BƏDBƏXT GÜNLƏR İÇİNDƏ
XOŞBƏXT GECƏ
Bütün bunlar olub keçib. Tarixin o vaxt qopmuş
tozanaqları çoxdan yatıb. Daha nə o adamlar qalıb, nə
o nəsillər. Bu hekayətlər də indikiləri -
artıq başqa dövrünkü olan adamları heç
cürə o köhnə adamlar kimi təsirləndirən,
düşündürən, xiffətlə yükləyən,
nəhayət ki, keçmişlərdə deyilə,
yazıla bilməyənlərin hamısının
aşkarlanması ilə onları ürəklərindən
tikan çıxaracaq qədər toxtadan, ovudan deyil. El deyib
axı: "Keçən günə gün çatmaz".
Ancaq bu deyişi də iki cür qavramaq olar. Yəni bir
tərəfdən, doğrudan da, nə qədər günləri
bir-birinə calaq edib dünənə körpü salmaq istəsən
də, daha ora qayıtmaq, ora çatmaq mümkün olmaz. Amma
"ötən günə gün çatmaz" məsəli
həm də gələcəkdəki heç bir günün
o keçmişdəkilərə çata bilməyəcəyi,
onları əvəz etməyə gücü
çatmayacağı mənasını verir -artıq
acıları unudulmuş, hər anının xatirələri
hətta nisgilləriylə belə şirinləşmiş, əzizləşmiş,
qoynunda heç vəchlə unuda bilmədiyimiz, daim həsrətini
çəkdiyimiz doğmalarımızın, məhrəmlərimizin,
qəlbimizə yaxınların surətlərinin
sayrışdığı sovuşmuş, bitmiş, amma
yaddaşımızda, ürəyimizdə davam etməkdə
olan dünən!
Böyük alim Əkrəm Cəfər ruh adamı
idi. Mənə və onu tanımışların hər birinə
yaxşı bəlli olan bu həqiqətə 2024-cü ilin 5
may günündə bir daha heyrətlə yəqin kəsildim.
Sanki gəldi və məni özümdən asılı
olmadan ondan qalan qovluqları açmağa və gecənin dərin
saatlarına qədər bir daha onun səliqəli xətti ilə
qələmə alınmış səhifələri
oxumağa sövq etdi. 5 may onun doğum günüdür - bu,
dəqiqdir. Amma doğum ili ilə bağlı özü də
tərəddüdlü idi. Hətta rəsmən tərcümeyi-halını
yazanda belə xüsusi vurğulayırdı ki, 1904, ya 1905-ci
ildə anadan olmuşam. O vaxt təvəllüd tarixini bir
kitabın arxa qapağında günü,ayı doğru
göstərsələr də, ili yazanda nəsə təsadüfi
yanlışlıq olubmuş, özü söyləyirdi ki,
evimizdə də həmişə bunun höcəti gedərdi.
Əlbəttə, doğrusunu Allah bilir, ancaq bu ilin 5
mayında unudulmaz Əkrəm müəllim gələrək
heç hiss olunmadan məni onun haqqında yazmağa yönəldəndə
istər-istəməz fikirləşdim ki, elə həqiqətən
1904-cü ildənmiş. Axı bu hesabla düz 120
yaşı tamam olur.
...Qiymətli bir daş günəş
şüaları altında necə bərq vurarsa, Əkrəm
Cəfər də on barmağında on mərifət olan
şəxsiyyət kimi bütün yönləriylə
maraqlı idi. Bütün başqa məziyyətlərindən
savayı, o həm də şair idi və onun şeiri də əslində
həmişə müəyyən cəhətləriylə
elmini davam etdirmişdi. Amma çox sevdiyi və dərindən
bildiyi poeziya onunçün həm də mütəmadi olaraq
çəkildiyi bir təsəlli adası idi. Adətən
çox yazmazdı, yazdıqlarını da özünəxas
məharət və bəlağətlə dost məslislərində,
ildönümlərində, elmi məclislərdə ürəklə
oxuyardı, onun ifasında şeirləri olduğundan da
gözəl görünərdi.
Ancaq o üç iri qovluq ki onlarda Əkrəm müəllimin
həyatının təqribən yarım əsri boyunca
yazdığı üç poema-epopeya qovuşub, onların
hamısını da deyil, bəzi parçalarını
üç-beş nəfər ən məhrəm bildiyi,
ürək qızdırdığı adamlara oxumuşdu.
Bu üç əsər onun öz ömrü və
dövrü, taleyi və mübarizələri, dostları və
düşmənləri, itirdikləri və qazandıqları
haqqında düşüncələridur: "Bolşeviknamə",
"Leninnamə", "Cəlladnamə".
Bu üç qovluq Azərbaycan etiraz ədəbiyyatının
çoxdan bəri izlədiyim 1300 illik tarixinin ən iri həcmli
əsəridir (Ancaq Əkrəm müəllimin
etirazçı şeirləri bunlarla bitmir və o haqda
"Azərbaycan etiraz ədəbiyyatı" əsərimizin
ayrıca bir fəslində geniş bəhs edilir).
Əlyazmaları arasında rusca yazdığı,
"Qırıq fikirlər" adı qoyduğu bir şagird
dəftəri də var ki, orada 1953-cü ilin 21 noyabrında
belə yazırdı: "Əkrəmdən soruşdular:
"Türmədə olmusunuzmu?" Cavab verdi ki, bəli,
olmuşam, bir dəfə də olacağam.
- Aha, bir də olacaqsınız?
- Mütləq!
- Türmədə nə vaxt və müddətə
olmusunuz?
- Mən türmədə 1904-cü ilin ikinci
yarısından 1905-ci ilin 5 mayına qədər olmuşam -
9 ay 9 gün neçə saat.
- Sizi başa düşmürəm. Deyirsiniz 1905-ci ildə
doğulmusunuz, amma 1904-də həbsdə olmusunuz? Siz o vaxt həbsxanada
deyil, ananızın bətnində ola bilərdiniz.
- Tamamilə doğrudur. Məhz ana bətni mənim
ilk həbsxanam olub.
