Mir Cəfər Bağırov kim idi?  

 

 

Şəxsiyyəti, əməli və taleyi

Mən öz Tanrımla görüşə hazıram. Ancaq Tanrım mənimlə əzablı ünsiyyətə hazırdırmı? - bu, başqa məsələdir.                                                    

 

Uinston Çörçill.

 

Mən son illərdə yazdığım "Stalin" pyesinə belə bir kiçik şərh vermişdim: "Mənim həyatımın böyük bir hissəsi Sovet İttifaqında keçib.

İllər amansız bir sürətlə bir-birini əvəz edir və bu nəhəng imperiyanın - Sovet İttifaqının süqutu uzaqlaşdıqca, elə bil, elə həmin sürətlə də suallar bir-birini əvəz edir: "Mən necə bir ölkədə yaşamışam?", "Bu ölkəyə kimlər rəhbərlik edib?", "Rəsmi portretlərinin arxasında o rəhbərlər kim idi?", "Onlar üçün ölkə, xalq, kommunizm idealları və hakimiyyət nə demək idi?", "Əqidə onlar üçün həqiqət idi, yoxsa, maska?", "Söz ilə əməl arasındakı uçurumun səbəbi nə idi?" və s. və i.a."

Bu yazı da eyni düşüncələrin ifadəsidir.

Bu yazı tarixi oçerk, bioqrafiya, siyasi portret deyil, sadəcə, yaxın tariximizlə bağlı fərdi düşüncələr, fərdi və olsun ki, subyektiv təhlil və qiymətləndirmədir və buna görə də burada tarixi xronologiyaya əməl olunmayıb, əgər belə demək mümkünsə, assosiativ təəssüratlarla yazılıb.

Sovet İttifaqının dağılmasından 33 il keçib və yəqin ki, artıq oxucuların xeyli qismi bu yazıda adları çəkilən şəxsləri tanımırlar, bəlkə bəzilərinin heç adlarını da eşitməyiblər. Mən bəhs etdiyim şəxslərin hər biri ilə bağlı ayrıca şərh verməmişəm, ancaq maraqlanan oxucular onların hamısı haqqında internetdən məlumat tapa bilərlər.

Beləliklə, Sovet Azərbaycanına uzun müddət - 1933-1953 - rəhbərlik etmiş Mir Cəfər Bağırov kim idi?

5.

Rəsmi variant belədir ki, Lavrenti Beriya 1953-cü il iyunun 26-da Sov.İKP MK-nın Rəyasət heyətinin (Siyasi Büronun) iclasında həbs edilib və bu hadisə haqqında məlumat iyulun 2-də keçirilən Sov.İKP MK plenumunda verilib, elə orada da artıq həbs edilmiş, ya da artıq öldürülmüş Beriyanın fəaliyyəti müzakirə ("ifşa") olunub. Mir Cəfər Bağırov isə plenumun işində iştirak etmək üçün iyulun 1-də Mir Teymur Yaqubov və Teymur Quliyevlə birlikdə Moskvaya gedib və Beriyanın aqibətindən xəbərsiz olan (?!) Mir Cəfər Bağırov elə hava limanından ona, yəni Beriyaya zəng edib, işdə də, evdə də onu tapa bilmədiyi üçün, əvvəlcə Nikolay Baybakova, Baybakovun qeyri-müəyyən cavabından sonra isə Anastas Mikoyana zəng edib: "- Mənim Lavrentim hardadır?" ("- Qde moy Lavrentiy?"). Baybakov da, Mikoyan da dərhal Nikita Xruşşova telefon açaraq, Bağırovun bu telefon zəngini ("Mənim Lavrentim hardadır?") ona xəbər veriblər.

Mənim üçün bir sirri-xudadır ki, aradan keçən bu beş-altı gündə necə olub ki, Mir Cəfər Bağırov Beriyanın aqibətindən xəbər tutmayıb, halbuki rus tədqiqatçılarının yazdığına görə, iyunun 26-da Moskvanın küçələrinə tanklar yeridildikdən sonra, şəhərdə Beriya haqqında xəbər yayılmağa başlayıb. Bağırovun Moskva və bilavasitə Kremllə, inzibati orqanlarla geniş əlaqələrini nəzərə alsaq və bura onu da əlavə etsək ki, o həm də Rəyasət heyəti üzvlüyünə namizəd idi, doğrusu, belə bir məlumatsızlıq, xəbərsizlik qəribə görünür, təəccüb, hətta heyrət doğurur. Ola bilər ki, bu xəbəri cidd-cəhdlə Bağırovdan gizlədiblər? Ancaq nə üçün? Bağırov Sovet İttifaqını Siyasi Büronun əleyhinə qaldıracaqdı, yaxud Beriyanı xilas edəcəkdi, yaxud da Azərbaycanı Sovet İttifaqından çıxaracaqdı?

İkinci məsələ: Bağırov həmin gün Xruşşovla görüşür və Beriyanın "ifşa"sından xəbər tutur, ancaq Xruşşov soruşanda ki, "Siz aeroportdan Beriyaya zəng etmişdiz?" Bağırov "yox" cavabını verir və zəng etdiyini danır. Məgər Mir Cəfər Bağırov kimi Kreml mətbəxinə bələd olan, təcrübəli adam (çekist!) başa düşmürdü ki, Baybakov da, Mikoyan da bu zəng barədə Xruşşova, yaxud bu hadisələrdə Xruşşovla müttəfiq olan Malenkova xəbər verəcəklər?

Gizlətmək istəmirəm, istər-istəməz fikrimdən keçir ki, deyəsən, Mir Cəfər Bağırovun çekistliyi də bir az şişirdilib...

"Sovet İttifaqının və sovet xalqının qatı düşməni", "İngiltərənin casusu", "Moskva küçələrində gənc qızları zorla yatağına gətirtdirən əxlaqsız manyak" kimi Lavrenti Beriyanı damğalayan həmin plenum altı gün davam edib və Mir Cəfər Bağırov da çıxış edərək, Beriyanı "buqələmun, partiyamızın, xalqımızın ən qəddar düşməni", "ikiüzlü əclaf" ("dvuliçnıy podles") adlandırır.

Siyasət aləmində "dost" bir anın içində "əclaf" ola bilər və gördüyümüz kimi, olur da.

Siyasətdə və hakimiyyət hərisliyində "dost" şərti və çox zaman da müvəqqəti bir məfhumdur.

