Həmişə var olmaq haqqını qazanmağın bədəli  

 

Dərdlərin çox olması hələ dərdlərin ən böyüyü deyil. Ən ağır dərd həmdərd qıtlığı, ya həmdərlərin heç yerli-dibli gözə dəyməməsidir. Həmdərdlik sadəcə dərddaşlıq, eyni ələmi çəkmək  deyil, başqasının dərdinə öz qəmin kimi şərik çıxa bilmək nəcibliyidir. Tanrı Sabirə həmdərd olmaq istedadı vermişdi. Bu damar insanın cövhərində olanda biganə qalınması rəva bilinməyənlərə əsla laqeyd dura bilmir, ətrafında baş verənlər ona da əsər edir, seyr etdiyi ağır qüssələr canına hopur və bunları elə öz dərd-səri kimi bütün narahatlığı ilə yaşamağa başlayır.

Sabirdəki həssasiyyət, həmdərd olmaq qabiliyyəti elə bir həddə idi ki, ürəyi yalnız şeir yazmaqla soyumurdu, millətin dərdlərini misralara köçürməyi az hesab edirdi və çox olan dərdlərini bəlkə də bu halda onlara daha tez əncam çəkilər ümidi ilə müxbirliyə, jurnalistliyə də əl atırdı, müşküllər daha sürətlə aşkar edilərsə, daha erkən də çözülər gümanı ilə ümdə el qayğıları dərhal ictimailəşsin deyə mətbuatın imkanlarından yararlanırdı. Mənzərə hamının gözü önündə idi, amma hamının gözü Sabirin gözü itiliyində deyildi. Sağalmalı yaraları, əyər-əskikləri görüncə, onların bir çoxunun şeir vasitəsilə dolayı müalicəsinin çox vaxt alacağını, uzun, yorucu yollardan keçəcəyini duyaraq təcili məlhəmlərdən istifadəni məqbul sayırdı. Ona görə qəzetçiliyə də üz tutmuşdu. XX əsr başlanırdı, mətbuat həyatı güclənməkdə idi və müraciət ediləsi, yazılar göndəriləsi nəşrlər az deyildi və 1906-cı il iyulun 18-də "Həyat" qəzetinə Sabirin "Bu gün Qafqasiya məmləkətində" adlı məqaləsi yer almışdı. Sabir Şamaxının dərdlərindən bəhs eləyərək yazırdı ki, bu gün ən çox viranəliyə məruz qalmış şəhər Şamaxı, ən çox fəlakətə düçar olmuş xalq isə şamaxılılardır.

Təbii ki, Şamaxı zəlzələsi baş verəndən sonra ayrı-ayrı qəzetlərdə xəbər səciyyəli xeyli məqalələr dərc edilmişdi. Ancaq Sabirin yazdığı sadəcə xəbər deyildi, artıq zəlzələnin üstündən 5 il sovuşurdu, zəlzələdən ötən həmin müddətdə camaatın vəziyyətini yüngülləşdirmək üçün hansı işlər görülüb və hansı ümdə işlər də yerinə yetirilməlidir - bu, Sabirin yazısının əsas mövzusu idi. Qəzetlərçün 5 il əvvəl baş vermiş zəlzələnin dağıntıları ilə bağlı söhbət çoxdan köhnəlmişdi. Ancaq Sabir üçün o zəlzələ söhbətinin qaysağı qoparılmalı yaraları vardı ki, gendən baxanlar səhvən bunların sanki sağalmış olduğu zənninə düşməsinlər. Yazırdı ki, bütün Qafqazdan və Rusiyanın hər yerindən Şamaxıda baş verən zəlzələdən sonra əhaliyə yardım məqsədilə ianə olaraq vəsaitlər toplanmağa başlayıb. Toplanmış vəsaitin miqdarı təxminən 600.000 manatdır. Şamaxı şəhərinin mərkəzi xarabazara çevrilib, evlər sökülüb, dağılıb, mərkəz hissədə yaşamış, evləri dağılmış insanların həyatını təzədən qurması üçün şəhərin aşağı və yuxarı hissəsində 100 ev tikilməsi qərara alınıb, ancaq evlərin inşasından ötrü bu adamların hər birinə vur-tut 250 manat vəsait verilir. Sabir o insanların çaşqınlığını öz təəccübünə qatışdıraraq bu məqalənin sətirlərinə çıxarırdı ki, 250 manata məgər ev tikmək olar? Və nümunə də gətirirdi ki, necə tikmək olarmış - biri evinin qırağına hasar çəkib, tikəcəyi binanın bünövrəsini töküb, bu əsnada verilən vəsait qurtarıb. Bir başqası isə - Sabir əyanilikçün lap onun adını da yazır - Ağakərim adında bir nəfər Qalabazar məhəlləsində görəndə ki, əsl qaydası ilə ev tikmək üçün 250 manat heç vəchlə bəs eləmir, başlayıb qənaətlə tikməyə, nəticə də bu olub ki, tikdiyi koma başına uçub, özü də, həyat yoldaşı da, südəmər körpəsi də həlak olub.

Və Sabir gedişata ümidlə baxırdı. Deyirdi ki, indi Şamaxıya Fyodorov adlı bir naçalnik gəlib, söylənilir ki, bütün tikinti-abadlıq işlərinə o, nəzarət edəcək, ümid edək, onun gəlişi ilə bu sahədə bir nizam yaranacaq, əhali arasında vəsait də yaxşı bölünəcək, tikintilər də arzulanan səviyyədə gedəcək.

