Əbədi sözə çevrilən
ədəbi sima
İsi Məlikzadə-90
Gördüklərini, yaşadıqlarını, təbiətdən
gələnləri, insan fitrətindən boy
qaldıranları, ürəyinə
sığışdırdığı yeri, göyü, bu
dünyada ovqatına bələd olduğu bütün nəsnələri
sözə çevirmək üçün qələminin
mürəkkəbini ürəyini qanı ilə
qarışdıran, taleyini sözün taleyinə bağlayan
kəslərdən biri idi İsi Məlikzadə... Sonradan
özü də sehri müəmmalı olan sözə
çevrildi; ölüm sevinmədi. Çünki qazanan əbədiyyət,
ədəbiyyat oldu. Ölüm İsi Məlikzadə ismini
öz sonsuzluğu kimi içinə çəkə bilmədi.
İsi Məlikzadə özündən sonra da doğuldu.
Çünki o, təkcə özünü adlayan
yazıçı deyildi, həm də böyük bir ənənədən
gələn nəsri adlayıb keçən illərə boylanan
ədəbi nəslin layiqli nümayəndəsi idi. 1 May
tarixində dünyaya gəlməsi ilə alın
yazısına ölməzlik yazılan
yazıçının, altmışıncıların
yükünü çiynində daşıyan görkəmli
şəxsiyyətlərdən biri olan İsi Məlikzadənin
anadan olmasından 90 il ötürdü...
İsi Məlikzadə nəsrinin məziyyətləri,
əsərlərindəki ustalıqla qələmə
alınmış situasiyalar, üslub-dil möhtəşəmliyi
barədə kifayət qədər məqalələr qələmə
alınıb. Bu gün Azərbaycan oxucusunun, ələlxüsus
gənc qələm adamının fokuslanmalı olduğu ən
vacib məqam İsi Məlikzadənin orijinal insan obrazı
yaratmaq və canlı hadisələrin tablosu ilə oxucunu
üzbəüz qoymaq bacarığıdır. Onun
obrazları arasında nadir hallarda mütləq qəhrəman,
yaxud birmənalı əclafa rast gəlinir. İsi Məlikzadənin
bütün mənfi xarakterli obrazlarının bir bəraətə
ayaqyeri var. O, müsbət keyfiyyətli obrazlarına
rahatlıqla məzəmmət edə bilir. Çünki
İsi Məlikzadə hadisələrinin yüyənginə
onəlli hakim ola bilib və o hadisələri
qışqırıqsız ifadə etmək qüdrətinə
sahib olub. Onun povestlərini və hekayələrini oxuyanda
yazıçının necə rahat, bütün qələbəlikdən,
qarğaşadan arınmış, demək istədiyini
beyninin bir küncündə dincə qoymuş psixoloji vəziyyətini
təsəvvür etmək elə də çətin deyil.
İsi Məlikzadə öz obrazları ilə oxucunu
yaxından tanış edir. Qəhrəmanın dərinliyinə
nüfuz etmək şəraiti yaradır.
Yazıçının uzun nəfəsi, geniş sinəsi
bu bənzərsiz tablolarla bizi heyrətləndirməyə
başlayır. Oxuduqca hərflər arasından müxtəlif
baxışları hiss edirsən. İsi Məlikzadənin
obrazlarının görünüşünü, üz
quruluşunu təsəvvür etmək müşkül deyil.
O danışmır, o göstərir. İndi də belədir,
onillər sonra kitaba maraq göstərən nəsillər
üçün də belə olacaq. Cismani varlığı
gözə dəymədiyi halda ismi indiki zamanda anılan
insanlar arasında qələm adamları ən
uzunömürlülər sırasındadılar, yəni bu
dünya ilə yaşıd...
