Aktrisanın şirin-acı həyat hekayəti  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Burada LHBT barədə verilən suala cavab vermək istəyirəm. Bu abbreaviatura əks cinslərin təbii intim yaxınlığından fərqli, eyni cinslərin qeyri-təbii yaxınlıq münasibətləri ilə əvəz edən adamları - kişi və qadınları nəzərdə tutur. Qərb ölkələrində axırıncıların bir-birnə vurulması, intim yaxınlıq etməsi və hətta izdivaca girməsi üçün hər cür şərait yaradılır, onların təbiətə zidd davranışları böyük paradlar keçirilməklə geniş təbliğ edilir. Yeniyetmə uşaqlara öz cinsini istədiyi kimi müəyyən etməkdə sərbəstlik verilməsi də, LHBT hərəkatının geniş yayılmasını dəstəkləmək məqsədini güdür. Qərb ölkələrində, xüsusən ABŞ-da və İngiltərədə eyni cinsə məxsus olanların intim əlaqələri gizlədilmir, əksinə, açıq bəyan edilir. Bibliyada göstərilir ki, Sodom və Qomorra əhalisinin homoseksualist əlaqəsindən hiddətlənən Allah həmin şəhərləri dağıtmış, alt-üst etmiş və əhalisini bütünlüklə qırmışdır. Bibliya indi də xristianların müqəddəs dini kitabı hesab olunur, lakin onun əxlaqsızlığa münasibət barədəki bu vacib göstərişinə məhəl qoyulmur. Sodom və Qomorranın biabırçı təcrübəsi rədd edilmək əvəzinə, əksinə, təbliğ edilir, onun yayılması üçün hər cür güzəştlər tətbiq edilir. Əlbəttə, eyni cinsdən olanların bir-birinə meyl etməsi bir sıra səbəblərlə əlaqədar olduğu kimi, burada təbiətin öz günahı da az deyildir, bu isə bir cinsdən olanları, bir-birilə intim yaxınlıq etmək istəkləri ilə silahlandırmasıdır. Bu problem böyük olduğuna görə, onunla mübarizə etmək də asan deyildir. Təbiətin diktəsinə, hətta o, səhv olanda da tabe olmamaq mümkün deyildir. Ona görə də biz uşaqlarımızın tərbiyəsi ilə daha ciddi məşğul olmalıyıq. Hərtərəfli sağlam tərbiyə, uşağın fiziki sağlamlığını qorumaqdan heç də az əhəmiyyət kəsb etmir. 

Görünür, mən əxlaq məsələsindən çox danışdım, çünki xalqın möhkəm birliyi üçün bu sosial münasibətin saflığı çox vacibdir. İndi isə başqa məsələlərə keçək.