- Bəs ikinci həbsiniz nə vaxt olacaq?
- İkinci həbsxanam mənim məzarımdır. O
da əgər olarsa. XX əsrdə ölənlərin
çoxu məzarsızdır. Ya müharibədə həlak
olublar, ya həbsxanalarda, ya həbs düşərgələrində).
Üçlüyünün sərlövhələrinə,
illah da ilk ikisinə nəzəriniz sataşınca elə
gümana düşməyin ki, bunlar sovet dövrünün
basmaqəlib təbliğat mənzumələri zümrəsindədir.
Əsla! Hər üç əsərdə Əkrəm Cəfər
açır sandığı, tökür
pambığı, müasiri olduğu zamandan, quruluşdan və
cəmiyyədən öz ömrü içərisində
gördükləri və çəkdiklərini
çılpaqlığı ilə təsvir edir. Ancaq elə
başlanğıcdan çap üçün nəzərdə
tutulmasa da (sovet senzurasının qırmızı qələminin
qılıncdan iti olduğu çağlarda kim idi belə
dikbaş yazıları çap edən?!), hər halda Əkrəm
Cəfər hansı sistem içərisində
yaşadığını yaxşı anlayırdı və
ilk iki əsərinin adı ilə də, məzmunu ilə də
bəyan edirdi ki, əslində bu haqsızlıqlar, ədalətsizliklər,
yolundanazmalar hamısı Leninin, partiyanın qoyduğu
doğru yoldan sapanların əməlləridir. Yəni
ifşa etmək, qamçılamaq, astarı avanda çevirməkçün
leninizmi, bolşevizmi, kommunist partiyasını bir zireh kimi
qabağa verirdi. Müəllifçün bu epopeyada Əhrimənin
rəmzi Stalin idi, amma hədəf nə qədər
birbaşa söyülsə də, oxuduqca anlaşılır
ki, Əkrəm Cəfərin nişan aldığı
bütövlükdə belə rəzalətlərin maneəsiz
baş verməsinə meydan açan quruluşun, məfkurənin
özüdür. Əlyazmalarının arasında 1950-ci illərin
əvvəllərinə aid rusca yazdığı belə bir
vərəqçə də qalır: "Faşist
bandasının Mərkəzi Komitəsi. Quldurlar qərargahı.
Xalqın qəddar düşmənlərinin yuvası. Parazitlər
və müftəxorlar şurası. Əxlaqsızlar
yığnağı. Cəlladlar diktaturası, qatillər
diktaturası. Soyğunçular və başkəsənlər
hakimiyyəti - Stalinizm").
Əkrəm əvvəlindən sonunadək
ifşalardan ibarət bu epopeyasını yazmağa evinin
rahatlığında, haradasa
yaşıllıqda-güllükdə, səfalı bir məkanda
dincələ-dincələ deyil, şaxtası iliyə
işləyən, hər növbəti günündə
ölüm təhlükəsi və ehtimalı gizlənən
həbs düşərgəsində, bəlli nömrəli məhbus
- "xalq düşməni" kimi başlamışdı:
Ey günahsız ailəm, məni gözləmək hədər,
Bəlkə mənə bu yerdə ölüb-qalmaq
müqəddər.
Gözləməyin, gözünüz yaşlarla
dolacaqsa,
Unudun, bu gözləyiş əbədi olacaqsa.
Bu nə çirkin həyatdır, can çəkişdiyim
həyat,
Nə uğursuz saatmış o doğulduğum saat!
İnsanlar insanlara neçin versinlərəzab?
Bu mənasız sorğuya kimsədən gəlmir
cavab.
Yalnız çürük bir ümid, avamların
qidası,
Aldadıcı laylalar çalıb yatırdın
bizi.
Axmaqların qidası yalnız məlun bir ümid,
Ağızlara, gözlərə vurmuş qara bir
kilid.
Beləcə şikayətlərlə başlayan
Əkrəm sürgünlüyün ölümü dustaqlara
həyatdan daha arzulanan edən əzablı günlərinin təsvirinə
keçir və əsəri məhz o soyuq uzaqlarda, 1945-ci ildə
yazmağa başladığını da xəbər verir:
Qırx beşinci ildə qırx bir yaşında,
Yazıldı "Bolşeviknamə"yə
giriş.
Bu min misralı, min qanadlı dastan
Bir də ümidimin tutdu qolundan.
Etiraf edir - o cəhənnəmdə onu həyatdan
sonacan bezməyə qoymayan, var olmaq ümidini şölələndirən,
yenidən azad günlərin başlaya biləcəyinə
inandıran qüvvə elə sözmüş!
Əkrəm bu sətirləri yazanda faciələrin
baş memarı İosif Cuqaşvili-Stalin də, onun başkəsən
əli Lavrenti Beriya da, Azərbaycandakı cəlladbaşısı
Mircəfər Bağırov da sağ idi, şər
püskürməkdə davam edirdilər,
gözüqıpıq sovet adamları dövlətin
başında duranlar, əlində yüksək səlahiyyətlər
olanlar haqqında artıq-əskik danışmağın
birbaşa dövlət əleyhinə söz demək
olduğunu anlamağa alışmışdılar və ona
görə də bu mövzularda nəinki əks nəsə
söyləmək, hətta qəlbindərinliyində tərs
düşünməyə belə çəkinirdilər.
Əkrəmsə daha qorxmurdu, onsuz da hər gün
ölümün ovcunun içində idi və
yazdıqlarının aqibətinin nə olacağını
bilməsə də, əlinə kağız-qələm
düşdükcə ürəyini boşaldırdı,
yazdıqlarını dürmələyib
sırıqlısının astarında gizlədirdi:
Çox uzaq deyildir intiqam günü,
Nərələr qopacaq leninçilərdən.
Onların qatili Cuqaşdan, yəqin,
İntiqam istərləronda hər yerdən.
Cuqaşdan intiqam vaxtı gələndə
Cavab istəyəcək sovet xalqları,
Mavzoley dalında olan büstünə
"Rədd olsun!" deyəcək sovet xalqları.