Kommunist partiyasının tarixindəki o məşhur plenumda Mir Cəfər Bağırov, bəlkə də həyatının ən uğursuz çıxışını etdi və bu uğursuzluğun səbəblərindən biri də, yəqin o idi ki, Georgi Malenkov, Nikita Xruşşov, Mixail Suslov, başqaları tez-tez onun sözünü kəsib, atmacalar atırdı, onun Beriya ilə dostluğunu qabardırdı. Bağırovun çıxışının stenoqramını nəzərdən keçirərkən elə bir təəssürat yaranır ki, plenum Beriyanın ifşasına yox, elə Mir Cəfər Bağırovun fəaliyyətinin, Beriya ilə dostluğunun müzakirəsinə həsr olunub. Aydın hiss edilir ki, dünənki dostlarının aqressiv hücumundan şaşıran və bu cür münasibətə öyrənməmiş Mir Cəfər Bağırov zəngin təcrübəsinə, bu cür siyasi-əxlaqi dönüklükləri çox görüb-götürməyinə baxmayaraq, özünü itirib, fikirlərini toplayaraq, konyukturanın tələb etdiyi istiqamətlə gedə bilmir (getmək istəmir yox, məhz gedə bilmir). (Bu barədə geniş məlumat üçün bax: Борис Соколов. Берия – судьба всесильного наркома, Москва, «Вече», 2003, стр. 370-74.)

Stalin öldükdən sonra, Lavrenti Beriya Sovet İttifaqının təhlükəsizlik orqanlarını yenidən öz əlinə almağı bacardı və o, səlahiyyəti, imkanları və nüfuzu etibarilə Nazirlər Sovetinin sədri Georgi Malenkovdan da, partiyanın birinci katibi Nikita Xruşşovdan da üstün idi. Çox güman ki, Mir Cəfər Bağırovun Zaqafqaziya respublikaları rəhbərləri arasında ilk dəfə Siyasi Büro üzvlüyünə salınmasında bu cəhət də ciddi rol oynamışdı və belə düşünmək olar ki, bu təyinatın gələcək perspektivləri Beriya ilə Bağırov arasında müəyyənləşdirilmişdi - söhbət Bağırovun Moskvaya aparılmasından, daha böyük vəzifə tutacağından gedə bilərdi.Niyə də yox?

Tədqiqatçı Adıgözəl Məmmədov belə bir versiya irəli sürür ki, Lavrenti Beriya hakimiyyəti ələ alacağı təqdirdə, onun "apardığı bu siyasi hakimiyyət dəyişkənliyinə M.C.Bağırov da hazırlaşırdı" (Adıgözəl Məmmədov. M.C.Bağırov. Tam məxfi, Bakı, "Elgün", 2012, səh. 216.) və bu, inandırıcı bir versiya, yəni siyasi-strateji müttəfiqlik idı. Bu da mənim yadıma düşür ki, rəhmətlik Süleyman Rüstəm deyirdi, "hələ 1940-cı illərin sonlarında Bağırovun SSRİ neft sənayesi naziri təyin ediləcəyi barədə söz-söhbət gəzirdi və o, bu vəzifəyə getməkdən imtina edirdi"

Lavrenti Beriyanın aqibəti mənə məşhur Şərq şahlarının, Ağa Məhəmməd şah Qacarın, yaxud Nadir şah Əfşarın sui-qəsd nəticəsində öldürülməsini xatırladır və Stalindən sonra Beriyanın da, Bağırovun da siyasi yüksəlişi heç dörd ay çəkmədi. Georgi Malenkov və Nikita Xruşşov cütlüyü Molotovun, Kaqanoviçin, Bulqaninin, Voroşilovun, Mikoyanın, marşal Jukovun köməyi ilə Beriyanı aradan götürdü və bu adamların bir qismi Beriyanın dostu, yaxud belə bir dostluğa can atan (Georgi Malenkov, Nikita Xruşşov, Anastas Mikoyan), bir qismi isə ondan qorxan və bu qorxuya görə də onunla heç olmasa, yaxşı münasibət yaratmaq istəyən adamlar idi (Lazar Kaqanoviç, Klement Voroşilov, Nikolay Bulqanin, Georgi Jukov, Mixail Suslov və b.). Beriya aradan götürüldükdən sonra, onu ən kəskin "ifşa" edənlərin çoxu, öz karyeraları ilə, elə şəxsən Beriyaya borclu idilər və misal üçün, həmin "ifşa"çılardan biri SSRİ Nazirlər Soveti sədrinin müavini, şuşalı İvan (Ovanes) Tevosyan idi. Serqo Beriya yazır ki, bu adamı vaxtilə bilavasitə Lavrenti Beriya irəli çəkmiş, Beriyanın da daimi köməyi ilə o, SSRİ gəmiqayırma naziri təyin edilmişdi - siyasi satqınlıq heç vaxt və heç vəchlə nadir bir hadisə olmayıb.

Moskvada sovetoloq Sergey Kremlevin geniş şərhləri ilə Lavrenti Beriyanın üçhissəli gündəlikləri və bəzi başqa yazıları nəşr edilib: "Stalin gözyaşlarına inanmır" (1937-1941), "Mən ikinci müharibəyə dözə bilməyəcəyəm" və "Biz atom bombası ilə yaşayırıq!" Sovetoloqlar, Beriya haqqında yazan tarixçilər bu gündəlikləri tam şəkildə təsdiq etmirsə də, təkzib də etməyiblər və bir sıra tanınmış rus sovetşünasları onlara etibarlı mənbə kimi istinad edirlər.

Gündəliklərdəki bir məqam elə Beriyanın özünün taleyi ilə bağlı mistik bir müştərəklik hissi doğurur: Beriya 1938-ci ildə SSRİ Xalq Daxili İşlər komissarıdır və kabinetində "xalq düşməni" kimi güllələnmiş Nikolay Buxarinin 24 yaşlı arvadı (Buxarin üçüncü dəfə özündən 26 yaş kiçik qadınla evlənmişdi) Anna Lorinanı dindirir. Beriya yazır ki, bu qadını da xalq düşməninin arvadı kimi güllələmək lazımdır, bir müddətdən sonra isə qeyd edir: "Yazıqdır, qoy, yaşasın..."

Bu, rəhmdillik - əgər belə demək olarsa, "zalım bir rəhmdillik" (!) təsiri bağışlayır, ancaq baxın, 1953-cü ildə Lavrenti Beriya - qoy, titulları və siyasi-əxlaqi damğaları bir də təkrar edək: Siyasi Büronun üzvü, marşal, Sovet İttifaqı Qəhrəmanı, SSRİ daxili işlər naziri, eyni zamanda SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini - Kommunist partiyasının, Sovet İttifaqının qəddar düşməni və imperializmin casusu kimi güllələndikdən sonra, bu "xalq düşməni"nin 81 yaşlı anası təcili olaraq (!) Tiflisdən Abxaziyanın Gülrip rayonuna sürgün edilir, arvadı, oğlu, eləcə də 30 nəfər yaxın qohumu da Sibirə, Urala və Qazaxıstan çöllərinə sürgün olunur. (Bax: Виктор Винтер. Дневники Берии подтверждают: Виктор Суворов прав! Москва, 2012, стр.29.)

