Tarixin faciəli və ibrətamiz əhvalatları
(Əvvəli ötən şənbə
sayımızda)
Perikl əsl mərhəmət simvolu idi
Qəddarlıq, haqsızlıq, qonşu millətə
düşmənçilik hissi bəsləmək lənət
ünvanına səbəb olduğu kimi, rəhmdillik, alicənablıq
təkcə ömrü boyu yox, dünyanı tərk etdikdən
sonra da hər bir insan, xüsusən, hökmdar
üçün ən gözəl şöhrət çələnginə
çevrilir, adamlar onu həmişə böyük ehtiramla
yad edirlər. Afina strateqi Perikl ölərkən dostları
ona çox tərifli sözlər desə də, o,
özü haqqında bircə söz demişdi ki, heç bir
afinalıya şəxsən ona görə matəm paltarı
geyinmək nəsib olmamışdı. Bu onu göstərir
ki, o, öz əleyhdarlarına qarşı da daim mərhəmətlilik
nümayiş etdirmişdi. Perikl Afina teatrında özü
barədə həcv xarakterli, həqiqətdən uzaq olan dram
əsərlərinin oynanılmasını qadağan etmək
barədəki təklifləri ağılsız məsləhət
kimi qiymətləndirirdi.
Bu sadə bir sadəlövhlük sayıla bilər
ki, çoxları guya bu yolla getməyə üstünlük
verir, axı Perikllərə nadir halda rast gəlmək olur,
ötən əsrlərdə isə çoxları qanlı əməlləri
ucbatından xalqının matəm
paltarından çıxmasına imkan vermirdi. Bütün
bunlardan daha qorxulusu odur ki, bəzi qana susayan hökmdarlar həm
DƏ xüsusi məkr qabiliyyətinə
malik olurlar.
L.N.Tolstoy bir dəfə gündəliyində
yazmışdı ki, insan axır, yəni dəyişir və
onda hər cür imkanlar var. Burada zəngin mənəviyyata
malik olan insanlardan söhbət gedir, onlarda yaxşılığa
doğru hərəkət qeyri-məhduddur, davam edəndir, dəyişəndir,
axandır. Ruhən kasıb və bəzən mənəviyyatdan
məhrum olan qəddarların yaratdıqları bataqlıq isə
təkcə ona ayaq basanları batırıb məhv etmir, həm
də ətrafa metan qazı buraxmaqla bütün ətrafı
zəhərləyir. Bir Şərq ölkəsindən olan
yol yoldaşım, mən onunla Milandan Praqaya uçarkən təyyarədə
tanış olmuşdum, xalqının faciəsi barədə
maraqlı və ibrətamiz şeylər danışdı.
Onun fikrincə, qəddarlığın hakim kəsildiyi cəmiyyət
bütövlükdə öz xüsusiyyətini dəyişməyən,
hər şeyi çürüməyə məhkum edən məhz
belə bataqlığa bənzəyir. Onun səbəbini məhv
etmədən, nəticəsinə - buraxdığı
üfunətə qarşı mübarizə aparmaq
qeyri-mümkündür.
Qəddarın hökmdarlıq etdiyi ölkə xüsusi düşərgə
olaraq qalmır, onun hakimiyyətinin daha yaxşı fəaliyyət
imkanından ötrü ölkənin özünü iyrənc
qanunların nəzarət etdiyi məhbəsə çevirmək
lüzumu ortaya çıxır. Hitler Almaniyası əvvəlcə
öz xalqı, sonralar isə digər Avropa xalqları və
slavyan xalqları üçün ölüm düşərgələri
şəbəkəsi yaratmışdı. Axı ölkəni
Göylər altındakı nəhəng məhbəsə
çevirmək olmaz. Belə ölkələrdə ən
böyük uğursuzluğu belə, uğur adına, irəliləyiş
adına xalqa təlqin etmək olur, çünki məhbəsdə,
ölüm düşərgəsində təkcə dəhşətli
qaydalar qoyulmur, həm də bu qaydalara nəzarəti valideyn və
ya adi insan deyil, vəhşilik təlimi keçmiş gözətçilər
həyata keçirir. Şah dövrümndə İranda
siyasi dustaqlar üçün olan Evin xüsusi həbsxanası
ora düşənlərin həyatla
vidalaşmalarınıı yaxınlaşdırırdı.
