Cahid Camalın
Qayıdışı
Görkəmli rəssamın zəngin sənət
irsi xalq əmanəti oldu
Artıq 14 ildir ki, "Xalq Bank"ın uğurla həyata
keçirdiyi "Xalq Əmanəti" mədəni-maarifçilik
layihəsi çərçivəsində təşkil olunan
möhtəşəm təqdimatlar və sərgilər
müasir milli mədəniyyətimizin, sənət
mühitimizin inkişafına önəmli təsir göstərməkdədir.
Mayın 3-də Bakıda görkəmli rəssamlar,
ziyalılar və digər incəsənət təmsilçilərinin
iştirakı ilə layihənin 24-cü nəşrinin təqdimatı
keçirilib. Yeni bədii albom Azərbaycan təsviri sənətinin
tarixində özünəməxsus yer tutan rəssam Cahid
Camalın (15 noyabr 1928-17 iyun 2011) həyat və
yaradıcılığına həsr edilib.
Azərbaycan, ingilis və rus dillərində, nəfis
tərtibatla işıq üzü görən bu bədii
albom C.Camalın maraqlı ömür və fəaliyyət
yolu, həmçinin onun sənət irsi ilə bağlı zəngin
bilgi mənbəyi kimi diqqət çəkir.
Cahid Camal 15 noyabr 1928-ci ildə Qarabağ
torpağında, Ağdam rayonunun Gülablı kəndində
anadan olub. Ailələrinin Şuşada da evi varmış.
Pasport alarkən, valideynlərinin razılığı ilə,
gənc Cahid babası Camalın adını özünə
soyad kimi götürüb. Məlumata əsasən, ata tərəfdən
onun şəcərəsinin Sarıcalı tayfasına,
Qarabağ xanlığının əsasını qoymuş
Pənahəli xana bağlılığı var.
O, 1945-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq
Məktəbini bitirib, 1946-cı ildə V.İ.Surikov adına
Moskva Dövlət Akademik Bədii İnstitutuna daxil olub, təhsilini
"dekorçu-rəssam" ixtisası üzrə dekorativ tətbiqi
rəssamlıq sənəti bölməsində davam etdirib. Təcrübə
müddəti başa çatdıqdan sonra teatrda
dekorçu-rəssam kimi işə götürülüb.
1952-ci ildə C.Camal dahi Üzeyir Hacıbəylinin Azərbaycan
Opera və Balet Teatrında səhnəyə qoyulacaq
"Koroğlu" operası üçün dekorasiya eskizləri
çəkib. 1956-cı ildə Moskvadakı Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun
baş rəssamı kimi tədbirlərə cəlb olunub.
C.Camal kitab qrafikası sahəsində də
özünü əla illüstrator-rəssam kimi göstərə
bilib. O, Bakıdakı "Azərnəşr" və bir
neçə Moskva nəşriyyatı ("Raduqa",
"Proqress" və s.) üçün kitablara tərtibat
verib. "Koroğlu" xalq dastanı (1956), "Molla Nəsrəddinin
lətifələri" (1959), C.İkraminin "Od
qızı" (1965), X.Qoytisolonun "Elə həmin sözlər"
(1967), Namdağın "Həyəcanlı illər"
(1969) kitablarının bədii tərtibatı məhz ona məxsusdur.
Cahid Camalın bədii üslubu və
yaradıcılığının formalaşmasına
coğrafiyanın müstəsna təsiri olub. O, əsərlərində
vətəninin yalnız şəhər mədəniyyətini
deyil, kənd mühitini də ustalıqla göstərməyi
bacarıb. Azərbaycanın dili, tarixi, əfsanə və rəvayətləri,
təbiəti, musiqisi, memarlığı, xalq tətbiqi sənəti,
xalı və tikmələri istedadlı rəssamın ilham mənbəyinə
çevrilib. Bu amil onun əsərlərinin süjet və rəng
həllində, parlaq boyalara və ornamentlərə sevgisində
əksini tapıb.
C.Camal Rusiya Federasiyasının Əməkdar rəssamı,
Moskva Rəssamlar İttifaqı, Azərbaycan Rəssamlar
İttifaqı, Monqolustan Rəssamlar İttifaqı və Beynəlxalq
Təsviri Sənət Fondunun üzvü olub. Rəssamın əsərləri
Azərbaycan İncəsənət muzeyində (Bakı),
Q.Zanabazar adına Təsviri İncəsənət Muzeyində,
Monqol Milli-Tarix Muzeyində (Ulan-Bator), Dövlət Rus Muzeyində
(Sankt-Peterburq), Dövlət Şərq Muzeyində (Moskva),
qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Sərgiləri
hələ sağlığında Bakı, Moskva, Dubna, Minsk,
Almatı, Kişinyov, Ulan-Bator və Gəncədə təşkil
edilib.
Titullarından da göründüyü kimi, rəssamın
yaradıcılığı zəngin mədəniyyətə
malik üç ölkə - Azərbaycan, Rusiya və Monqolustan
ilə eyni dərəcədə bağlıdır. Onun
adı bu ölkələrin XX əsrin ikinci yarısı və
XXI əsrin birinci onilliyinin təsviri sənət tarixinə
yazılıb.
Bu vaxtadək C.Camalın rənglərin təbiətinin
araşdırılmasına həsr edilmiş "Rəngin
anatomiyası" və "Geyimdə rəng" əsərləri
nəşr olunub.