Dünənə qədər kommunizm quruculuğu yolunda birgə çalışdıqları, Lenin mavzoleyinin tribunasından zəhmətkeşləri birgə salamlayan, hərbçilərin raportlarını birgə qəbul edən Nikita Xruşşovun, Georgi Malenkovun, Kliment Voroşilovun, Anastas Mikoyanın, Nikolay Bulqaninin və başqalarının işə saldığı hakim ideologiya Lavrenti Beriyanın iblisanə obrazını yaradırdı (və buna nail də olmuşdu), ancaq o, elə həmin adını çəkdiyim və çəkmədiyim ali Kreml sakinlərindən biri idi - Beriyanın əli kimi, onların da əli qanlı idi.

Beriyanın "ifşa"sından bir neçə gün sonra tələm-tələsik Kremldən göndərilmiş MK katibi Pyotr Pospelovun rəhbərliyi ilə Bakıda MK-nın plenumu keçirildi və dünənəcən Mir Cəfər Bağırovun kölgəsindən də qorxanlar bu dəfə onun özünü "ifşa" etdilər. Ən çox "ifşa" edənlər də ona ən çox yaltaqlananlar idi. Mir Cəfər Bağırov da o plenumdakı çıxışında Beriya haqqında deyir: "Mən Malenkova dedim ki, o əclaf (Lavrenti Beriya - E.) məni alçaqcasına aldadırmış".

Hələ antik dövrün klassik misalı yada düşür: Sezarın ən çox etibar etdiyi yaxın adamlardan biri Brut idi.

Mir Cəfər Bağırov Siyasi Bürodan da, MK-dan da, Azərbaycan rəhbərliyindən də götürüldü, oktyabr ayına qədər işsiz qaldı, sonra Rusiyadakı "Kuybışevneft" Birliyinin rəis müavini təyin edildi, 1954-cü ilin martında isə partiyadan da çıxarıldı, sonra həbs olundu, sonra da güllələndi və bu yerdə ayrıca qeyd etmək istəyirəm ki, Mir Cəfər Bağırov rəsmi sənədlərdə yazıldığı kimi, repressiya cinayətlərinə görə güllələnmədi. Əgər repressiya cinayətlərinə görə güllələnmək idisə, o zaman elə Xruşşovun özünü, Malenkovu, Voroşilovu, Mikoyanı, Kaqanoviçi, Andreyevi, Vışinskini, başqalarını da güllələmək lazım idi. Mir Cəfər Bağırov Lavrenti Beriyanın dostu olduğu üçün güllələndi və elə bil ki, sağlığında Beriyadan qorxub-hürkdükləri üçün onun üzünə gülən, qoluna girən, məqam axtaran partiya-dövlət rəhbərləri Bağırovun edamı ilə Beriyanın ölüsündən də intiqam alırdılar. Əslində, qurd kimi burun-buruna dayanmış həmin sovet rəhbərləri, ilk növbədə, Beriyanın, sonra da Bağırovun qətlində bir yerdə və müttəfiq idilər. Beləliklə də, Bağırov-Beriya siyasi epopeyası sona yetdi.

Bundan sonra isə Beriyanın ailəsi kimi, Bağırovun da ailəsi, yaxın qohumları təqib edilməyə, sıxışdırılmağa başladı, yeganə oğlu ilə arvadı, nəhayət, Moskvada məskunlaşa bildi, hətta Qubada yaşayan bacısı Seyid Fatmanın ev-eşiyi məhkəmə hökmü ilə əlindən alındı.

Mir Cəfər Bağırov Fövqəladə Komissiya sədrliyindən çıxarılıb, Tiflisə, Zaqafqaziya Su İdarəsinə rəis vəzifəsinə göndəriləndə bu vəzifə dəyişikliyi onu aktiv siyasətdən uzaqlaşdırır, mənən sındırırdı. O, Tiflisdən Azərbaycan KP MK-nın nüfuzlu katibi Ruhulla Axundova məktublar yazırdı və doğrusu, Ruhulla Axundovun taleyindən xəbərim olmasaydı, məktubları oxuyanda, haçansa onun, yəni Mir Cəfər Bağırovun Ruhullanı güllələtdirəcəyinə inanmaq çətin olardı, çünki bu məktublar dostun məhrəm bir dosta göndərdiyi məktublar idi, dost mənəvi iztirablarını dostla bölüşür, sınıxmış əhvalını dosta söyləyirdi.

Sergey Kirov Azərbaycana rəhbərlik etdiyi dövrdə Ruhulla Axundov partiyanın II katibi idi və Stalin ona xüsusi simpatiya nümayiş etdirirdi. 1934-cü ildə Moskvada, Kommunist Partiyasının XVII Qurultayı zamanı Stalin onu camaatın gözü qarşısında qucaqlayıb öpmüşdü - Stalin isə, biz yaxşı bilirik ki, camaatın gözü qarşısında (və ümumiyyətlə!) nə etdiyini və niyə etdiyini bilən adam idi. Üç ildən sonra məlum oldu ki, bu Stalin öpüşü istər-istəməz İuda öpüşü kimi bir şey oldu.

Stalinin (Kobanın) inqilabçı-bolşevik kimi Bakı fəaliyyəti zamanı Ruhulla Axundov çox gənc idi, ancaq 1920-ci ilin əvvəllərindən etibarən, yəqin ki, onlar artıq tanış idilər. Ruhulla Axundov vaxtilə Zaqafqaziya bolşevikləri - Qəzənfər Musabəyov, Levon Mirzoyan, İvan (Mamiya) Oraxelaşvili, eləcə də Sergey Kirovla birlikdə Məhəmməd Əmin Rəsulzadə haqqında tənqidi kitab hazırlamışdı və 1923-cü ildə çapa getməzdən əvvəl məhz Stalin bu kitabı oxuyub, onlara məktub yazır. Məktubda kitabın məzmununu daha da kəskinləşdirmək üçün altı bənddən ibarət məsləhət (əslində göstəriş) verir və Rəsulzadənin "Azərbaycan Purişkeviçi" kimi təqdim olunmasını, onun Azərbaycan xalqına xəyanət etməsini xüsusi vurğulamasını məsləhət görür.

