Tarixin faciəli və ibrətamiz əhvalatları  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

 Ermənilər təəssüf ki, bu həqiqəti anlamırlar, bir əsr boyu qonşu Azərbaycan xalqını əzablara salmaq məqsədindən anbaan yayınmamışlar, onlar XX əsrin sonunda və XXI əsrin başlanğıcında ölkəmizin geniş ərazisini 30 il ərzində işğal altında saxlamış, şəhərləri və kəndləri xaraba qoymuşdular. Öz bədbəxt millətinin acı taleyi fonunda şəxsən özünü xoşbəxt etməyə çalışan qatı erməni millətçiləri ar, ləyaqət, adicə insanlıq nə olduğunu bilmirlər. Çünki onlar heç bir şeyə, hətta törətdikləri ağır cinayətlərə görə məsuliyyətə cəlb olunmurlar. Nə onlarla Allah söhbət edir, nə də beynəlxalq təşkilatların və nüfuzlu dövlətlərin timsalında insanlar onları ədalət qarşısında cavabdehliyə çəkirlər. Cəzasızlıq olan yerdə cinayətləri saymaq, onların iriliyinə, ya kiçikliyinə diqqət yetirmək də ağılsızlıqdır. Öz xalqını bədbəxt günə salan adamlar ən böyük cinayətkar hesab olunmalıdır. Əksinə, erməni qatı millətçiləri zor gücünə, şovinist təbliğatı hesabına hamını susdurmaqla, bu cinayət haqqında danışmağa belə, imkan vermirlər, əslində isə ədalət naminə buna görə bir müttəhim kimi insanlıq məhkəməsi qarşısında layiq olduqları kəskin cəzanı almalıdırlar. Bu vaxt bizə isə məsələni yalnız dinc yolla həll etmək barədə məsləhət verənlər böyük əksəriyyəti təşkil edirdi. Guya təsəlli kimi xalqımıza ünvanlanan və bütün müsəlmanlara məxsus olan bayağı bir təskinlik yada salınırdı, ruhdan düşmək lazım deyildir, hər şey nə vaxtsa danışıqlar yolu ilə həllini tapacaqdır. Ona görə də torpağının işğal altında olması vəziyyəti ilə barış və o müəmmalı günü, bəlkə də İsrafilin zur düdüyü çalınasını gözlə. Özü də nə eybi var ki, o vaxt gəlməmişdən çox-çox əvvəl sən bu dünyadan gedəcəksən. Bu əcaib mühakimə haqdan uzaq olmaqla, işğalçı kimi Ermənistanın xeyrinə, əzab çəkən azərbaycanlıların isə ziyanına işləyirdi. Nüfuzlu dövlətlər, beynəlxalq təşkilatlar da dinc yolla məsələni həll etməyi, bunu pozmağa yol vermədən gözləməyi məsləhət görürürdülər. Ermənilər isə hiyləgər, başaldadıcı danışıqlar adı altında işğal müddətini daha onillərlə uzatmağa çalışırdılar. Bu isə əslində torpaqlarımızın işğalının qeyri-müəyyən dövrədək davam etməsini və ermənilərin mərhəmətinin oyanacağına qədər gözləməyi, əslində, işğal edilmiş ərazilərin mənfur düşmənə qurban verilməsini nəzərdə tuturdu. Dövlətimiz öz suveren ərazilərini işğaldan azad etmək üçün hərbi üsullara guya heç vaxt əl atmamalı idi, bizə hamı belə ağıl öyrədirdi, təcavüzdə ifadə olunan cinayətə qarşı səbirli, təmkinli olmağı məsləhət görürdü.

