İnnovativ dərsliklərdə QR
kod istifadəsi
"Şərq-Qərb" nəşriyyatı bu
istiqamətdə ilk addımı atıb
Müasir dərsliklər hər zaman cəmiyyət tərəfindən
diqqət mərkəzində saxlanılır və müzakirə
obyekti kimi öz aktuallığını itirmir.
Çünki təhsil, böyüyən nəslin
savadlılıq səviyyəsi, gələcəkdə
dövlət və cəmiyyət üçün
böyük əhəmiyyət daşıyacaq mütəxəssis
və insan resursunun formalaşması ümumilikdə prioritet
məsələlərdəndir. Bu səbəbdən də
istər mütəxəssislərin, istər təhsil
prosesində birbaşa iştirak edənlərin, istər
valideynlərin, istərsə də dərsliklərin
hazırlanmasında müəyyən funksiya yerinə yetirən
tərəfin - nəşriyyatların, müəlliflərin,
işçi qruplarının, rəssam və dizayner
qruplarının və digərlərinin bu sahənin
inkişafında maraqlı olması qanunauyğun haldır.
Sosial mediada, mətbuatda aparılan müzakirələr
(son illərdə keçirilən yaradıcı forumlar da
daxil olmaqla) nümayiş etdirdi ki, dərsliklərə
yanaşma əsasən biryönlü, daha doğrusu, neqativ
xarakter daşıyır. Bunun bir səbəbi onların
hazırlanmasında iştirak edən tərəflər
arasında maraq toqquşmasıdırsa, daha vacib səbəbi
dərsliklərdə əsasən məzmun keyfiyyətinin, bir
də müəllif yanaşmasının diqqət mərkəzində
saxlanılmasıdır. Və təbii ki, subyektiv amillər də
danılmaz faktordur.
Lakin... Dərslik hazırlanması istiqamətində
uzun illər fəaliyyət göstərən nəşriyyatlar
və prosesdə bilavasitə iştirak edən mütəxəssislər
bu işin nə dərəcədə çətin, mürəkkəb,
çoxistiqamətli əmək tələb etdiyini gözəl
bilirlər. Əlində hazır dərslik tutmuş
sıradan bir vətəndaş isə, çətin ki, dərsliyin
hazırlanmasında nə qədər çox mütəxəssisin
iştirak etdiyi haqqında düşünmüş olsun.
Yaxud müəlliflər qrupunun il ərzində hərtərəfli
araşdırma apardığını, material
topladığını, necə böyük və zəhmətli
proses reallaşdırdığını, ekspertlər qrupunun
hər dəyərləndirməsi və hər iradı
qarşısında cavab verməli olduğunu, qoyulan tələblərin
və standartların yaratdığı sərhədlər
çərçivəsindən çıxmamalı
olduğunu düşünmək də adi vətəndaş
üçün maraqlı deyil. Bu düşüncəsində
haqlıdır da. Çünki onu maraqlandıran nəticədir.
Yaxud dərsliklərin nəşriyyatda hazırlanması
prosesi var ki, burada müəlliflərin seçimindən
tutmuş rəssam işinə, dizayn-tərtibat məsələlərinə
və dərsliyin hazır vəziyyətdə təhvil verilməsinə
qədər bir çox proseslər nəşriyyatların məsuliyyəti
altında həyata keçirilir. Bu isə oxucunu, sadəcə,
estetik görüntü olaraq ya narahat edə bilər, ya da
xoşuna gəlməsi mümkündür. Amma ümumilikdə
götürdükdə dərslik hazırlanması prosesində
zəhmətin ağırlığı da, gətirilən
yeniliklər də, irəliyə doğru atılan əhəmiyyətli,
danılması mümkün olmayan addımlar da çox vaxt
kölgədə qalır. Bu səbəbdən də mən
bu dəfə keyfiyyətli, müasir standartlara cavab verən,
innovativ dərsliklərin hazırlanması sahəsinə
"Şərq-Qərb" nəşriyyatının gətirdiyi
yeniliklər haqqında söz açmaq istəyirəm.
"Ənənəvi kitab nəşri sıradan
çıxacaq" deyənlərin növbəti onilliklərdə
nə dərəcədə haqlı olacaqlarını
söyləmək çətindir. Lakin Azərbaycan nəşriyyatları
arasında "Şərq-Qərb" nəşriyyatı
müasir innovativ yanaşmaların, müasir texnologiyaların
yaradıcı bir şəkildə dərsliklərə tətbiq
edilməsi istiqamətində ilk addımı atan bir müəssisədir.