Lenin vətəninin hər guşəsində
Lənət lövhələri asılsın gərək.
Onun it adına minlərlə rəngdə
Qisas damğaları basılsın gərək.
Cinayətlərinə, qan işlərinə
Romanlar, dramlar yazılmalıdır.
Onu xatırladan hər yer daşında
Nifrət şeirləri yazılmalıdır.
...Nəyi vardısa, onları Əkrəm Cəfərə
Şura hökuməti vermişdi. Azərbaycanın ucqar
dağ kəndində - o çağlar
Şamaxınınkı olan Lahıcda doğulmuş misgər
oğlu tək-tənha, boş ciblə, üz tutası, bel
bağlayası kimsəsi olmadan paytaxt Bakıya gəldisə,
burada yaşamağına yer verildisə, oxumağına hər
şərait yaradıldısa (İstiqlaliyyət küçəsində,
indi Əlyazmaları İnstitutunun yerləşdiyi binada -
Darülmüəllimində təhsil aldı, elə
yataqxanaları da orada idi), sonra pillə-pillə irəliləməsi
üçün imkanlar əsirgənmədisə (1925-1927-ci
illərdə Lənkəranda ibtidai və orta məktəbdə
müəllimlik etdi, 1927-1929-cu illərdə Qazax Pedaqoji
Texnikumunda və o şəhərdəki orta məktəbdə
dərs dedi), elə həmin təhər bir başında səhər
açılanda o biri ucunda gecə düşənnəhəng
ölkənin paytaxtına gedib çıxaraq orada
özünü təsdiq etdisə (1929-cu ildə komsomolun Mərkəzi
Komitəsi və Yazıçılar İttifaqının xətti
ilə Ümumittifaq Moskva Dövlət Universitetinə qəbul
edilərək orada Dil-Ədəbiyyat Bölməsini bitirdi,
SSRİ Mərkəzi İcraiyyə Komitəsi yanındaElmi Tədqiqat
Millətlər İnstitutunun aspiranturasına girdi, bitirincə
Moskvanın 4 ali məktəbində ümumi dilçilik
üzrə müəllim oldu - bu ömür yolu mərhələlərini
ona görə bircə-bircə yazıram ki, ustadın
bioqrafiyası haqqında məlumatları əks etdirən ən
müxtəlif ensiklopediyalarda, fərqli qaynaqlarda
yanlışlıqlar ola bilər. Bunlarısa onun öz xətti
ilə yazdığı, dürüstlüyünə tam
inandığım əlyazmasından köçürürəm),
sovet dövlətinin ən "hündür yeri" Kremlədək
gedib çıxaraq orada da vəzifələr aldısa
(1936-1937-ci illərdə SSRİ Xalq Komissarları Soveti
İşlər İdarəsi yanındakı "SSRİ
Hökuməti Qanun və Sərəncamlarının
Toplusu"nda redaktor, eyni zamanda "Sovet Ədəbiyyatı
Ensiklopediyası"nda Azərbaycan və türk ədəbiyyatı
üzrə məqalələrin müəllifi), yalnız Azərbaycanın
yox, bütün Sovet İttifaqının aparıcı alimlərindən
birinə çevrildisə (1937-ci ildə o vaxtlar əsas və
ali idarəedici orqan sayılan Mərkəzi Komitənin
göndərişi ilə Bakıya gəldi, 1937-1939-cu illərdə
V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda, 1939-cu ildən Azərbaycan Dövlət
Universitetində kafedra müdiri işlədi, 1941-ci ildə
namizədlik dissertasiyası müdafiə edib alimlik dərəcəsi
aldı, sonra siyasi repressiya zərbəsini alaraq bir müddət
Vətəndən ayrı düşüb 1955-ci ildə
sürgündən qayıtdı, yenidən parlaq elmi yüksəlişlər
yoluna çıxdı, o ildən, 1961-ci ildən Azərbaycan
Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda, həmin
ildən ta 1991-ci ilə, ömrünün sonunadək Şərqşünaslıq
İnstitutunda baş elmi işçi vəzifəsində
çalışdı, 1969-cu ildə doktorluq dissertasiyası
müdafiə etdi, Azərbaycanda, Sovet İttifaqının
bütöv şərqşünaslıq mühitində,
İranda, İraqda, Türkiyədə, Avropa ölkələrində,
Amerikada - tanındığı, eşidildiyi, oxunduğu hər
yerdə alim böyüklüyü danışıqsız qəbul
edildi), ev-eşik sahibi oldusa - hamısına görə
kasıb-kusubunku hesab edilən sovet dövlətinə borclu
idi.
Ancaq Allahın Öz böyüklüyünə
uyğun olaraq Əkrəm Cəfərə verdikləri bir
dövlətin, nə qədər səxavətli olsa da, verə
biləcəklərindən daha əzəmətli idi.
Pərvərdigarın ona bəxş etiyi, bəndələrinin
ən seçilmişlərinə rəva gördüyü
cilovsuz istedadının, misilsiz yaddaşının, coşqun
şövqünün, usanmadan oxumaq, öyrənmək,
yazıb-yaratmaq eşqinin, elmi sərrastlıq və
yığcamlığın şairanə, poetik ifadə tərzi
ilə qovuşuğından törəyən cazibəli
yazı dəsti-xəttinin, axtarıcılıq fəhmi, istənilən
auditoriyanı bir neçə dəqiqədə ram edərək
ona məftunluqla qulaq asmağa kökləyən şirin
nitqinin - bunca çoxcəhətli istedadının
müqabilində bəxtinə düşmüş sosializm
dövrü və sovet dövləti nəinki ona layiq
olduqlarını yetərincə qıymadı, əksinə,
məhz həmin zəka üstünlüyünə
görü onu cəzalandırdı, həyatını məhvərindən
çıxardı, müdhiş dustaqlıq zillətlərinə
məruz qoydu, tamamilə haqq etdiyi mümkün yüksəlişlərinin
qarşısını aldı, onu daim özündən
qat-qat aşağıda duran (bunu özləri də gözəlcə
anlayırdılar), heç bir şəkk və şübhəsiz
məhz Əkrəm Cəfərə daha əvvəlçatmalı
yüksək elmi ad və titullara ondan xeyli əvvəl yiyələnmişlərə
tabe etdi.
