Ümumtürk
miqyasında elmi yanaşma və Azərbaycan
reallığı
Məlum olduğu kimi, XX əsr ərzində Azərbaycan
filologiya elmində türkoloji dilçiliyin ümumi problemləri,
yaxud türk dillərinin müqayisəli-tarixi
qrammatikasının araşdırılıb tədqiq
olunması aparıcılıq təşkil etmişdir. Yaxud
türkologiya anlayışı mənasında yalnız əsas,
aparıcı türk xalqlarının qrammatikasından bəhs
olunmuşdur. Beləliklə, dilçilik elmində müxtəlif
qrammatik hadisələrdən əsasən
ayrı-ayrılıqda söz açılmışdır.
Bu baxımdan Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq
əlaqələr üzrə prorektoru, filologiya elmləri
doktoru, professor Mahirə Hüseynovanın "Ümumtürk
dilləri dialekt və şivələrinin
qarşılıqlı inteqrasiyası" monoqrafiyası
türkologiya elmində problemə fərqli bir
baxışın ifadəsidir. Belə ki, indiyədək
türk dilləri tədqiq olunarkən müqayisəli-tipoloji
tədqiqatdan başqa, daha çox eyni kökə malik olan
qohum dillərin əsasən leksik, fonetik, morfoloji, sintaktik və
üslubi xüsusiyyətlərindən bəhs edilmiş, bu
istiqamətdə mühüm elmi nailiyyətlər əldə
olunmuşdur. Filologiya elmləri doktoru, professor Mahirə
Hüseynova isə türk dillərinin dialekt və şivələrini
tədqiqat obyekti seçməklə türkologiya elminin əhatə
dairəsini daha da dərinləşdirmiş və genişləndirmişdir.
Məlum olduğu kimi, türk dillərindən
ayrı-ayrılıqda və ya bir yerdə söz açmaq ənənəsi
türkologiyada geniş yayılmış tədqiqat
üsuludur. Bundan başqa, həm dünya dilçilik elmində
və həm də türkologiyada dialekt və şivələrdən
əsasən hər bir dilin daşıyıcısı olan tədqiqatçılar
araşdırmalar aparmışlar. Çünki dilin dialekt və şivə qatına
dair materialları toplamaq və əldə olunmuş
dilçilik faktlarını həm də haqqında bəhs
edilən dilin xüsusiyyətləri ilə üzvi əlaqə
şəraitində izah etmək lazım gəlir. Ədəbi
dildən fərqli olaraq dialekt və şivələr əsasında
elmi ümumiləşdirmələr aparmaq xeyli dərəcədə
çətindir. Fikrimcə, filologiya elmləri doktoru, professor
Mahirə Hüseynova türk dillərinin dialektləri və
şivələrini tədqiqat obyekti seçməklə
türkologiyada az işlənmiş həmin boşluğu
doldurmaq kimi zəruri bir missiyanı uğurla həyata
keçirmişdir. Azərbaycan Respublikasının Dövlət
Mükafatına təqdim olunmuş professor Mahirə
Nağı qızı Hüseynovanın "Ümumtürk
dilləri dialekt və şivələrinin
qarşılıqlı inteqrasiyası"
monoqrafiyasının türkologiyada mövcud olan tədqiqatlardan
əsas fərqi məhz bundan ibarətdir. Mahirə Hüseynova
türk dilləri ailəsindəki dialekt və şivələri
tədqiqat obyekti kimi seçərək və daha dərin
qatlardakı ortaq kökləri elmi cəhətdən təhlil
edərək qiymətləndirmişdir. Müəllifin
özünün də düzgün olaraq qeyd etdiyi kimi, ilk dəfə
olaraq "əsərdə türk dilləri dialektlərinin
(Oğuz və Qıpçaq qrupu) bu və ya digər türk
dillərinin ədəbi dillərə inteqrasiyasında
mühüm rol oynayan dialektləri müəyyənləşdirilmiş
və bununla qədim türk protodilləri rekonstruksiya
edilmişdir". Real gerçəklikdə bu, Mahirə
Hüseynovanın apardığı tədqiqat işində
mövzunun aktuallığından bəhs edərkən nəzərə
çatdırdığı kimi, "türk
xalqlarının tarixi və inkişaf mərhələlərinin
təsnifatına yeni elmi baxışın" elmi ifadəsidir.
