Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri

I Ehsan xan Naxçıvanski-Kəngərli məşhur qraf Paskeviçlə görüşündə hansı məsələləri qaldırmışdı?

 

Tarixi sənədlərdən məlum olur ki, I Ehsan xanın ömrünün sonlarına yaxın illərdə Rusiya imperiyasının paytaxtına və Polşaya tarixi səfərlər edib. Azərbaycan dilində nəşr edilən kitablarda bu haqda indinin özündə də geniş məlumatlar verilmir. Halbuki həmin səfərlər Naxçıvan Kəngərli süvarilərinin  naibinin çox mühüm diplomatik gedişlərindən xəbər verir. Qeyd edək ki, I Ehsan xanın Sankt-Peterburqa və Varşavaya səfərləri haqqında sovet hakimiyyəti illərində nəşr edilən "Kolonialğnaə politika Rossiyskoqo üarizma v Azerbaydjane  v 20-60 qq. XIX v. M.,L. 1936) kitabında Rusiya arxivlərində olan sənədlərin xeyli hissəsi vardır. 2006-cı ildə isə Moskvada yaşayan tədqiqatçı F.Nağdəliyevin yazdığı kitabda da Ehsan xanın yuxarıda dediyimiz səfərləri haqqında məlumat verilmişdir. Ancaq Ehsan xanın bu tarixi səfərinin dərindən araşdırılması vacibdir. Çünki Gürcüstan Milli arxivində də bu haqda sənədlar vardır.

1840-cı ildə Naxçıvana təyin edilən qəza rəisi Serbinov işə başlayan kimi Kəngərlilərin bütün imtiyazlarını ləğv etmək haqqında əmrlər verdi. Bu, Naxçıvanın Kəngərli süvarilərini çox hiddətləndirdi. Və onlar naibləri I Ehsan xanın çağırışı ilə Serbinovu boykot etməyə başladılar. Hadisə çox böyüyüb Qafqaza yayılmasın deyə imperiya paytaxtından jandarmanın 6-cı korpusunun rəisi Skalon Aleksandr Antonoviç Naxçıvana göndərildi. O, 1837-ci ildə bu vəzifəyə təyin olunmuşdu və hələ 1822-ci ildən "Birləşmiş dostlar" mason lojasının üzvü idi. 1836-cı ildə Rusiya Daxili Işlər Nazirliyində quberniyanın mülki qubernatoru idi. 1843-cü ildə istefaya göndərilmişdi. Naxçıvana gəlib vəziyyəti öyrənən Skalon əlüstü jandarm idarəsinin başçısı qraf A.X.Benkendorfa və çar I Nikolaya gizli məlumatlar göndərmişdi. A.X.Benkendorf çar I Nikolayın ən yaxın adamlarından biri idi. 1804-cü ildə Gəncəyə hücum edən qoşunların tərkibində vuruşmuşdu. Bütün ömrü boyu jandarmların başçısı vəzifəsində xidmət etmişdi. Onun göndərdiyi məruzədə qeyd edilirdi ki,  kəngərlilərin başçısı olan I Ehsan xanın çox yüksək nüfuzunun olması Rusiyanın hakim dairələrinin ziyanınadır. Çar I Nikolay isə Qafqaz canişininə məsləhət görürdü ki, I Ehsan xanı Sankt-Peterburqa səfərə göndərsin və elə etsin ki, Sankt-Peterburqdan Naxçıvana qayıdanda ancaq hökumətin xeyrinə danışsın. Qafqaz canişini Yevgeni Aleksandroviç Qolovin (1782-1858) 1838-1842-ci illərdə həm də Qafqazdakı qoşunların baş komandanı idi. O, I Ehsan xana və naxçıvanlılara hədsiz təzyiqlər göstərirdi. I Ehsan xan könüllü ərizə verib naiblikdən getsə də, Qolovin çalışırdı ki, o, Naxçıvandan köçüb getsin. Fürsətdən istifadə edən Qolovin I Ehsan xana məsləhət gördü ki, paytaxta gedib qeyri-nizami qoşunların işi ilə yaxından tanış olsun və sonra gəlib Naxçıvanda bu tipli qoşun birləşmələri yaratsın.