İsi Məlikzadə imzası ilə ilk
tanışlığım müəllifin 1982-ci ildə
çapdan çıxmış "Günəşli
payız" kitabı ilə başlayıb. Kitabın ilk səhifəsində,
sovet nəşrlərinin çoxunda olduğu kimi, qələmlə
yazılmışdı: "Rəsulova Könülün
şəxsi kitabı". Həmişə bu qeydlər məni
xüsusi düşündürüb. Məsələn, bax bu
adam bu kitabı hansı vaxt oxuyub? O, bunu oxuyanda ovqatı necə
olub? Ətrafında nələr baş verib? Kimi sevib, kimə
nifrət edib? Oxuduqları ona necə təsir
bağışlayıb? Və necə olub ki, bu gün bu
kitab, tanımadığım adamın adı həkk
olunmuş bu nəşr məhz mənim kitabxanamdadır?.. Yəqin,
bu da mənim, həmin Rəsulova Könülün, həm də
İsi Məlikzadənin taleyidir...
Ağcabədi rayonundakı qəbiristanlığa
daxil olanda ağlı-qaralı daşlar arasından büstə
çevrilmiş bir sima sənə tərəf boylanır.
Qarşısında dayanırsan, daşa da bəxtəvərlik
oxuya bilirsən. Əlini daşa vurursan, görürsən,
möhkəmdi, özü də çox möhkəm, baş
vursan, başın yarılar... Sonra səni bu daşı
görüb özünə tərəf çəkən
söz haqqında fikirləşirsən; görürsən,
bu dünyada daşdan da möhkəm şeylər var imiş:
söz! İsi Məlikzadənin cümlələri qüvvətə
qüvvət qatan "bir qatar tutiyi-şirinsüxənlər"
cərgəsindədir. Ruhunu rəhmətlə anır, qələminin
ölməzliyi qarşısında heyrət edirik.
Tanınmış qələm adamlarının təkcə
İsi Məlikzadənin ruhunun şadlığı xatir yox,
həm də sözün özünün qədri naminə
söylədiklərini oxuculara təqdim edirik:
Xalq yazıçısı Anar: "İsi Məlikzadə
bizim nəslin ən parlaq, ən istedadlı nasirlərindəndir.
Olduqca mehriban, ünsiyyətcil xarakterə malik idi və son dərəcə
təvazökar insan idi. Mən onu çox sevirdim. "Nəsrin
fəzası" adlı yazımda böyük bir hissə
İsi Məlikzadəyə həsr olunub. Xüsusilə, onun
"Quyu" povestini çox bəyənirdim. Qarabağ həsrəti
İsinin ömrünü qısaltdı. Təəssüf
ki, o, bu günü görmədi, ən çox sevinənlərdən
biri də İsi olardı. Onun xatirəsi mənim
üçün əzizdir. İsi Məlikzadə Azərbaycanın
ən işıqlı yazıçılarından
biridir".
Xalq yazıçısı Kamal Abdulla: "İsi Məlikzadə
kimi şəxsiyyətlər həmişə
yaddaşlardadır. Onunla görüşləri həzin və
sevimli bir əhvalla xatırlayıram. Görüşəndə
sevindiyim adamlardan idi. Hər hekayəsi də bir master-klass
nümunəsi... Unudulmazdır!"
Elçin Hüseynbəyli: "İsi Məlikzadə
imzası özündən sonralara işıq salan
mayakdır. Yaxşı xatirimdədir, mütaliənin
qızğın dövründə İsi Məlikzadənin hər
yeni kitabı insanlar üçün sevinc idi. Çünki
oxucular həmin əsərlərdə özlərini kəşf
edirdilər. Bu, bir növ, kitabla canlı ünsiyyətin
formulu idi. İsi Məlikzadə bu formulu tapan və maraqlı
cığır açan yazıçılardan olub. Vəfatından
30 ilə yaxın müddət keçməsinə baxmayaraq,
o, bu gün də anılır, sevilir. İsi Məlikzadənin
əsərləri əsasında ekranlaşdırılan
tele-tamaşalar, filmlər bu gün də yayımlanır.
Onları izlədikcə İsi Məlikzadə ilə
aramızdakı illər bir saniyəyə çevrilir və
onun təxəyyülünün genişliyi, təhkiyəsinin
canlılığı insanı düşündürür.
Deməli, əbədiləşmək budur!"