Professor Mahirə Hüseynova mahiyyəti etibarilə
yeni və əhəmiyyətli olan belə elmi nəticəyə
gəlib çıxmaq üçün: 1.Azərbaycan
dilçiliyində ümumtürk dilləri dialekt və
şivələrinin müqayisəli aspektdə tədqiqi məsələlərini
əsaslı şəkildə təhlildən
keçirmiş; 2. "Ümumtürk dilləri dialekt və
şivələrinin qarşılıqlı
inteqrasiyasını" aydınlaşdırmış; 3.
Türk dillərinin fonetik bölünməsi hadisəsini
aydınlaşdırmış; 4. Ümumtürk miqyasında
qohum dillərin fonetik, morfoloji və leksik xüsusiyyətlərini
müəyyən etmişdir. Əhatə dairəsinin
genişliyindən aydın şəkildə
görünür ki, yuxarıda qeyd edilən təsnifatda
öz əksini tapmış problemlərdən hər biri
monoqrafik səviyyədə xüsusi elmi tədqiqatın
mövzusu ola bilər. Lakin professor Mahirə Hüseynova
türk dilləri ailəsinin dialekt və şivələri
ilə əlaqədar olan bu məsələlərin ümumi
mənzərəsini yaratmaq, sahə üzrə aparılan tədqiqatlar
sayəsində gəlinmiş elmi-nəzəri nəticələri
ümumiləşdirmək məqsədilə türk dillərinin
dialekt və şivələri ilə əlaqədar olan
bütün əsas məsələlərdən 599 səhifədən
ibarət olan geniş həcmli bir monoqrafiyada bəhs
etmişdir. Bu, Azərbaycan dilçilik elmində türk dilləri
dialekt və şivələrinin qarşılıqlı
inteqrasiya şəraitində sistemli şəkildə tədqiq
edilməsi sahəsində ilk ümumiləşdirilmiş tədqiqatlardan
biri kimi meydana çıxmış elmi əsər olaraq
mühüm əhəmiyyətə malikdir.
Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan
dilçilik elmində ümumtürk dilləri dialekt və
şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri
müstəqil tədqiqat obyektinə çevrilmişdir. Bu məqsədlə
müəllif mövzu ilə əlaqədar geniş və
aydın təsəvvür yaratmaq üçün Azərbaycanın
görkəmli dilçi alimlərinin ümumtürk dilləri
dialekt və şivələrinin leksik-qrammatik xüsusiyyətlərinin
tədqiq olunması sahəsindəki xidmətlərini
araşdırıb ortaya qoymuşdur. Bu məqamda o,
tanınmış dilçi alimlərin apardığı tədqiqat
işlərinin özünəməxsusluğunu və onların
gəldikləri nəticələrin obyektiv qiymətləndirilməsini
diqqət mərkəzində saxlamışdır. Bu
baxımdan akademik Məmmədağa Şirəliyevin tədqiqat
prosesində toplama materiallarından çıxış etməsini,
ilk dəfə olaraq türk dilləri dialekt və şivələri
üçün də səciyyəvi olan diftonqların
funksiyalarının, sait və sammit səslərin əvəzlənməsi
hadisəsinin araşdırılmasını həyata
keçirməklə "Azərbaycan dialektologiyasının
əsaslarını" yaratdığını əsaslandırmışdır.