Sankt-Peterburq, XIX əsr səfər üçün Tiflis qubernatoru icazə verdi. 1841-ci ilin yayında I Ehsan xan Kəngərli süvarilərinin müşayiəti ilə Naxçıvandan Rusiya imperiyasının paytaxtına yola düşdü. O, Naxçıvan-İrəvan-Tiflis-Kiyev yolu ilə tarixi səfərə yola düşdü. Qaydaya görə, əvvəlcə Sankt-Peterburqa, sonra isə dostu qraf Paskeviçin yanına - Varşavaya gedə bilərdi. Ancaq bu qadağaya baxmayaraq, I Ehsan xan Kiyevdə istiqaməti Polşaya dəyişdirdi. O, əmr verdi ki, karvan Varşavaya istiqamət götürsün. I Ehsan xan istəyirdi ki, imperiya mərkəzində olan dövlət başçıları ilə görüşməzdən əvvəl inandığı dostu Paskeviçlə görüşüb bəzi məsələləri aydınlaşdırsın. Baxdığımız sənədlərdə qeyd edilib ki, onun yanında Naxçıvanın sayılıb-seçilən nüfuzlu şəxsiyyətləri də səfərdə olublar. Onlardan ikisinin adına rast gəldik: I Ehsan xanın şəxsi saray katibi Mirzə Kazım Əhməd bəy oğlu və saray naziri Hacı Həsən ağa. Burada bir məsələni qeyd edək ki, hökmən bu tarixi səfərin hazırlıq sənədləri arxivlərdə olmalıdır. Əgər onları tapa bilsək, heyətin hamısının adını və səfər haqqında geniş məlumatlar öyrənə bilərik. Avqustun axırlarında I Ehsan xan və müşayiət edən dəstə Varşavaya çatdı. General-feldmarşal Paskeviç naxçıvanlıları çox səmimiyyətlə qarşıladı. I Ehsan xan bir həftə orada qonaq qaldı. Bu müddətdə Naxçıvandan Varşavaya göndərilən Kəngərli süvarilərinin vəziyyəti ilə yaxından tanış oldu. Onun böyük oğlu İsmayıl xan da buradakı Zaqafqaziya müsəlman süvari polkunda hərbi xidmətdə idi. Ata-oğul görüşüb dərdləşdilər. Və Ehsan xan Naxçıvan kəngərlilərinin düşdüyü vəziyyəti Paskeviçlə bölüşdü. Paskeviç Ehsan xanı Rusiya paytaxtına yola salanda çara yazdığı xahiş məktubunu da ona verdi. Sənədlərdə qeyd edilib ki, Paskeviç məktubu başqası bilməsin deyə öz əli ilə yazmışdı.

1841-ci il sentyabrın 2-də I Ehsan xanın dəstəsi Sankt-Peterburqa gəlib çatdı. Rusiyanın hərbi naziri knyaz A.I.Çernışev (1786-1857) onu qarşıladı və Rusiya jandarm idarəsinin başçısı Benkendorfun yanına göndərdi. Onlar hər ikisi I Ehsan xanın başını süvari qoşun məsələləri ilə qatmaq istəsələr də, o, əsas məsələdən yayınmadı. Çünki onu buraya çəkib gətirən Naxçıvan kəngərlilərinin taleyi idi. Məsələlər Tiflisdəki kimi həll edilməmiş qalırdı. I Ehsan xan öz məruzəsini hərbi nazirə təqdim etdi. Orada deyilirdi: "1840-cı ildə sıxışdırılan kəngərlilərin çoxu ailəlikcə Persiyaya qaçıblar. Əlahəzrətin 16 aprel manifestinə görə onlar bağışlanır. Bilirəm ki, onlar son damla qanlarınadək rus hökumətinə qulluq etmək arzusundadırlar. Ancaq təəssüf ki, belə adamlar Persiyada qalmaqdadırlar. Müəyyən şərtlər daxilində öz öhdəmə götürərdim ki, onları geriyə bizim hakimiyyətimiz altına qaytarıb gətirim".

I Ehsan xan Paskeviçin çar I Nikolaya yazdığı məktubu da məruzəsinə əlavə etdi. Qraf Paskeviç çardan xahiş edirdi ki, Rusiyanın Qafqaz tarixində yer tutmasına böyük köməklikləri olmuş Kəngərli süvarilərinin rəisliyi  yenə də I Ehsan xana həvalə edilsin. Paskeviç yazaraq bildirirdi ki, onlar I Ehsan xandan başqa heç kimi başçıları görmək istəmirlər. Və Rusiyanın hələ Qafqazda onlara böyük ehtiyacı vardır.

Sentyabrın 26-da hərbi nazir Çernışev I Ehsan xanın məruzəsini və Paskeviçin xahiş məktubunu çara çatdırdı. Çar I Nikolay isə əmr etdi ki, canişin Qolovinin fikrini əsas götürsünlər.

Noyabr ayının əvvəlinədək Tiflislə Sankt-Peterburq arasında məsləhətləşmələr getdi. I Ehsan xan isə bu müddətdə Sankt-Peterburqla tanış olur və hərbi müsəlman polkları yaratmaq üçün müşahidələr aparırdı.

Noyabrın əvvəlində Qolovin Tiflisdən bildirdi ki, Kəngərli süvarilərinin heç vəchlə rəisliyini I Ehsan xana tapşırmaq olmaz. Qafqazın ən döyüşkən tayfası olan kəngərlilərin özlərindən olan rəhbərləri I Ehsan xanın tabeçiliyində olması imperiya üçün təhlükəlidir. I Nikolay Qolovinin məsləhətinə qulaq asdı və əmr verdi ki, I Ehsan xan nə istəyirsə əməl edin, amma kəngərlilərin ona tabe edilməsindən savayı. Ona icazə veririk ki, ancaq 200 Kəngərli süvarisinin hərbi hazırlığı ilə məşğul olsun və sair və ilaxır.