C.Camal yaradıcılığının böyük
və ən parlaq hissəsi Monqolustanla bağlıdır desək,
yanılmarıq. Sənətkar bu ölkəyə həsr
olunmuş 850 əsər,"Monqol süitası" və
"Monqolustan. Qobi" kimi silsilələlər yaradıb.
Təqdimat mərasimini açaraq qonaqları salamlayan
tanınmış aparıcı - Əməkdar artist Dilarə
Səlim qeyd edib ki, görkəmli Azərbaycan rəssamı
C.Camal öz yaradıcılığı ilə
bütövlükdə milli mədəniyyəti, xüsusən
də təsviri sənət xəzinəsini zənginləşdirmiş
fırça ustalarındandır.
Albomun yüksək əhəmiyyətini vurğulayan Xalq
rəssamı, akademik Ömər Eldarovun sözlərinə
görə, sərgidəki əsərlərin hər biri rəssamın
geniş mənəvi dünyasından, təsviri sənətin
müstəsna önəmindən xəbər verməklə
yanaşı, əsl bədii kəşf kimi diqqət mərkəzinə
çıxır. Ö.Eldarov məhz bu yeni albom və sərgi
vasitəsilə C.Camalın timsalında daha bir parlaq Azərbaycan
rəssamının yaradıcılığına bələd
olmaq imkanı qazanmasından məmnunluğunu ifadə edib.
Xalq rəssamı Arif Hüseynov bildirib ki, "Xalq
Əmanəti" çərçivəsində gerçəkləşənbu
dəyərli təqdimat həm şəxsi planda, həm də
yaradıcılıq baxımından C.Camalın doğma vətənə
möhtəşəm qayıdışının parlaq
göstəricisidir. Onun fikrincə, bu dönüşün
C.Camal əsərlərinin Azərbaycan muzeylərini tezliklə
bəzəməsi ilə də təzahür tapması son dərəcə
xoş olardı.
Albomdakı mətnin müəllifi kimi
çıxış edən sənətşünas, RF Şərq
Muzeyinin elmi əməkdaşı Mariya Filatova "Xalq
Əmanəti" layihəsindən məmnunluğunu, buna
görə səmimi təşəkkürünü dilə
gətirib. O bildirib ki, nəşrdə yer alan əsərlərlə
tanış olduqca C.Camalın unikal bir təsviri sənət
ustası olduğu aydın şəkildə
anlaşılır. Rusiyalı sənətşünasın
fikrincə, rəssamın əslən Qarabağdan olması,
xalçaçılıq, bədii döymə kimi ənənəvi
sənət mühiti ilə əhatələnməsi
onun istedadının cilalanmasına və
yaradıcılığının inkişafına öz
mühüm təsirini göstərib.
Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının rektoru, professor Natiq Əliyev "Xalq
Əmanəti"nin milli mədəni irsi gələcək nəsillərə
çatdırmaq baxımından müstəsna əhəmiyyət
daşıdığını önə çəkərək,
belə bir layihənin ardıcıl və yüksək səviyyədə
həyata keçirilməsinə görə "Xalq
Bank"a dərin minnətdarlığnı ünvanlayıb.
Burada təqdim olunan əsərlərin C.Camalı hərtərəfli
istedada malik sənətkar kimi dəqiq xarakterizə etdiyini
bildirən N.Əliyev vuğrulayıb ki, yeni bədii albom zəngin
məlumat və zövq qaynağı, həmçinin
Akademiyanın tələbələri üçün misilsiz
dərs vəsaitidir.
Xalq rəssamı, Rəssamlıq Akademiyasının
prorektoru Səlhab Məmmədov, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, professor Qalib Qasımov
"Xalq Əmanəti" layihəsinin Azərbaycan təsviri
sənətinin çağdaş dünyada
tanınmasında, bütövlükdə milli mədəni-ədəbi
irsin qorunmasında mühüm rol oynadığını,
yeni nəşrin C.Camal irsinin təbliğinə vacib töhfə
oluğunu söyləyiblər.
Təkcə bu albomun deyil, ümumilikdə layihə
üzrə hazırlanmış hər bir nəşrin
uğurlu tərtibatçısı, Əməkdar incəsənət
xadimi Tərlan Qorçu "Xalq Əmanəti"nin milli
miqyasda əhəmiyyətindən, C.Camal
yaradıcılığının özünəməxsusluğundan
söz açıb.
Qeyd edək ki, "Xalq Əmanəti" layihəsi
"Xalq Bank" ASC tərəfindən 2010-cu ildən etibarən
həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni
irsinin qorunub gələcək nəsillərə
ötürülməsi, mənəvi dəyərlərinin
dünyaya tanıdılması məqsədini
daşıyır. Layihə çərçivəsində nəşr
olunan kitablar - Azərbaycan, ingilis, rus dillərində çap
olunur. Nəşrlər ölkənin ali və orta təhsil
müəssisələri, uşaq evləri və kitabxanalar,
müxtəlif fondlar, dövlət müəssisələri,
xarici ölkələrin Azərbaycanda və Azərbaycanın
xaricdə fəaliyyət göstərən səfirlik və
konsulluqlarına, dünyanın böyük muzeylərinə,
kitabxanalarına, eləcə də sənətsevərlərə
hədiyyə olunur.
525-ci qəzet.- 2024.- 11 may,№82.- S.17.