Akademik Ağamusa Axundovun türk dillərinin dialektləri və
şivələrinin tədqiqində daha çox nəzəri
məsələləri ön mövqeyə çəkməsi
bu görkəmli alimin özünəməxsusluğu şəklində
diqqətə çatdırılmışdır. Haqlı
olaraq Ağamusa müəllim "dialekt sistemləri və dil
sistemi arasında homomorfizm, dialektlərin öz sistemləri
arasında isə izomorfizm münasibətlərinin
mövcudluğu" nəzəriyyəsinin
yaradıcısı kimi təqdim olunur. Akademik Tofiq
Hacıyevin tədqiqatlarında isə mövzuya tarixi aspektdən
yanaşılmasının və ilk dəfə olaraq dialekt və
şivələrdəki səssizlərin xüsusiyyətlərinin
öyrənilməsinin üstünlük qazanması diqqət
mərkəzinə çəkilir. Mahirə
Hüseynovanın görkəmli türkoloq alim, professor Fərhad
Zeynalovun dialektik və şivələrdə mənşə
və funksionallıq məsələlərinin elmi şərhinə,
türk dillərinin coğrafi bölgülər üzrə təsnif
edilərək tədqiqata cəlb olunmasına nail olduğunu
müəyyən etmişdir. Tədqiqatçının
araşdırmalarında geniş yer tutan professor Həsən
Mirzəyevin dilçilik elminə "keçid şivələri"
nəzəriyyəsini gətirməsini nəzəri və
praktik cəhətdən əsaslandırılmış, onun
Dərələyəz şivələrinin tədqiqi, bu
regionun dialekt və şivələrinin lüğətinin
yaradılması sahəsindəki böyük xidmətləri
yüksək qiymətləndirilmişdir. Monoqrafiyada
tanınmış dilçi alimlərdən Elbrus Əzizovun
"tarixi dialektologiya", Bayram Əhmədovun "dialekt və
şivələrdə sadələşmə meylləri",
İsmayıl Kazımovun "mesxeti dialekti" və
"Axıska şivəsi", Məhərrəm Məmmədlinin
"türkcələrin dialektlərinin səs sistemini"
araşdırması, Hüseyn Əsgərovun maddi-mədəniyyət
dialektlərinin və "məhəlli dialektizmlərin"
öyrənilməsi, Əzizxan Tanrıverdinin "dialekt və
şivələrin ilkin formalarının" müqayisəli
və qarşılaşdırmalı şəkildə tədqiqi,
Buludxan Xəlilovun mövzuya genologiya baxımından
yanaşması, qrammatik xüsusiyyətlərlə
yanaşı, coğrafi baxımdan da
yanaşılmasının qanunauyğunluqları, Kamil Bəşirovun
"morfoloji kateqoriyaları" ön mövqeyə çəkməsi
Azərbaycan dilçilik elminin türkologiya sahəsindəki
mühüm xidmətləri səviyyəsində müəyyən
edilərək qiymətləndirilmişdir. Təqdim edilən
dəyərləndirmələrdə hər dilçi alimin
xidmətlərinin fərqli istiqamətlərinin tapılıb
üzə çıxarılması, beləliklə,
onların fərdi özünəməxsusluqlarının dəqiqləşdirilməsi
nəticə etibarilə Mahirə Hüseynovanın
özünün də dərin və geniş dilçilik
görüşlərinə malik dilçi alim olduğunu
göstərir.
Beləliklə, Azərbaycan dilçilik elmində
ümumtürk dialekt və şivələrinin
araşdırılması sahəsində əldə
edilmiş mühüm elmi nəticələr professor Mahirə
Hüseynova üçün bu sahədə baş verən
inteqrasiya proseslərini geniş şəkildə tədqiq etmək
baxımından baş məşq, yaxud möhkəm elmi baza
funksiyasını yerinə yetirmişdir. Digər türk
xalqlarında da dialekt və şivələrin
araşdırılması məsələlərinə diqqət yetirsə də, Azərbaycan
dilçiliyində məsələnin qoyuluşu Mahirə
Hüseynova üçün start nöqtəsinə
çevrilmişdir.
