"Böyük
Qayıdış"ın sürətlə
reallaşması böyük strateji əhəmiyyət
daşıyır
Azərbaycan öz torpaqlarını azad etməklə
tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri
ilə səciyyələnən, dayanıqlı sülhə,
tərəqqiyə əsaslanan və bir çox ölkələr
üçün nümunə olan yeni mərhələsinə
qədəm qoyub. Vətən müharibəsindən ötən
müddət ərzində işğaldan azad olunmuş ərazilərin
minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi,
müasir yaşayış, istehsal və xidmət
infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən,
nəqliyyat-kommunikasiya xətlərinin bərpası,
xüsusilə Zəngəzur dəhlizinin açılması
istiqamətində mühüm işlər görülüb.
Həyata keçirilən məqsədyönlü və
genişmiqyaslı layihələr Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarının sürətlə
dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına
və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət
edir, habelə həmin ərazilərin yüksək inkişaf
etmiş regiona çevrilməsi üçün sağlam
bünövrə yaradır.
Politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycan
hazırda "Böyük Qayıdış" layihəsini
həyata keçirməklə məşğuldur: "Ermənilər
30 il müddətində 300-dən çox yaşayış
məntəqəsini, ictimai binaları, bütün
infrastrukturu darmadağın ediblər. Bunun bərpasına, təbii
ki, bir neçə il lazımdır. Nəzərə alsaq ki,
Azərbaycan orada əraziləri minalarla çirklənmə
səviyyəsinə görə dünyada ilk yerlərdən
birini tutur. Üç dəfədən çox ərazi
minalarla çirkləndirilib. Bir milyondan çox mina var. Azərbaycan
bu minalardan təmizləməni yaxın 10 il ərzində
güclə başa çatdıra bilər. Amma çox
sürətlə işlər gedir. Azərbaycanın bir
neçə yaşayış məntəqələrində
köç uğurla həyata keçirilir. Ən yüksək
səviyyədə Füzuli rayonunda, Laçında,
Laçının kəndlərində həyata
keçirilir. Bu ilin may ayında Xocalıya qayıdış
başlayacaq. İnanıram ki, Qarabağ Universiteti fəaliyyətə
başlayanda Xankəndi və ətrafına daha çox əhali
qayıdacaq. Azərbaycan bütün imkanlarından istifadə
edir. Heç kimdən bir qəpik almadan bütün bərpa
işlərini özü həyata keçirir. Həmin ərazilərin
infrastrukturu, demək olar ki, başa çatmaq üzrədir.
Burada "Azərenerji", "Azərişıq",
"Azərsu", "Azərbaycan Dövlət Avtomobil Yolları"
Agentliyi çox gözəl işləyir. Həm də
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə
kifayət qədər fəaliyyət göstərir. Tikinti
işləri də uğurla gedir. Yaxın iki il ərzində
oraya təxminən 140 min əhali köçməlidir. Bu da əhalinin
beşdən biri deməkdir. Bu, böyük rəqəmdir".
Politoloq qeyd edib ki, qısa zaman kəsiyində
müharibə bitəndən sonrakı 5 il ərzində əhalinin
20 faizini geri qaytarmaq çox böyük rəqəmdir. Azərbaycan
bunu hədəfləyib və hədəfinə də
çatacaq. Çünki burada qardaş Türkiyə və
digər ölkələrdən 10-a qədər ölkənin
müxtəlif təyinatlı, özəl və dövlət
qurumları iştirak edir. Hazırda həm də yeni idarəetmə
üsulu həyata keçirilir. Prezidentin nümayəndəliyi
sistemi həyata keçirilir. Yəqin ki, gələcəkdə
onlar da birləşdiriləcək. Çünki
hal-hazırda ərazidə bərpa işlərinə bir-iki
adamın nəzarət etməsi mümkün deyil.
Bütün hallarda Qarabağda həm dünya standartlarına
cavab verən yaşayış məntəqələri,
infrastruktur, yeni sənaye sahələri yaradılır. Mən
inanıram ki, orada aqrar sektorun da inkişafı ilə
bağlı normal planlar var. Onlar da həyata keçiriləcək.
Azərbaycan "Böyük Qayıdış"la
bağlı nəzərdə tutulan zamanı
qabaqlayır".
Beynəlxalq məsələlər üzrə ekspert
Əziz Əlibəylinin dediyinə görə,
işğaldan azad olunmuş bölgələrdə
"Böyük Qayıdış"ın sürətlə
reallaşması böyük strateji əhəmiyyət
daşıyır və çox mühüm məqsədlərlə
bağlıdır. Bu, heç də 100-300 minlik şəxsin
geri qaytarılmasını əhatə etmir: "Ən
azından bölgələrin məskunlaşdırılması
sayını 1 milyon nəfərə çıxarmaq
lazımdır. Bu, geniş, əhatəli dövlət
proqramına əsaslandığından siyasətüstü
məsələ kimi ölçülür. Bir az da mənəvi
və ideoloji proqramın tərkib hissəsidir. Bu mənada ərazilərin
gələcəyinin şəkillənməsi üzərindən
dövlət bir neçə vacib istiqamət üzrə plan
həyata keçirir. Əlbəttə ki, ilk növbədə
bölgənin minalardan təmizlənməsinə
böyük ehtiyac var. Bu proses ardıcıl şəkildə
də davam etdirilir. Amma minalarla çirkləndirilmiş
dünyanın üç əsas sahəsindən biri
Qarabağ bölgəsi olduğundan dərhal orada məskunlaşdırılmanın
aparılması insanları təhlükə altında qoyur.