Fəxri Uğurlu: "İsi Məlikzadə Azərbaycan
ədəbiyyatının 60-cılar nəslinin ən parlaq
nümayəndələrindən biridir. Onun əsərlərindəki
Qarabağ koloriti mənə həmişə Əbdürrəhim
bəy Haqverdiyevin yaradıcılığını
xatırladıb. "Quyu", "Yaşıl gecə",
"Evin kişisi", "Küçələrə su səpmişəm"
kimi povestlərdə sevinclə kədər, faciə ilə
komediya iç-içədir. İsi Məlikzadəni oxuyanda
məni aran Qarabağın havası vurur. Onun bütün əsərləri
gözəldir, ancaq fikrimcə, ən güclü əsəri
"Quyu"dur. Məsələn, "Dədə
palıd"da İsinin qələminə xas olmayan pafos tapmaq
olar, hətta "Yaşıl gecə" kimi şedevrdə
sosial didaktikaya bənzər nələrsə tapılar, amma
"Quyu"da bir zərrə qəlp yoxdur, bu əsər ədəbi
saflığı, bədii siqləti baxımından İsi Məlikzadə
yaradıcılığının zirvəsidir. Mərhum
yazıçımızın imzası milli ədəbiyyatımızın
səhifələrindən heç vaxt silinməyəcək".
Etimad Başkeçid: "İsi Məlikzadə Azərbaycan
ədəbiyyatında heç bir stereotipə sığmayan,
orijinal, bəzən hətta parodoksal xarakter daşıyan
düşüncə və yazı tərzi ilə əbədilik
qazanmış sənətkardır. Bunun ən bariz göstəricisi
odur ki, illər ötdükcə onun əsərlərinə
oxucu marağı daha da artır, insanlarımızın dilindən
adı düşmür. "Quyu", "Dədə
palıd", "Gümüşgöl əfsanəsi" və
bütün digər əsərləri indi bütöv bir
tarixi dövrün şərti fonunu təşkil edir və
spesifik tarixi-milli kaloritini özündə əks etdirir.
İsi Məlikzadənin hekayələrində müəllif
üçün ən vacib problem - insanın daxili
dünyasının obrazı və psixologizm məsələləri
tamamilə fərqli müstəvidə öz həllini
tapır. Əsərlərin adları (yuxarıda
sadaladıqlarımız da daxil olmaqla) heç vaxt təsadüfi
təsir bağışlamır, bu, onun estetikasının
yalnız bir hissəsidir və hekayələrinin süjeti,
personajlar, təhkiyə forması, müəllif
intonasiyası ilə üzvi şəkildə
bağlıdır. İsi Məlikzadə yalnız onun
özünə xas kompozisiya formasından istifadə edir:
süjetin inkişafı, sonluğu, motivasiya sistemi və s.
Bunların hamısı onun öz "əl işi"dir,
heç kəsdən götürülməyib, hər halda,
belə təsir bağışlayır. İsi Məlikzadənin
bir yazıçı kimi ədəbiyyatımızın
tarixində həmişə xüsusi yeri olacaq".
İlham Əziz: "İsi Məlikzadə müasir
Azərbaycan ədəbiyyatının hekayə
janrının sütun şəxsiyyətlərindən
biridir. Onun yaradıcılığı nəsrə yeni qədəm
qoyan adama qənimətdir. Prozanın böyük ustası
detallara ədəbiyyat eliksirini elə səpib ki, çox adi
situasiya, sadə adamlar ölməzlik tapıb. O, hekayələrində
ironiyanı elit səviyyədə işlədib. İsi Məlikzadənin
qəhrəmanları şəffafdır. Ən mənfi
obrazının da içində məkr yoxdur. Bu nasirin nə
olursa olsun, insanı anlaması, enpati qurmasıdır. Bu qəbildən
olan yazıçılar xarici qüvvələrdən
çox insanın daxili aləminə səyahət edir, onu tədqiq
edir. Məni ən çox valeh edən ustad
yazıçının mətnlərdəki
arın-arxayın əminliyidir. İsi Məlikzadənin hekayələri
sal qaya kimidir, yanından milyon illər "küləklər"
əssə də, ondan toz da qopara bilməzlər. Strukturun
forma ilə vəhdətində olan, zamanın məkana
uduzmadığı proza nümunələri görkəmli
nasirimizi əbədi olaraq ədəbiyyat tariximizə həkk
edib. İsi Məlikzadəni oxuyub pis adam olmaq
namümkündür".
Nadir YALÇIN