Monoqrafiyada türk dilləri anlayışı
geniş miqyasda təqdim olunmuşdur. Türkologiyada bu məqsədlə
ən çox istinad olunan Azərbaycan, Türkiyə, özbək,
qazax, türkmən, qırğız, uyğur türkləri
ilə yanaşı, Mahirə Hüseynovanın tədqiqatlarında
"Qərbdə Balkan yarımadasından və Egey dənizindən
tutmuş Şərqdə Çinə qədər"
geniş bir ərazidə yaşayan bütün türk
xalqlarının dialekt və şivələrini tədqiqata
cəlb etməklə türkologiyanın sərhədlərini
genişləndirmişdir. Kitabın "Türk dillərinin
dialekt və şivələrinin qarşılıqlı
inteqrasiyası" adlanan ikinci fəslində ifadə edildiyi
kimi, Mahirə Hüseynova "türkologiya aləmində
tarixi-müqayisəli metodun əsasını qoyan Mahmud
Kaşğarinin "Divanü lüğat-it-türk" əsərindəki
türk dillərinin həm ərazi prinsiplərinə, həm
də keyfiyyətinə görə təsnif edilməsi"
prinsipinə əməl etməklə türkologiyanı daha geniş
arealın miqyası masştabına doğru inkişaf
etdirmişdir. Bu baxımdan müəllifin ənənəvi
türkologiyada çox işlənən "türk dilləri"
ifadəsi əvəzinə "ümumtürk dilləri"
anlayışını işlətməsi sadəcə
sözdəyişməsi hadisəsi olmayıb, tədqiqat
obyektinin üfüqlərini daha da genişləndirmək səylərinin
əks-sədasıdır. "Türkcələrin dialekt
bölünməsi" adlanan üçüncü fəsildə
təqdim olunan türk dillərinin dialektlərinin yeni və
daha geniş təsnifatı Azərbaycan dilçilik elminin
yeni tarixi mərhələdə gəldiyi nəzəri qənaətlərdir.
Mahirə Hüseynovanın ənənəvi türkologiyada qəbul
edilmiş Oğuz qrupu, Qıpçaq qrupu, Bulqar qrupu və
Karluq qrupu türk dilləri ailələrinə aid edilən
dillərin təkmilləşdirilmiş təsnifatını
təqdim etməsi Azərbaycan dilçiliyi üçün əhəmiyyətli
hadisədir. Bundan başqa, Mahirə Hüseynova türk dillərinin
mövcud təsnifatının təkmilləşdirilmiş
versiyasını dilçilik tədqiqatları sferasına
daxil etməklə bərabər, həm də müasir
dövrün reallıqlarından doğan genişləndirilmiş
fərqli variantı da nəzərə çatdırmaqla
türkologiya elmini zənginləşdirməyə xidmət
etmişdir. Bu mənada monoqrafiyada ənənəvi
türkoloji dilçilikdə mövcud olan oğuz,
qıpçaq, bulqar, karluq dil qrupları dairəsinə
karluq-uyğur, uyğur-oğuz, çuvaş və yakut dil
qruplarını da əlavə etməsi nəzəri
dilçilik üçün də düşündürücü
addımdır. Bu vaxta qədərki tədqiqatlarda da səsləndirilməsinə
baxmayaraq, Mahirə Hüseynovanın türk dilləri ailəsinin
əhatə dairəsini genişləndirmə təşəbbüsləri
türkologiyaya dair müasir baxışların
formalaşdırılmasına xidmət edir. Tədqiqatçının
formalaşmış ədəbi dil yaratmış türk
xalqları ilə yanaşı, bolqar, şor, tofalar, salar,
noqay, tuva, qaraçay, balkar kimi müqayisədə nisbətən
az öyrənilmiş türk dillərinin dialekt və şivələrindən
bəhs etməsi ümumiyyətlə türkologiya elmi
üçün diqqəti cəlb edən addımlardır.