Artıq üçüncü ildir ki, burada hazırlanan dərsliklərdə
Nəşriyyat departamentinin direktor müavini Rafiq Kazımovun
təklifi ilə QR kodların tətbiqinə
başlanılmışdır. Bəs ilk dəfə
1994-cü ildə Yaponiyada hazırlanan, əvvəlcə
avtomobil sektoru üçün nəzərdə tutulan,
sonralar isə qida, geyim, dərman istehsalı və restoran fəaliyyəti
sahəsində geniş istifadə edilən QR kodların dərsliklərdə
tətbiqi bizə nə qazandırır və mahiyyətində
nə dayanır?
R.Kazımov bu ideya haqqında bildirir: "Biz hər il
dərsliklərin ənənəvi dərsliklərdən bir
qədər də fərqlənməsi, müasir tələblərə
cavab verməsi üçün bir sıra təkliflərlə
çıxış edirik. Məsələn, əvvəlcə
dərsliklərin daha böyük formatda çap
olunmasını təklif etdik. Bu, həm rəssam-dizayner
işinə geniş imkanlar yaradırdı, eyni zamanda da dərsliklərin
şagirdlər üçün estetik anlamda gözəl və
maraqlı işlənməsi demək idi. Daha sonra isə QR
kodlardan istifadəni tətbiq etməyə başladıq.
Açığı, bu addımı atmağımızda əsas
məqsəd uşaqlara dərs prosesində
yardımçı olacaq, onları elmə, biliyə həvəsləndirəcək
yeni imkanlar qazandırmaq və dərslərə olan
maraqlarını artırmaq idi. Hər halda, yeni nəslin
texnoloji yeniliklərə nə qədər açıq
olduğunu hamımız bilirik. QR kod həm də innovasiyadan
düzgün istifadə etməyi öyrətmək
üçün bir vasitə idi. Biz, əslində, bununla da
kifayətlənmək fikrində deyilik. Süni intellektdən
dərsliklərdə istifadə məsələsi üzərində
düşünürük".
İnteraktiv dərslik yaratmaq üçün, təbii
ki, onun zəngin illüstrativ materialla təmin edilməsi
şərtdir. Bu zaman məzmunla bağlı vizual
görüntü dərsin mənimsənilməsinə
kömək etməkdən başqa, həm də müəllimin
dərsi izah etməsi, dərsliklə işi təmin etməsi
üçün də yardımçı olur. Dərsliyi
multimedia ilə, mövzu ilə əlaqədar olan yeni mənbələrlə
təmin etmək onun funksiyasını bir qədər də
artırır. "Sürətli cavab" mənasını
verən QR kod isə dərsliklərdə verilməklə
şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə,
dərsin daha maraqlı şəkildə təqdiminə,
müəllimlərə və şagirdlərə tədris
edilən mövzuya fərqli, yaradıcı rakursdan yanaşma
imkanı qazandırmağa hesablanıb. Məsələn, QR
kodlarda müəyyən linklərə keçid edilir ki,
bunların arasında hansısa bir tarixi hadisə haqqında
müəyyən bir filmin kadrı təqdim olunur və
öyrənilən mövzu ilə bağlı sual o kadr əsasında
müəyyənləşdilir. Yaxud hansısa sənədli
bir filmin mövzu ilə bağlı hissəsi təqdim edilərək
şagirdlərin vizual olaraq haqqında söhbət gedən
hadisəni, prosesi, situasiyanı və s. daha dərindən
anlamasına kömək edilir.
Lakin "Şərq-Qərb" nəşriyyatında
dərsliklərdə QR kodun istifadəsi bununla
yekunlaşmır. Nəşriyyatın direktoru Sevil
İsmayılovanın dediklərindən: "Əslində,
dünya nəşriyyatlarında bu təcrübə
mövcuddur. Azərbaycanda isə ilk dəfə məhz biz bu
addımı ataraq dərsliklərdə QR kodlardan istifadəni
genişləndirmək və daha əsaslı etmək
üçün "mini-studiya" yaratdıq, rəssam-animatorlar
qrupu formalaşdırdıq. Və artıq dərsliklərdə
nəinki hansısa hazır filmlərdən, sənədli
kadrlardan istifadə edirik, eyni zamanda da animasiyalar çəkir,
video-süjetlər təqdim edir, mətnlərin səsləndirilməsini
təşkil edirik. Xüsusilə xarici dil dərsliklərində
uşaqların dili daha yaxşı mənimsəməsi
üçün səsləndirmə böyük əhəmiyyət
kəsb edir. Onu da qeyd edim ki, dərsliklərdə QR koddan
istifadə ideyasının Nəşriyyatımıza məxsus
olması Azərbaycan Respublikasının Əqli Mülkiyyət
Agentliyində qeydiyyatdan keçirilibdir".