XVII Qurultayda Stalinin Ruhulla ilə o cür səmimi görüşünün şahidlərindən biri də, aydın məsələdir, qurultay iştirakçısı Mir Cəfər Bağırov olub və mən şübhə etmirəm ki, onun kimi gözündən heç nə yayınmayan, daxilində dramatik hakimiyyət ehtirası (!) daşıyan bir insan həmin dəqiqələrdə çox güclü siyasi qısqanclıq duyğuları yaşayıb. Mənim təsəvvürümdə Ruhulla Axundovu "baş xalq düşməni" səviyyəsinə qaldıran da o qısqanclıq hissinin yaratdığı və yəqin ki, get-gedə artan kin-küdurət, qərəz və qəzəb olub.

Həqiqətən də, fakt bu idi ki, iyirminci illərdə, otuzuncu illərin birinci yarısında heç kimi və heç nəyi unutmayan Stalin Ruhulla Axundova yaxşı münasibət bəsləyirdi və 1926-cı ildə Sergey Kirov Azərbaycandan gedəndə (o, Leninqradın partiya rəhbəri təyin olunmuşdu), Moskvadan Ruhulla Axundova AKP MK-nın birinci katibi vəzifəsi təklif olunmuşdu və o, bu təklifdən imtina etmişdi. Hətta çox xoşagəlməz bir hadisədən sonra da Ruhulla öz partiya nüfuzunu saxlaya bilmişdi və tarixçilərin tez-tez xatırlatdığı həmin hadisə belə olmuşdu: 1928-ci il aprelin 18-də Moskvadan Bakıya qayıdan Ruhulla Axundov qatarın restoranında Xoxlov familiyalı bir nəfər köhnə bolşeviklə nə üstündəsə, mübahisə edərək, ona bir sillə çəkir. Məşhur partiya jurnalisti, Stalinin sevimlisi Mixail Koltsov (Moisey Fridlyand) bu hadisə ilə bağlı "Pravda" qəzetində felyeton yazır, çox keçmir ki, rəsmi ideologiyanın böyük sovet şairi "vəzifəsi"nə təyin etdiyi Vladimir Mayakovski Koltsovun felyetonuna istinad edərək geniş əks-səda doğuran "Pompadur" şeirini yazır, Ruhullanı "görkəmli sovet pompaduru" adlandırır ("bildiyini edən", "özbaşına olan", "Burda mənəm, Bağdadda kor xəlifə!" mənasında; orijinalda: «Выдаюшийся советский помпадур»).

Sergey Kirov Leninqrada gedir, Ruhulla Axundov onun yerini tutmaqdan imtina edir və Stalin Azərbaycanda Əmək komissarı vəzifəsində işləyən məşhur avantürist Levon Mirzoyanı (1939-cu ildə o da Qazaxıstanda həbs edilərək, güllələndi) gözlənilmədən Azərbaycan K(b)P MK-nın birinci katibi təyin edir (deyilənə görə, Serqo Orconikidzenin təklifi ilə).

Levon Mirzoyan Koltsovun felyetonundan və Mayakovskinin şeirindən sonra Ruhulla Axundovla bağlı yaranmış siyasi qalmaqaldan istifadə edərək, onu nüfuzlu vəzifəsindən uzaqlaşdırmağa nail olur. Partiya xətti ilə ciddi töhmət almış Ruhulla Axundov Moskvaya gedərək, Qırmızı Professorlar İnstitutunda təhsil almağa başlayır, ancaq görünür, Mixail Koltsovun və Vladimir Mayakovskinin bədii yaradıcılığı Stalinə o qədər də təsir etmir və Ruhulla Axundov Azərbaycana qaytarılaraq, yenidən respublika K(b)P MK-nın ikinci katibi təyin edilir (artıq Levon Mirzoyan başqa işə göndərilmiş və onun yerinə keçmiş feldşer Nikolay Gikalo Azərbaycana rəhbər təyin edilmişdi; 1938-ci ildə Levon Mirzoyan kimi, o da güllələnir.)

Daha sonra Ruhulla Axundov Azərbaycan, Gürcüstan və Ermənistanın tabe olduqları ÜK(b)P Zaqafqaziya Ölkə Komitəsinin üçüncü katibi təyin edilir və bu, həmin vaxtdır ki, Azərbaycanda Mir Cəfər Bağırov, Gürcüstanda isə Lavrenti Beriya epoxası başlayır.

Eyni zamanda görünür, şəxsi olaraq da onların münasibətləri pozulur və bu, Ruhulla Axundovun həyat yoldaşı Frida Şlyomovanın xatirələrində də aydın hiss olunur. Burası da, yəqin oxucu üçün maraqlı (və əlamətdar) olar ki, 1938-ci ildə "xalq düşməni" kimi güllələnən Ruhulla Axundovdan bir müddət sonra Mixail Koltsov da - Stalinin sevimlisi və SSRİ-nin o zamankı Baş jurnalisti "xalq düşməni" kimi güllələndi.

Ruhulla Axundov əksər bolşeviklər kimi (Stalin və Trotskidən tutmuş, Xruşşov və Molotova qədər!) ali təhsil almamışdı, ancaq bu adamın, yəqin güclü fitri qabiliyyəti olub və buna görə də dövrünün seçilən savadlı adamlarından biri idi. Azərbaycan ədəbiyyatının, tarixinin, ictimai fikrinin öyrənilməsində, milli jurnalistikanın, tərcüməçiliyin, ədəbiyyatşünaslığın, linqivistikanın, xüsusən, lüğətçiliyin inkişafında onun ciddi xidmətləri olmuşdu və bir sıra Azərbaycan yazıçıları, ədəbiyyatşünasları 20-30-cu illərin burulğanlarından məhz bu bolşevikin köməyi ilə xilas edilib, yaradıcılıqla məşğul ola bilmişlər, hərçənd o, yeri düşəndə, misal üçün, Əli Nazim kimi gənc, istedadlı və yaxşı ədəbi perspektivli tənqidçi və ədəbiyyatşünasa vulqar sosioloji cəbhədən hücum çəkib, siyasi ittihamlar da verirdi (və bu ittihamlar bir müddətdən sonra Əli Nazimin qısa və faciəli həyatında az rol oynamamışdı).

Yaxud Nəriman Nərimanovu millətçilikdə ittiham edib, ona qarşı mübarizə aparan, onu didərgin salan milli bolşeviklərdən biri də Ruhulla Axundov olmuşdu, ancaq bunlara baxmayaraq, o, Azərbaycan filoloqlarının himayədarı hesab olunurdu və bolşeviklərin 1920-ci ildə güllələdiyi ədəbiyyatşünas və pedaqoq Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi" 20-ci illərin ortalarında məhz Ruhullanın təşəbbüsü və təzyiqi ilə nəşr olunmuşdu. Onun özü də istedadlı publisist və SSRİ Yazıçılar İttifaqına üzv idi - bir sözlə, Ruhulla Axundov da öz dünyagörüşündə və fəaliyyətində dövrün ziddiyyətlərini əks etdirən və belə görünür ki, kommunizmə aparan işıqlı gələcəyə qəlbən inanan bir partiya adamı idi.