Eyni zamanda, hər bir türk dilinin daxilindəki dialekt
qruplarının sistemli şəkildə təsnifləndirilməsi
də elmi-nəzəri cəhətdən əhəmiyyətlidir.
"Ümumtürk dilləri dialekt və şivələrinin
qarşılıqlı inteqrasiyası" monoqrafiyasında
türk dillərinin dialektologiyasının qrammatik əsasları
bütün reallıqları və genişliyi ilə tədqiq
olunub ümumiləşdirilmişdir. Mahirə
Hüseynovanın ümumtürk dillərinin dialekt və
şivələrinin fonetik, morfoloji və leksik xüsusiyyətlərinə
həsr edilmiş araşdırmaları "Nəticə"də
deyildiyi kimi, "qədim türklərin söz
istehsalının ən mühüm cəhətlərini
meydana çıxarmaq" mümkün olmuşdur.
Ümumtürk dillərinin dialekt və şivələrində
diftonqlaşdırma, proteza, səsdüşünü,
metateza, assimilyasiya və sair kimi
fonetik hadisələrin şərqi türkcələrdən
hər birinin oxşar və fərqli xüsusiyyətlərinin
müəyyən edilməsinə imkan yaradır. Azərbaycan
dilinin fonetik tərkibinin özbək, türkmən, qazax dilləri
ilə müqayisəli şəkildə tədqiq edilib
ümumiləşdirilməsi türk dilinin digər
qrupları ilə də müqayisələrin və paralellərin
araşdırılması üçün açar rolunu
oynayır.
Məlum olduğu kimi, türk xalqlarının dillərinin
inkişaf edərək sabitləşməsi morfoloji
kateqoriyaların da formalaşmasını müəyyən
etmişdir. Bu proses türk dillərinin morfoloji strukturunda
dialektlərin yerinin və mövqeyinin möhkəmlənməsinə
səbəb olmuşdur. Bütün bunlar türk dillərinin
morfoloji sistemində dialektlərin və şivələrin
funksiyalarının elmi cəhətdən
araşdırılması aktuallıq kəsb edir. Buna görə
də türkcələrdəki morfemlərin daxilindəki
dialektizmlərin tədqiqi
türkologiyanın zəruri mərhələlərindən
biridir. Mahirə Hüseynovanın "Ümumtürk dilləri
dialekt və şivələrinin qarşılıqlı
inteqrasiyası" monoqrafiyasında morfoloji xüsusiyyətlərin
araşdırılmasına xüsusi bir fəslin həsr edilməsi
təbii və qanunauyğundur. Ümumtürk dillərində
mənsubiyyət və hal kateqoriyalarının morfoloji əlamətlərinin
müəyyən edilərək araşdırılması,
feil düzəldən şəkilçilərin əvəzlik,
məsdər və zərflərin dialektlərdəki yerinin və
əhəmiyyətinin təyin edilməsi geniş mənada
nitq hissələrinin formalaşmasında dialektizmlərin
rolunun aydınlaşdırılmasına imkan verir. Aparılan
tədqiqatlar nəticə etibarilə türk dillərinin
söz köklərinin möhkəm əsaslarının
yaranmasında morfoloji xüsusiyyətlərin əhəmiyyətini
üzə çıxarır.