Məqaləni yazmışdı, təxirsiz məsələyə diqqət yönəltmişdi, yatanları ayıltmışdı. Ancaq ürəyi toxtamır. Toxtasaydı, belə asanca sakitləşsəydi, o, Sabir olmazdı. Qələmi elə mövzunu açıb hamınınkılaşdırmaqla işini bitmiş hesab edərək səngisəydi, ona xas nəbz kimi daim çırpınan mərhəmət duyğusuna, oyanıq həmdərd olmaq qabiliyyətinin arasıkəsilməzliyinə də şəkk oyanardı.

Lap azacıq keçir, həmin mövzuda "Həyat" qəzetinə bir başqa məqaləsini yollayır. "Həyat"da 1906-cı il avqustun 15-də görünən məqaləsi "Həmd olsun o gündən ki" adlanırdı və Şamaxıda quruculuq işlərinə rəhbərlik edən yeni təyin olunmuş naçalnik Fyodorovdan bəhs edirdi. Sabir ondan razıdır, çünki camaat o adamdan razıdır. Yazır ki, həmd olsun o günə ki, naçalnik Fyodorov Şamaxıya varid oldu və ürəkdən bu tikinti-abadlıq işlərinə başladı. Tərifləyir ki, Fyodorov yerində sakit oturan adam deyil, səhərdən çıxıb piyada düşür şəhərin küçələrinə, görülən işlərə özü nəzarət edir. Tərifləməyinə tərifləyir, amma intizamlı, məsuliyyətli, işinə can yandıran naçalnik Fyodorovun qarşısında məsələlər də qaldırır, boynuna öhdəlik də qoyur ki, Şamaxıdakı evlərin çoxu əskidən taxta-şalbandan tikilib, elə indi də taxta-şalbandan tikilir, deməli, bu evlərin yanğın təhlükəsi çoxdur. Ona görə də zəlzələnin fəlakətindən gözlərində qorxu qalmış insanların gələcəkdə qarşılaşa biləcəkləri yanğın təhlükəsi ilə əlaqədar tədbirlərin nədən ibarət olduğunu həmin məqaləsində Sabir bircə-bircə yazırdı ki, yaxşı olardı bu ağa-yi naçalnik Fyodorov şəhərin Rastabazar hissəsindən bir arx saldırsın ki, lazım olanda camaat onun suyundan istifadə eləsin. Amma əlavə edirdi ki, şəhərin həm aşağı, həm də yuxarı hissəsində ayrıca su anbarı da tikməyə ehtiyac var, ta insanlar yanğın təhlükəsi ilə üzləşəndə üz tutacaqları bir yer olsun. Sabir başqa bir təşəbbüs də qaldırırdı ki, bizim elatın istifadə etdiyi beşgözlü Hacı Ağa Rəhim bəy körpüsü var, el-elatın daim istifadə etdiyi həmin körpünün xeyli hissəsi indi dağılıb, təmirə ehtiyacı var və naçalnik Fyodorovdan bir diləyimiz də odur ki, həmin körpünü təmir etdirsin.

Sabirin qələmi yalnız sancmayıb, neştərləməyib, yaxşı iş görən, camaatın halına yanan şəxslə rastlaşanda, lap o kəs yüksək vəzifə sahibi, hökumət adamı olsa belə, xoş sözünü deməkdən qızırqanmayıb, çəkinməyib ki, hansı ağzıgöyçəksə buna bəd məna verər, yarınırsan söyləyər, inanıb ki, iki-üç isti kəlməsi bəlkə həmin adamı ilhamlandırdı, onu başqa daha gərəkli işləri görməyə də yönəltdi. Məqaləsini belə yekunlaşdırırdı ki, nə qədər naçalnik Fyodorov Şamaxı şəhərindədir, bizim əhalimiz şad, şəhərimiz abad olacaqdır.

"Həyat" qəzeti səhifələrini Sabirin üzünə səxavətlə açırdı. Sabirin də deyəcək sözü çox idi. Şeir o sözlərin hamısını deyib çatdırmağa dar gəlirdi. Ona görə də məqaləni məqalə ardınca göndərirdi. "Həyat" qəzetində yenə həmin 1906-cı ilin 24 avqustunda daha bir yazısı dərc edilir. Jurnalist, publisist, millət qayğılarının ifadəçisi Sabir bu məqaləsinə "Həmd olsun bu günə ki" sərlövhəsi qoymuşdu və həmin günü alqışlamasının, həmin günə şükür etməsinin səbəbi mühüm bir hadisə idi. Yazırdı ki, bu gün əziz gündür, çün maarifdust babalar - təhsili sevən, bu bilik yolunu tutub gedən kişilər ləyaqətli bir iş görüblər, öz vəsaitləri hesabına, hökumətdən kömək gözləmədən qubernatorun yanına gediblər, şəhərin Dərəməhəllə hissəsindəki xarabalıq bir yerdə rus-türk məktəbi tikmək üçün icazə alıblar və tikiləcək mədrəsənin layihəsi də artıq hazırdır. Sabir digər vətəndaşları, qeyrətli insanları da çağırırdı ki, siz də kömək eləyin, yardımınızı əsirgəməyin, qoy vətən balalarının maariflənməsi üçün yaranacaq bu təhsil ocağı tez araya-ərsəyə gəlsin!

