Niderlanddakı soydaşlarımızdan "Əli və Nino" romanına qədər

 Esse

 

Niderlanda ilk səfərim 1994-cü ilin yazında Venlo şəhərinə olmuşdu. Ailəmlə birgə yaşadığımız Almaniyanın Düsseldorf şəhərindən Venloya gedərkən düşünməzdim ki, nə zamansa iki yaşlı oğlum Fərhad bir müddət sonra təhsil aldığı London şəhərində deyil, məhz Amsterdam yaxınlığındakı tarixi Haarlem şəhərində yaşayacaq.

Haarlemə ilk gəlişim 2023-cü ilin noyabr ayına təsadüf etdi. Haarlemdə məni qarşılayan oğlum: "Ata, bugün Haarlem şəhərinin 778 yaşı qeyd olunur" - deyərək şəhərin tarixindən söz açdı.

Kölndən bir neçə saatlıq məsafədəki Haarlemə səfərim küləkli, soyuq hava ilə müşayiət olunduğundan tezliklə oranın balıq və pendirini dadaraq geriyə döndüm.

2024-cü ilin mart ayında Bakı-Frankfurt am Mayn-Amsterdam marşrutu ilə səfərim aeroportdan 300 nömrəli avtobusla Haarlem şəhərinə doğru oldu.

Sanki bu marşrutla ümumiyyətlə bu ölkədə, ələlxüsus da Haarlem şəhərinə rahat getməyim yerli bələdçiyə bənzəyirdi.

Martın 23-ü, Haarlemə çatar-çatmaz, Den Haaq şəhərində yaşayan diaspor fəalı Maisə xanım məni Rotterdamda Benelux Azərbaycanlıları Konqresi "Qərbi Azərbaycan" mövzusunda keçiriləcək tədbirə dəvət etdi. Səfərimin ertəsi günü Den Haaqda xoş təsadüfdən həmkarım, professor Yaşar Kəlbiyevlə görüş zamanı Amsterdamda məşhur rəqs edən binalar, Haarlemin meydanında qədim kilsə, evlərin quruluşları, muzeylər, su ilə əhatə olunan şəhərlər, sanki nağıllarda eşitdiyimiz və şəkillərdə gördüyümüz Niderland barədə təəssüratları bölüşdük. Sonra isə Maisə xanımla Den Haaqdan Rotterdama tədbirə yola düşdük.

Tədbir salonuna daxil olduqda çay-kofe süfrəsi arxasında əyləşən qızartdaq rəngli qıvrım saçlı bir xanım "Sizi "AZİ"dən, 35 il öncədən tanıyıram" - dedikdə, duruxdum. Antropoloji quruluşu daha çox avropalılara bənzəyən xanımın "AZİ"dəki tələbəlik illəri haqqında maraqla danışdığından söhbətə müdaxilə edərək Rotterdamda ilk Bakı neft tankerinin şərəfinə Bakı küçəsinin olmasını fəxrlə onun nəzərinə çatdırdım.

Eyni zamanda Niderlandda yerli sakinlərin tanıdığı, İkinci Dünya savaşından sonra fədakarlığı ilə seçilən Medo ləqəbli Məhəmməd Məhəmmədovun Oistervijkdə ucaldılan abidəsi haqqında da xatırlatma etdik.

Maraqlı söhbətdən sonra türk qardaşların da qatıldığı tədbirin açılışından sonra orada təqdim olunan elmi məruzələr marağıma səbəb oldu.

Mövzu Qərbi Azərbaycanla bağlı olduğu üçün qərib ölkə məndə bir doğmalıq hissi oyatdı. Sanki bu hisslərə ahəng vermək üçün mənə qəfil söz verən aparıcı daxili həyəcanımı salondakılarla bölüşməyimə imkan yaratdı.

Çıxışımı elmi müstəvidən başlayaraq sonda Azərbaycan aşıq sənətinin ulu siması Dədə Ələsgərin ocağı ilə bağlılığımı salondakılara çatdırdıqda hərarətlə alqışlandım. Tədbirdən sonra salondakı fədakar diaspor fəalları ilə ayrı-ayrılıqda mövzu ilə bağlı konseptual yanaşmanın əhəmiyyətini müzakirə etdik.

