Musiqi mədəniyyətimizin unudulmaz nümayəndəsi

Naxçıvanlı xanəndə Kərbəlayı Baxşəli haqqında qeydlər

 

 

Naxçıvan diyarı öz alimləri, şairləri, rəssamları ilə yanaşı, xalq sənətkarları, musiqiçiləri və incəsənət xadimləri ilə də məşhurdur. Burada bədii yaradıcılığın müxtəlif sahələrində, o cümlədən, musiqi yaradıcılığı sahəsində də qiymətli sənət əsərləri yaranmışdır. Bu mənada, Naxçıvan diyarında yaranan nəğmələr Azərbaycan musiqi mədəniyyətinin aparıcı, ayrılmaz tərkib hissəsidir.

Milli musiqimizin cəfakeşləri ta qədimdən günümüzədək öz əsərlərində, ifalarında tarixi hadisələri, xalq qəhrəmanlarının igidlikləri, yaşadıqları dövrü xalq ruhunu oxşayan gözəl çalarlarla zənginləşdirməklə, doğma diyarın təbii gözəlliyini vəsf etmişlər. Bu gün həmin musiqilər bizə müxtəlif dövrlər haqqında məlumat verməklə, musiqinin nə dərəcədə güclü, füsunkar, sehrli bir qüvvəyə malik olduğunu nümayiş etdirir.

On səkkizinci yüzillikdə musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan, dövrünün ən istedadlı müğənnilərdən sayılan, incə, səlis, həzin və məlahətli səsi olan, dinləyiciləri məftun edən Səttarın (Səttar İran şahı Məmməd Mirzənin sarayında xanəndəlik etmiş, 1844-cü ildə Naxçıvana köçmüş və burada fəaliyyət göstərmişdi) Naxçıvanda yaşayıb xanəndəlik etməsi bu bölgədə peşəkar musiqinin daha da inkişaf etməsinə, o dövrdə Naxçıvanın musiqi mərkəzlərindən biri olmasına zəmin yaratdı. O dövrdə İrandan Süleyman xan tərəfindən Naxçıvana gətirilən xanəndə Cəfəri də burada uzun illər yaşayır və xanəndəlik edir. Göründüyü kimi, on səkkiz və on doqquzuncu yüzilliklərdə Naxçıvanın musiqi məclislərində yerli xanəndələrlə yanaşı, Cənubi Azərbaycanın məşhur musiqiçiləri də iştirak edir. Bu gün də xalq mahnı ənənələrinin yaşaması məhz həmin musiqiçilərin əməyinin bəhrəsidir.

1920-ci ilə qədər Naxçıvanda muğam məclisləri geniş yayılmağa başlamışdı. O dövrlərdə musiqiyə və muğam sənətinə maraq göstərən muğamsevərlər sənətin sirlərinə yiyələnmək üçün bu məclislərin daimi iştirakçıları olmuşdular. Bu da onu göstərir ki, naxçıvanlılar qədim zamanlardan muğam sənətinə böyük hörmət və ehtiramla yanaşmış, onu dərindən dərk edib yüksək qiymətləndirmişlər. XX əsrin ilk illərindən Şərq üçlüklərinin ifası Naxçıvanın musiqi məclislərində, əsasən də toy məclislərində geniş yayılmışdı. Şərq üçlükləri istər toy məclislərində, istərsə də konsert salonlarında bayağı musiqiləri deyil, xalq mahnı və rəqslərimizin, muğamlarımızın əsl mənada təbliğatçıları rolunu oynayırdılar. Muğamların, xalq mahnılarının və rəqslərinin bu gün də ifa edilməsi və sevilərək davamlı surətdə təbliğ olunması, məhz şərq üçlüklərinin xidmətlərinin nəticəsidir.

1920-ci illərin əvvəllərində Naxçıvanda musiqi həvəskarı kimi tanınan Süleyman Süleymanov cümə günləri xanəndələrin məclisini keçirərdi. Burada dövrün məşhur Naxçıvan xanəndələri Məşədi Əsəd, Həsənqulu, Məşədi Həsən, Məşədi İsmayıl, İdris Nağıyev, Əliş Xoşkeşinli, Kərbəlayı Baxşəli və başqaları iştirak edərdilər. Xanəndələrin eyni məclisdə oxumaları, bir növ "sənət yarışı" xüsusiyyətini daşıyır, muğam sənətini inkişaf etdirmək məqsədinə xidmət edirdi.