Lakin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqının alçaldılmasına artıq dözməyib, Ermənistan ordusu ilə ölüm-dirim savaşına girmək barədə öz ordusuna 2020-ci ilin sentyabrında hücum əmri verdi və 44 gün davam edən müharibədə düşmən ordusu darmadağın edildi və işğalçılar bütünlüklə Azərbaycan torpaqlarından qovuldu. Azərbaycan xalqı düşmənin vəhşiliklərinə cavab vermək üçün heç də Qiyamət Gününü gözləmədi, öz taleyini igidliklə özü də həll etdi. Qələbə çalan Azərbaycan ordusunun həyata keçirdiyi parlaq hərbi əməliyyatlar dünyanın iri böyük ordular tərəfindən yeni uğurlu döyüş taktikası kimi öyrənilməyə başlandı.

Allah naşükürləri sevmir, bunu islam dininin üləmaları dəfələrlə qeyd edir, ona görə də guya gözləmək, həm də səbirlə gözləmək ehtiyacı yaranır. Bizə ağılsız məsləhət verənlərə demək istəyirsən, güman et ki, bu, azərbaycanlıların deyil, sənin öz xalqının başına gələn bədbəxt taledir. Axı torpağını düşmən ayağı altında qalması ilə razılaşmaq şəraitində yaşamaq şərəfli həyata heç cür bənzəmir. Sparta çarı, tarixə yenilməzlik və igidlik rəmzi kimi daxil olmuş Fermopil keçidi qəhrəmanı Leoniddən soruşduqda ki, niyə insanlar şərəfli ölümü şərəfsiz həyatdan üstün tuturlar, o, müdrik bir cavab vermişdi: "Onlar hesab edirlər ki, həyat və ölüm təbiətin işidir, şərəf və şərəfsizlik isə bizim". Azərbaycan xalqı, rəhbərliyi və ordusu 44 günlük müharibədə öz şərəf və ləyaqətini bütünlüklə təsdiq etdi və bunu bütün dünyaya nümayiş etdirdi. İşğalçı Ermənistana, torpaqları azad etmək üçün yalvarmaq kimi alçaldıcı məsləhətə, kimlərdən gəlməsindən asılı olmayaraq, məhəl qoyulmadı. Əksinə, məhz çoxlarının lüzumsuz hesab etdiyi hərbi yolla məsələnin həlli variantı seçildi. Bu qərar öz uğurlu bəhrəsini verdi, qələbə Azərbaycan xalqının başını ucaltdı.

Qay Yuli Sezar çar olmağa can atır və qətlə yetirilir

Bəzən istəyin hüdudu olmadıqda o, faciə ilə nəticələnir. Bu, həm işğalçı dövlətə, onun başçısına, həm də tarixi şəxsiyyətlərə aiddir. Qay Yuli Sezarın çar hakimiyyətinə can atması onun əleyhinə açıq nifrət və onu öldürmək arzusunu yaratdı. Xalq üçün Sezarın ən böyük təqsiri bu idi, onu istəməyənlər isə ümidlərini Mark Bruta bağlayırdı. Çünki o, Sezarın böyük etibarını qazanmışdı. Hətta sui-qəsd ərəfəsində Brut barədə çuğulçuluq ediləndə, Sezar buna heç cür fikir verməmişdi. Ancaq tale öz işini görürdü, onun qarşısını almaq mümkün deyildi. Çox adam bunu yozmağa çalışırdı. O, özünün ölüm günü Senata yollanarkən, gələcəyi xəbər verən bir adamın hələ xeyli əvvəl dəqiq vaxtı təyin etdiyinə görə ona dedi ki, axı mart ayının idləri (ayın 15-i günü belə adlanırdı) başladı. Həmin adam isə ona cavab verdi ki, bəli başlayıb, amma keçməyibdir.

