yaxud Bağırov və
başqaları haqqında söylədikləri fikirlər
daban-dabana zidd olur və bu fikirlərin, mülahizələrin,
nəticələrin hamısında da, öz növbəsində,
müxtəlif rəsmi sənədlərə istinad edilir.
Ancaq biz hissə qapılmayaq və bu söhbəti
başlamışıqsa, davam edək.
(Ardı var)
ELÇİN
525-ci qəzet.- 2024.- 4 may,№78.-S.18-19.