Beləcə, çap I Nikolay onu hakimiyyətdən tamam uzaqlaşdırdı və kəngərlilərin problemlərini həll etmədi. Bu işdə əsas rolu canişin Qolovin oynadı. Qraf Paskeviçin bütün səylərinə baxmayaraq, Qolovin imkan vermirdi ki, Naxçıvanda I Ehsan xanın rəhbərliyi altında "müsəlman kazak qoşunu" yaradılsın. Tarix Qolovindən qisas aldı. O, dekabristləri zərərsizləşdirmək işlərində amansızlığına görə general-adyutant hərbi rütbəsi almışdı. Sonralar xəfiyyə idarəsinə məlum oldu ki, o, gizli mistik mason cəmiyyətinin fəal üzvüdür. Onun hərbi rütbəsini ləğv edib uzaqlaşdırdılar. 1842-ci ildə Qolovini əvəz edən general A.I.Neydqardtın (1784-1875) başı Qafqaz dağlılarının apardığı müharibəyə qarışdı. O, 1843-cü ilin yanvarında raport verdi ki, I Ehsan xan Zaqafqaziya Müsəlman qoşunlarının yürüş atamanı təyin edilsin.

Ancaq bu raport Naxçıvanda əsasən kəngərlilərdən ibarət belə qoşun növü yaradılmasına kömək etmədi. 1844-cü ildə onu canişinlikdən azad edib Sankt-Peterdurqa apardılar, orada Hərbi Şuranın üzvü vəzifəsində işləməyə icazə verdilər.

Qafqaz müharibəsində çətinliyə düşən Rusiya hökuməti qorxurdu ki, Naxçıvanda I Ehsan xanın rəhbərliyi ilə Kəngərli süvariləri üsyan qaldırarlar və bunun qarşısını almaq çox çətin olar. Ona görə də azərbaycanlı kazak qoşunlarının yaradılmasını özləri qəsdən yubadırdılar. Amma Tiflisdəki Gürcüstan Milli Arxivinin fondlarından tapdığımız sənədlər sübut edir ki, I Ehsan xan belə qoşun birləşməsi yarada bilib. Çünki onun ataman kimi verdiyi raportları tapa bildik. I Ehsan xan istəyirdi ki, bu yolla Don kazaklarına verilən imtiyaz və güzəştlər Naxçıvanın Kəngərli süvarilərinə də şamil edilsin.

Deməli, araşdırılan sənədlər belə söyləməyə əsas verir ki, I Ehsan xan dörd ay (tapdığımız sənəddə onun 16 dekabrda Sankt-Peterburqda olması yazılıb) Sankt-Peterburqda qalıb, yəni paytaxtın mədəni, hərbi həyatı ilə yaxından tanışlıq ola bilsin ki, müvafiq sənədlərdə özünə yer tapıb. Yenə də bu haqda son sözü ciddi axtarışlar deyə biləcək.

Naxçıvana dönən I Ehsan xana bir çox süni əngəllər yaradılmağa başlandı. Məsələn, Mirzə Kazım İrana qaçaraq rus konsulluğuna yalandan donoslar verməyə başladı. Naibliyi əlindən alınan qardaşı Şeyxəli xan da ömürlük mühacirətə getdi. Onun bütün əmlakını Rusiya hökuməti müsadirə etdi. Bütün bu hadisələr cəsur sərkərdəyə təsir etməyə bilməzdi. O, 1846-cı ildə vəfat etdi və Naxçıvan xanlarının məqbərəsində torpağa tapşırıldı. Onun vəfatı ilə bağlı Rusiyanın  hərbi naziri 46 saylı əmrlə bildirirdi ki, Zaqafqaziya Müsəlman qoşunlarının Hərbi-Yürüş Atamanı general-mayor I Ehsan xan vəfat etdi. Bu əmr 1846-cı il fevralın 26-da verilib. Tiflisdə Gürcüstan Milli Arxivində tapdığımız sənəddə bildirilir ki, I Ehsan xan Kəngərli yanvarın 11-dən 12-nə keçən gecə 1846-cı ildə vəfat edib.

Hərbi nazir isə bunu rəsmi olaraq 45 gün sonra imperiya əhalisinə bildirib. Bizcə, hər şey aydındır. Nəinki Tiflisdə, hətta Sankt-Peterburqda çox yüksək nüfuz sahibi olan I Ehsan xan Qafqaz müsəlmanlarının himayədarı idi. O, bunu verdiyi sözə sədaqəti və şəxsi igidliyi ilə qazanmışdı

 

Musa QULİYEV (RƏHİMOĞLU)

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

kuliyevm@yandex.ru

525-ci qəzet.- 2024.- 8 may,№80.- S.15.