Əlvida, ey dil?!
Esse
Zaman-zaman içində tək
qaldığımız dünyanın sonunu
düşünürəm. Təsəvvür edəndə
ki, göy üzündə milyardlarla ulduzun içində sadəcə
insan olan bizik və sonrası məchul olan bir
sınağın marionetləriyik, əbədi suallar yenə
başıma tökülür. Onsuz da milyardlarla ulduzlara yad
olan bizlər bir də bir-birimizə yadıq. Təklik
içində təklik yaşayırıq. Dillərimiz
ayrı, bir-birimizi necəsə anlamağa
çalışırıq. Əsatirə görə, dil
insanlara günahının cəzası kimi verilib. Məşhur
Babil miflərində gecə-gündüz göy
üzünü dəlib ona çatmaq istəyən
adamların dillərini qarışdırıb hərəsini
dünyanın bir bucağına atan Tanrı haqqında əsatir
var. Öz yaradılışına çatmaq, onunla bu
dünyaya göndərilən ölümcül sualların
cavabını tapmaq istəyən Adəm oğulları dillərindən
ayrı düşürlər. Sivilizasiyaların yaranması,
fərdlərin təkamülü bu uçurumları bir az
daha dərinləşdirir. Elə bilirdik ki, dünyanı
öyrəndikcə, onu ilmə-ilmə kəşf elədikcə
aramızdakı məsafələr minimum olacaq. Amma
yanıldıq. Elmin inkişafı xoşbəxtlik gətirdiyi
qədər bədbəxtlik də gətirdi, göyə
çıxmaq istəyən insanı torpağın
iki-üç metr altına gömdü. Dillər
arasındakı savaşın yaratdığı ədəbiyyatlar
yenidən dünya ədəbiyyatı kimi eyni rəfdə
toplanmaq istəsə də, milli ədəbiyyat, yəni milli
dil anlayışının qarşısında bu proses də
zəifləyir. Adamlar bölünməyə, özlərinin
mahiyyətindəki vahidliyi sındırmağa
könüllü oldu. Bu gün Babil mifləri nə qədər
aktualdır, bir az müzakirəli və ayrıca
yazılası mövzudur. Amma çox güman ki,
fırlanıb, dolaşıb yenə eyni mənbəyə,
eyni məcraya gələrik.
Dil fikrin, düşüncənin konseptləşmiş
təzahürüdür. Onun mutasiyası başqa bir məfhum
yox, elə dilin özüdür. Dil düşüncə qədər
yeyin, düşüncə qədər elastik olduğu
üçün zaman fasilələrində baş verən
bütün proseslərə bizdən asılı olmayaraq (həm
də olaraq) özü reaksiya verir. Sözlərin, ifadə
şəkillərinin bir-birindən törənmədiyi halda
belə dil öz funksiyasını insanın müşahidə
qabiliyyəti ilə yerinə yetirməyə can atır. Alimlər
yüz uşağı fərqli kameralarda heç bir
ünsiyyət əlaqəsi olmadan saxlayırlar. Müəyyən
müddətdən sonra yüz fərqli dillə onlara
müraciət edən tamam fərqli fərdlərlə
qarşılaşırlar. Onların özlərini ifadə
etdikləri dillərin hamısı ivrit dilinə uyğun gəlsə
də, modifikasiya xətaları gözdən qaçmır.
Uşaqların böyümə dövründə dillər
getdikcə daha çox fərqlənməyə
başlayır və nəticədə bütün kodlar
qarışır. Lakin qarışan kodların açar
sözləri onların valideynlərinin dilinə müəyyən
qədər yaxınlıq təşkil edir. Dil təfəkkür
hadisəsindən genetik hadisəyə çevrilir. Təkcə
metafizik mahiyyətində deyil, həm də bioloji mahiyyətində
özünü büruzə verməyə başlayır.
Son aylarda yaşananlar dillərə hansı prizmadan təsir
göstərəcək, bunu hələ bir neçə
onillikdən sonra müəyyən edəcəyik. Amma
insanların izolyasiya şəraitində, virtual olaraq sosial,
reallıq olaraq asosial qaldığı bir dövrdə (ki,
bu, yeni əsrin başlanğıcından belədir)
düşüncə minimum alqoritmlərlə, dil minimum
lüğətlə varlığını qoruyur. Belə
olan halda yazının və dilin mahiyyətcə eyni yerdən
qidalandığını deyə bilsək də, təzahür
şəkillərindən hansının daha aktual olduğunda
mübahisələr yaranır.
Bəs dil böyük kontekstdə yoxa
çıxarsa, gərəksiz qalarsa, düşüncələrimizdə,
təxəyyülümüzdə hansı proseslər necə
və nə ilə dinamikləşir? Milyon illərdi
günahlarının cəzasını öz
ağızlarında daşıyan insanlar bir andaca bu cəzadan
qurtulmaq istəsələr, dildən, ünsiyyətdən
imtina etsələr, nə baş verər? İlk dilin birdən-birə
minlərlə dilə bölünməsi prosesində
olduğu kimi, insanlar arasındakı fərqlər
çoxalarmı, yoxsa dillərin vahid genetik kodlarının
aşkara çıxmasından sonra bu yadlaşmanın
başqa səbəblərini axtaranların əlində ciddi
dəlillərmi toplanar? Səsi ifadə etmədən sözə,
sözü ifadəsiz cümləyə, cümləni vizual
şəklə salmadan mətnə çevirmək
mümkün ola bilərmi? Süni intellektin yazdığı
şeirlər, ssenarilər, apardıqları diskurslar
sualımızın cavabını müəyyən mənada
vermiş olur. Bəs ünsiyyətin ruhsal qatındakı
konturları yazıda nə qədər ifadə edə biləcəyik?
Qodarın "Əlvida, dil!" filmindən sonra bu qədər
sualların dilimi deyil, təxəyyülümü məşğul
etməsi bəlkə rejissorun yuxarıdakı suallara
cavabıdır elə, bilmirəm.
P.S. Mətndə dil mətnin özəyini təşkil
edən yox, onu vizuallaşdıran element kimi istifadə olunub.
Rəvan CAVİD