Pul və ruh
Esse
Pul və Ruh - hər ikisi enerjidir. Biri gözlə
görünən, biri gözlə görünməyən...
Birisi Allahla bağlıdır, o biri Şeytanla. Ruhu
güclü insana pul yaşamaq, sadəcə maddi durumunu
saxlamaq üçün lazımdır. Pulu çox olan insana
da, ruh ölməmək, meyidə dönməmək dəyərindədir.
Pul - hamının maddi, sosial, mədəni, hətta
az qala mənəvi istəklərini də əhatə edən,
dəyər ölçüsü sayılan Şeytandır,
Ruh - insanın Allahla təmasını yaradan ilahi
materialdır.
İmanı və inamı pul olan, ruhunu puldan ucuz tutan
insan şəxsiyyət, cəmiyyət isə azad ola bilməz,
muzdluya, muzdura çevrilər.
Ya Allahın yanında olmalısan, ya səni
sınamaq üçün yaradılan Şeytanın...
Şeytana qulluq edib, "Allahın yanındayam" deyənlər,
özünüz dediyinizə inanırsınızmı?..
Zəmanə belə - pul hökmdarlığında
davam etsə, şərəf, namus anlayışı tədricən
itər, pul - şərəf, namus hesab edilər. Pulu çox
olan kəs "daha şərəfli, namuslu" sayılar.
Məmləkətdə ürəkləri
dayandıran, adamları intihara sürükləyən,
bir-birinə düşmən edən Pul Kabusu
dolanmaqdadır...
Deyir, könlün nəyi istəyirsə, əldə
etmək üçün onu ürəkdən sevməlisən.
Etiraf edək ki, bu gün toplum olaraq əksərən səmimi-qəlbdən
pul sevdalısıyıq. Artıq adamların nəzərində
sənətə, peşəyə ehtiram, rəğbət
qalmayıb, çünki daha sənət və peşələrdə
ümdə niyyət rifah, xeyirxahlıq deyil, əsasən
"pul qoparmaq"dır.
Təəssüf ki, dövr elə
"nizamlanıb", endirimdə olsa belə, insanların ləyaqətdən
çox pula ehtiyacları yaranıb.
Xatirimdədir, illər öncəsi bir "şou ulduzumuz"dan
müsahibə alarkən soruşmuşdular ki, haqqında bu qədər
söz-söhbət gəzir, qohum-əqrəbandan narahat olan,
deyən yoxdurmu, niyə belədir? Cavab vermişdi ki, əvvəllər
olurdu, sonra hərəsinin bir cür işinə yaradım,
ondan sonra daha heç biri belə söz-söhbətlərə
əhəmiyyət vermir. Vəssalam, sözün bitdiyi yerdəyik...
Tanrı lütf edərək, sevdiklərinin, əksiltmək
istəmədiklərinin yaramaza dönməməsi, bilmədiyimiz
bir çox bəlalardan hifz edilməsi üçün
ruzisinin qədərdən artıq olmasına yol vermir.
Sosializm dövründə təkcə "qədim
peşə sahibləri" haqqını öncədən
alırdı. Qalan hallarda əvvəl iş
görülürdü, ardınca pulu ödənilirdi.
Kapitalizm yaranandan sonra az qala bütün xidmətlərdə
belə bir yanaşma tərzi tətbiq edilir: birinci pul
alınır, sonra xidmət göstərilir...
Hər hansı xalqı və ya dövləti insanla
eyniləşdirsək, iqtisadiyyat onun bədənidirsə, ədəbiyyat
və incəsənət ruhudur. Ruhunu dəyərləndirə
bilməyən xalqlar tək iqtisadiyyatı -
dolanışığı düşünən, qarnı
üçün yaşayan adamlara oxşayırlar.
Ruha - ədəbiyyata və incəsənətə, mənəviyyata
bazar əxlaqı ilə yanaşanların sənət
dünyasında yeri, mövqeyi olmur.
Amma pul nə qədər qapılar açsa,
güclü olsa da, Ruh qarşısında acizdir...
Ömürdə hər şey bitəcək, bitməyən
Ruh olacaq.
Bütün insanlar üçün edilən son dua -
"Ruhu şad olsun"dur... Düşünək: həyatımız
boyu onu günahlarla kirlətdiyimiz halda, ruhumuz axirətdə
şad ola bilərmi?!
Rövşən YERFİ
525-ci qəzet.- 2024.- 8 may,№80.- S.13.