Öz populyarlığımla heç də razı deyiləm. Çünki rollarım melodramatik istiqamətlərə malikdir, adətkar olmuş tamaşaçı nəhayət yoxa çıxdıqda, bizim populyarlığımıza da müəyyən qədər son qoyulacaqdır. Mən Antiqonanı, Janna d'Arkı, Mariya Styuarti, Anna Kareninanı oynamaq istəyirəm. Bəzilərinə bu əsassız ambisiya kimi görünə bilər. Lakin yeniliyə can atmaq lazımdır ki, nəyəsə nail olasan. XIX əsrin sonunda Sənaye İnqilabının mərkəzi olan İngiltərədə və Fransada hələ də qazdan istifadə edildiyi halda, Burlar (indiki Cənubi Afrika Respublikası əhalisinin bir hissəsi) elektrik enerjisi istehsal edib, onu geniş tətbiq edirdilər. Biz də köhnəliyin ətalətindən çıxmalıyıq, özümüzü nəsə bir yenilikdə sınamalıyıq, nə vaxta qədər başqalarının arxasınca getməyi məqbul sayıb, onlardan irəli keçməyə cəhd göstərməyəcəyik. Axı bütövlükdə millətimiz olduqca işgüzar xalqdır, həm də istedadlıdır. Bizi döyüşkən xalq hesab etmirdilər, lakin 2020-ci ilin payızı xalqımızın hərbi igidliyinin də şahidi oldu, lovğa düşmən biabırçı qaydada məğlubiyyətə uğradıldı. Bir az əvvəl isə nə özümüz, nə düşmənlərimiz buna inanırdı, ermənilər bizim döyüş qabiliyyətimizə istehza edib, doğma torpağımızda, gözəl Şuşamızın Cıdır düzündə təntənəli şənliklər keçirirdilər və bu, bizi təhqir edirdi. Ölkəyə uğurla rəhbərlik edən Prezident İlham Əliyev buna və başqa biabırçılıqlara dözməyib, Ali Baş Komandan kimi ordumuza, Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq, hücuma keçmək əmri verdi və müzəffər Silahlı Qüvvələrimiz 44 gün ərzində düşməni əzdi, ərazilərimizdən bütünlüklə qovub çıxardı. Məğlub ermənilər qalib tərəfdən mərhəmət göstərilməsini artıq yalvarmağa başladılar müharibə caniləri dustaq edilib, Bakıya gətirildi və vəhşi xarakterli cinayətlərinə görə məhkəmə qarşısında cavab verməli olacaqlar.

Teatra gəldikdə, aktrisa boş səhnəni oyunu ilə doldurur, bu, çox vacib məsələdir və onun istedadından xəbər verir. Baş aktrisa müxtəlif tamaşalarda oynayır, gah cavan qızı təsvir edir, yaxud da kiməsə vurulur. Həm də tamaşaçını cəlb etməyə qadir olmaları üçün onlar həmçinin bəzən alçalırlar. Hər iki mövqe çox sayda suallar doğurur. Bu isə, əlbəttə, onun qadın ləyaqətinə toxunmamış qalmır.

Qabiliyyət insanın xüsusiyyətlərini başa düşməkdir, bu bacarıq səhnədə onları qane etmək üçündür. Mən məşhur Byenvenyu ləqəbini fəaliyyətimlə, həyata və insanlara münasibətimlə doğrultmalıydım.

Səhnədə təbii intellektin və emosiyanın stressi müəllimin, rejissorun öyrətdiklərindən tam fərqli olur. Çünki öyrədilənlər mexaniki xarakter daşıyır. Səhnədə affekt, problemi həll etməkdə aktrisanın köməyi olmadan kifayət qədər irəli getmir, burada insan davranışı, şüurlu və şüursuz hərəkəti çox az başa düşülür. Aktrisa özünə qiymət verməyi bacarmalıdır. Nə olursa olsun, mən daim çiynimi düz tutmaqla yanaşı, dərk edirəm ki, İngiltərənin məşhur kraliçası I Elizabetin öz xalqını ispanlara qarşı igidliklə vuruşmağa çağıranda, əsgərlərə özünün qorxmazlığını göstərmək üçün dediyi kimi, mən də məğrur ürəyə malikəm. 

Aktrisanın aktyordan fərqi ondadır ki, artist qeyri-adi dərəcədə hiyləgərlikləri ifadə edir. Şekspir Yaqo obrazında universal məkr simvolu yaratmışdır. Molyerdən də əvvəl o, dram əsərinə mizantrop nümunəsi gətirmişdi. Ledi Makbetdən savayı, biz qadınlar arasında məkr mövqeyinə güclü xidmət edən digər bir ikinci qadını tanımırıq. Kişi personajlar arasında isə belələri çoxdur. Mən teatr barədə, qadınlar barədə çox danışdım, bəlkə də, sözlərim mentor tonu qəbul etdi. Çoxları məni qınaya bilər ki, uğur sahibi olsa da, gənc aktrisanın teatr aləminə dərs verməsi yolverilməzdir. Əstəğfürullah, mən dərs vermək istəmirəm, yalnız öz düşüncələrimi və arzularımı ifadə etməyə çalışıram. Kimsə bunu başqa cür yozursa, bu, artıq mənim problemim deyildir.