Sezar həmin günü Senata getmək istəmirdi və adam göndərdi ki, iclas təxirə salınsın. Lakin sui-qəsdçilərin biri onun yanına gələrək Senata getməyin vacib olduğunu müxtəlif səbəblər və arqumentlər gətirməklə sübut etdi və onu Senata apardı. Yolda ona müxtəlif adamlar sui-qəsd haqqında məlumat vermək istədi, lakin o, bunlara əhəmiyyət vermədi və Senata girdi, bu vaxt hörmət əlaməti olaraq hamı ayağa qalxdı. Sui-qəsdçilər iki qrupa bölünüb, bir qrup onun kreslosunun arxasında durdu, digərləri isə onu qarşılamağa çıxdı. Sui-qəsdçilərdən biri ona öz qardaşı barədə xahiş edəndə o, bunu rədd etdi və bu vaxt sui-qəsdçilərin hər biri təkidlə öz məsələləri barədə ona xahiş etməyə başladı. İlk xahiş edən iki əli ilə Sezarın toqasından yapışıb, onu boynundan çıxarmaq istədi. Bu, hücum üçün siqnal idi. Kaska onun peysərinə qılıncla ilk zərbəni vurdu, lakin bu yara dərin və ölümcül deyildi. Sezar dönüb qılıncı tutdu və saxladı. Bu vaxt ikisi də qışqırmağa başladı: "Əclaf Kaska, sən nə edirsən?" Kaska isə yunanca qardaşına müraciət etdi: "Qardaş, kömək et!" Sui-qəsddən xəbəri olmayanlar yerlərində donub-qalmışdılar. Bütün sui-qəsdçilər yalın qılıncları ilə Sezarı mühasirəyə aldılar və hər tərəfdən ona qılınc zərbələri vurdular, Brut isə Sezarın qasığına vurdu. Deyilənlərə görə, Sezar 23 yara almışdı. Onun axırıncı sözü oğlu kimi sevdiyi və ona zərbə vuran Bruta müraciət idi: "Et tu Brut?" --"Səndəmi, Brut?" Öz dühası və sərkərdəlik məharəti ilə böyük şöhrət qazanmış Sezar çarlıq eşqinə düşdükdə tale ondan üz döndərdi və ona ağır zərbə vurdu - həyatını əlindən aldı. Taleyin hökmünü digər tam yaddan çıxaranları da verilmiş hökmün mütləq icra ediləcəyi gözləyir.

Sezar Aleksandriyada olarkən Misir çarı Ptolomeyin tərəfdarları onun ordusuna hücum etdilər və oxların, nizələrin ucuna alov taxıb onlara atəş açırdılar. Belə təhlükəni görən sərkərdə tez "tısbağa" qaydasında düzlənmək əmri verdi. Belə düzləndikdə döyüşçüləri həm irəlidən, həm yanlardan, həm də yuxarıdan qalxanlar müdafiə edirdi və odlu oxlar bu qalxanlara dəyir, odu sönür və orduya heç bir ziyan vura bilmirdi. Romalılar olduqca zəif qüvvəyə malik olmasına baxmayaraq, misirliləri məğlub etdi.