Türk dillərinin dialekt və şivələrinin
leksik xüsusiyyətləri qohum dillərdə inteqrasiya
proseslərinin izlənilməsinə daha geniş şərait
yaradır. Mahirə Hüseynovanın ümumtürk dillərindəki
leksik vahidlərin inteqrasiyası sahəsində
apardığı araşdırmalar və müşahidələr
qohum dillərin qarşılıqlı zənginləşdirilməsi
imkanlarını meydana qoymağa əsas verir. Türk dillərində
qədim tarixi və geniş ənənəsi olan söz
yaradıcılığı və məna zənginliyinin
üzə çıxarılması son nəticədə həm
qədimlik anlayışının və həm də
sinonimlik imkanlarının yaradılmasında dialekt və
şivələrin rolunu nəzərə
çatdırır. Mahirə Hüseynova tayfa, nəsil,
qohumluq, peşə, təsərrüfat münasibətlərini
ifadə edən sözlərdə və ya söz birləşmələrində
dialekt və şivə faktorunun əhəmiyyətini göstərmək
üçün çox zəngin dil faktoruna istinad edərək,
türk dillərinin leksik bazasının genişliyini diqqət
mərkəzinə çəkmişdir. Türk dillərində
qarşılıqlı inteqrasiya proseslərinin genişləndirilməsi
zənginləşdirmə faktoruna təsir göstərən
əsas amillərdən biri kimi təqdim olunur. Beləliklə,
dialektlər və şivələr türk
dünyasının dil zənginliyinin və dildə yeniləşdirilmə
proseslərinin əsas qaynağı kimi müəyyən
olunmuşdur.
Dilçilikdə də riyaziyyatda olduğu kimi, dəqiqlik
və konkretlik vacib faktorlardır. Bu amillər dil hadisələrinin
dilçilik faktoruna çevrilməsində mühüm rol
oynayır. Bütün bunlara görə Mahirə Hüseynova
tədqiqatın bütün bölmələrində
müşahidə etdiyi, yaxud irəli sürdüyü
müddəaları dil faktları ilə təsdiq etmək
üçün dilçi alimlərin nəzəri fikirlərinə
və bədii əsərlərin dilindəki dialektizmlərə
istinad etməklə qənaətlərini əsaslandırmışdır.
Monoqrafiyada klassik və müasir ədəbiyyatdan gətirilmiş
bədii parçalar, elm adamlarının əsərlərindən
olunmuş istinadlar müəllifin elmi müddəalarının
əsaslandırılmasını və təsdiq edilməsini
möhürləyir. Filologiya elmləri doktoru, professor Mahirə
Hüseynovanın "Ümumtürk dilləri dialekt və
şivələrinin qarşılıqlı
inteqrasiyası" monoqrafiyası zəngin mənbəşünaslıq
bazasıdır. Monoqrafiyanın "Kitabiyyat"ı problemin
mahiyyəti və həlli ilə üzvi surətdə
bağlı olub, müəllifin geniş elmi
dünyagörüşünü, mübahisə və təhlil
qabiliyyətlərini diqqət mərkəzinə çəkir.
Ədəbiyyat siyahısı, həmçinin türk dillərində
dialekt və şivələrin tədqiqi ilə məşğul
olan alimlərin kimlərdən ibarət olduğunu və
hansı ölkədə yaşadıqlarını əyani
şəkildə təqdim edir. "Ümumtürk dilləri
dialekt və şivələrin qarşılıqlı
inteqrasiyası" kimi sanballı monoqrafiyası filologiya elmləri
doktoru, professor Mahirə Hüseynovanın adının da həmin
tanınmış tədqiqatçıların
sırasında olduğunu
görməyə və göstərməyə əsas verir.
"Ümumtürk dilləri dialekt və şivələrin
qarşılıqlı inteqrasiyası" monoqrafiyası da
müasir dövrdə bu mövzuda yazılmış elmi əsərlərin
ədəbiyyat siyahısına daxil olacaqdır.
Ümumtürk miqyasında elmi yanaşmalar əsasında
yazılmış monoqrafiya mövcud problemə dair Azərbaycan
reallığını meydana qoyan elmi əsər kimi
mühüm elmi əhəmiyyətə malikdir.
1 may 2024-cü il
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, Milli Məclisin deputatı, akademik,