Buna görə mərhələli şəkildə
"Böyük Qayıdış"ın öncə
minalarla zəngin olmayan, daha təhlükəsiz hissələrinin
məskunlaşdırılması həyata keçirilir.
Artıq şəhər mərkəzləri, xüsusilə də,
Xankəndi, Şuşa, Ağdərə, Laçında
yaşayış var. Dövlət qısa müddət ərzində
qayıdışın müəyyən hissəsini təşkil
edə bildi. Amma qarşıda Ağdam, Füzuli, Zəngilan,
Cəbrayıl, Qubadlı, Kəlbəcərin yenidən
qurulmasının şahidi olacağıq. Dövlət
buralarda mütləq yeni baxışlar ortaya qoymalıdır.
Burada da iki vacib istiqamət izlənilir. Birinci, "Smart
Qarabağ"ın qurulması üzərində qiymətləndirilməlidir
ki, yeni standartlara uyğun həyat şəraiti təmin
olunsun. İT dövləti yaratmaq ideyası üzərindən
böyük yüklər ortaya qoymuş olsun.
"Böyük Qayıdış" o bölgədə
özü ilə potensial olaraq təhsili, mədəniyyəti
yenidən qurmağa səsləyir və bunun əsasında
başlamalıdır. Ona görə biz köç prosesi
haqqında ilk olaraq həm də onu deməliyik ki, 2030-cu ilə
qədər minimum yarım milyon vətəndaşı
bölgəyə qaytarmalıyıq. Buna həm də məcburuq.
İndiki vəziyyətdə isə Zəngilanın Ağalı
kəndindəki ilk köçdən etibarən yeni dalğa
yaşanır. Məncə, elə gün olmur ki,
Bakıdakı qaçqın şəhərciklərindən
Qarabağa doğru yük karvanı getməsin. Onlar yeni həyat,
ocaq qurmağa gedirlər. Azərbaycanın sərhədini
güclü şəkildə təmin etməyə doğru
gedirlər".
İqtisadçı-ekspert Rəşad Hüseyn
bildirib ki, Qarabağa "Böyük Qayıdış"
proqramı çərçivəsində ilk olaraq əhalinin
məskunlaşması və məşğulluğunun təmin
edilməsi əsas proitet məsələlərdəndir. Məskunlaşma
ilə eyni vaxtda infrastrukturun qurulması gələcəkdə
turizm, nəqliyyat, logistika, kənd təsərrüfatı,
emal sənayesi və yaşıl enerji istiqamətində
görüləcək xeyli işlər var. Adları çəkilən
sahələrin hərəkətə gətirilməsi
üçün insan resursları potensialına ehtiyac var.
Əhalinin məskunlaşması və məşğulluğunun
təmin edilməsi üçün geniş perspektivlər
mövcuddur. O qeyd edib ki, yerli və xarici investisiya hesabına
yeni zavod və fabriklərin, o cümlədən, turizm
infrastrukturunun yaradılması nəzərdə tutulur.
İlkin olaraq bölgənin inkişafı üçün
yerli investisiya proqramları həyata keçirilir. Gələcəkdə
məskunlaşma başa çatdıqdan sonra investisiya
mühitini tam şərtləndirən amillərin təmin
edilməsi nəticəsində daha böyük həcmdə
xarici investisiya gəlməyə başlayacaq. Yaponiya,
Böyük Britaniya, İsrail və Avropanın bir sıra
ölkələri Qarabağa investisiya yatırmaqda
maraqlıdırlar. Təbii ehtiyatlardan daha səmərəli
istifadə etməklə mədənçilik sənayesini də
genişləndirmək olar. Belə ki, ərazidə zəngin
qızıl, mis, perlit, əhəng, gips, pemza,
qum-çınqıl yataqları mövcuddur ki, bunun hesabına
kimyəvi məhsullar, o cümlədən, tikinti
materialları istehsalı üçün geniş xammal mənbələri
kimi istifadə etmək olar. Təbii yataqlardan səmərəli
istifadə, həmçinin xammal idxalından
asılılığı da minimumlaşdıracaq. Bunun
hesabına ixrac istiqamətli mallar istehsal edib xaricə satmaqla
daha böyük həcmdə valyutanı ölkəyə gətirmək
imkanları yaranacaq.