Əxlaqı qorumağın eybəcər
üsulları
Cəmiyyətin hər bir üzvünün istənilən
fəaliyyətinə əxlaq adı altında polis nəzarəti
mövcuddursa, polis və xəfiyyə sistemi istənilən
vaxt ailə və yaxın adamlarla olan münasibətə də
telefon danışığına qulaq asmaq, digər texniki
vasitələrlə şəxsi həyata müdaxilə etmək
imkanına malikdirsə, bu ölkə sərhədçilərin
keşikçi kimi qoruduğu həqiqi məhbəsdir, buradan
qaçıb qurtarmaq belə faciə ilə nəticələnir.
İranda hicab geyinməməyə görə qızların
cəzalandırılması adi hal hesab olunur.
Əfqanıstanda isə Taliban hakimiyyəti qızların,
qadınların təhsil almaq, işləmək
hüquqlarını ləğv etmişdir, onları
hüquqsuz varlıqlara çevirmişdir. Ərsiz qadın,
onların sayı isə uzun sürən müharibələrin
nəticəsi kimi olduqca çoxdur, körpə
uşaqlarını necə dolandırsın. İnsan
haqlarının addımbaşı pozulduğu ölkələrdə
yeganə çıxış və xilas yolu kimi artıq fəaliyyət
deyil, ancaq düşünmək qalır. Axı hələlik
siyasi polisin insanların beynində gedən biokimyəvi
reaksiyaları kənardan müşahidə etmək və ona
nəzarət etmək imkanı yoxdur.
Yaxşı ki, düşünmək hələlik hər
bir adamın öz muxtar hakimiyyətindədir, onun öz səlahiyyətindədir,
ona müdaxilə oluna bilinmir. Əgər bu əraziyə də,
mənsub olduğu bütün məkanı və
varlıqları idarə edən dövlət hakimiyyəti
müdaxilə etsəydi, onda Qədim Romanın iyrənc
imperatorlarından biri olan Kaliqulanın arzusuna yaxın bir hadisə
baş verərdi, bütün xalqın bir boynu olmasa da, bir
cür düşünən və əslində, vahidə
çevrilən başı olardı və onu fiziki cəhətdən
məhv etməyə də ehtiyac olmazdı. Cəmiyyətin
bütün ciddi-cəhdlərinə baxmayaraq, hələlik təbiət
adamları bu dəhşətli "taledən" - dövlət
adlanan Leviafana tam mənsub olmaqdan qoruyur. Ancaq düşünməklə,
koqnitiv qabiliyyətini mühitə görə nizamlamaqla, adam
bir balaca öz vəziyyətini yüngülləşdirirsə,
nisbi rahatlıq tapırsa, mütləq vəziyyət ya dəyişilməmiş
qalır, ya da daha artıq pisləşməyə
başlayır. Əcnəbi yol yoldaşım israr edirdi ki, qəddarlığa
qarşı mübarizə zəruridir. Qəddarlıq
böyük gücə malik olduğuna görə, onu məhz
güc tətbiq etməklə dəf etmək olar, onun zəncirindən
xilas olmaq olar.
Yaxın Şərq ölkələrindən birinin vətəndaşı
olan bu adam öz ölkəsindəki vəziyyətdən
olduqca narazı idi, dövlətin pulunun ABŞ dollarına
görə məzənnəsinin kəskin sürətdə
aşağı düşməsindən, sosial vəziyyətin
çox pisləşdiyindən şikayətlənməyə
başladı. İstehza ilə dedi ki, siz bizim paytaxtda 150
dolları yerli pula dəyişsəniz, asanlıqla milyoner ola
bilərsiniz, çünki o məbləğin hesabına 6,7 milyon yerli valyutaya sahib
olacaqsınız. Bu barədə vətənimi yalnız
Venesuela ilə müqayisə etmək olar. Ona görə də
ölkədə narazılıqlar baş verir, lakin hökumət
müxtəlif vasitələrdən istifadə etməklə
vəziyyətə nəzarəti öz əlində
saxlayır. Bizə yalnız görkəmli Norveç rəssamı
Edvard Munkun məşhur "Qışqırıq"
tablosundakı ümidsizliyin ifadəsi olan epizodu təkrar etmək
qalır. Onu da qeyd etdi ki, mənim sizə şikayətlənməyimin
də elə bir faydası yoxdur.
Mən onun öz sözündən istifadə edib,
dahi Hötenin hikmətli fikrini yada saldım. Höte
yaxşı demişdir: "Fikirləşmək asandır, hərəkət
etmək isə çətin. Fikirləşdiyin kimi hərəkət
etmək isə dünyada ən çətin şeydir".