...Hələ sovet yerində idi və Əkrəm Cəfər
ömrü boyu bütün başqa işlərini görə-görə
bir bütöv olan bu üç əsər üzərində
işini də davam etdirirdi - yeni parçaları da yazırdı,
qayıdaraq köhnə hissələri cilalayırdı, yeni
məlumatlar əldə etdikcə, o nəhs illərin qoynundan
keçənlərdən hansı iləsə rastlaşaraq təzə
xatirələr eşidəndə poemalarının uyğun
hissələrinə nələrisə artırırdı.
Əkrəm Cəfər sovet yumruğunun dadını
görmüş insan idi. Ona görə də hər ehtimala
qarşı bütün ideoloji tənqidlərində, hətta
kimsəyə oxumadığı, yazı masasının
gözündə qalacaq sərt yazılarında da bunları
ilk növbədə kommunist məfkurəsi baxımından qələmə
aldığını, sadiq bir leninçi kimi
düşündüyünü xüsusi
vurğulayırdı.
Əkrəm Cəfər bu epopeyası ilə
milyonlarla insanın yaşamış olduğu, öz
ömründən də keçmiş, təqribən elə
1941-1945 müharibəsindəki qədər itkilərə
bais olmuş (ancaq bu hesabla müharibədən daha dəhşətli!
Çünki müharibə ağına-bozuna məhəl
qoymadan, ucdantutma qırır, sovet siyasi repressiyaları isə
xüsusi siyahılarla bircə-bircə seçərək
yaxşıları məhv edir, cəhənnəm əzablarına
məruz qoyurdu) faciələrin bədii tarixini
yaradırdı. Əkrəm Cəfərin əsərində
zəngin surətlər qalereyası vardı. Elə onun
özü kimi Stalin rejiminin, sovet siyasi repressiyalarının dəhşətlərini
yaşamışların qəmli portretlərindən ibarət
qüssəli, əzabkeş bir qatar.
1990-cı illərin sonlarından, 1990-cı illərin
əvvəllərindən etibarən keçmiş Dövlət
Təhlükəsizlik Komitəsinin arxivlərində saxlanan
cinayət işləri ilə tanış olmaq imkanı
yarandı, qiymətli insanlarımızın onillərcə
gizli qalmış ürək sızladan sonları barədə
xeyli məqalələr də yazıldı, kitablar da nəşr
edildi və yəqin, gələcəkdə də bu iş
davam edəcək - hökmən edilməlidir də! Ancaq
Əkrəm Cəfərin əksəri həyatını
itirmiş, ömrü məhvərindən
çıxmış, bir çoxu büsbütün
unudulmuş o günahsız müqəssirlər haqqında
yaratdığı tablonun vacib bir üstünlüyü budur
ki, o, haqqında bəhs etdiklərinin hər biri ilə şəxsən
tanış idi, bir çoxu ilə yaxın dost olmuşdu,
hansıları iləsə elə sürgün və həbs
yollarında görüşmüşdü də.
Bütün bunları Əkrəm ustad həm bir tarix
nişanəsi, həm də dünya görmüş və
bu cəfaçı dünyada çox zülmlərlə
rastlaşmış ağsaqqalın gəncliyə nəsihəti,
vəsiyyəti kimi qələmə almışdı.
Əkrəm müəllim 1991-ci il avqustun 18-də vəfat
etdi. O, SSRİ-nin süqutunun rəsmən elan edilməsindən,
sovet bayrağının birdəfəlik endirilməsindən
az öncə həyatdan ayrılsa da, artıq
addım-addım dərinləşən bu parçalanıb
dağılmanın labüd iflasa doğru
apardığını görür, hiss edirdi. Ona görə
də əsərinə 1985-ci ilin oktyabrında
yazdığı "Gənclərə nağıl"
adlı şeirini sabahdakılara bir xəbərdarlıq kimi əlavə
etmişdi: birdən gələcəkdə sovet
keçmişini sizə arıtlayaraq bər-bəzəkli təqdim
edərlər, insanaqənim çöhrəsini mələkləşdirərlər
və siz də inanarsınız, hətta sovetin neştərlərini
bütün müdhişliyi ilə dadmamış hansısa
yaşlılar xiffət çəkər, onlarda
ötmüş əyyamlara nostalji də yaranar - etməyin!
Oxuyun bunları və yaxşıyla yamanı daim öz riyakar
arşını ilə ölçmüş o gorbagor monstırı
- insan ömürlərinə həris divi yaxşı
tanıyın.
Və bu öyüdü başı
daşlardan-daşlara dəymiş, yazdıqlarının
taleyində və ömründə yeritutulmaz
şırımlar açdığı bəlakeş və
müdrik bir şahid verirdi:
Biri vardı, biri yoxdu,
Bir kişi vardı.
Bu kişinin övladı çoxdu,
Onun bunlarla böyük-böyük işi vardı.
Bu kişi ataydımı - "Atayam!" deyirdi,
Ögeymi, doğmaydımı - "Doğmayam!"
deyirdi.
Bu atanın övladı içində
Tənbəli, çalışqanı,
Rüşvətə-oğurluğa
alışqanı,
Karı-koru,
Yalançısı, müftəxoru,
Ürəklisi, ürəksizi,
Həm yaxşısı, həm də pisi,
Qarğa xasiyyətlisi,
Bülbül keyfiyyətlisi,
Hər çeşidi vardı,
Hamısı bu kişinin övladı
sayılardı.
Amma bu kişi, bu ata
Sözlə, dillə
ağıl, şüur sata-sata
Qarğanı bülbülə,
bülbülü qarğaya döndərərdi.
Qarğanıqaldırar
bülbülü endirərdi.
Bunu görən qarğalar
cuşa gəlib
Bu atanı müdrik,
Dahi sanardı,
Bülbüllər də yavaş-yavaş
huşa gəlib
Yana-yana susardı,
Susa-susa yanardı...