Yadıma gəlir, 1980-ci illərin əvvəllərində bir dəfə söhbət əsnasında keçmiş siyasi hadisələrdən danışmaqla o qədər də arası olmayan Mirzə İbrahimov "- Ruhulla əsl kommunist idi!" - dedi və bu, mənim üçün bir az gözlənilməz oldu, çünki Ruhulla Axundovun "ifşa"sında "Həyat" pyesi ilə bağlı ittiham da var idi. "Əsl kommunist" ifadəsi Mirzə müəllimin təbirində, yüksək qiymət idi və birini qoyub, o birinə keçirəm, mən həmişə təəssüf etmişəm ki, rəhmətlik Mirzə müəllim kimi çox zəngin siyasi bioqrafiyası olan bir qələm sahibi xatirələrini yazmadı - belə bir memuar yazılsaydı, sovet dönəmini tədqiq edən Azərbaycan tarixşünaslığı üçün zəngin mənbə ola bilərdi.

1980-ci illərin ortalarında mən bizim məşhur salnaməçimiz Qulam Məmmədlinin xahişi ilə onun Nəriman Nərimanov haqqında tərtib etdiyi qiymətli salnamənin redaktoru idim, kitaba Ön söz yazmışdım və bir dəfə salnaməni çapa hazırlayarkən, söhbət əsnasında ondan Ruhulla Axundov haqqında soruşdum: "- Nərimanova münasibətdə səhv mövqedəydi, ancaq ümumilikdə, qiyamət oğlan idi", - dedi. Repressiyaya uğrayaraq, uzun müddət Sibirdə həbsxana həyatı sürmüş, hələ 1910-cu illərdə "Solğun çiçək" romanını yazmış rəhmətlik Əli Səbri də Ruhullanı həmişə xoş təəssüratlarla xatırlayırdı

Ruhulla Axundov 1936-cı il dekabrın 17-də səhər tezdən işə gedərkən öz mənzilinin girişində həbs edildi və Azərbaycanda "37" dəhşəti, xüsusən, ziyalıların məhv edilməsi onun həbsi ilə başladı. Sistem (indiki halda, Azərbaycanda Mir Cəfər Bağırov) Ruhulla Axundovu Azərbaycanda "kontrrevolyusiyanın" lideri kimi təqdim edirdi və 37-38-ci illərdə güllələnən, Sibir konslagerlərinə, sürgünə göndərilən ziyalıların, o cümlədən də, yazıçıların həbsi məhz "qəddar kontrrevolyusioner" Ruhulla Axundov "bandası"na mənsub olmaqla əsaslandırılırdı. Onun özünün isə həbsinin ilkin səbəblərindən biri kimi bu göstərilirdi ki, guya o, "kontrrevolyusion" məqsədlər güdərək, gənc proletar yazıçısı Mirzə İbrahimovun "xalq düşmənləri"ni ifşa edən "Həyat" pyesini "gizlədərək", teatrda tamaşaya qoyulmasını ləngitmişdi.

"Həyat" rəhmətlik Mirzə müəllimin, bədii cəhətdən, bəlkə də ən zəif əsəri, ümumiyyətlə sovet dövrü Azərbaycan dramaturgiyasının zəif, ancaq dövrlə bağlı simptomatik nümunələrindən biri idi və 1936-37-38-ci illərdə həyatda "ifşa" olunan "xalq düşmənləri"ni "Həyat" pyesi eyni amansızlıq və eyni özbaşınalıqla teatr səhnəsində "ifşa" edirdi. Görünür, elə buna görə də Mir Cəfər Bağırov "Həyat" pyesini yüksək qiymətləndirdi və elə Bağırovun sayəsində də bu pyes ədəbiyyatda heç vəchlə hadisə olmadığı halda, böyük siyasi-ictimai hadisəyə çevrildi.

Mirzə müəllim Bağırov dövrünün son mogikanlarından biri idi və mən onu yaxşı tanıyırdım, 1980-ci illərdə Yazıçılar İttifaqında onunla birlikdə işləmişdim, buna görə də deyə bilərəm ki, söhbət ağıllı, hazırlıqlı, tədbirli, zirək, hər şeyi dəqiq ölçüb-biçən, bacarıqlı, lazım gəldikdə, ən yüksək tribunadan belə öz sözünü deyə bilən, ziddiyyətli bir həyat yolu keçmiş adamdan gedir. Mir Cəfər Bağırov dövründə lap gənc yaşlarından SSRİ-nin deputatı (sonralar da bu deputat statusunu 55 il qoruya bildi!), nazir, Baş nazirin müavini, akademik, Stalin mükafatı laureatı, Yazıçılar İttifaqının sədri olmuş, üç dəfə Lenin ordeni almış Mirzə müəllim Bağırovdan sonra da Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri təyin edildi və bir neçə ildən sonra Azərbaycan dilinin statusunu qaldırmaq, onu həqiqi mənada, dövlət dilinə çevirmək təşəbbüsünə görə Nikita Xruşşovun qəzəbinə düçar oldu, Siyasi Büroda müzakirə zamanı Xruşşov onu "rəhbərliyə dürtülmüş düşmən" adlandırdı.(Бах: Леонид Млечин. Никита Хрущев, Москва, «Молодая гвардия», 2021, стр. 172.)

1956-cı ildə Gəncədə qətl hadisəsi baş vermişdi - öldürən milliyyətcə azərbaycanlı, öldürülən qadın isə rus idi və bu hadisə o qədər şişirdilib mühüm milli-siyasi səviyyəyə qaldırılmışdı ki, Kremldə Siyasi Büronun müzakirəsinə çıxarılmışdı. Bu məsələni Respublika partiya aktivində müzakirə etmək üçün SSRİ daxili işlər naziri və Nikita Xruşşovun şəxsi dostu Nikolay Dudorov Azərbaycana ezam edilmişdi. Həmin partiya aktivində iştirak etmiş rəhmətlik Süleyman Rəhimov danışırdı ki, Mirzə tribunaya qalxıb, Dudorovun üzünə ağır sözlər dedi, hətta onu ittiham etdi, dedi ki, "yoldaş Dudorov, siz niyə tez-tez o qatilin azərbaycanlı olduğunu qabardırsız? Mən sizə onlarla hadisə sadalaya bilərəm ki, öldürülən azərbaycanlı, qatil isə rusdur. Biz çoxmillətli bir ölkənin vətəndaşlarıyıq. Bu cür hadisələrdə milli mənsubiyyəti qabartmaq və siyasiləşdirmək Lenin milli siyasətinə ziddir". Süleyman Rəhimov deyirdi ki, Dudorov özünü itirmişdi, çox pərt idi, Mirzəyə düz-əməlli bir cavab verə bilmədi.