Qadınlar barədə dediklərimi, qızlara ünvanladığım rəfiqə məsləhətim heç də özümü böyük hesab etdiyimdən deyil, yalnız səmimi münasibətimdən irəli gəlir. Əlbəttə, mən gənc qızam, bir qədər əvvəl ailə qurmuşam və ana olmuşam. Ailəli qadınlar mənə irad tuta bilərlər ki, hələ yenicə ərə getmişəm, özün cavan qızlara, gəlinlərə ailədə məhəbbət iqlimi yaratmaq məsləhətini verirsən. Qoy əvvəlcə o, özü yaşa dolsun, uşaqlarını böyütsün, ondan, sonra özünün ona nümunəvi görünən təcrübəsini başqalarına nümayiş etdirə bilər. Doğma uşağın tərbiyəsinin çətinliklərinin nə olduğunu bilməyən gənc xanımın analara dərs verməsi gülünc doğurmaya bilməz.

Mən belə iradlarla razılaşmaq məcburiyyətində qalıram, ancaq daş kömürün karbon elementindən ibarət olmasını bilmək üçün, heç də şaxtaçı olmaq vacib deyildir. İnsanlar əkinçilik zəhmətinin çox saydakı cəhətlərinə agah olmadan, çörəyin, şərabın istehlakından çəkinmir. Biz qızıl gülün təbii gözəlliyini ekranda da seyr edəndə, ondan həzz alırıq. Mən ailədə böyümüşəm, ondakı münasibət mürəkkəbdir və mənə tanışdır, indi isə mənim öz ailəm vardır. Həyatın  çoxlu sınaqlarından keçmişəm. Ona görə də nisbətən gənc olsam da, öz təcrübəmə əsaslanıb, onu başqaları ilə bölüşə bilərəm.

Diskussiya iştirakçıları bir səslə mənim səmimi söhbətimdən, düşüncələrimi sərbəst bölüşməyimdən razı qaldılar.

Rafiq ürəyindəkiləri daha geniş açır

Qonşuluqdakı Sahil bağında gəzəndə, ərim nədənsə ağlındakıları deməyə cəsarət etmirdi. Mən artıq onun bu xasiyyətinə bələd idim. Onu mən dilə gətirməli idim və belə bir təşəbbüsü etdim:

- Rafiq, məndən heç nəyi gizlətmə, ürəyində nə varsa aç de. Bəlkə mənim barəmdəki keçmiş uydurmalar, şayiələr təzədən səni qıcıqlandırmağa başlayıb. Mən səni eşitməyə hazıram.

Rafiq dilə gəldi və bildirdi ki, deyəcəyim sözlər o barədə deyildir, sadəcə mən sənin özünə onların bir neçəsini demişəm, hamısını  deməyə isə utanmışam. Onları çoxdan demək istəyirdim, ancaq cəsarət etmirdim. Əgər onları dinləmək istəyirsənsə, mən ürəyimi yenidən açıb tökə bilərəm.

Mənim gözəlliyimə qiymət verən və məni ilhamlandıran, əlbəttə ki, Rafiq olmuşdu. Dəfələrlə mənə demişdi ki, sən necə də gözəlsən, mənim məhəbbətim. Saçlarıma vurğunluğunu gizlətmək istəmirdi, saçımın oyunlarını çəpiş sürüsünə bənzədirdi. Dodaqlarımı isə al qırmızı lent hesab edirdi. Döşlərimi xüsusi ilə sevirdi, onlara tərif deməkdən yorulmurdu. Deyirdi ki, sənin döşlərin ceyranlara bənzəyir, zanbaqlar arasında otlayan maralları yada salır. Dodaqlarımdan öpəndən sonra, məst olmuş kimi deyirdi ki, dodaqların bal dadı verir. Döşlərimin üstündən əlini bir dəfə əzizləmək qaydasında gəzdirəndə deyirdi ki, onlar xurma salxımına, şirəsi ağzıma axan üzüm salxımına bənzəyir. Sənin səsini eşidəndə, mənə elə gəlir ki, cənnətə düşmüşəm. Ümumiyyətlə sənin məhəbbətin mənim dünyama çox arzuladığım şadlıq mehi gətirir.