...Hansı ən məşhur yazıçı
bussenarini qursa, oxuyan etiraz edərdi ki, inanılmazdır,
qeyri-təbiidir. Ancaq Allahın yazısının
qarşısında kim nə söz deyə bilər! Bu
görüş onlara Pərvərdigarın qatı zülmət
içərisində bir parça işıq
bağışlaması, sönməkdə olan ümidlərini
təzədən közərtməsi idi.
Bu görüş heç ağla gələrdimi?
Onu sonra daha heç kim görməyəcək -
şair Əlirza Xızılı o gedər-gəlməzdən
geri dönməyəcək. Əkrəm Cəfər bu gənc
şairlə axırıncı tuş düşən, ailəsinə
xəbər çatdıra biləcək və misraları ilə
də həmin görüşün tarixdə həmişəlik
qalacaq şəklini çəkəcək tək adam idi. Hərçənd
o görüş baş verəndə İlahidən
savayı, kimsəyə bəlli deyildi ki, bu qasırğalar
kimləri biryolluq aparacaq, kimlər salamat çıxacaq. ...Təsadüfən
rastlaşmışdılar. Bu gecə də Allahın qisməti
idi. Ertəsi gün sübhdən onları doluşduracaqlar
kirli vaqonlara, sürgün qatarları onları fərqli həbs
düşərgələrinə aparacaq. Hələliksə
onları ağır yüklər aparan, mal-qara daşıyan
vaqonlardan bölüşdürülmək üçün əli
silahlı nəzarətçilərlə əhatələnmiş
boş bir meydana yığmışdılar.
Əkrəmi gendən ilk görən Əlirza
olmuşdu. Hələ düşərgə zillətlərini
çəkərək çox dəyişməmişdilər,
hələ üzdən tanınan halda idilər və
Əlirza bu qədər dərdin və dərdlinin arasında
bir tanış üz gördüyünə sevinərək
Əkrəmi səsləmişdi, sarılmışdılar
bir-birlərinə.
"Cəlladnamə"də belə yazırdı:
Saratov-Engels-Krım çölündə
Yarıqaranlıqda minlərcə dustaq.
Yatab mərəkəsi. Adım çəkildi,
Gördüm Əlirza... Təsadüfə bax.
Şair Əlirza - Müşfiqin dostu,
Mənim Müşfiqimin şair yoldaşı.
İki suçsuz məhbus
qucaqlaşmışdıq,
Stalin zülmünün iki dərddaşı.
Əkrəm Cəfər "Mənim
Müşfiqim"i elə gəlişigözəl söz
kimi demirdi. Gerçəkdən də Müşfiq onunkuydu.
Qardaşca yaxın olmuşdular, o, şeirlərini buna, bu, ona
oxuyarmış, bir-birindən aralı olduqları günlərin
də hərarətli məktublaşmaları qalıb.
Müşfiq ona məktublarını "Sevgili böyük
Əkrəm!", Əkrəm cavablarını "Sevgili
qardaşım Mikayıl!" kəlmələri ilə
başlardı - kəc dövran onlardan çox şeyləri
alsa da, o məktubların qalanları var.
Ancaq Müşfiq 1908-ci ildən idi, Əlirza isə
1916-cı il təvəllüdlü. O dövrdə isə hətta
iki-üçyaş təfavüt də ünsiyyət,
isinişmə yaranmasına ciddi maneə ola bilirdi. Ancaq
aralarında 8 illik yaş ayrılığına rəğmən,
Müşfiqlə Əlirza arasında möhkəm olduğu
gendən də duyulan dostluq yaranıbmışsa, elə bunun
özü Əlirzanın necə istedadlı olmasından
deyir. Çünki Əlirza şeirə gələndə
Müşfiq artıq şairlər sırasında seçilənlərdən,
həm də ruhca, tərzcə, yenilikçilik
baxımından üstünlərdənmiş. Müşfiqlə
Əlirzanınkı tutmuşdu ki, Əlirza onun ürəyinə
yatmışdı ki, bu gənc şairə üstdən
baxmamışdı, onu qəlbinə yaxın qəbul
etmişdi.
Əlirzanın şeirlərindən Müşfiq əks-sədası
aydınca eşidildiyindəndir ki, ona "ikinci
Müşfiq" deyirmişlər. Müşfiqin ədəbiyyatımızdan
qoparılmasından sonra Əlirzanın yazdıqları həmin
nisgilli boşluğu doldurmağa qadir ümid verən bir gəncin
ədəbiyyatımıza gəlişinin
soraqçısıydı:
Nazlı qız, səhər erkən sən yuxudan
durmamış,
Umutsuz ürəkləri nəşəylə
doldurmamış,
Yanağında Günəşin səpdiyi
işıq deyil,
Mənim dəli könlümdü,
Dərgahından pay umdu.
...Nazlı qız, pəncərəmi açarkən
ilk duyduğun,
Pərdə-pərdə səslənən nəğməsinə
uyduğun,
O bülbül həsrət çəkən sadə
bir aşiq deyil,
Mənim dəli könlümdü,
Dərgahından pay umdu.
Müşfiqi oxuyurmuş kimi olmadınızmı?!
Əlirzanın bu qəbil sevda
çırpıntılı şeirlərinin neçəsinin
ünvanı da bəllidir. Bunu həmin Ünvan özü
etiraf edib - unudulmaz yazıçımız Əzizə Cəfərzadənin
(1921-2003) avtobioqrafik "Rübabə Sultanım"
romanında "Şair Əlirza" adlı bir bölüm
də var ki, orada elə söhbət gənc şairin yenicə
baş vermiş həbsindən gedir. Romanda Əzizə
"Əzimə" olub. Və belə anlaşılır
ki, aralarında sıcaq könül münasibətləri də
yaranmaqdaymış: "Əzimə bu ucaboylu, gözəl,
qarayanız, daşqın ilhamı lan, 1937-ci ildə itirdiyimiz
Müşfiqi xatırladan Əlirzanı bəlkə də qəlbinin
dərinliklərində sevirdi. Bu sevgi onların arasında
ikitərəfli idi. Əlirza ona bir sıra şeirlər də
həsr etmişdi, amma Əzimə bunlara cavab verməmişdi.
