Məramın əlacdırsa...
Şairlik insana Tanrıdan bəxşiş verilən
cövhərdir. Zəhmətlə hər damlasını
mayalandırıb bərəkətləndirsən, onun
halallığını alarsan. İnsan
yorulmazlığı, səbir etməyi ilahidən öyrənmədimi?!.
Yusif Mədət kimi tanınmağa başlayanda təbinə,
duyğularına, sənətə "hə" dedi,
"yox demə"di. Qələminə elə sarıldı
ki, barmaqlarından sözün şirəsi, suyu
çıxdı:
Sahil ümüdümü qırma,
Gözünü açsın oyanış.
Ağzına su alıb durma,
Su, yuxunu mənə danış.
Şair dünyadan xəbərdar olanda bir məcraya
sığışmır. Yusif Mədət hələ gənc
şair ikən "Oyuncaq mağazası"nı yazanda
müdrik idi, sözə dəyər verə-verə "Nəğməkar"
oldu. Şöhrətə yol belə başlandı:
Nalə nəğmədən öncədi,
Göz yaşı gözdə incidi?
Aşıb-daşan sevincimi
Kədərimlə tarazladım.
Sevdiyim şeirlər içərisində heç
zaman köhnəlməyən bir "Anamdan yadigar oxlov" da
var. Hər gün gördüyümüz, lirikadan uzaq
saydığımız əşyalar, hamımızın
baxdığı, lakin duymadığımız şeir
mövzuları. Şair fitrəti ilə "varam" deyən
detallar. Bir küncdə nəzərimizi cəlb etməyən,
işimiz düşəndə əlimizə
aldığımız nazik, uzun, odun parçası şair
Yusifin lirikasında nida kimi şax dayanıb:
Oxlovu görüncə yandım, "ox" dedim,
Oxlandım, qaraldım girdə sac kimi.
Ana həsrətinə əlac yox, dedim,
Oxlovu köksümə sıxdım ac kimi.
Analara yazılan minlərlə əsər içərisində
sözügedən şairin oxlova yazdığı şeir də
analıdır. Elə misralar var ki, onların altında
şairin adı, təxəllüsü, üstündə isə
möhürü var. O möhür əsrlər boyu
parıldayır, gücünü itirmir. Yusif milliliyi ilə
poeziyada xalqının və bütün türk ellərinin dəyərini
bəşər övladına elə gözəl
tanıdır ki, heyran qalırsan.
Türkçü yazar olmaq (Bu məqsədlə dara
çəkilən 27 yazarın - Cavid Əfədinin,
M.Müşfiqin, Ə.Cavadın, Almaz İldırım və
s. ruhları şad olsun) istiqlaliyyət aşiqi kimi dəyərləri qoruyub, gələcək
nəsillərə ötürməkdir. Şair bəzən məfhumdan
başqa detalla da ölməz əsərlər yarada bilir:
İstəyir yüz il də, min il də yaşa,
Papaqsız hər nizam çaş düşməlidir.
Xocalı dərdirini dərk etməz başa
Papaq əvəzinə daş düşməlidir.
Başı, sinəsi dopdolu sənətkarın
"Papaqçı"ya yazdığı şeirin
bütün bəndləri (12 bənd) hikmətlə elə
aşıb daşır ki, bir bəndini bu yazıma gətirməklə
ürəyim soyumadı:
Başa köklənibdir indi qəlbimiz,
Bir papaq altında, bəlkə, birləşək.
Bəs hardan tapaq ki, o papağı biz,
Qoyub qarşımıza bir fikirləşək...
Sənət zövq işidir. Məsələn, ədəbiyyat
haqqında ən sadə tərif belədir:
"İnsanların bədii zövqünü
formalaşdırır". Üslub xarakterə yaxın,
orijinallığa meyillidir. Mədəniyyət, incəsənət
və ədəbiyyatda əvvəlkiləri unutmayan, təzədən
dəbə gətirən zövqlü adamlar var. Bu, sələflərə
olan rəğbətdən, varislik haqqına sədaqətdən
irəli gəlir.
Y.Nəğməkar sözün, sazın sirrini bilərək
aşıq şeirinin dildönməz, dodaqdəyməz cəfasını
çəkib, müasir poeziyamıza gətirib. 200
yaşlı Dədə Ələsgərin ruhunu şad edib:
Dəriləndə dərələrdə
çiçəklər,
Aşiqindi, qızılçalar, çiçəklər.
Yaz yalayan yanaqların çiçəklər,
Çiçəklərin əlac edər yarana.
Təbii ki, şairin sevgi dünyasında səsi,
sazının sarı simi kimi kövrək, sinə
kamanının sədası kimi həzindir. Bu yanqu (əks-səda)
həm minorda, həm majorda onun adına layiq (Nəğməkar)
əks olunur. Yusifin məhəbbəti qəlbdən sözə
kamalla enir:
Gözlərin bir haqqı, bir də düzü var,
Gözlərin gözdən də çox sözü
olur.
Göz ilə baxanın iki gözü var,
Qəlb ilə görənin min gözü olur.
Baxın, müəllif "Bəsirət gözəli"ni
bəsirət gözü ilə görür.
Yusif "arzum, məni körpə elə", "hər
gözüm bir günəş, hər sözüm bir udluz
olsaydı" dualarıyla, "ilahi verdiyin dərdlərə
şükür" təmkini və səbri ilə
"dünyanı sözə tutan", "mən hər an
zirvə dumanı kimi dünyadan gedir, hər an zirvənin
başağrısı kimi dünyaya gəlirəm,
özümü bu dünyaya mən gərəkli bilirəm"
düşünən, poeziyanı sevdirməyi bacaran
şairdir:
Əllərimi daş qəlbinə sürtməyə,
Könül qıran can daşında qəribəm.