Qarabağın relyefinə görə
unikallığı turizm sahəsi üçün son dərəcə
əlverişlidir. Həm ərazinin təbiəti, həm də
tarixi faktorlar bölgəni turizm üçün daha da cəlbedici
edir. Otellərin saylarının artırılması, tarixi
yerlərin yenidən bərpası, tələb edilən
standartlara cavab verən turizm infrastrukturunun qurulması turizm
potensialını daha da genişləndirir.
Nəqliyyat və logistika sahələrinin
inkişafı xüsusilə önəmlidir. Gələcəkdə
Zəngəzur dəhlizi ilə daşınılacaq yüklər
Qarabağdan keçərək aparılacaq. Bu səbəbdən
də yol infrastrukturunun genişləndirilməsi,
yükdaşımalar üçün əlverişli
yolların çəkilməsi son dərəcə əhəmiyyətlidir:
"Ən vacib məqamlardan biri ərazidə yaşıl
enerji istehsalını artırmaq və bunun üçün
imkanları araşdırıb ortaya çıxarmaqdır.
Ərazidə günəş, su, külək, elektrik
stansiyaların tikilməsi üçün lazım olan
imkanlar araşdırılır, bu istiqamətdə tərəfdaş
ölkələrlə əməkdaşlıq edilir. Buna misal
kimi, Zəngilan və Cəbrayılda BP şirkəti ilə
Azərbaycan Energetika Nazirliyi arasında 240 Mvt gücündə
günəş elektrik stansiyasının tikilməsi
haqqında razılaşmanı göstərmək olar. Bundan
başqa, Kəlbəcər və Laçın rayonlarında
külək elektrik stansiyalarının tikilməsi də
planlaşdırılır. Kənd təsərrüfatı və
heyvandarlıq Qarabağın hər zaman aparıcı sahəsi
olmuşdur. Burada kənd təsərrüfatına yararlı
torpaqlardan istifadə etməklə taxıl əkinlərinin
sahələrini genişləndirmək, o cümlədən,
meyvəçilik, tərəvəzçilik istiqamətli kənd
təsərrüfatı məhsullarını yetişdirib
daxili tələbatı təmin etdikdən sonra ixrac edərək
ölkəyə əlavə valyuta cəlb etmək
mümkün olacaq. Göründüyü kimi, Qarabağ
iqtisadi rayonunun və Şərqi-Zəngəzur iqtisadi
rayonunun çox geniş inkişaf potensialı var.
Köç davam etdikcə, əhali məskunlaşdıqca
qarşıda nəzərdə tutulmuş işlər daha
sürətlə davam edəcək".
Politoloq Elçin Mirzəbəylinin dediyinə görə,
işğaldan azad edilmiş Azərbaycan ərazilərinə
qayıdış dövlətimizin prioritet hesab etdiyi vəzifələrdəndir:
"Bu gün həyata keçirilən bütün tədbirlərin,
görülən bütün işlərin təməlində
Qarabağa və Şərqi Zəngəzura həyatın
sözün tam mənasında qayıtması dayanır. Bu
gün görülən işlərin, bütün müstəvilərdə
həyata keçirilən tədbirlərin anonsu ilə diqqətli
insanlar Prezident İlham Əliyevin 44 günlük müharibənin
gedişində və 10 noyabr bəyanatının
imzalanmasından dərhal sonra xalqa edilən müraciətlərində
tanış ola bilərlər. Ermənistan hakimiyyətinin
bütün manipulyativ davranışlarından, məğlub
ölkədəki revanşçıların,
separatçı tör-töküntülərin
atılıb düşmələrindən, prosesdə
birbaşa və dolayısı ilə iştirak edən
subyektlərin soyuqqanlı diplomatik ifadələrindən
asılı olmayaraq, Azərbaycan Prezidenti ölkəni elan
etdiyi, geriyə dönüşü olmayan hədəflərə
doğru aparır. İşğaldan azad etdiyimiz
torpaqlarımıza, Qarabağa, Şərqi Zəngəzura
qayıdışla bağlı tam təsəvvürə
malik olmaq üçün isə qənaətimə görə,
bu ərazilərdə görülən işlərin, həyata
keçirilən tədbirlərin miqyasına nəzər
salmaq yetərlidir. Həm də nəzərə almaq
lazımdır ki, bu ərazilərdə həyata keçirilən
layihələrin prioritetlərindən biri və bəlkə
də birincisi, bu torpaqlarda azərbaycanlıların əbədiyyətə
qədər təhlükəsiz və firavan yaşamaları
üçündür. Bu baxımdan, həyata keçirilən
hər bir layihə özündə bir neçə komponenti
birləşdirir. Şübhə etmirəm ki, 44
günlük Vətən müharibəsində Azərbaycanın
qəhrəman əsgər və zabitlərinin nümayiş
etdirdikləri misilsiz rəşadət dünyanın hərb
tarixinə qızıl hərflərlə
yazıldığı kimi, işğaldan azad etdiyimiz ərazilərimizdə
görülən işlər də özünün
universallığı baxımından nümunəyə
çevriləcək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 4
may,№78.-S.23.