...Bu misraları o, dönə-dönə təkrar
edirdi. Əlirzanın ona yazdığı ikinci şeirdən
bir neçə misra idi:
Yadındamı, gül qoxulu gecəydi,
Bir can kimi seyrə çıxdıq hər yanı?
Yadındamı onda sahil necəydi,
Dalğalandı eşqimizin ümmanı?
Yadındamı sən dedin ki, yetər, dur,
Dur ayrılaq, mən səninki deyiləm?
Olmadın mənimki, səninki olmadım. Mənim əzizim,
sən xalq dostuydun, millət dostuydun. Səni kim,
neyçün güdaza verdi?"
Və Əlirzayla Əkrəm birgə olduqları o
uzun gecədə bir-birinə NKVD zindanında başlarına
gələnlərdən, onlardan hansı suallara cavablar istənildiyindən,
müstəntiqlərin hansı yalanları onların boynuna
qoymağa çalışdıqlarından
danışırdılar.
O illərin çox cinayət işlərini vərəqləmişəm
və belə bir qanunauyğunluğu tutmuşam ki, savad dərəcələrindən,
səviyyələrindən asılı olmayaraq dindirmələri
aparan müstəntiqlərin hamısı (adətən
onların çoxu orta təhsilli idi, amma nədirsə,
hamısının xətti rahat oxunan, səliqəlidir) səy
edirmişlər ki, protokollarda formal cəhətdən hər
şey yerli-yerində, sübutlu-dəlilli olsun - yəni dustaq
özünü günahkar sayaraq irəli sürülən
ittihamların hər birini mütləq nəyin bahasına
olur-olsun boynuna götürsün, hökmən şahid ifadələri
alınsın, üzləşdirmə protokolları da
qovluğa əlavə edilsin. Bunları əldə edənədək
məhbusdan əl çəkmirlərmiş, anadan əmdikləri
südü burunlarından gətirərək nəhayətdə
hökmən istədiklərinə nail olurlarmış.
Hansısa qovluqda bu baxımdan əyər-əskik varsa, səbəb
odur ki, məhbus "namərdlik" edib -
istintaq gedişində həlak olub. Çünki
üçüncü yol yox idi. Cəbr alətləri və
cəza üsulları elə mükəmməlmiş (heyif bu
sözdən) ki, "insan" deyilən bəndə nə qədər
dirəşsə belə, müəyyən həddən sonra
yumşalmağa məhkumdu.
Həbsə alınan ziyalıların da dairəsi elə
idi ki, təxminən hamısı bir-birini şəxsən də
olmasa, uzaqdan tanıyırdı və bu, bəs idi ki,
onların hər birindən obirinə qarşı lazım
olan ifadəni alsınlar. Elə Əkrəmgilə də
çox cəhətdən oxşar suallar vermişdilər.
Şairi Bakıda xeyli döymüşlər,
Ki sübuta yetsin hər yalan-palan...
Desin həm özünə, həm yoldaşına
Olmazın iftira, olmazın böhtan.
Tələb etmişdilər ikimizdən də
Sataq Əfəndiyev Adil Necdəti.
Müstəntiq deyirdi: "Yaxşı yol budur -
Unudun vicdanı, insaniyyəti.
Nə qədər çox adam satsanız bizə,
O qədər cəzanız yüngül olacaq.
Satın dostunuzu, yoldaşınızı",
Belə söyləyirdi bizə o alçaq.
Beləcə, NKVD zirzəmisindəki quduz dindirmələrdə
verdikləri cavablar əsasında yalnız məhbusların
öz taleyi həll edilmirdi, hələ azadlıqda gəzənlərin
də sabah bura gətirilməsi üçün bünövrə
hazırlanır, tədarük görülürdü.
Adil Əfəndiyevi xəbər alırdılar, demək,
nişangahda o imiş. Adil Necdət milliyyətcə axısxa
türkü idi. O, Azərbaycan Dövlət Universitetinin Şərq
fakültəsinin dilçilik şöbəsini bitirmişdi,
tələbəlik dövründən - 1924-cü ildən
"Kəndli qəzetəsi"ndə işləyirdi, 1925-ci
ildə artıq "Qızıl qələmlər"
ittifaqının katiblərindən biri idi, 1940-1946-cı illərdə
nəşr edilən "Rusca-azərbaycanca" dördcildlik
və 1956-1959-cu illərdə işıq üzü görən
ikicildlik "Azərbaycan türk xalq ləhcələri"
kimi mühüm lüğətlərin tərtibçilərindən
oldu, o çağlarda hələ tək nəşriyyat olan və
ziyalılığı qovuşduran ən önəmli mərkəzlərdən
sayılan"Azərnəşr"də, 1939-1953-cü illərdə
Radio Verilişləri Komitəsində yüksək vəzifələrdə
çalışdı, ta vəfat etdiyi 1973-cü ilədək
də məsul vəzifələr tutdu. Əgər Əlirza
kimi, Əkrəm sayaq diqqət mərkəzində olan,
şeirlər yazan, tərcümələr edən, ədəbi-mədəni
aləmdə yaxşı tanınan Adil Necdət də o illərin
başqa parlayanları kimi həbsə
atılmamışdısa, yolunu davam etdirə bilmişdisə,
yəqin ki, bunun bir çox başqa səbəblərinin
yanında bu da vardı ki, məhz Əlirza kimi, Əkrəm
kimi qeyrətli oğullar tapılmışdı ki, NKVD
bayquşları onları divara dirəyəndə sanki
sözləşiblərmiş kimi onun haqqında heç bir
mənfi ifadə verməmiş, heç bir ləkələyici
sənədə qol çəkməmişdilər.