Sabir bu idi. Şeirlərində insanlara üz tutaraq "Hümmət, a vətəndaşlar, qeyrət, a vətəndaşlar" deyirdi. Məqalələrində isə insanlarımızı durmadan millətəxeyir işlər görmək üçün belə səfərbər edirdi. Yazdıqlarını da özü dürüst olmayanların əyri-üyrü, qapqara, bu güzgüyə təmiz nəzərlərlə baxanların əsl gerşəklər kimi görəcəyini əzəl başdan xəbərdarlıq edirdi:

 

Əlhəzır, qoyma baxa əksimə zahid ki, onun

Nur-i həq dide-yi xudbininə zülmət görünür;

Qoy bu ayinəyə ol paknəbaxsın ki,

Bütün əşyadə ona nur-i həqiqət görünür.

 

...Bu sözü o qədər təkrarlayıblar, şitini-şorunu elə çıxarıblar ki, bəlkə də əvvəldə müsbət anlamda işlənmiş deyim mənasını dəyişib, üstünə mənfi bir ərp də qonub - "adamın gərək adamı ola". Bu deyimi o həddə çatdırıblar ki, indi o söz söylənəndə ilk ağla gələn irəli getmək üçün hər nəfərin arxasından hökmən təkan verənin, qabağa itələyəninin olması düşünülür.

Deyimi bu təhər qavramaq az qala düsturlaşsa da, bu qanadlı ifadənin müsbət çaları da var axı! Adamın adamı olmasının vacibliyi həm də hər kəsin taleyində ona canı yananların, qədrini-qiymətini bilənlərin, yolunda zəhmətə qatlaşmağa hazır olanların gərəkliyi deməkdir. Adamın gərək adamı, doğrudan da, ola - hayanı, fikirdaşı, qayğısını çəkəni, barəsində onsuz olanda da düşünəni. Buna hər kəsin ehtiyacı var. Böyüyün də, kiçiyin də.

Bir zamanlar Moskvada gözəl bir Azərbaycan adası vardı. Elmin ən müxtəlif sahələrində çalışan böyük alimlər, universitetlərdə dərs deyən güclü, şöhrətli professorlar, ədəbiyyatşünaslar, qələm adamları, ədiblər. O zaman Azərbaycan Sovet İttifaqının tərkibində idi və Mərkəzdə belə adamlar bizə çox lazım idi. Onlar körpü idilər, vasitə idilər, çünki çox müşküllərin açarı Moskvada idi və onlar da buradan - Bakıdan Moskvaya üz tutan ziyalılara dayaq dururdular, milli əhəmiyyətli çox işlərimizin irəliləyişinə kömək edirdilər və Moskvadakı Azərbaycan adasının içindəki bir ad daha tanınmışdı - Əziz Şərif.

Hamı ona ağsaqqal kimi baxırdı. Orada - Moskvada da, elə Azərbaycanda da. Əziz Şərif də, atası Qurbanəli Şərifzadə də Azərbaycan maarifi tarixində silinməz izləri olan insanlardı. Ancaq Əziz Şərifin bizim mədəniyyət, ədəbiyyat, ziyalılıq tariximizdə bir ayrı xidməti də var. O, səliqə-sahmanlı adamdı. Ömrü boyu da gündəliklər aparmışdı və həyatının son parçasında vacib bir işi yerinə yetirmək barədə də qərar verdi. Oturub başladı ömrün hesabatını qələmə almağa. Xatirələrini yazırdı və həm də sadəcə hafizəsindəkilərə bel bağlamadan yazırdı. Əlində ötən əyyamlarını dəqiqliyi ilə dirildən gündəlikləri vardı. Gündəliklərini vərəqlədikcə qayıdırdı həmin çağlara və qarşısındakı yazılar yadına həmin səhifələrdə qeyd etmədiyi neçə başqa hadisəni də salırdı.

Və gün ötdükcə qiyməti artan həmin gündəliklərdən bu gün XX əsrin əvvəllərinin neçə məşhur ziyalısının səsi gəlməkdədir. O çağın çox hadisələrinin dəqiq əks-sədası məhz Əziz Şərifin o gündəliklər əsasında qələmə aldığı xatiratındadır. Həmin xatirələrin içərisində Sabir də var və Əziz Şərif Sabir haqqında elə ayrıntıları, həm də elə dəqiqliklə çatdırır ki, başqa heç bir qaynaqda bu barədə soraqlara rast gəlmirik.