Yuxarıda adları qeyd olunan muğam ustaları arasında Kərbəlayı Baxşəli Əliyev yüksək ifa tərzinə görə xüsusilə fərqlənirdi. Əldə edilən mənbələr xəbər verir ki, Kərbəlayı Baxşəlinin geniş diapazona malik ecazkar və heyranedici bir səs tembri olub. O, həm zil, həm də bəm notlarda zəngulələr və xallar vurarmış. Oxuduğu "Şur", "Segah", "Segah-Zabul", "Rast", "Çahargah", "Simayi-Şəms", "Heyratı" muğamları və bir çox xalq mahnıları dinləyicilər tərəfindən hərarətlə qarşılanarmış. Onun repertuarında Məhəmməd Tağı Sidqinin qəzəlləri xüsusi yer tutub.

Kərbəlayı Baxşəli Əliyev 1866-cı ildə Naxçıvan şəhərində dünyaya göz açmış, gənc yaşlarından xanəndəlik etməyə başlamışdı. Nəinki Naxçıvan miqyasında, hətta Qafqazda tanınmış muğam ifaçılarından olmuşdu. 1905-ci ildə Tiflisdə onun ifasında "Şur", "Segah" muğamları lentə alınaraq vala köçürülmüşdü. Həmin val son illərədək oğlu Arif tərəfindən qorunub saxlanılırdı.

Professor Məmməd Cəfər Cəfərov yazırdı: "Cavanlıqda o da çörəkçi əmələsi imiş. Çox gözəl səsi olduğundan sonra bu sənəti atıb xanəndəlik etmiş, ancaq nə səbəbdənsə ziyarətə gedəndən sonra xanəndəliyi qoymuşdu yerə. İndi namaz qılır, oruc tutur, vaxtı olanda məscidə də gedirdi. Xanəndəliyi azançılıqla əvəz etmişdi. Pulsuz, təmənnasız səhər, günorta və axşamüstü (ikinci çağı) bazar məscidinin minarəsində azan verməyi savab bir iş kimi öhdəsinə götürmüşdü. Ürəkdən gələn fövqəladə səsi olduğundan və muğamatı da çox yaxşı bildiyindən o, minarəyə çıxıb azan verəndə bütün bazar əhli dəstə-dəstə toplaşıb qulaq asar, həzz alardı. Hətta Naxçıvana göndərilən narkomlardan biri - Əsəd Axundov tapşırmışdı ki, Kərbəlayı Baxşəli azan verəndə ona bildirsinlər, qulaq assın. Mən başqa azançıları da eşitmişəm. Kərbəlayı Baxşəlinin səsi onlara bənzəmirdi. O, minarədə də xanəndə idi, bir dəstgahdan başqa dəstgaha keçir, zəngulələri ilə dinləyicilərini heyran edirdi".

Əli Səbri isə Kərbəlayı Baxşəlinin minbərdən azan verməsini belə xatırlayırdı: "Ailəmiz dindar və tipik müsəlman ailəsi idi. Atam da, anam da Allah adı çəkiləndə tir-tir əsirdilər. Onlar bütün müsəlman ayinlərini sözsüz və qeyd-şərtsiz icra edirdilər. Məsələn, orucluq mərasimini xatırlayıram. Ayrı büsat idi bu. Atam-anam gecələr yatmır, başlarına çərəkə qoyub elə hey dua oxuyurdular. Bizi yatmağa qoymurdular. Yadımdadır: bir Kərbəlayı Baxşəli var idi. Yaxşı azan çəkərdi. Xüsusən, səhərə yaxın. Doğrusu, onun dediklərindən bir şey anlamazdım, amma səsi gözəl və məlahətli olduğundan hər səhər damın üstünə çıxıb onun minacat çəkməsini gözlərdim. Kərbəlayı Baxşəli vaxtilə toylarda, el şənliklərində oxuyardı. Kərbəlanı ziyarət edəndən sonra qərara almışdı ki, daha toyda oxumayacaq, guya bu, günahdır, müsəlman üçün günah sayılır. Mən onun necə "Seygah-Zabul" oxuduğunun şahidi olmuşam və sonra - ağlım kəsəndə heyifsiləndim ki, niyə Hacı Baxşəli minacat və sinəzən oxuyur, muğamat oxumur?"