Qara ulduz gözlərini silməyə,
Bulud olan göz yaşında qəribəm.
Yusif Nəğməkar 60-cı illərdə "Mənim
Vətənim SSRİ-dir" inşası yazan, ancaq "Azərbaycan"
şeiri ilə böyüyən nəslin nümayəndəsidir.
Sonralar özü də yazdı ki:
"Can" söyləyib verməsən can,
"Can"dan Azərbaycan olmaz.
Qovuşmasa nəfəslə qan,
Qandan Azərbaycan olmaz.
Qovusmasa, o tay, bu tay,
Ondan Azərbaycan olmaz!
Azərbaycan-Türkiyə bayrağını birgə
sözün zirvəsinə qaldıran şair bütün
türk ellərinə birlik amalı ilə
yaradıcılığının ilk dövründə
müəllimlik etmişdi. Vətəndaş yetişdirmək
həm dərslərin, həm əsərlərin məsuliyyəti
idi. Axı, bəşəriyyətin xilası yüksək
amallarla mümkündür:
Xor milyonlar oxuduğu
Ölməz nəğmə, şeirdi.
Xorda min-min adamın
Səsi bir, qəlbi birdi.
Yusif Nəğməkar qələmini çox
sınaqlara çəkib, onun bütün qüdrətini
oxucularına tanıtmaq istəyib. Ustadı olan Səməd
Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri,
Əli Kərim, Cabir Novruz, Məmməd Araz, Musa Yaqub və
sair sənətkarların davamçısı kimi
poeziyanın ağır çəkili epik janrında da
maraqlı əsərlər yaradıb.
Müəllif "Çanaqqala-türkə qala"
poemasını 2015-ci ilin fevral-mart aylarında qələmə
alıb. Özü demişkən, ömrünün
"60-cı" yuxusu"nda bu əsərinə görə
ilin şairi kimi mükafatlandırılıb.
O zaman röyalarımızda Qarabağa getdiyimiz illər,
Şuşanı Tanrıdan
dualarımızla istədiyimiz günlər idi. Şair
sanki, bu həsrətin yanğısını Çanaqqala
hünərinin təsəllisi ilə ovudurdu. O zəfərdən
bu səfərə yola çıxmışdı. Sanki
Çanaqqalaya ziyarətə yox, bu savaşda vuruşmağa
getmişdi. O hünərdən bu zəfərə can ataraq
yazırdı:
O könül, idrak, düşüncə,
Tanrısıyla ortaq eşqi.
Bütün eşqlərdən öncə
Vətən eşqi, torpaq eşqi.
Oxucu poemanı birbaşa, su kimi oxuyub müharibənin
qələbəsini qazanmağa tələsir:
Savaş gedir, bir səs gəlir,
Haydı, haydı, top başına!
Mərmiləri mərdimazar quldurların
sər başına.
Yer üzünün ədəbində,
su üzünün qəzəbində
Bir daş gəmi üzür-üzür.
İçdə savaş, savaş gedir.
Ruhda savaş, iştə savaş.
Türkün böyük zəfərini şair
Qarabağa yansıda bilmişdi. O,mərdəkanlı Əsəd,
vəfalı sevgilisi və silahdaşı Gülcöhrə
və Çanaqqala savaşının minlərlə
türkiyəli və azərbaycanlı şəhidin qəhrəmanlığını
tarixə təzədən yaza bilmişdir.
İkinci Qarabağ müharibəsinə tam və qəti
qələbə üçün
hazırlaşdığımız o illərdə və həmişə
bizə belə əsərlər gərəkdi. "Qələm
və güc, mənəviyyat və güc. Mən
Qarabağın azadlıq düsturunu belə görürəm".
"Bu düstur dünyada ən səviyyəli alimlərdən
biri, fəxrimiz Rafiq Əliyevindir. Onun dillər əzbəri
olmuş cümlələrindən birində "Gəlin xor
oxuyaq deyir".
Xor basılmazlığın əzəli
adıdır.
Ağıllı qələbənin
Namuslu övladıdır.
Sözlərin birliyidi,
Səslərin diriliyidi, xor.
Xorla oxunan "Zəfər marşı" istəyir
Vətən. Azad olmuş torpaqlarımızı oyatmaq
üçün, yenilməz zəfərin qəhrəmanlarını
unutmamaq üçün. Şəhid harayı, anaların
ağısı, qazilərin ağrısı, əsirlikdə
həlak olan qız-gəlinlərin, uşaqların,
qocaların xatirəsi üçün, qisasımızı
almaq üçün dolğun Vətən nəğmələri
də oxumaq lazımdır.
"Zəfər marşı"nı qələmini
süngü kimi düşmənin gözünə soxan
söz sahibləri yazacaq.
Üzeyir Hacıbəyov adına Dövlət simfonik
orkestrının və üçlü xorun müşayiəti
ilə Yusif Nəğməkarın "Azərbaycanım"
adlı möhtəşəm əsəri Heydər Əliyev
adına sarayın səhnəsində səsləndirilib.
"Məramın əlacdırsa, bu, Vətən
torpağıdır" deyən şair indi
yaradıcılığının ən bərəkətli
çağındadı. Sanballı mövzulardan dəyərli
əsərlər yaranacaq, bilirik. Onun indi Şuşaya, Kəlbəcərə
baş çəkən "Laçın ətri" duymaq
istəyən vaxtıdı. Hələ qarşıda 69-70
yaşın sürprizləri var. Qəlbi cavan, sözü təzə-tər
şair istəsə, "Zəfər marşı"da
yazar, çünki, o, hər an vətəndaşlıq
ruhunda olan istedadlı şairdir.
Tamella HƏMİDQIZI
525-ci qəzet.- 2024.- 7 may,№79.- S.15.