Sabir 1911-ci ildə, azarlı vaxtlarında Tiflisə müalicə üçün getdiyi zaman Əziz Şərif "Molla Nəsrəddin" redaksiyasında onunla birgə olmuşdu. Tiflisdə, Davidovski küçəsində yerləşən 24 nömrəli evin ikinci mərtəbəsində, otaqlardan birində - nisbətən balacasında - Əziz Şəriflə birgə Əhməd Pepinov qalırmış. Əhməd Pepinov-Ömərbəyov "Molla Nəsrəddin"in qurucularından olan Ömər Faiq Nemanzadənin bacısı oğlu idi. Sonralar - Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ilk əmək nazirimiz işləmiş Əhməd bəyin adı Azərbaycan istiqlalının tarixində, maarifimizin dünənində həmişə ulduz kimi parlayacaq. Əhməd Pepinovla Əziz Şərif qaldığından savayı jurnalın daha dörd böyük otağı varmış. "Molla Nəsrəddin"in baş mühərriri Mirzə Cəlilin otağı digərlərinə nisbətən daha böyükmüş və balkonlu imiş. "O olmasın, bu olsun"u hamınız görmüsünüz. Orada "Molla Nəsrəddin"li epizod da hamımızın xatirindədir. Filmin "Molla Nəsrəddin"li epizodunda hadisələr elə o böyük otaqda, Mirzə Cəlilin kabinetində cərəyan edir. Mirzə Cəlil özü, Sabir, jurnalın rəssamı, digər əməkdaşlar oradadır. Filmi çəkənlər, söz yox ki, həmin dövrün canlı şahidləriylə görüşüb məsləhətləşməmiş deyildilər. Ona görə də "O olmasın, bu olsun"un həmin səhnəsində elə Əziz Şərifin təsvir etdiyi otağın tam bənzəri olan bir məkanı görürük.

Əziz Şərif Sabirli xatirələrində öz gördüklərindən əlavə iki mühüm qaynağı da yada salır: birincisi, Sabirin onun atası Qurbanəli Şərifzadəyə - Naxçıvana göndərdiyi məktubu, ikincisi də bir ara jurnalın müvəqqəti redaktoru olmuş Məhəmmədəli Sidqinin yaddaşları. Sidqi jurnala 1910-cu ilin noyabrından 1911-ci ilin martının sonuna qədər redaktorluq etmişdi və o vaxt nə Mirzə Cəlil, nə Ömər Faiq Tiflisdə idi. Ancaq hər halda yarı canları Tiflisdə, dərginin yanında idi və "Molla Nəsrəddin"in işlərindən hali olmaqçün Sidqi ilə mütəmadi yazışır, uzaqdan-uzağa da olsa, jurnalın fəaliyyətinə nəzarət edirdilər ki, bunun təsdiqini də elə Əziz Şərifin xatirələrində tapırıq.

Əziz Şərif yada salır ki, Məhəmmədəli Sidqi xatirələrində Mirzə Cəlilin ona məktub göndərərək Sabirin bərk xəstə olduğunu, bu yaxınlarda Tiflisə gələcəyini yazır və israrla, heç bir xərcdən çəkinməyərək şairi şəhərin ən yaxşı həkimlərinə göstərməyi tapşırır. Bunu da əlavə edir ki, imkan vermə başqa bir evdə, ya mehmanxanada qalsın, gətir bizə, redaksiyada yaşasın. Məsrəflərlə bağlı da "Nə lazım olsa, mənə yaz, göndərəcəm", - deyir.

Əziz Şərifin inanımlı, dürüstlüyünə arxayınlıqla etibar ediləsi xatirələrinin ən gözəl cəhətlərindən biri də odur ki, Sabirin həyatındakı ən ağır mərhələni - ömrünün son 7-8 ayını yerli-yataqlı təsvir edir. Yazır ki, Sabir 1910-cu ilin sentyabr, oktyabr, noyabr aylarını Bakıda keçirir, özünü müxtəlif həkimlərə göstərib müalicə alırsa da, bunlar arzulanan nəticəni vermir. Ona görə də dekabr ayında Bakıdan Şamaxıya qayıdır, dekabrla yanvarı orada qalır. Ancaq yanvarın axırlarına doğru vəziyyətinin lap ağırlaşdığını hiss edincə məcbur olur ki, Tiflisə yollansın. Onun Tiflisə nə zaman gəlməsi də uzun zaman bəlli deyildi. Yəni ümumən gəlməyi məlum olmağına məlumdu, amma bunun dəqiqliyi ilə hansı gün baş verdiyi sual altında idi. Tarixdə qalan görkəmli şəxsiyyətlərdən, illah da ki, məşhur ədiblərdən söz açılarkən kimsə etiraz də edə bilər ki, onların hansı ildə, hansı ayda və gündə hansı işi görməsinin, hansı ildə, hansı ayda, hansı gündə hara getməsinin tam dəqiq bilinməsinin guya nə xüsusi mənası? 3 ay o yana, 10 gün bu yana olmaqla nə dəyişəndir ki, əsas olan onların əsərləri, yadigar qalan irsləri deyilmi? Bir yandan baxanda sanki məhz belə olmağına elədir, tarixləşmiş şəxsiyyətlərin, o həssas varlıqların həyatından keçən hadisələrin hər birinin onların yaradıcılığında da izi, təsiri var axı. İllah da həyatının ən böhranlı, ən nigaran günlərindəki, əbədi ayrılıq astanasındakı Sabirin ömrünün nəinki hər gününün, hətta hər saatının necə ötməsinin dəqiqliyi ilə bilinməsi çox zəruridir. Ağıllı, ayıq adamdı, səhhətindəki ağır dəyişiklikləri içəridən bütün nicatsızlığı ilə istənilən başqa kəsdən, bəlkə lap həkimlərdən də artıq duyan özü idi, can onunku idi, dərk edirdi ki, deyəsən, ömür kor dalana dirənir. Xəstəliklə mübarizədə, ölüm-həyat çarpışmasında ikən yazıb axı. O şeirlərində də hərdən qəmgin, bəzən bədbin görünsə də, yenə güclüdür, ani ruhdandüşmələrdən qurtularaq qaçılmaz sonluğa da vüqarla meydan oxumağı bacarır. Sabir ömrünün o nisgilli parçasının hər kiçicik hissəsini də gərək düzgün biləsən ki, xəstəliklə döyüşərkən, bədəni günü-gündən taqətdən düşərkən də, nəcibliyini, nazikliyini, şuxluğunu qəhrəmancasına qoruyub saxlaya bilməsinin, içərisindəki ağrıların onu özünə təslim edərək qələmdən ayıra bilməməsinin hansı mətin iradənin sayəsində mümkünləşdiyini anlayasan. Ağrılar elə şiddətə çatmışdı ki, o, hər şeyə - könüllə gedişə də hazırmış ki, bu əzablardan qurtulsun. Ancaq son yazılarından olan, bir dosta yazdığı balaca məktubdakı sətirlər bu Kişinin nə qədər güclü olduğunu bir daha sübut etməkdədir. O günlərində Sabirin içərisində iki Sabir var. Biri nicatsız mərəzlərdən, sancılardan bezmiş, bütün bunlardan xilasın tək yolunu intiharda görən insan, biri də o müdhiş anlarında da özünə gendən baxmağı bacararaq, özü öz başına ağıl qoyan, özünü bu addımdan çəkindirmək gücündə olan əyilməz Sabir! Səhhət Sabirin vəfatından sonra işıq üzü görmüş "Hophopnamə"nin ən birinci səhifəsində şairin öz xəttində qəlb sıyıran yazısını çap etdirmişdi: "Dünyadan, həyatdan bizarəm. Bəradər, yəqin et ki, şər`ən məsul olmasaydım, özümü məsmum edərdim (zəhərləyib öldürərdim - R.H.), bir dəfə dünyanın əzabından xilas olardım. Lakin nə etməli, tərbiye-yi ibtidaiyyənin təsirindənmi, dindarlıqdanmıdır ki, buna vicdanən razı ola bilmirəm".