Səndəki gözəllik əsl qüvvə sayılmalıdır, məhz ona görə də sənin pərəstişkarlarının sayı-hesabı yoxdur. Mövlanə Cəlaləddin Ruminin sözləri ilə deyilsə, "Göylərdə gördüm mən sənə məxsus gözləri,/ Gözlərinsə əks etdirir əsl mavi göyləri". Axırda Konyada yaşayan böyük şair, elə bil ki, hələ səkkiz əsr əvvəl səni tanıyırmış, gözəlliyinə bələd imiş.

Mən onun çox mütaliə etdiyini bilirdim, lakin qədim kitablardan belə nümunələr gətirəcəyini ağlıma da gətirməzdim.

Rafiq öz təriflərini kənara qoyub, mənə çatdırdı ki, hətta qadınlar da sənin gözəlliyindən söhbət açırlar, səhnəni şərəfləndirməklə yanaşı, səni "İliada"dakı gözəl Yelena ilə müqayisə edirlər, bircə ona arxayındırlar ki, sənin ərin Rafiq heç vaxt Menelay kimi ola bilməz. Bu mümkün də deyildir, troyalı Parisdən fərqli olaraq o, ərli qadını götürüb qaçmamış, səni bakirə qız kimi öz arvadı etmişdir, həm də başqa ölkədə, Spartada deyil, öz doğma ölkəsində sənə vurulmuşdur. Deməli, hansısa bir münaqişə, yeni Troya müharibəsi də mümkün deyildir və İzoldanın həyat seçimi hansısa qarşıdurmaya səbəb ola bilməz. Gözəl bir qızı ona vurulmuş Rafiq ələ keçirmişdir, Parisin azıb, indi də Azərbaycana gəlməsi ona heç nə verməyəcəkdir. Homer və ya çar Solomon sağ olsaydı, Yelenanı və Sulamiti unudub, müqayisədə İzoldaya üstünlük verməklə, onun şərəfinə, azərbaycanlı qızın layiq olduğu daha yüksək səslənən şərqini qoşardılar.

Bunu deməyə mənim güclü arqumentim vardır. Homerin Yelenası və Solomonun Salamiti öz dövrlərinin gözəl qadını və qızı idi. Yelenanın gözəlliyini hətta qoca kişilər də tərifləyirdilər. Lakin onların hər ikisi ali gözəllikdə İzoldaya uduzardılar, çünki başqa bir istedada malik deyildilər. İzoldanın istedadını isə yüz minlərlə adam sitayişə bərabər bir qaydada təsdiq edir, üstəlik, onun ilahi gözəlliyini də qətiyyən yaddan çıxarmır. Deməli, o, öz qədim rəqibləri ilə müqayisədə daha böyük üstünlüyə malikdir, çünki bu qızda gözəlliklə istedad sintez təşkil edir. Digər bir cəhəti də qeyd etmək lazımdır ki, bizim eradan əvvəl XIII əsrdə Spartanın və ya Troyanın üst-üstə yüz min əhalisi yox idi. İstedadı isə İzoldanı elə yüksəkliklərə qaldırmışdır ki, onu oradan endirmək də mümkün deyildir. Mifik İkarın qanadları mumdan olduğundan, Günəşin yandırıcı şüaları onları əritmiş və İkarı məqsədinə çatmadan yerə çırpmış və məhv etmişdi. İzoldanın şöhrət qanadları isə xalq tərəfindən ona mükafat kimi verildiyindən, almaz möhkəmliyinə malikdir.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2024.- 8 may,№80.- S.14.