Yəqin çox kənara çıxıram, ancaq bilavasitə şahidi olduğum bir xatirəni də qısaca söyləmək istəyirəm: 1978-ci ildə Ukraynada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri keçirirdik və Ukraynanın partiya rəhbəri, Sov.İKP Siyasi Bürosunun ən nüfuzlu üzvlərindən biri olan Vladimir Şerbitski Azərbaycandan gəlmiş qonaqların bir qrupunu qəbul etdi. O, sosialist Ukraynasının tarixindən, müasir günlərindən, bütün sahələrdə əldə etdikləri uğurlardan və s. danışdı və özünü çox sadə və səmimi aparsa da, bu səmimiyyət, bu danışıq tərzi elə idi ki, elə bil, yüksək mərtəbədə əyləşmiş boss (xaç atası) xeyli aşağılarda oturub ona qulaq asan kiçik dəstə üzvü ilə danışır. Protokolda nəzərdə tutulduğu kimi, cavab nitqini o vaxt bizim KP MK-nın ideoloji işlər üzrə yenicə seçilmiş katibi Kamran Bağırov söylədi və yəqin belə bir nəhəng partiya balinası qarşısında ilk dəfə çıxış etdiyi üçün rəhmətlik Kamran müəllim həyəcanlı idi, çıxışı o qədər də uğurlu olmadı, bir az sönük çıxdı. Sonra Şerbitski eyni tərzdə hamıya uğurlar arzuladı, sağollaşdı və ayağa qalxıb getmək istəyəndə, zalda oturmuş Mirzə müəllim (onun ikinci dəfə vəzifəsiz vaxtları idi) gözlənilmədən əlini qaldırıb söz istədi, irəli çıxıb, aksentlə danışsa da, hərdən şəkilçilərdə səhv etsə də, rus dilində 7-8 dəqiqəlik elə bir nitq söylədi ki, Azərbaycanı gözgörəti Şerbitskinin əyləşdiyi mərtəbəyə - onunla eyni səviyyəyə qaldırdı.

Onun o vaxt dediyi bu sözlər indiyəcən yaddaşıma hopub qalıb: "Yoldaş Şerbitski! Görürəm ki, MK-nın bu yaraşıqlı binası Kiyevin yeni bir tikintisidir. Bu binanın da Kiyevdəki başqa yeni tikintilər kimi, bünövrəsi qoyulan torpağa isə Ukraynanı faşizmdən azad edərkən, həyatlarını qurban vermiş azərbaycanlı oğulların da qanı tökülüb". Onun çıxışından sonra Şerbitskinin dediyi sözlər də yaxşı yadımdadır: "-Mən böyük Şərq müdrikləri barədə çox eşitmişdim, ancaq sizin timsalınızda onu ilk dəfədir ki, görürəm! Sizə ürəkdən gələn bir səmimiyyətlə təşəkkür edirəm!"

Mirzə müəllim Nikita Xruşşov zamanı "millətçi" damğası ilə vəzifədən kənarlaşdırıldı, ancaq bir müddətdən sonra yenə öz siyasi statusunu bərpa edə bildi, 1981-ci ildə yenidən Yazıçılar İttifaqının sədri kimi çalışdı. O, Heydər Əliyevin bilavasitə təşəbbüsü, ümumittifaq nüfuzu və aktiv müdaxiləsi nəticəsində Sovet İttifaqı miqyasında siyasi-ideoloji baxımdan çox hörmətli və mühüm beynəlxalq təşkilat olan, aparatı Moskvada yerləşən Asiya və Afrika Ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri təyin edildi (bu, SSRİ naziri səviyyəsində bir vəzifə idi), Sosialist Əməyi Qəhrəmanı oldu.

Ancaq biz Ruhulla Axundovla bağlı söhbətimizə qayıdaq.

Ruhulla öz səviyyəsində olan respublika rəhbər işçiləri arasında ən uzun müddət - təxminən dörd ay, 1937-ci ilin aprelinə kimi - istintaq zamanı ittihamlara qarşı müqavimət göstərir, çekistlərin boksçu yumruqlarına baxmayaraq, tamam absurd ittihamları təsdiq etmirdi və yalnız dörd aydan sonra onu sındırıb, istənilən ifadələri ala bilirlər. Sentyabrda Ruhulla Axundov Moskvaya aparılır, onun istintaqı Moskvada, Lubyanka zirzəmilərində davam edir və onu məşhur sadist L.S.Altman (sonralar o da "xalq düşməni" kimi güllələndi) başda olmaqla, Moskva çekist müstəntiqləri dindirməyə başlayır.

Ümumiyyətlə, Azərbaycanda, demək olar ki, bütün rəhbər işçilər - milli bolşeviklər "ifşa" olunmuşdu və 37-38-ci illərin mətbuatını, repressiya ədəbiyyatını nəzərdən keçirdikcə, həqiqəti ayırd etmək mümkün deyil, çünki həqiqət yoxdur. Başqaları kimi, çekistlər də bir-birini "kontrrevolyusionçuluq"da və s. "ifşa" edir və bir-birlərini güllələyirdilər, eləcə də kommunistlər. Baxın, Azərbaycan kommunistlərinin qurultayında Komissarlar Sovetinin sədri (Baş nazir), gənc və enerjili Hüseyn Rəhmanov çıxış edir və rəsmi məlumatda deyilir: "Hüseyn Rəhmanov yoldaş qurultayın diqqətini xalq düşmənlərinin ifşa edilməsinə kəskin surətdə cəlb edir və xalq təsərrüfatının bütün sahələrində düşmənlərin ziyançılıq işinə və bu işin müxtəlif metodlarına dair çox fakt göstərir. Sonra Rəhmanov yoldaş silahlarını yerə qoymayan, partiya qarşısında səmimi olmaq istəməyən və son günədək davam etdirdikləri öz əclaf işlərini partiyadan gizlədən S.M.Əfəndiyevdən, H.Sultanovdan, Qədirlidən və Dövlətovdan danışır". ("Kommunist" qəzeti, 8 iyun 1937.)