...Əziz Şərif Naxçıvana, Qurbanəli Şərifzadəyə Sabirin göndərmiş olduğu məktuba istinad edir. Sabir özünə sirdaş, simsar bildiyi Şərifzadəyə xəbər verir ki, vəziyyətim lap ağırlaşmışdı, ona görə də fevralın əvvəlində Şamaxıdan namünasib bir adamla gəldim Tiflisə. Əlavə edir ki, özümün başım qarışıq, vəziyyətim belə üzgün olsa da, qohum idi, ona müəyyən işlərinə kömək etmək lazımdı, sözünü yerə sala bilmədim gəldim.

Deməli, Əziz Şərifin atasına ünvanlanmış Sabir naməsinə əsasən verdiyi xəbərə görə, şair 1911-ci il fevralın 1-də Şamaxıdan Tiflisə gəlir, həmin ayın başlanğıcında üç gün hansısa ayrı bir yerdə yaşayır və "namünasib" dediyi qohumunun işlərini yoluna qoyandan sonra 4 fevralda gəlir "Molla Nəsrəddin" jurnalına. Bundan sonra Tiflisdə olduğu müddətdə (arada xəstəxanada qaldığı bir neçə gün nəzərə alınmazsa), günlərini "Molla Nəsrəddin" jurnalının redaksiyasında keçirir. Əziz Şərif də, sonra Məhəmmədəli Sidqi də xatirələrində təsdiqləyirdilər ki, Sabir redaksiyada yaşadığı günlərdə səhhət sıxıntılarına, canının ağrımasına rəğmən, onlara redaksiyanın işlərində çox kömək edirmiş, o aylarda çıxan "Molla Nəsrəddin"lərin hansını vərəqləsən, hər bir səhifədə hökmən Sabirin izini görəcəksən (Bəzənsə heç bu iz ilk baxışdan sezilmir. Ancaq xatirələrdən anlaşılır ki, imzasız gedən hansısa beytin, hansısa duzlu şəkilaltı yazının, ya hansısa rəsmin ideya müəllifi elə Sabirmiş).

Əziz Şərif bunu da məlum edir ki, Sabir Əhməd Pepinovla bir otaqda qalırmış, yazır ki, Sabirin vəziyyəti heç ürəkaçan deyildi, hərdən möhkəm sancıları tuturdu, Əhməd də bir övlad kimi onun qulluğunda dayanmışdı.

Həmin günlərin bir başqa xatirəsini isə mənə Əhməd bəyin qızı Sevda xanım söyləmişdi. 1990-cı illərin əvvəllərində Sevda xanımın babası Həsən bəy Ağayev, atası Əhməd bəy Pepinov, ümumən bu şəcərə haqqında kitab üzərində işləyərkən günlərlə qarşı-qarşıya əyləşərdik, suallarımı verərdim, bütün söhbətlərimizi də lentə alardım. Sevda xanım Pepinova danışırdı ki, uşaq idim, İstiqlaliyyət küçəsi üzüaşağı, Qoşa Qala qapısı tərəfə enirdik, "İsmailiyyə"ni keçdik, gəldik Sabirin indiki yox, ovaxtkı ayaq üstə olan heykəlinə yetişdik, oradan da aşağı enəcəkdik, ancaq atam ayaq saxladı, çevrildi Sabirə sarı, dedi ki, o, Azərbaycanın ən böyük şairidir, onun şeirlərini oxu, əzbərlə.