Xüsusi vurğulamaq lazımdır ki, bütün bu
proseslər nəşriyyatın daxili imkanları hesabına həyata
keçirilir. Təlim və tədris resursları şöbəsinin
baş redaktoru Samirə Bektaşi bildirir: "Əlbəttə,
bizim funksiyamız əsasən dərsliklərin məzmun
keyfiyyətini, standartlara cavab vermə səviyyəsini,
ideoloji istiqamətin qorunmasını izləməkdən və
təmin etməkdən ibarətdir. Lakin dünya təcrübəsində
artıq dərsliklərin hazırlanması zamanı istifadə
edilən bir çox innovasiyaları da tətbiq etməklə
görülən işi bir qədər də təkmilləşdirir
və əsaslandırırıq. Məsələn, bu gün
bizim dərsliklər əsasında təhsil alan şagirdlər
təkcə QR kodlardan video-dərslərə baxmaq
üçün istifadə etmirlər. Riyaziyyat dərsliyində
QR kod vasitəsilə hər dərsdən sonra testləri
interaktiv şəkildə cavablandırmaqla özlərini də
sınaya bilirlər".
Əlavə video-dərslər və nəşriyyatda
müəlliflərin və departamentin multimedia mütəxəssislərinin
birbaşa iştirakı ilə hazırlanır. Məsələn,
aşağı sinif şagirdləri "Həyat bilgisi"
dərsliyində insanın orqanları haqqında məlumatı
yalnız mətn vasitəsilə əldə etmirlər. Bu
bilik nəşriyyatda çəkilən, dərslikdəki QR
kodda yerləşdirilən animasiya ilə dəstəklənir.
Eyni zamanda dərslikdə verilən təcrübə, fəaliyyət
və ekperimentlər də xüsusi olaraq video-dərslər
vasitəsilə QR koda yerləşdirilir. Və ən əsası,
bütün bunların müəllimin və valideynin
iştirakı ilə reallaşdırılması vacib deyil.
Şagirdlər bunu özləri sərbəst şəkildə
telefondan istifadə etməklə oxuda və tətbiq edə
bilərlər.
Nəşriyyat artıq nəşrə
hazırladığı dərsliklərin böyük əksəriyyətində
bu yeniliyi tətbiq etməkdədir. Bundan başqa, şagirdlərə
əlçatan olması üçün "Orient Press"
saytı da fəaliyyət göstərir ki, müxtəlif dərsliklərin
videoları burada yerləşdirilir. Və görülən
işin ən effektli nəticəsi dərsi hazırlamaqda
çətinlik çəkən, lakin bu
"video-yardım"lardan, animasiyalardan istifadə edən
şagirdlərin təşəkkür rəyləridir
Nəşriyyatın Multimedia, rəssamlıq və
innovasiya şöbəsinin müdiri Yusif Qabilov dərsliklərdə
QR koddan istifadənin, əslində, bir qədər riskli olduğunu
da vurğulayır: "Kitab nəşrində bu,
böyük məsuliyyət tələb edir. Və hər nəşriyyat
belə bir riski gözə ala bilməz. Lakin "Şərq-Qərb"
ASC bu məsuliyyəti öz üzərinə götürərək
belə bir addımı atmışdır". Multimedia və
səsyazma üzrə aparıcı mütəxəssis Kənan
Yusifzadə isə deyir: "Əslində, bu prosesin təşkilində,
videoların çəkilişində, səsyazma prosesinin
reallaşdırılmasında daha böyük texniki imkanlar tələb
olunur. Lakin nəzərə alırıq ki, istənilən
bir yenilik çətinliklərdən keçir. QR kodlardan dərsliklərdə
istifadə istiqamətində, hələ ki, ilk addımlar
atılır. Yəni nəzərdə tutulan,
reallaşdırılmasını
planlaşdırdığımız ideyalar çoxdur".
Bu gün dərsliklərin tənqid edildiyi bir
mühitdə dərslik nəşri istiqamətində
böyük işlər görməyə çalışan
mütəxəssislərin əməyinin bu istiqamətini də
görmək, fikrimizcə, mütləqdir.
Çalışaq ki, unutmayaq: iş olan yerdə problem,
problem olan yerdə çözüm, çözüm olan
yerdə isə inkşafın olacağı labüddür.
Nərgiz CABBARLI
525-ci qəzet.- 2024.- 4 may,№78.-S.21.