Ancaq dindirmələr əsnasında Əlirzadan da,
Əkrəmdən də oturub-durduqlarından daha biri -
şair Abdulla Faruq haqqında da soruşmuşdular. Həm də
belə sualları Əkrəmdən daha çox Faruqa
vermişdilər. Səbəbsiz də deyildi. Çünki bu
son həbsindən əvvəl də Əlirza şərlənərək
tutulmuşdu. Özü də Faruqla birlikdə. Abdulla Faruq
(1907-1944) 1930-cu illərdə ədəbiyyata gələn və
qısa müddətdə mübariz şeirləri, tərcümələri,
"Kommunist", "Ədəbiyyat qəzeti",
"Şərq qadını" kimi redaksiyalardakı
jurnalistlik fəaliyyəti, ali məktəblərin tələbə
fakültələrində pedaqoji fəaliyyəti, bir-birinin
ardınca nəşr edilən "Üfüqlər
qızaranda" (1929), "Yarış" (1933),
"Talış dağları" (1936), "Dalğalar"
(1937), "Qızıl əsgər şeirləri" (1938)
kimi kitabları ilə ədəbi-mədəni həyatda
önə çıxan, cavan ədəbi qüvvələr
sırasında ən ümidverənlərdən idi. 37
yaşında İkinci Dünya müharibəsində,
Taqanroqda gedən döyüşlərdə həlak olan
Abdulla Faruq bu qısa ömrü ərzində həbsə də
düşmüşdü, əlifba dəyişikliyinə -
latından kirilə keçidin əleyhinə olduğuna
görə siyasi təzyiqlərə də məruz
qalmışdı və kim bilir, bəlkə cəbhəyə
getməsəydi, hələ başına daha hansı qorxunc
işlər gələcəkdi.
Əlirza Xızılı ilə Abdulla Faruq canbir qəlbdə
olan dostlarmış və bunu da yalnız onları
tanımışların söyləməsinə əsasən
deyil, Faruqun gündəliklərində oxuduqlarıma söykənərək
belə arxayınlıqla təsdiqləyirəm (amma Faruqla belə
səmimi, aralarından su keçməyəcək qədər
simsar münasibətləri yenə məni Əlirzanın sənədlərdə
əksini tapmış doğum tarixi barədə şübhəli
düşünməyə sövq edir. Aralarında yetərincə
nəzərəçarpacaq - 9 yaş fərq var. Digər
yandan, bu da var ki, Əlirzanın bacısı Fatma da 1907-ci ildənmiş.
Ata-anası da, Dövlət Təhlükəsizlik Xidmətinin
arxivində saxlanan cinayət işində göstərildiyinə
inansaq, 1921-ci ildə yetərincə yaşlıykən vəfat
ediblərmiş.
Əlirza valideynlərinin yolunu çox gözlədikləri
gec dünyaya gəlmiş oğul idi, ya hansısa səbəbə
görə təvəllüd tarixi sənədlərində
yanlış göstərilmişdi? Söz soruşulası
adam qalmayıb ki, axıracan inanmadığım sənədin
dəqiqliyini yoxlaya bilim. Ancaq Əlirzanın 1916-cı il
göstərilən təvəllüd tarixi doğrudursa,
Müşfiqlə, Əkrəmlə olan sayaq, elə Faruqla
qardaşca yaxın dostluğunun özü də onun tez
yetişməsindən, yaşından qabağa getməsindən,
ağlı, istedadı ilə özündən daha
yaşlılar tərəfindən də elə tay-tuş kimi
qəbul edilməsindən xəbər verir.
Abdulla Faruqun gündəliklərini açıram.
1942-ci il, 8 fevral. "10 gün olmaq üzrədir ki, həbsdən
azad olmuşam. O günlər mənə yuxu kimi gəlir. Mən
ancaq bugündən yenidən gəldiyim həyata ayaq
basmağa başlamışam.
...Pasport almaq məsələsi üçün rayon
milis idarəsinə getdim. Pasport naçalnikinin otağı
bağlı idi. Qəbul vaxtı keçmişdi.
Qayıtdım, gəzə-gəzə mərkəzi
küçələrə gedib çıxdım".
Əlirzayla ikisini birlikdə tutublarmış, sonraların
məşhur, amma elə o vaxt da tanınmışlar cərgəsinə
qoşulmağa başlayan bir yazıçını
"İnturist" mehmanxanasında döyüblərmiş.
Həbs edilməkləri öz yerində, hər iki cavan
yazıçını camaat arasında biabır etməkçün
"Ədəbiyyat qəzeti"ndə "İki dost, iki
xuliqan" adlı məqalə də dərc etdirilibmiş.
Ancaq həbsdən çıxıb gəlmişdilər,
yenə Faruqla Əlirza birgəydilər.
"12 fevral. Yazıçılar İttifaqından
çıxanda Əlirzaya rast gəldim. Onunla gəzə-gəzə
evə qayıdarkən həbsxanada kamera
yoldaşlarımızdan birinin çıxılmaz vəziyyəti
yadıma düşdü. O özü
Naxçıvandandır. Xuliqanlıqla mübarizə
haqqındakı qərarın qızğın vaxtında trenlə
Naxçıvandan Tiflisə gedərkən birisilə dava
etmiş, ona bir şillə vurmuşdu. O əclaf da tez
götürüb onu məhkəməyə vermiş,
yazıq cavan müəllim bir şillə üstündə
bütün gələcəyinin pozulmasına məhkum
edilmişdi. Onun adı Rəhimdi. Şəhərdə
dayısı qızı varmış. Adresini bilmirdi, harada
yaşadıqlarını, həyətini mənə təxmini
demişdi ki, xəbər çatdırım. Əlirzanı
da çəkə-çəkə ora apardım. Qızı
tapıb bibisi oğlu Rəhimin Keşlə həbsxanasında
olduğunu, yanına gedib ondan xəbər tutmaq lazım
olduğunu söylədim.
Gəzə-gəzə Əlirzadan ayrılıb evə
qayıtdım".
Fevralın 13-də Faruqun başı
qarışıq olub, Əlirzayla görüşməyiblər.
Ancaq ayın 14-də səhər yenə işlərinin
dalınca evdən çıxıb bir neçə saat sonra
qayıdanda görür ki, artıq Əlirza onu gözləyir.