Sevda xanım bunu da söyləyirdi ki, atam həmişə çalışardı ki, mütaliəyə meylim qüvvətli olsun, iki kitabı isə dönə-dönə oxumağımı tövsiyə edərdi - Servantesin "Don Kixot"unu, bir də Sabirin "Hophopnamə"sini.

Sabirin heykəlinin yanında dayandıqları vaxt atasının ona etdiyi bir Sabir hekayətini də Sevda xanım qəhərlə xatırlayırdı. Əhməd bəy söyləyibmiş ki, hamımız artıq Sabirin həyatının bitməkdə olduğundan, uzaqbaşı iki-üç ay ömrü qaldığından agah idik, əsl vəziyyətini onunla bir otaqda yatdığımdan mən hamıdan artıq bilirdim, gecələr sayıqlayırdı, qızı Səriyyəni çağırırdı, arada danışırdı da, amma şeirlə danışırdı, qırıq-qırıq fikirlər deyirdi, amma həmin sayıqlamalarda da bir məna vardı, elə pərakəndə sözlər deyildi, mən gecələr oturardım onun yastığının yanında, bir dəftərçə ayırmışdım, Sabirin sayıqlayarkən dediyi şeirləri, sözləri də yazardım, böyü, o dəftərçəni verəcəyəm sənə.

Bəlkə də Əhməd bəyin ciyərparası - tək balası Sevdaya verməyi düşündüyü həmin dəftərçəyə köçürdüyü, gecələr Sabirin uyğudaykən söylədiyi tək-tək misralarda, beytlərdə böyük şairin gələcəkdə yazacağı, yaza biləcəyi neçə şeirin tumurcuğu varmış?

Ancaq o dəftəri qızına vermək Əhməd bəyə nəsib olmur. 1937-ci ildə o, Qazaxıstanda işləyirdi, ancaq orada tuthatutların başlandığını görüncə dostların məsləhəti ilə əvvəllər də çalışdığı Ulyanovska gəlir. Ancaq hiss edir ki, artıq çevrə getdikcə daralmaqdadır, onun da növbəti həbsi yaxınlaşmaqdadır. 1937-ci ilin avqustunda Əhməd bəy Moskvaya gəlibmiş, buradan Bakıya, qayınanası Xədicə xanıma xəbər yollayır ki, Sevdanı Moskvaya göndərin, görmək istəyirəm.

Xədicə xanım tanış bir adamla Sevdanı Moskvaya yola salır. Qatar perrona yaxınlaşanda vaqonun pəncərəsinə yapışaraq adam seli içərisində dörd gözlə atasını axtarsa da, onu yox, əmisi Zəkini görür (çox keçməyəcək, o da tutulacaq). Əmisi deyir ki, onun açıq gəlməsi təhlükəli idi, ona görə Moskva altında tutduğu bir evdə görüşəcəksiniz, səni orada gözləyir, gedək. Sevda xanım söyləyirdi ki, atamla üç gün birlikdə olduq, sonra yenə harasa yoxa çıxdı, bir həftə sonu onu yenidən gördüm, dedi ki, qızım, Ulyanovska gedirəm, bu dəfə tələsik gəlmişdim, sənə verməli bəzi yazılar var, götürməyə macal tapmadım, qismət olsa, gələn yay yenə burada görüşərik, onda gətirərəm.

Qismət olmur, növbəti yayda və daha heç vaxt görüşə bilmirlər. Tezliklə Əhməd bəy həbs edilir, işgəncəli dindirmələrdən sonra güllələnir və axırıncı həbsi zamanı da kağız-kuğuzdan nəyi varmışsa, hamısını da apararaq elə onun özü kimi qayıdışsız məhv ediblərmiş.

Həmin yazıların arasında da Sevdaya vermək istədiyi, 1911-ci ilin fevralında Sabirlə bir otaqda qaldığı gecələrdə şairdən eşitdiyi, onun oyaq, yarıyuxulu, röya içərisində söylədiklərini qeydə aldığı dəftərçə...

 Sabirin "Molla Nəsrəddin" redaksiyasında keçən günləri ilə bağlı Əziz Şərifin belə bir sorağı da var ki, həkimlər şairə yatmazdan əvvəl böyrünə spirt, ya o da olmasa, araq çəkməyi məsləhət görüblərmiş. Sabir bu həkim tapşırığına əməl etsə də, zarafatından qalmırmış, deyirmiş ki, başqaları arağı qarnına töküb kef eləyir, mən böyrümə sürtüb ağrı çəkirəm.

Nə etmək ki, ömrü boyu löyün-löyün ağrıları çəkmək də zavallı Sabirin alın yazısıymış!..

Əziz Şərif öz gördüklərinə Məhəmmədəli Sidqinin yazdıqlarını da əlavə edərək bu xəbəri də çatdırır ki, həkimlər Sabirə ciddi pəhriz saxlamağı tapşırdığından o, mümkün qədər həmin tövsiyəyə əməl etməyə çalışır, hər xörəyi yemirdi. Ancaq bəzən ürəyi dözmürdü, arada bizi də götürüb yollanırdı Şeytanbazara, könlünə yatan yeməklərdən nuş edirdi, hərdənsə bizsiz, elə özü tək çıxırdı. Yenə günlərin birində beləcə gedib Şeytanbazardan kabab, lavaş alıb gətirir redaksiyaya, öz payını yeyir, Sidqi yatmış olduğundan onun kababı ilə lavaşını bir qırağa qoyur, yanında da üstünə Sabirin tək misra yazdığı bir parça kağız: "Bu kabab, bu lavaş, ye yavaş, yat yavaş".