İisus Xristin ibrətamiz pritçaları

İisus Xristin Matfey tərəfindən təsvir edilən bir əxlaqi hekayəsi də çox maraqlıdır. Burada deyilir ki, yalançı peyğəmbərləri izlə. Onlar qoyun dərisində gəzirlər, amma daxilən quduz canavardırlar. Onların əməllərinin bəhrəsi ilə onları tanıyacaqsan. İnsanlar məgər, tikan kolundan üzüm, qanqaldan əncir yığırlar? Eləcə də hər bir yaxşı ağac yaxşı meyvə gətirir, pis ağac isə pis meyvə gətirir. Yaxşı ağac pis meyvə, pis ağac yaxşı meyvə gətirə bilməz. Hansısa bir ağac yaxşı meyvə gətirmirsə, o, kəsilməli və oda atılmalıdır. Beləliklə, meyvəsinə görə siz onları tanıyacaqsınız. Hər kəs "sahib, sahib" deyirsə, o, göylərin səltənətinə girməyəcək. Lakin kim ki, mənim atamın iradəsini icra edəcək, o, göylərdə olacaq. Çox təəssüf ki, Allahın oğlunun bu sözlərindən Orta əsrlərdə olduqca eybəcərliklə istifadə edilmiş və bu, dövlətin dinlə birləşdiyi ölkələrdə inkvizisiya vasitəsilə görünməmiş cinayətlər işlətməyə, dövlətin öz məqsədlərinə çatması, öz əleyhdarlarını məhv etməsi üçün dini ehkamlardan geniş istifadə etməsinə şərait yaratmışdır. XV-XVI əsrlərdə inkvizisiya İspaniyada xüsusən tüğyan etmişdi. Tarixdən bizə məlum olan bəzi hakimiyyət sahibləri çoxlu qan axıda da bildilər, qeyri-məhdud hakimiyyətə və ölçüyə gəlməyən var-dövlətə də sahib oldular, lakin bunların heç biri onlara, cəzadan qurtaran indulgensiya verə bilmədi. Taleyin verdiyi hökm nə təxirə salınır, nə ondan kimsə amnistiya və əfv yolu ilə uzaqlaşa bilir. Ona görə də əldə edilmiş imkanlardan, öz xalqından işğalçı müharibə aparmaq üçün "top əti" kimi istifadə etmək, öz xalqının başı üzərində baş verəcək intiqam təhlükəsi ucbatından Damokl qılıncı asmaq, heç də dövlət başçısına xoşbəxtlik gətirmir, onu bəxtəvər yox, əslində, bədbəxt edir. Hətta ölüm belə, onu nifrət kimi ən ağır və silinməz cəzadan xilas edə bilmir. Qədim Hun tayfalarının döyüşkən və müharibələrdə çoxlu, həm də bəzən günahsız qan axıtmış başçısı Attila öləndən sonra Dunay çayının kənarında elə yerdə basdırıldı ki, sular onun qəbrini gizlətsin, onun cəsədini sonralar tapa bilməsinlər. Qəbir tapılmasa da, tarix onun etdiyi ədalətsizlikləri, axıtdığı qanları ən azı avropalıların yaddaşından silə bilməmişdir. Avropalılar isə ona "qorxulu bəla" kimi baxırdılar. İşğalçı Ermənistan ordusu isə azərbaycanlıların yaddaşında bəlkə də daha böyük vəhşilik simvolu kimi qalacaqdır.

Bütün ləkələr təmizlənsə də, qan ləkəsi təmizlənmir, o, bir qatilin əlinə, bir də ədalətsizliyə nifrət edən insanların şüuruna, yaddaşına hopur, silinməz izlər buraxır və onlar qan yaddaşı olaraq, genetik kod kimi bir nəsildən, əziyyət çəkmiş həmin nəsildən sonrakı bütün nəsillərə keçir. Ona görə də bugünkü qurbanların üstündə vəhşi qatillərin ritual rəqslərini andıran hay-küy, bir andaca, intiqamın zəfəri təbilinin səsi eşidildikdə hökmən yoxa çıxır. Xırda tülkü və çaqqallar, onları cinayətə sürükləyən canavarın iti dişlərini və möhkəm çənəsini tərif etmələrini dayandırmalı olurlar. Heç kəs güman etməsin ki, cinayətlər haqqında məlumatlar da, qurbanların özü ilə torpağa gömüləcək və heç vaxt yada düşməyəcəkdir. Yox, təbiətin ümumi qanununda olduğu kimi, heç nə izsiz itmir, adamların həyatı qeybə çəkilə bilər, onları məhv edən cinayətkarlar isə cəzalarını almamış dünyanı tərk etməyəcəklər. Təkcə axırıncı cəza təbili çalınanda, insanlarda heç də qaniçiciliyə aid olmayan, əksinə, qanı təmizləməyə xidmət edən bir təsəlli qığılcımı yaranır. Tarixi misallar bunu təkzib edilməz qaydada təsdiq edir. Yüzlərlə Xocalı qurbanları unudulmadığı kimi, onları qətlə yetirənlər də layiqli cəzalarını almyana qədər iyrənc varlıqlar kimi xatirələrdə qalacaqlar.

 

 (Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2024.- 4 may,№78.-S.22.