"Bir xeyli nərd oynadıq. Əlirzanın yeznəsi
Məmmədəli də gəlib çıxdı. O da nərd
xəstəsi idi. Oynadıq, iki şüşə araq
aldırdım".
Yeyib-içirlər və söhbət əsnasında
bu da məlum olur ki, sən demə, Faruqla Əlirzanın həbs
edilməsi üçün xüsusi cəhdlər də
olubmuş: "Məhkəmə sədri Nağıyev bu
ölkənin iki şairini bir neçə min rüşvətə,
bir boşqab yağlı... satmış..."
Gündəliyin bu parçasından o da məlum olur
ki, Əlirzayla Faruqun dostluğu artıq ailələrin
yaxınlaşmasına da səbəb olubmuş.
Çünki Faruqun evinə Əlirza xəbərsiz gələn
kimi, bacısının yoldaşı Məmmədəli də
elə həmişə gəlib-gedən adam kimi baş
çəkmişdi.
Gündəliyin sonrakı səhifələrində də
tez-tez birgədirlər.
"14 mart. Əlirza ilə bərabər kinoya getdik.
"Qızıl Şərq" kinoteatrında "Salavat
Yulayev" filminə tamaşa etdik".
Kasıb, yarıac-yarıtox günlər
yaşayırlar, amma xoşbəxtdirlər, filmlərə
baxırlar, kitablar oxuyub müzakirə edirlər, bir-birlərinin
şeirlərini dinləyirlər...
"31 mart. Axşam Əlirza bizə gəlmişdi.
Sabah maaş alacaq olursa, mənə bir qədər borc pul verməyi
vəd etdi".
...Hələ dəhşətli dünya müharibəsinin
Sovet İttifaqına, o sıradan Azərbaycana gəlib
çatmadığı,sovetin "Böyük Vətən
müharibəsi" adı qoyacağı savaşın
başlanmasına 2 ay 21 gün qaldığı
çağlardır. Bütöv SSRİ-də və həmçinin
bizdə 1937-1938-ci illərdə tüğyan etmiş faciələrin
yarası hələ qaysaq bağlamayıbsa da, qəzetlər
bir ucdan Avropada şiddətlə davam edən müharibə
haqqında xəbərləri çatdırırsa da,
buralarda nisbi sakitlikdir. Ən azı mənim bu anda izləyə
bildiyim nadir tarixi sənəddə -
müasir Azərbaycan ədəbiyyatını yaradan
qüvvələrin həyatını gün-gün dəqiqliyi
ilə əks etdirən Abdulla Faruq gündəliklərində
görünən mənzərə belədir ki, 1940-1941-ci illərdə
dəhşətli müharibənin astanasında
dayandığımız bir vaxtda ziyalı aləmdə, ədəbi
mühitdə xüsusi vahimə, təlaş hiss edilmir, sanki həyat
adi axarı ilə gedir. Abdulla Faruqun təqvimində 1941-ci il
aprelin 1-idir: "Yazıçılar İttifaqına gedib
Leonid Pervomayskidən (1908-1973) etdiyim tərcümələri
və "Nizaminin qəbri" sərlövhəli şeirini
verdim. "Azərnəşr"ə - Əlirzanın
yanına getməyi qət etdim. Orada Əlirzadan başqa Mir
Mehdi Seyidzadə, Mikayıl Rzaquluzadə, Fövziyəvə
başqalarına rast gəldim. Əlirza maaşını
aldı, Seyidzadə bizimlə bərabər
çıxdı. Əvvəlcə yeməkxanalardan birinə
getməyi məsləhət gördülər. Sonra
Əlirza: "Bax, sizə 30-40 manatdan yuxarı xərcləməyəcəyəm,
- dedi. - İstəyirsiniz yeməkxanaya
gedək, ya da araq-pivə alıb evə gedək". Seyidzadə
razılıq verdi ki, balıq alın, bizdə bişirtdirək.
Gedirlər Mir Mehdigilə. Böyükağa
Qasımzadə də gəlib çıxır. Sonra daha iki
yazıçı. Yeyib-içirlər, ədəbi söhbətlər
gedir, Böyükağa Faruqun qəzəllərini oxuyur və
məclisə təzə gələnlərdən biri, deyəsən,
hansısa iradlar söyləyir, Əlirza başlayır dostu
Faruqu müdafiə etməyə, mübahisə
qızışır. Bir neçə saat sonra
dağılışırlar, Faruqla Əlirza Quba meydanı tərəfdə
bu yaz gecəsində qaranlığa bürünmüş
sakit Bakı küçələrindən keçərək
söhbətləşirlər.
...Və sanki o vaxtdan heç çox da keçməyib.
Ancaq indi o günlər əlçatmaz uzaq keçmişdir.
Faruq haçandır ki, cəbhədədir, Əlirza aylarla
sürən istintaqdan sonra 1942-ci il noyabrın 20-də antisovet
təbliğatı kimi ağır ittihamla 10 il iş alaraq cəza
yerinə gedir. İlahi təsadüf bir neçə gün
sonra mənzilbaşına yetişəcəyi və dustaq həyatını
sürməyə başlayacağı ərəfədə
onu Əkrəmlə rast salıb. Hər ikisi düçar
olduqları müsibətə görə özlərini nə
qədər küskün, sınmış, talesiz sansalar da,
bu təsadüfi görüşü Allahın lütfü
hesab edirlər.
Gecə, Əlirza, mən, Krım çölü -
Yatdıq rütubətli qumlar üstündə.
Söhbət arasında bildim ki, o da
Suçsuz, məhkəməsiz gedir sürgünə.
Nə qədər əzgin olsalar da, böyük dərdləri
bir an belə hafizələrindən getməsə də,
saatlar ötdükcə yolun yorğunluğu göz
qapaqlarından asılsa da, yuxuya getmək istəmirlər,
bir-birlərindən doymurlar, istəyirlər ki, birgə olduqları
bu dəqiqələr, bu bəxtəvər gecə
uzandıqca uzansın və o anlarda xoşbəxtdirlər...
7 may 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 11 may,№82.- S.14-15;16.