Fikirləşəndə buxovları qırıb
atdığın kimi, fəaliyyətində də nə qədər
çətin olsa da, buna cəhd etməlisən, amma bu fəaliyyət
həm də siyasi Don Kixotluqdan uzaq olmalıdır. Cəmiyyətin
bədənini sarımış çibanları sadəcə
seyr etmək yalnız onu infeksiya yuvasına, doğulan hər
bir canlı üçün zəhərləyən mühitə
çevrilməsinə imkan yaradır. Qəddar hakimiyyət
müqavimətə rast gəlmədikdə, bütöv bir
xalq üçün xərçəng xəstəliyinin
yayılması kimi qarşısının alınması
mümkün olmayan amansız cəzaya çevrilir: Yeganə xilas
yolu, xərçəng metastaz verməyənə qədər
bu şişi kəsib atmaqdır.
Qəddar hakimiyyət davam etdikcə, ictimai və
sosial xəstəlik cəmiyyətin bütün
toxumalarına, hüceyrələrinə sirayət edir və
onun bədəninin normal vəziyyətinin qorunması cəhdi və ya
qısa müddətə sağalması imkanı olduqca
müşkül məsələyə çevrilir. Blez
Paskalın yazdığı kimi: "Hər bir oyunda risk
şübhəsizdir, uduş isə şübhəlidir".
Ona görə də uduşun şübhəli
göründüyü şəraitdə riskdən
yayınmaq qeyri-mümkündür. Böyük filosofun dediyi
kimi "oyuna nəhayətsizlik qatılmışdır,
uduzmaq imkanı isə sona çatandır, heç bir tərəddüdə
yer olmamalıdır, hər şey riskə
qoyulmalıdır". Əgər söhbət əbədi
insanlıq və mənəviyyat anlayışlarından
gedirsə, ötəri, müvəqqəti olan hər şey,
bu oyunda yüksək amallara qurban verilməlidir. Bir Roma
imperatorunun dediyi kimi, yaxşı çoban qoyunları
qırxır, ancaq onun dərisini soymur. Qəddar hökmdar isə
dərini soymaqla güman edir ki, Prometeyin qartalın gəmirdiyi
qara ciyəri kimi, soyduğu dəri də yenə bərpa olunacaqdır.
Abort ediləndə qadınların bətnindən
dünyaya gələcək yeni insanın rüşeymi,
embrionu qaşınıb məhv edildiyi kimi, qəddarlığın
baş alıb getdiyi cəmiyyətdə mənəviyyatın
zorla sıradan çıxarılması və belə
atmosferdə ümumbəşəri dəyərlərin
kütləvi aşınması, eroziyası gedir. Belə cəmiyyət
fiziki cəhətdən öz üzvlərinin
hamısını itirməsə də, onlar tərəfindən
mənəviyyatın bütünlüklə itirilməsinə
cəhd edir və buna nail olur. Mənəviyyatın ayaqlar
altına atıldığı bu Sodom və Qomorranın cəzasını,
bəlkə, Bibliyada olduğu kimi Allah özü verməlidir.
Müasir tarix isə əvvəl ki, tək demokratiyanın
ayaq basmadığı bir sıra ölkələrdə
baş verən kütləvi haqsızlıqların yalnız
şahidi olaraq qalır.
Hökmdar cəllad rolunda olmamalıdır
Əcnəbi yol yoldaşım bir məsələni də
yada saldı ki, axı öz xalqını qula döndərən
hökmdar, hiss etmədən özünə də qəzəb
buxovu döyür. Belə hökmdar özü
üçün xeyirli siyasəti aparmaqdan ötəri
başa düşür ki, ona öldürtmək, kütləvi
qırğın törətmək xalqı yedirtməkdən
daha asandır. Ona görə də cəlladlıq roluna daha
çox üstünlük verir. On illər ərzində
Suriyada məhz belə qayda hökm sürmüşdü.