Qısa müddətdən sonra Hüseyn Rəhmanovun özü də dünənə qədər bir yerdə işlədiyi bu adamların taleyini yaşayır, onu da eyni ittihamlarla tutub, güllələyirlər və indi məlum olur ki, Mir Cəfər Bağırov onun işgəncəli dindirmələrində bəzən şəxsən iştirak edir (belə bir versiya var ki, guya maarif naziri Məmməd Cuvarlinskini Bağırov özü güllələyib, ancaq bu barədə hansısa bir mənbə yoxdur). Yaxud Azərbaycan bolşeviklərinin Sovet İttifaqı miqyasında tanınan, görünür, ən bacarıqlı və təcrübəli nümayəndələrindən biri, Zaqafqaziya Kommissarlar Şurasının sədri kimi mühüm və nüfuzlu vəzifədə işləmiş Qəzənfər Musabəyov "sayıqlığı onqat artırmağı, xalq düşmənlərinin kökünü daha amansız kəsməyi, onların maskalarını üzlərindən qoparmağı, əbləh xəstəliyi olan siyasi qayğısızlığa və korluğa tutulan adamlara tuş və kəskin zərbələr vurmağı" tələb edir ("Ədəbiyyat qəzeti", 23 iyun 1937.), çox keçmir ki, Musabəyov özü "xalq düşməni" kimi "ifşa" olunub, o qədər döyülür, məşəqqət çəkir ki, çekistlər onu növbəti dindirməyə aparmaq üçün kameraya gələndə koykanın altında gizlənir və onu güclə dartıb çıxarırlar.

Yalnız Hüseyn Rəhmanov, Qəzənfər Musabəyov yox, Ruhulla Axundov da, Dadaş Bünyadzadə, Soltan Məcid Əfəndiyev də, Əliheydər Qarayev də, Həmid Sultanov, Ayna Sultanova da, Mirzə Davud Hüseynov da, Çingiz İldırım da, başqa azərbaycanlı bolşevik rəhbərlər də bu cür bir-birlərini "ifşa" edə-edə, hamısı cidd-cəhdlə eyni qayıqda avar çəkə-çəkə ölümə doğru üzürdülər və əslində bütün ölkə - alimlər, yazıçılar, partiya işçiləri, fəhlələr, kolxozçular, müəllimlər - hamı! - bir-birini "ifşa" edirdi - burada hansı həqiqəti axtarıb tapmaq mümkündür?

Eyni aqibətlə bitən bir-birini "ifşa" mənzərəsi yalnız Azərbaycan gerçəkliyinin ifadəsi deyildi və misal üçün, baxın: 1937-ci ilin iyununda Özbəkistanın partiya rəhbəri Akmal İkramov Siyasi Büroya məktub yazaraq, Özbəkistan Xalq Komissarları Sovetinin sədri Fayzulla Xocayevin əslində "xalq düşməni" olduğunu təkidlə sübut etməyə çalışır və onun "ifşa" edilməsinə icazə istəyir. Siyasi Büro (yəni Stalin) bu icazəni verir və Fayzulla Xocayev Daşkənddə həbs olunur. Sentyabrda isə Akmal İkramovun özü "ifşa" edilərək, partiyadan çıxarılır və 1938-ci ilin martında onların ikisi də eyni məhkəmə qarşısında dayanır və ikisi də bir gündə eyni ittihamla güllələnir.

Bu "ifşa"lardan sonrakı həbslər, güllələnmələr adi həbslər, adi (!) güllələnmələr deyildi, belə görünür ki, istintaqdan, dindirmədən başlayan bu prosesdə hansı iti, həssas işgəncə, zülm, rəzalət, şərəfsizlik, alçaltma desən, tətbiq edilirdi. Fikir verin: Soltan Məcid Əfəndiyev Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri, yəni Azərbaycan Respublikasının nominal rəhbəri (prezidenti) idi və Mir Cəfər Bağırov Stalinə göndərdiyi məktubda (əslində bu da mahiyyət etibarilə "donos" idi) onun "burjua millətçilərini və müsavatçı elementləri himayə etdiyi"ni yazır və bundan sonra Soltan Məcid həbs olunur, Azərbaycan "NKVD"sinin Tsiman familli böyük müstəntiqi isə onu hər dəfə: "- Ey, prezident!" - deyə ələ sala-sala döyür.

Döyülən bəzi "xalq düşmənləri" ittihamları təsdiq etmir, müqavimət göstərmək istəyirdilər və belə bir tərslik bəzən çekistləri qeyzə gətirirdi, onlar and içirdilər ki, lazımi ifadələri alacaqlar. Ancaq nəyə, kimə and içə bilərdilər? Sistem ateist cəmiyyət qurur, məscidləri, kilsələri, sinaqoqları dağıdırdı, az-çox savadlı din xadimlərini təqib və məhv edirdi və istər müsəlman, istər xaçpərəst, istərsə də, yəhudi çekist Allaha, peyğəmbərlərə necə and içə bilərdi? Buna görə də çekistlər "Müqəddəs Stalinə and içirəm!", "Böyük Leninin mavzoleyinə and olsun!", "Əziz atamız Stalinə and olsun!", "Kommunist vicdanıma and içirəm!" - deyə-deyə istədiklərinə - saxta ittihamların təsdiqinə nail olacaqlarına and içirdilər.

Qəhrəmanları Allahlara müraciət edən antik faciələr yada düşür, sadəcə, o faciələrin qəhrəmanları da, aktyorlar da Zevsə, Apollona, Afroditaya inanırdılar, onlara and içirdilər, çekistlər isə "xalq düşmənləri"ni döyə-döyə, ağılasığmaz ittihamları təsdiq etdirə-etdirə, absurd ittihamlara qol çəkdirə-çəkdirə and içdikləri Sistemdən - Stalindən, Leninin mavzoleyindən (!), özləri-özlərindən qorxurdular.

Mənim Ruhulla Axundov haqqında geniş bəhs etməyimin iki səbəbi var: a) onun həyatı dövrün səciyyəsini ifadə etdiyi kimi, konkret olaraq Mir Cəfər Bağırov haqqında da çox söz deyir; b) maraqlı ikinci cəhət isə odur ki, Lubyankada Ruhulla Axundovdan, eləcə də Moskvaya aparılmış Qəzənfər Musabəyovdan, Həbib Cəbiyevdən, Azərbaycan Xalq Komissarları Sovetinin keçmiş sədrləri Dadaş Bünyadzadədən, Hüseyn Rəhmanovdan və başqa azərbaycanlı məhbuslardan... Mir Cəfər Bağırovun və Lavrenti Beriyanın əleyhinə ifadə almağa başlayırlar.

