Azərbaycan sənətşünaslığında
silinməz imza
İncəsənət tariximizin tədqiqində alim və
rəssam Natalya Miklaşevskayanın özünəməxsus
rolu var
Çoxəsrlik tarixə malik Azərbaycan sənətşünaslığı
uzun inkişaf yolu keçib. Bu yolun bir çox
tanınmış nümayəndələri olub. Şübhəsiz
ki, bu yolun başlanğıcında, necə deyərlər, sənətşünaslığımızın
beşiyi başında XVI əsrdə yaşayıb-yaratmış
Sadıq bəy Əfşar dayanır. XX əsr isə
müasir Azərbaycan sənətşünaslıq elminin və
məktəbinin əsaslı formalaşma və püxtələşmə
dövrüdür. Bu dövrdə bir sıra
tanınmış sənətşünas alimlərimiz
yetişib. Onlardan biri də sənətşünaslıq elmləri
doktoru, dövrünün tanınmış alimi və rəssamı
Natalya Mixaylovna Miklaşevskayadır (1909-1981). Bu il
N.Miklaşevskayanın 115 illik yubileyi ilə də əlamətdardır.
Bu yazımda Azərbaycanda
yaşayıb-yaratmış, incəsənətimizin müəyyən
dövrlərinin araşdırılıb tədqiq
olunmasında yaddaqalan xidmətləri olmuş
N.Miklaşevskayanın fəaliyyət yolu barədə
müxtəsər məlumat vermək fikrindəyəm. Qeyd
edim ki, sənətşünas alim və rəssamın həm
bir sıra bədii əsərləri, həm də elmi
araşdırılmaları Azərbaycan incəsənəti
tarixində mühüm yer tutur.
N.Miklaşevskaya Ukraynanın Starodub şəhərində
anadan olmuş, körpə yaşında ailəsi ilə
birlikdə Sibirə köçmüşdü (bəlkə
də onun ailəsi Sibirə sürgün olunmuşdu?!).
Novosibirsk orta məktəbini bitirdikdən sonra, qısa
müddətdə məktəbdə müəllim və məktəb
direktoru işləmişdi.
1931-ci ildən N.Miklaşevskaya ömrünü
Bakı ilə bağlayır. O, Bakıya bacısının
- rəssam Marqarita Mixaylovna Əfəndinin yanına
köçür. Burada əvvəlcə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu
(1935), daha sonra isə indiki Bakı Dövlət Universitetinin
tarix fakültəsini (1942) bitirir.
N.Miklaşevskaya Azərbaycan Milli İncəsənət
Muzeyində ekskursiya rəhbəri, rəssam, elmi işçi
vəzifələrində çalışıb, muzeyin
ekspedisiyalarının təşkilində iştirak edib
(1933-1944). O, azərbaycanlı qadın rəssamların 8 marta
həsr olunmuş 7 sərgisinin (1938-1957-ci illərdə) təşkil
olunmasında fəallıq göstərib. Həmçinin
Bakı Şəhər Rəssamlar İttifaqı Komitəsinin
sədri vəzifəsində çalışıb (1941-1946)
1944-cü ildən sənətşünas alim
AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunda işləməyə başlayır,
ömrünün sonuna qədər burada elmi
yaradıcılıqla məşğul olur. O, ölkəmizin
sənətşünaslıq namizədi dərəcəsi
almış ilk qadın sənətşünası kimi
tanınır. Alim "XVIII-XIX əsrlərdə Azərbaycanın
divar rəsmləri" mövzusunda namizədlik (1948),
"1920-1945-ci illərdə Sovet Azərbaycanında sosialst
realizmi incəsənətinin təşəkkülü və
inkişafı" mövzusunda doktorluq (1969)
dissertasiyalarını uğurla müdafiə edib.
