"Öpüş"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas İlahə
Əmirovadır. Onunla avstriyalı rəssam Qustav Klimtin
"Öpüş" əsərindən
danışmışıq.
Qustav Klimt 1862-ci ildə orta təbəqədən
olan Moraviya əsilli ailədə dünyaya gəlib. Atası
Ernst Klimt qravüraçı və zərgər idi. Rəssamın
uşaqlığı kasıbçılıq içində
keçmişdi.
1876-cı ildə Klimt Vyana İncəsənət və
Sənətkarlıq Məktəbinə (Kunstgewerbeschule) qəbul
olunur və 1883-cü ilə kimi orada rəssamlıq təhsili
alır.
Klimt simvolist rəssam və art-nuvo üslubunun görkəmli
nümayindəsidir. Yaradıcılığı monumental rəsm,
divar boyakarlığı, eskiz və başqa incəsənət
növləri ilə tanınır. Əsas təsvir vasitələri
qadın obrazları və təbiət motivləridir.
Qızılı və digər dəyərli metalların rənginin
əsərlərində istifadəsi onun tərzinin
simvollarından biridir. Klimt eyni zamanda portret rəssamı
olaraq da tanınır və modern incəsənətin ilk
nümayəndələrindən sayılır.
Rəssam 1918-ci il fevralın 6-da vəfat edib.
- İlahə xanım, gəlin söhbətimizə əsərin
yaranma tarixçəsindən başlayaq.
- Əsər 1907-1908-ci illərdə çəkilib.
Rəsm ilk baxışda ikonanı xatırladır. Bunun səbəbi
ondan ibarətdir ki, rəssam 1903-cü ildə Ravennaya səyahəti
zamanı San-Vitali kilsəsini ziyarət edir, oradakı ikona və
mozaikalardan təsirlənir. Bu da rəssamın sonrakı əsərlərində
özünü göstərir. Tabloda Bizans İmperiyası rəssamlarının
yaratdığı müqəddəs əsərlərin
güclü təsiri özünü göstərir. Sanki rəssam
müasir ikona yaratmağa çalışıb.
"Öpüş" Klimtin Qızıl Dövrünün
son rəsmidir.
- Əsərdəki şəxslərin kimliyinə
dair məlumat varmı?
- Bəzi fərziyyələrə görə,
burdakı fiqurlar Klimt və onun sevgilisi Emiliya Flögendir.
Əsərdəki obrazlar stilizə edilib və simvolik bir
şəkildə təsvir olunub. Fonda qızılı və
gümüşü rənglərin istifadəsi rəsmə
dərinlik qatır.
- Əsərin kompozisiyası necədir?
- Cütlük dairəvi fonun qarşısında yerləşdirilib.
Onların geyimləri və bədənləri detallı bir
şəkildə müxtəlif fiqurlar və
qızılı rənglə təsvir edilib. Rəsmdəki rənglər
və motivlər art-nuvo üslubunun göstəricisidir.
Fiqurlar uçurumun üzərində oturaq vəziyyətdə
verilib. Uçurum müxtəlif rəngarəng güllər
və otlarla bəzədilib. Qadının üzü
tamaşaçıya baxır və bədəni üfüqi
vəziyyətdədir. Duruşunda öpüş zamanı
passivlik görürük. Eyni zamanda gözlərinin
bağlı olmasında dərin daxili duyğu var.
Barmaqları kişinin əllərinə toxunur. Kişinin
boynu isə qadına tərəf uzanır. Boynun duruşu və
bədən forması kişinin fiziki gücünü
göstərir. Hər ikisinin başında tac var.
- Bəs əsərin rəng həlli barədə nə
deyə bilərsiniz?
- Rəngarəng fiqurlar və qızılı rənglərin
istifadəsi əsərdə zəngin rəng paleti
yaradıb. Tabloda əsasən qızılı tonlar, sarı,
yaşıl kimi zəngin və cəsur rənglər istifadə
edilib.
Əsərdə istifadə olunan rənglər
obrazların ətrafındakı dairəvi fiqurlar və
qızılı motivlərlə uyğunluq təşkil edir.
Qızılı rənglərdən eşq mövzusunu və
münasibətin ruhunu vurğulamaq üçün istifadə
edilib. Tablodakı rənglərin isti və rahatladıcı
tonları rəsmdə romantik, duyğusal atmosfer yaradır.
Klimt həmçinin fərqli rəng tonları və
ornamentlərdən istifadə edərək qadın və
kişi obrazlarını bir-birilə vəhdət içərisində
göstərir. Əsərin rəng paleti
duyğusallığı gücləndirir. Qustav Klimtin
"Öpüş" rəsmindəki
işıqlandırma rəssamın əsəri yaradarkan
istifadə etdiyi texnikası və tərzi ilə əlaqəlidir.
Rəssam bu əsərdə fiqurları və detalları
vurğulamaq üçün kontrsatlı
işıqlandırma effektlərindən yararlanıb. Həmçinin
rəssamın istifadə etdiyi rənglər də
işıqlandırmaya təsir edir. Parlaq və zəngin rəng
tonları işığın tabloya əks etdirməsi
zamanı daha canlı bir şəkildə görünür və
rəsmin ümumi atmosferini gücləndirir.
İşıqlandırma rəsmdə duyğusal və
romantik bir atmosfer yaratmaqda önəmli rol oynayır.
- Klimtin bir çox əsərində olduğu kimi
burada da detallı bəzək və geometrik şəkillər
və qızılı zərvərəqlərdən istifadə
olunub.
- Bunlar onun rəsmlərinə xarakteristik bir hava
qatır. Ümumiyyətlə, rəssamın əsərlərinin
çoxu romantik və duyğusal mövzulardadır. Klimt
"Öpüş" rəsmində də bu mövzunu
işləyərək eşqin
gücünü vurğulayıb.
- Tablo harada saxlanılır?
- Ölçüsü 180 smx180 sm olan tablo Vyananın
Belvedere sarayında saxlanılır. Əsər kətan
üzərində yağlı boya ilə çəkilib.
- Sizcə, bu rəsm bizə nə deyir?
- "Öpüş" əsəri eşqin
gücü və duyğusallığını göstərən
rəsmdir. Əsərdə iki fiqur arasında dərin
duyğusal bağlılıq və şəhvət dolu bir
anı təmsil edən öpüşmə səhnəsi
göstərilir. Rəsm eşqin bütün gözəlliyini
və çətinliyini ifadə edərkən eyni zamanda da
münasibətlərdəki kompleksləri göstərir.
"Öpüş" sevginin və duyğuların
vacibliyini göstərən sənət əsəri olaraq qiymətləndirilir.
Aytac SAHƏD
525-ci qəzet.- 2024.- 8 may,№80.- S.13.