Məhəmmədəli Sidqi xatırlayır ki, Sabir yeni fikirlərlə dolu idi, içərisindən təzə-təzə şeirlər qaynayırdı. Mart ayı idi, Novruz ərəfəsində vəziyyəti lap ağırlaşmışdı. Amma mənə dedi ki, istəyirəm jurnalın bu nömrəsini bayram münasibətilə başdan-axıracan şeirlə buraxaq. Əlbəttə ki, bu fikir bəyənilir, ancaq Sidqi bunu da vurğulayır ki, şairin sözü ürəyimə çox yatsa da, vəziyyətini bildiyimdən onun çox əziyyət çəkməsini də istəmirdim, ona görə dedim ki, nə qədər yaza bilirsən, yaz. Sabir, olsun ki, ağrıları müəyyən qədər unutmağa kömək edən həmin şeirlər silsiləsini yazmağa başlayır da. Ancaq ağrılar üstün gəlir, onun getdikcə halsızlaşması bizi də "Molla Nəsrəddin"in başdan-başa Sabir şeiri üzərində qurulacaq nadir buraxılışını görmək səadətindən məhrum edir...

Sabir Tiflisə işləməyə deyil, müalicəyə gəlmişdi. Ancaq can hayında olsa da, yazmaq, yaratmaq, bekar dayanmamaq qanında olduğundan heç vəchlə dinc dura bilmirdi və əli qələm tutmağa taqəti qalan son anlarınadək də bu şakərindən aralanmadı.

Sabirin "Molla Nəsrəddin" jurnalının 1911-ci il fevral ayının 6-da çıxan sayında şeiri dərc edilib. Bu o deməkdir ki, həmin qoşqusunu elə çap olunmaqçün redaksiyaya gələn günü, ayın 4-də təqdim edib. Hər gün, günaşırı həkim yanına gedirmiş. Ancaq bu get-gəllər də Sabirçün yalnız müalicə yox, həm də təzə şeirlərə mövzu tapmaq fürsəti imiş. Sidqi nağıl edir ki, Sabir o vaxt həkimlərdən çox yanıqlıydı, hər həkimdən də yox. Tiflisdə onu çox bilikli həkimlərə göstərmişdik, Bakıda da ona baxanların arasında yaxşı həkimlər olmuşdu. Ancaq Bakıda, xüsusən də Şamaxıda naşı həkimlərlə rastlaşdığı da olmuşdu və onların əlindən dad döyürdü. Bu şeiri də həmin münasibətlə yazmışdı. Əzrail Allaha müraciət edir ki, icazə ver o həkimin canını alım, çünki onun canını almasam, dünyada adam qalmayacaq, hamısını qırıb qurtaracaq:

 

Qoy alım canını, bari qoparım məhşərini,

Yoxsa, billah, qıracaq qullarının əksərini.

 

Ardınca da guya Əzrail Allaha müraciətini bir az da dəqiqləşdirir ki, yox, əgər onun canını almağıma icazə vermirsənsə, o təqdirdə mənim istefamı qəbul elə, mənə ayrı bir iş tapşır, Əzrail vəzifəsini də həvalə elə həmin həkimə, çünki bu vəzifəni o, müvəffəqiyyətlə yerinə yetirər:

 

Başqa bir xidmətə nisbət məni qıl, minnətdar,

Əzrail olmağı ver işbu təbibə zinhar.

 

Sabirin bekar dayanmağı xoşlamadığını Sidqinin başqa xatirələri də pıçıldamaqdadır. Deyir, əlində yazı-pozusu olmayanda da kitab-dəftərdən ayrı dayana bilmirdi, ürəyi darıxanda Şəmsəddin Sami bəyin "Qamus-i türkü"sünü tez-tez vərəqləyərdi, "Qamus-i əlam"ı çox oxuyardı, ən sevdiyi isə həcvgu şair Əşrəfin kitabı idi

 

Sidqinin bu yerdə xatırlatdığı bir məqam Sabirin fövri improvizə ustalığına dəlalət etməkdədir. Əşrəfin İstanbulda buraxılan kitabı amansız senzor qayçısı ilə üzləşibmiş, bir çox həcvlərdəki sözlər, ifadələr çıxarılaraq yerinə nöqtələr düzülübmüş. Həm də bunlar o qədər çoxmuş ki, hətta bəzi məqamlarda şeirlərin mənası anlaşılmazlaşırmış, müəyyən hallarda isə heç vəzni tutmaq mümkün olmurmuş. Sidqi yazır ki, Sabir açırdı Əşrəfin kitabını, şeirləri hamımız üçün ucadan oxuyurdu, oxuduqca da qarşısına çıxan, nöqtələrlə əvəzlənmiş buraxılan kəlmələrin, ifadələrin yerinə bədahətən uyğun sözlər, ifadələr qoyurdu, bütün bunlar da elə gözəl, elə rəvan alınırdı ki, sanki şeir əvvəldən belə yazılıbmış. Sidqi bu müşahidəsini də bölüşür ki, dinlədikcə fikirləşirdik - Sabirin indi oxuduğu şeirlər o həcvlərin əslindən daha gözəldir.