Axşamı Den Haaq şəhərində Maisə xanım, soydaşımız Tapdıqla məni İstanbul restoranına yeməyə dəvət edərək Niderlandda yaşayan çoxsaylı soydaşlarımızla yanaşı, xüsusilə tələbələrimizə olan ana qayğısından söz açdı.

Əslində Maisə xanımla hələ pandemiya dövründə diaspor mövzusunda mənimlə görüş zamanı onlayn tanış olmuşduq. O zaman Den Haaqdan soydaşlarımızın ağsaqqalı, əslən İqdırdan olan Hacı İbrahim Güləlini tanıdığımı söylədikdə, o kişinin qohumu ilə ailə qurduğunu bildirmişdi.

Sonralar Almaniyada yaşayan dostum yazıçı Orhan Aras və Altay Rüstəmlinin Maisə xanımın dəyərli işlərindən söz açmaları diqqətimi çəkmişdi. Bütün bu mənzərəni təsvir etməkdə qürbətdə yaşayan soydaşlarımızın Vətənə bağlılıqlarının bir neçə epizoduna nəzər salaraq "Vətən uzaqda deyil" həqiqətini sizlərə bir daha çatdırmaq istədim.

"Niyyətin hara, mənzilin də ora" deyimini əsas götürərək axşam oğlumun evinə döndüm. Onun otağına girdikdə masanın üstündə gördüyüm "Əli və Nino" romanı diqqətimi çəkdi. Niderland dilinə tərcümə olunan romanın Orhan Arasdan eşitdiyim bir tarixçəsi yadıma düşdü.

Vaxtilə Almaniyada, Avstriyada və İtaliyada tədqiqat apardığım bu əsərin taleyinin bir qütbü də, sən demə, Niderlandla bağlı imiş. Alman tədqiqatçısı Hans Yürgenin mövzunun elmi araşdırmasını aparmış Orhan Arasla birgə tədqiqat işlərindən maraqlı məqamları Sizlərlə də bölüşmək istərdim:

"Günün birində Frankfurt am Mayndan Orhan Arasla bərabər, Niderlanda səfər edən Hans Yürgen niderlandlı tədqiqatçı Hans Ijsselstein Mulder haqqında bir tarixçəni danışmışdı. Belə ki, H.I.Mulder universitetdə çalışdığı zaman "Əli və Nino" əsəri ətrafında apardığı tədqiqat işini öz xanım doktorantı ilə bölüşmüşdür. Doktorantının əsərə olan marağı onların ailə qurmalarına səbəb olmuşdur. Bakılı Qurban Səidin yazdığı mükəmməl əsər dünyanın 33 dilinə tərcümə olunmasına rəğmən, necə deyərlər, praktiki həllini məhz Niderlandda tapmışdır.

Əlbəttə, amerikalı tədqiqatçı jurnalist Tom Reysin mövzu ilə bağlı "Orientalist" kitabına istinadən həmyerlimizin ilk kitabı olan "Şərqdə neft və qan" əsəri də Mulderin marağına səbəb olmuşdur. Yəqin həmyerlimizin əsərlərində  onu hələ yüz il öncə Bakıdakı multikultural mühit daha çox maraqlandırmışdır.

Səfər zamanı Orhan Arasın tədqiqatçı alim Mulderin arxivlərdən əldə etdiyi sənədlərlə tanış olmasına rəğmən, sonda nüsxələrin orijinalını mərhum alimin həyat yoldaşı alman tədqiqatçı Hans Yürgenə təqdim etməyə üstünlük verdi..."

Bu hadisəni elə qısa məzmunda Fərhada danışaraq rastlaşdığım mənzərəni qələmə almaq qərarına gəldim ki, çoxsaylı niderlandlı soydaşlarımız mövzudan agah olsunlar.

 

Çingiz ABDULLAYEV

Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor

525-ci qəzet.- 2024.- 7 may,№79.- S.11.