N.Miklaşevskaya ilk sənətşünas alimdir ki,
Azərbaycan incəsənətinin ən əhəmiyyətli
sahələrindən biri olan divar boyakarlığı sahəsində
fundamental elmi tədqiqat işi aparıb, sonda sənətşünaslıq
elmimizə tutarlı elmi faktlar və araşdırmalarla zəngin
olan materiallar bəxş edib. Sənətşünas alim və
rəssam N.Miklaşevskaya Şəki Xan Sarayı,
Şuşada Mehmandarovun evi, Hacı Məmmədov və
İskəndər Rüstəmovun evi, Səfibəyovun evi və
başqa tarixi abidələrdə təkcə divar rəsmlərinin
araşdırılıb tədqiq olunması, elmi əsaslarla
işlənilməsi işini aparmayıb, həm də bu sənət
əsərlərinin rəsmlərini çəkərək gələcək
nəsilə çatdırılması işində müstəsna
xidmətlər göstərib. Alimin Mirzə Qədim İrəvani,
Mir Möhsün Nəvvab, Usta Qənbər Qarabağinin həyat
və yaradıcılığı haqqında araşdırma
və yazıları bu gün də öz elmi
aktuallığını saxlamaqdadır. Rəssamın
yüksək dəqiqliklə surətlərini
yaratdığı rəsmlər Azərbaycan Milli İncəsənət
Muzeyinin kolleksiyasında qorunur.
Şübhəsiz ki, alimin ən əhəmiyyətli
və diqqəti cəlb edən, onun bədii və elmi
yaradıcılığının zirvəsi sayılan məhz
Azərbaycan divar rəsmlərinin sənətşünaslıq
nöqteyi nəzərindən araşdırılması, tədqiqi
olunması və divar rəsmlərinin surətlərinin
yaradılmasıdır. N.Miklaşevskayanın bu sahəyə
dair "XVIII-XIX əsrlər Azərbaycan divar rəsmləri"
və "XIX əsr rəssamları Mirzə Qədim İrəvani
və Mir Möhsün Nəvvab" adlı fundamental elmi məqalələri
1954-cü ildə "Azərbaycan incəsənəti" toplusunun
IV buraxılışında nəşr olunmuşdu. Lakin alim
bununla kifayətlənməmiş, ölkəmizdə XX əsrin
əvvəllərində təsviri sənət ənənələrinin
təşəkkülü və inkişafı istiqamətində
elmi araşdırmalarını davam etdirərək doktorluq
dissertasiyasını uğurla müdafiə etmişdi. Sonralar
alimin həmin tədqiqat işi monoqrafiya şəklində nəşr
olundu. Sənətşünas alim N.Miklaşevskayanın nəşr
olunmuş monoqrafiya və kitablarından "Rüstəm
Mustafayev" (1959), "Azərbaycan Sovet təsviri incəsənəti
oçerkləri" (1960, müştərək),
"Abstraksionizm - sənət deyildir" (1962), "Serqey
Yefimenko" (1964), "Sovet Azərbaycanında sosialist realizmi
incəsənətinin təşəkkülü və
inkişafı (1920-1945-ci illər)" (1974), "Azərbaycan
Sovet incəsənəti" (1979, müştərək) və
başqalarını qeyd etmək olar. Bundan başqa, zaman-zaman
N.Miklaşevskayanın bir sıra elmi araşdırma və məqalələri
müxtəlif elmi toplu, jurnal və qəzetlərdə dərc
olunub. Alimin elmi yaradıcılıq fəaliyyəti xeyli əhatəlidir.
O, həmçinin bir çox rəssamların həyat və
yaradıcılığına dair nəşr olunmuş kataloqların
mətnlərinin müəllifidir.
Sənətşünas Lidiya Şirokova haqlı olaraq
dəyərli həmkarını belə xarakterizə edirdi:
"Miklaşevskaya heç bir çətinlikdən qorxmayan,
əsl canyananlıqla çalışan alimdir. Şəki
Xan Sarayında vitrajlardan güclə keçən gün
işığında tavandakı ornamentlərin
detallarını, onların rəng çalarlarını dəqiqliklə
köçürə bilmək üçün nə qədər
zəhmət, dözüm lazımdır. Sözsüz ki, belə
çalışqanlıq, belə zəhmət elm naminə fədakarlıqdır".
Azərbaycan sənətşünaslıq elminin, təsviri
sənətinin inkişafında yaddaqalan xidmətlər
göstərmiş, özünün elmi və bədii
yaradıcılıq nümunələri ilə sənətşünas
alimlərin və sənətsevərlərin yaddaşında
iz buraxmış N.Miklaşevskayanın xatirəsi, imzası
incəsənət tariximizdə həmişə yaşayacaq.
Əsəd QULİYEV, sənətşünas, AMEA-nın
dissertantı,
Rəssamlar İttifaqının üzvü
525-ci qəzet.- 2024.- 11 may,№82.- S.23.