Sabirin xəstəliklə əlbəyaxa olduğu, günlərini "Molla Nəsrəddin" redaksiyasında keçirdiyi çağla bağlı Məhəmmədəli Sidqinin bir başqa yaddaşı da var ki, bizi Şekspirin "Otello"sunun 1911-ci ilin martında Tiflisdəki Azərbaycan truppasının göstərdiyi tamaşaya aparır.

Pyesin tərcüməsini "Səda" qəzetinin redaktoru Haşım bəy Vəzirov edibmiş və çevirmə bərbadmış. Sözün incidilməsinə dözə bilməyən Sabir hiddətlənir, qələmini sıyırır və Sidqi də onun yazdığını elə isti-isti qoyur növbəti nömrəyə:

 

Oylə bir tərcümə ki, ruh-i Şekspir görcək

Ağladı ruh-i Otelloyla bərabər özünə.

"Ah, mütərcim!" - deyə bir odlu tüpürcək atdı,

Şübhəsiz, düşdü o da tərcüməkarın üzünə.

 

Haşım bəy Vəzirovun darqursaq, tənqidsevməz adam olduğunu, Mirzə Cəlilin də həmin şeirin çapından yana onları "nahaq edibsiniz" deyə qınamasını yada salan Sidqi bildirir ki, həqiqətən, baş redaktorun sözü yerini tapdı. Haşım bəy Vəzirov başladı öz qəzetində və eləcə də əli çatan digər qəzetlərdə bizim əksimizə yazılar qaralamağa, xüsusən də Sabirin əleyhinə təhqiramiz yazılar dərc etdirməyə.

(Kəmfürsət Haşım bəy çıxacağını əməlli-başlı düşünsəydi, heç Sabirə qımıldanardımı?! Axı Sabir hələ 1 il əvvəl - 1910-cu ilin 25 iyununda "Zənbur"da çıxan bir dördlüyü ilə  Vəzirovun da, "Səda"sının da payını vermişdi:

 

Dün yatıb Mir Haşımı röyadə gördüm, söylədim:

"Seyyidim, hicrində ərz-i şuriş-i həşr eylərəm".

Ən boğuntu bir "Səda" ilə dedi: "Görməzmisən,

Hiylələr icad edib, bir qəztəcik nəşr eylərəm").

 

O vaxt Mirzə Cəlil Qarabağda idi, amma baş verən hadisələrdən xəbərdar idi, çünki bir neçə gün gecikməklə də olsa oralara gəlib çatan mətbuatı diqqətlə izləyirdi və götürüb Məhəmmədəli Sidqiyə məktub yazır ki, baş qoşmayın, onun yazdığı hərzə-hədyana cavab verməyin, həlləm-qəlləm adamdır, amma susmayın da, bu münasibətlə yox, başqa məsələlərlə bağlı, onun özü, qəzeti ilə əlaqədar ara-sıra tənqidi yazılar verin.

...Yazıçı Tağı Şahbazi Simurq Mirzə Ələkbər Sabiri ən çox sevənlərdən, qədirşünaslıqla ali qiymətini verənlərdən idi. Sabirin vəfatından sonra hər il müxtəlif qəzetlərdə Sabir haqqında rusca, azərbaycanca məqalələr yazırdı. O, Sabiri "Azərbaycan ədəbiyyatının zinəti" adlandırırdı. Sual qoyurdu ki, "Sabir kimdir?" və öz cavablarını verirdi ki, Sabir hər şeydən əvvəl bir müsəvvirdir - yurdunun çöhrəsini təsvir etmiş qadir bir rəssam. Yazırdı ki, Sabir naxoş millətinin mərəzindən xəbərdar olan bilgin bir təbibdir. Yazırdı ki, Sabir vicdanının hökmü ilə yaradan doğruçu bir ədibdir. Və içəridən inanır, təsdiq də edirdi ki, Sabir ölməz.

Sübutu da elə Sabirin öz şeirindən gətirirdi. Yazırdı ki, Sabir hələ sağlığında öz ruhuna müraciətlə yazdığı şeirində ölməzliyini açıqca bəyan edib:

 

Hara getsən səninlə mən də varam,

Şu bədəndə fəqət əsir-i zar.

Ölməyimlə sevinməsin əğyar,

Aləm durduqca dəxi mən də varam!

 

Sabir bu şeirində öz ötkün ruhuna, pərvazlanan ilhamına, yaşayacağına ümid bəslədiyi şeirlərinə üz tutaraq "Hara getsən səninlə varam" deyirkən əslində daha əvvəl millətinə müraciət edirdi, həmdərdi olduğu əzabkeş və gözəl xalqı ilə həmişəlik birgə olacağına inanırdı.

Nə qədər qətiyyətlə söyləsə də, hər halda Sabir dünyadan və insanlardan gördüklərini görmüşdü, ona görə onun bu sözləri həm arzu idi, həm də millətinə "Məni unutma!" vəsiyyəti.

Həmişə var olmaq, həmişə milləti ilə qala bilmək bəxtiyarlığına çatmaqçün Sabir Pərvərdigarın ona bağışladığı nə varsa hamısını, ən başda isə ömrünü, gələcəyini, yaşaya biləcəyi illəri qurban etdi. Hələ ki bugünəcən arzusu da, vəsiyyəti də yerinə yetib. Sabahlarda da gerçək olaraq qalmasına Tarix və Millətin Böyük Ruhu kömək olsun!

 

30 aprel 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2024.- 4 may,№78.-S.16-17.