Məmməd Cəfər Cəfərov Kərbəlayı Baxşəlinin çox sadə, təvəzökar olduğunu da xatırlayaraq yazırdı: "Dükana gələndə əmələlərdən (işçilərindən) hər hansı biri xahiş etsəydi ki, bir-iki ağız oxusun, o, sözü yerə salmaz, keçmiş xanəndəliyini xatırlayar, ürəkdən oxuyardı. Belə hallarda dükanın qabağı dinləyicilərlə dolurdu. Kimdənsə mənim də yaxşı səsim olduğunu eşitdiyinə görə hərdən bir özü oxuyandan sonra məni də oxutdurardı. Mən də utana-utana üzümü divara çevirib oxuyardım. Muğamatdan az-çox xəbərdar olmağım onu sevindirərdi. Hər hansı havanı səhv oxuyanda məni dayandırıb özü oxuyardı, necə oxumaq lazım gəldiyini başa salardı. Qohumumuz şatır Fərəcin əksinə olaraq Kərbəlayı Baxşəli deyərdi ki, oxumaq eyib deyil, yaxşı səsi özgələrindən gizlətmək günahdır. Mən oxuduğum qəzəllərin çoxunu Kərbəlayı Baxşəlidən eşitmişdim. O, daha çox Məhəmməd Tağı Sidqinin qəzəllərini oxuyurdu:

 

Canan, mürəvvət eylə,

günüm çox yaman keçir,

Karım həmişə naləvü ahü-fəğan keçir.

Gül mövsümündə qonçasifət

qan olur könül,

Fəsli-bahar içində baharım xəzan keçir.

 

Qəribədir ki, mənim də belə qəmli qəzəllərdən xoşum gəlirdi".

Deyilənlərə görə, bir gün Naxçıvan xanlarından birinə Şuşa xanlarından birinin qızı qonaq gəlir. Həmin qızın gözəlliyi haqqında şəhərdə çox söz-söhbət getsə də, onun üzünü görmək müşkül bir işə çevrilir. Şəhərin cavanları onu görmək üçün müxtəlif tədbirlərə əl atırlar, lakin onlar nə qədər çalışsalar da, qızı görə bilmirlər. Baxşəlinin dostları bu qızın çox gözəl olduğunu və nə qədər çalışsalar da, onu görə bilmədiklərini ona deyirlər. Baxşəli bunun çox asan bir yolla mümkün olduğunu söyləyir. Dostları ona inanmırlar. Onlar mərcləşirlər. Sən demə, Baxşəlinin bu qız haqqında məlumatı varmış. Qız gözəl olduğu kimi, muğam maraqlısı imiş. Bir gün gecə saat 2-3 radələrində dostları ilə xanın evinin həndəvərində olan həyətdə gəzdikləri zaman Baxşəli "Segah" muğamını oxuyur. Qız yataqda ikən "Segah"ı eşidir. Fikirləşir ki, kim bu cür yanıqlı, məlahətli səslə "Segah" oxuyur? Baxşəlinin ecazkar səsi qızın gecə köynəyində eyvana çıxmasına səbəb olur. Onun səsinin qüdrəti haqqında söz düşəndə bu əhvalat həmişə xatırlanır.

Kərbəlayı Baxşəli elmin, maarifin, mədəniyyətin aşiqi idi. Namaz qılıb, oruc tutub, azan verməsinə baxmayaraq, dövrünün digər möminlərinə bənzəmirdi. Oğlanlarını, qızlarını oxutmuş, alitəhsilli etmişdi. Himayəsində olan qardaşı oğlu məktəbdən qaçdığına görə onu danışdırmırdı.

Kərbəlayı Baxşəli zəhmətkeş insan idi. Uşaqlıqdan zəhmətə alışmışdı. Yaşının ahıl çağlarında da torpaq icarəyə götürüb taxıl əkirdi, həyətində bir-iki inək, camış və bir minik at da saxlayırdı. Bir dəyirmanı da icarəyə götürmüşdü. Səhər erkən qalxar, mal-qaraya baş çəkər, zəmiyə gedər, ordan dəyirmana, dəyirmandan dükana qaçırdı. Azançılıq da bir bəhanə idi, çünki o, bir yerdə səsini işə salmasaydı, dayana bilməzdi. Bağçılar, bostançılar söyləyirdilər ki, onlar hər səhər zəmisinə baş çəkməyə gələn Kərbəlayı Baxşəlınin öz-özünə oxuduğunu eşidirdilər.

Azərbaycan musiqi mədəniyyətinin inkişaf tarixində özünəməxsus yeri olan Kərbəlayı Baxşəli sənət ənənələrinin yaşadılmasında, zədəsiz, itkisiz halda sonrakı nəsillərə çatdırılmasında mühüm rol oynayıb.

 

Əli QƏHRƏMANOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2024.- 7 may,№79.- S.14.