Orta əsrlərdə cəlladlar tanınmasınlar
deyə, üzlərinə qara maska örtürdülər və
öz xidməti dövründə o, ən çoxu yüzə
qədər adam haqqındakı ölüm
hökmünü, başqasının verdiyi hökmü icra
edir, məhkum olunanın boynunu vururdu. İndiki bəzi ölkələrdəki
fövqəlcəlladın əlində isə iki hüquq cəmləşmişdir:
o, həm hökm verir, həm də həmin ölüm cəzasını
icra edir. İkinci hüququn məhdudlaşmaması
üçün o, birinci hüququndan maksimum istifadə etməyə,
həm də istədiyi qədər sui-istifadə etməyə
başlayır. Ona görə də vurulan başların
sayı-hesabı olmur. Şəxsi düşmənini, öz
ölkəsinin başqa dövlətdəki diplomatik
orqanına müraciət etdikdə də öldürmək
olar, çünki arxayındır ki, mövcud qaydaya
müvafiq olaraq, yaxınları qan pulunu aldıqdan sonra qatilə
qarşı heç bir iddia irəli sürməyəcəklər.
Orta əsr cəlladı öz xidməti işini
hamıdan, o cümlədən, yaxın adamlarından, hətta
ailə üzvlərindən gizli saxlayırdı,
çünki o, intiqam hissindən, dənizin çəkilməsinin
bir gün qabarma ilə əvəz olunacağından ehtiyat
edirdi, qorxurdu. İndiki cəllad isə müasir kütləvi
informasiya vasitələrindən, xüsusən "sehrli
yeşiyin" insanların təhtəlşüuruna göstərdiyi
böyük təsirdən istifadə edərək, öz qəddar
fəaliyyəti ilə xalq qarşısında təkrar-təkrar
öyünür, vurulan başların statistikasını,
qalib sərkərdənin məğlub olmuş ordudan
götürdüyü əsirlərin sayı və qarətin
həcmi barədəki qələbə raportuna bənzər
bir şəkildə iftixarla xalqa elan edir. Paytaxtı
Kinşasa olan Konqonun prezidenti Mobutu 1980-ci illərdə
açıq havada, bağ ərazisində verdiyi ziyafətləri
televiziya ilə nümayiş etdirirdi, arvadı ilə stollar
arasında gəzib, qonaqları fransızca salamlayırdı.
Bununla o, göstərmək istəyirdi ki, xalqdan tam fərqlidir,
onun əsl ağasıdır. Mobutu öz təbliğatına
xüsusi diqqət verirdi, telviziya studiyasının
aparıcıları , həm qız, həm də oğlan
ekrana onun rəngli portreti olan ağ köynəklərdə
çıxırdı.
Cəlladın "pərəstişkarları" isə,
Qədim Romada olduğu kimi hökmdara belə "parlaq qələbə
üçün" zəfər, triumf mərasimi düzəltməyi
tələb edirlər. Xalqın xeyli hissəsi bu itkilərə
ağı demək əvəzinə, daha çox qan
axıdılmasına tərəfdar olduqlarını bəyan
edir və hökmdara bu fəaliyyətdə istirahət nə
olduğunu bilməməyi arzulayır. Axı hər sahədə
dağıdıcı fəaliyyəti ilə məşhur
olan hökmdarın, bu sahədəki miqdar nəticəsi itaətkar
çoxluğun ilham və sevinc mənbəyinə
çevrilir. Bununla kifayətlənməyən hökmdar təkcə
uşaqlar içində deyil, valideynlər içərisində,
qoca adamlar arasında da yeni satqınlar,
çuğulçular nəsli yetişdirmək həvəsinə
düşür və çox istəyir ki, kəsilən
başları onların sahiblərinin valideynləri də
hökmdara itaət və məhəbbət rəmzi kimi,
parfiyalıların teatrında səhnədə məğlub
olmuş Roma sərkərdəsi Krassın başı tək
dığırlatsınlar ki, hamı bu səhnəni
alqışlamaqla, əslində, cəllada yenidən öz məhəbbətini
və sədaqətini, günahsız qurbana isə nifrətini
izhar etsin. Məgər Səddam Hüseynin və Myəmmər
Qaddafinin dövründə İraqda və Liviyada belə səhnələr
azmı təkrar olunurdu. Suriyada isə hakimiyyət paytaxt daxil
olmaqla ölkənin yalnız kiçik bir ərazisinə nəzarət
edir, köməyə çağırdığı yad
dövlətin qoşunu isə xeyli böyük ərazidə
başqa idarəetmə üsulu həyata keçirir.
1980-cı illərdə Anqolada
ölkə prezidenti böyük ərazisi olan öz dövlətinin
ancaq paytaxtını idarə
edirdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2024.- 11 may,¹82.- S.22.