Fəhləlikdən
elmin zirvəsinə doğru
Ələsgərov Bəybala Aydabala oğlu 1954-cü
il may ayının 9-da Qusar rayonunun Köhnə Qazmalar kəndində
dünyaya göz açıb. Orta təhsilini Qusar şəhərinin
1 nömrəli orta məktəbində alıb. Bəybala
Ələsgərov 1972-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin
"Paris Kommunası" zavodunda əmək fəaliyyətinə
başlayıb, 1973-1975-ci illərdə Almaniyada hərbi xidmətdə
olub. Hərbi xidməti başa vurduqdan sonra "Paris
Kommunası" zavoduna qayıdıb, burada fəhlə kimi
işini davam etdirib. Tezliklə növbə rəisi vəzifəsinə
təyin edilib.
B.Ələsgərov zavodda ictimai fəaliyyəti ilə
də fərqlənirdi. Eyni vaxtda zavodda müxbir postunun rəisi,
təbiətin mühafizə cəmiyyətinin sədri və
zavodun partiya təşkilatının katibi vəzifələrində
işləyirdi. O, 1976-cı ildə Azərbaycan Dövlət
Universitetinə (indiki BDU-ya) daxil olur və 1981-ci ildə
Universiteti bitirir. İxtisasına uyğun olaraq M.F.Axundov
adına Dövlət Milli Kitabxanasında metodist, redaktor,
böyük redaktor, elmi-tədqiqat şöbəsində
baş mütəxəssis və bölmə müdiri vəzifələrində
işləyir. 1988-1992-ci illərdə Moskva Dövlət Mədəniyyət
İnstitutunun aspiranturasında təhsilini davam etdirir.
1993-cü ildə V.V.Tarakanovun rəhbərliyi ilə
informatika sahəsində namizədlik (fəlsəfə
doktorluğu) dissertasiyası müdafiə edir.
B.Ələsgərov elmi fəaliyyəti ilə
bağlı sanballı elmi məqalələr nəşr
etdirir, elmi konfranslarda məruzə və
çıxışlar edir, elmi-biblioqrafik kitablar yazır.
Çoxlu sayda kitabları işıq üzü görüb.
O, görkəmli elm və din xadimləri, yüksək səviyyəli
ziyalılar, alimlər, şairlər və
yazıçılar haqqında irihəcmli biblioqrafik kitablar nəşr
etdirib. Elçin, Hidayət Orucov, Zahid Xəlil, Nizami Cəfərov,
Kamal Abdulla, Buludxan Xəlilov, Səttar Bəhlulzadə, Şəmsi
Bədəlbəyli, Sədaqət Kərimova,
Allahşükür Paşazadə və başqaları
haqqında kitabları maraqla qarşılanıb. B.Ələsgərov
doğulub boya-başa çatdığı Qusarı da
unutmayıb, "Qusarın şanlı övladları"
kitabının həmmüəlliflərindən biridir. Onun
620 səhifəlik "Zəngəzurdan başlanan yol"
kitabı da gərgin elmi axtarışların nəticəsidir.
B.Ələsgərov 1993-cü ildə Ümumdünya
Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel informasiya
mərkəzinə üzv, 1996-cı ildə həqiqi üzv
seçilən ilk Azərbaycan alimidir. O, 1993-cü ildən
başlayaraq ardıcıl olaraq "Nobel mükafatı
laureatları"nın görüş konfranslarında və
Stokholm şəhərində Nobel mükafatları komitəsində
məruzələrlə çıxış edir.
Məhz onun təşəbbüsü ilə ABŞ,
İngiltərə, Almaniya və Rusiyadan sonra beşinci olaraq
Nobel informasiya mərkəzi Azərbaycanda təşkil olunub.
Bu mərkəzə uzun illərdir ki, rəhbərlik edir. Onun
bu sahədəki fəaliyyəti Beynəlxalq Nobel informasiya mərkəzi
tərəfindən yüksək qiymətləndirilib və
1996-cı ildə xüsusi medalla təltif edilib. B.Ələsgərov
2005-ci ildə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin
Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli
nümayəndəsi təyin edilib. 2013-cü ildə isə
o, Nobelin yubiley konfransının təşkilat komitəsinə
üzv seçilib və burada elmi məruzə ilə
çıxış edib. 2013-cü ildə Beynəlxalq Nobel
İnformasiya Mərkəzinin vitse-prezidenti seçilib.
B.Ələsgərov elmi fəaliyyətini davam etdirərək,
2013-cü ildə doktorluq dissertasiyası müdafiə edib.
Ədəbiyyatşünaslıq fəaliyyətini də davam
etdirir, publisist yazıları ilə tanınır. O, 30-a
yaxın kitabın, 400-ə yaxın elmi-publisistik məqalənin
müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Publisistik fəaliyyətinə görə "Qızıl qələm"
mükafatına layiq görülüb. 2015-ci ildə
Ümumdünya Sülh Şurası Beynəlxalq
Federasiyasının sülhməramlı səfiri
seçilib. Respublika Ağsaqqallar Şurasının
üzvüdür.
B.Ələsgərov yetmiş yaşın
qapısını qürurla döyür. Ömrünün bu
müdrik çağını əməli fəaliyyəti
ilə zənginləşdirən Bəybala Ələsgərov
elm, ədəbiyyat və incəsənət adamlarına
verdiyi dəyərə görə hörmətə və
ehtirama layiq bir şəxsiyyətdir. Başqalarının
elmi-ədəbi fəaliyyətini həvəslə
araşdıran alim Bəybala Ələsgərovun
özünün elmi fəaliyyəti öyrənilməyə
layiqdir. Onun həyat və fəaliyyəti haqqında
yazılmış kitab, həmçinin əsərlərinin
biblioqrafiyası digər elm xadimləri üçün də
örnək ola bilər.
Səksən, doxsan, yüz yaşının
uğurlarını görək, Bəybala Ələsgərov!
Bilal ALARLI HÜSEYNOV
ADPU Cəlilabad filialının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2024.- 7 may,№79.- S.13.