Gürcüstanda da vəziyyət təxminən eyni idi və görünür, müəyyən bir dövrdə onların, yəni Bağırovla Beriyanın da başının üstünü qara buludlar bürümüşdü. Dindirilən azərbaycanlı məhbuslar öz "ifadələrində" Mir Cəfər Bağırovun və onun əlaltısı Yuvelian Sumbatov-Topuridzenin "kontrrevolyusion" fəaliyyətləri haqqında məlumatlar verirdilər.

1937-ci ildə Stalin Moskvada MK-nın plenumunu keçirir və "Partiya işindəki nöqsanlar və trotskist və başqa ikiüzlüləri ləğv etmək tədbirləri haqqında" geniş məruzə edir, sonda geniş də son söz söyləyir. Məruzənin də, son sözün də bütün cümlələrində, hansı məsələdən - təsərrüfatdan, partiya quruculuğundan, yaxud da siyasətdən bəhs etməsindən asılı olmayaraq, Sistem caynağından süzülən insan qanının yaratdığı ab-hava hiss olunur. Mir Cəfər Bağırov da Bakıda partiya aktivinin martın 21-dən 24-ə qədər - 4 gün çəkən yığıncağını keçirir və bu yığıncaqdakı məruzəsində deyir: "Düşmən bizim zəif cəhətlərimizi öyrənir və bunlardan istifadə edir. Bizdə, Azərbaycanda kontrrevolyusion burjua millətçiləri uzun zaman pozucu antisovet iş görmüşlər". Sonra xəbərdarlıq edir ki, onlar "vahid faşist casusları, ziyançılar və diversantlar bandasında birləşmişlər. Bizim təqsirimizdir ki, biz onların əsl simasını bunca uzun zaman tanıya bilməmişik".

Bu özünütənqiddə, əslində, özünümüdafiə var və görünür, Bağırov hiss edir ki, Sistemin qara buludları onun da başının üstünü ala bilər. Bir az əvvəl "Pravda"nın baş məqaləsində Azərbaycanda kənd təsərrüfatının vəziyyəti kəskin tənqid olunur və Hüseyn Rəhmanovla birlikdə Mir Cəfər Bağırovun da adı çəkilirdi.

Belə görünür ki, bütün zahiri qüdrətə və toxunulmazlığa baxmayaraq, bu daxili qorxu yalnız Bağırovun yox, 37-38-ci illərdə Sovet İttifaqındakı bütün partiya akula və balinalarını müşayiət edib, onları daha kəskin, daha qəti və qəddar "ifşa"lara təhrik edib. Ancaq Mir Cəfər Bağırovla bağlı, görünür, qəflətən - 1938-ci ilin əvvəlində vəziyyət dəyişib: Ruhulla Axundov, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə, Hüseyn Rəhmanov və başqaları ilə bağlı sənədlər arasında Nikolay Yejovun şəxsən imzaladığı belə bir qətnamə var: "Hamısını mən şəxsən yenidən dindirəcəyəm. Sonra MK-ya. Yejov. 30/1."  («Всех передопрошу лично. Затем в ЦК. Ежов. 30/1.»)

Belə bir dönüş, yəqin ki, ancaq Stalinin müdaxiləsindən sonra baş verə bilərdi və görünür, Stalin ssenaridə düzəlişlər edib. Bu barədə müxtəlif fərziyyələr söyləmək mümkündür, ancaq fakt budur ki, Yejovun "şəxsən yenidən dindirdiyi" azərbaycanlı bolşeviklərin hamısı 1938-ci ilin aprelində Moskvada güllələnir. Deyirlər, Ruhulla Axundov güllələnməyə aparılarkən vaxtıyla millətçilikdə ittiham etdiyi Nəriman Nərimanovu nəzərdə tutaraq, deyib: "Kaş, doktor sağ olaydı, diz çöküb, ondan üzr istəyəydim..." Olsun ki, bu sözlər də folklor nümunəsidir, ancaq hər halda, əlamətdardır.

Ola bilsin ki, Ruhulla Axundov Sovet İttifaqında hadisələrin gedişatı ilə bağlı hardasa, hansısa iradlarını bildirib (mən buna inanmıram), yaxud hansı səbəblərə görəsə onunla Mir Cəfər Bağırov arasında şəxsi düşmənçilik yaranıb (hər şey ola bilər), ancaq bu tipli mümkün səbəblərə belə baxmayaraq, 1920-ci illərdə Bağırovun Tiflisdən ona yazdığı o məktubları oxuyandan sonra, Ruhulla Axundovu o dərəcədə məşəqqətli "ifşa"ya məruz qoymaq - əlbəttə, qeyri-insani bir işdir. Bu sözləri yazıram və fikrimdən keçir ki, belə bir qanlı hərc-mərclik, özbaşınalıq, qəddarlıq, belə bir dəhşətli qorxu içində insanilik axtarmaq Don Kixotun yel dəyirmanları ilə vuruşmağı kimi bir şey deyilmi?

Azərbaycandakı "xalq düşmənləri" arasında rəsmən ən çox lənətlənən Ruhulla Axundov idi.

Mən şübhə etmirəm ki, Mir Cəfər Bağırov Stalindən əvvəl Lavrenti Beriya ilə də razılaşdırmasaydı, Ruhullanı məhv edə bilməzdi, çünki baxın, Ruhulla Axundov 1923-cü ildə Beriyaya ən yüksək səviyyəli xasiyyətnamə vermişdi və orada Beriyanın "böyük təşkilatçılıq bacarığı"nı, onun "qiymətli, yorulmaz bir işçi" olduğunu xüsusi diqqətə çatdırırdı, "Azərbaycan Fövqəladə Komissiyasında da, MK aparatında da (Beriya bir müddət MK-da işlər idarəsinin müdiri vəzifəsində də işləmişdi - E.) fəaliyyətinin parlaq (! - E.) nəticələr verdiyi"ni yazırdı. (Борис Соколов. Берия. Судьба всесильного наркома, Москва, «Вече», 2003, стр. 30.)

Bu arayış Lavrenti Beriyanın karyerasında əhəmiyyətli rol oynamışdı.

Taleyin oyununa bax ki, 1920-ci illərin əvvəllərində Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova millətçi damğası vurub, onu Azərbaycandan uzaqlaşdırmağa nail olan, faktiki onu çərlədən azərbaycanlı bolşevik rəhbərlərin özləri - Ruhulla Axundov, Mirzə Davud Hüseynov, Əliheydər Qarayev, Əyyub Xanbudaqov və başqaları eyni zamanda məhz "nərimanovşina"da (nərimanovçuluqda), yəni millətçilikdə təqsirləndirilib güllələndilər.

 

 (Ardı var)

 

ELÇİN

525-ci qəzet.- 2024.- 11 may,№82.- S.18-19-20.