Dünya mətbuatının
Qarabağ mövzusuna baxışı
"Müstəqillik dövründə ingilisdilli mətbuatda
Azərbaycan obrazı (1993-2003)" kitabı bu mövzuya dair
zəngin mənbədir
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti
haqqında çox sayda kitablar yazılıb, elmi-tədqiqatlar
aparılıb. Həmin kitablar içərisində ən əhəmiyyətlilərindən
biri akademik Kamal Abdullanın layihə rəhbərliyi ilə
hazırlanaraq ərsəyə gəlmiş "Müstəqillik
dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı
(1993-2003)" adlı nəşrdir. Kitabda Ümummilli lider
Heydər Əliyevin prezidentliyi dövründə ingilis dilində
ABŞ, İngiltərə, Avstraliya, Kanada və başqa
dövlətlərin mətbuat orqanlarında dərc
olunmuş məqalələrdə kənardan görünən
Azərbaycan və Ulu öndərin apardığı
uğurlu siyasət göz önünə gətirilir.
Müstəqillik dövründə ingilisdilli mətbuatda
Azərbaycan obrazı (1993-2003)" kitabında ən çox
toxunulan məsələ 1990-cı illərin əsas gündəm
hadisəsi olan Qarabağ problemidir. Mətbuatın Qarabağ
uğrunda mübarizədə iştirakı əslində,
müstəqillik uğrunda mübarizə tarixi ilə
üst-üstə düşür. Qarabağ mövzusunda real
fakt və hadisələrə söykənən publisistik
materialların tarixi gerçəkliklə əlaqəli surətdə
öyrənilib araşdırılması süni şəkildə
erməni ekstremistlərinin uydurduqları Dağlıq Qarabağ
probleminin meydana çıxmasının siyasi-ideoloji kök və
səbəblərini üzə çıxarmaqda, böhtan
dolu erməniyönlü mətbu yazılara faktiki cavab kimi
mühüm əhəmiyyət kəsb edir.
1990-cı illərdə Azərbaycan mətbuatında
sərt senzura nəzarəti, mətbu orqanlara "yuxarıdan"
edilən təzyiqlər, münaqişələri
işıqlandırmaq təcrübəsizliyi və sair kimi
amillərin təsiri altında olan Azərbaycan mətbuatı
həmin dövrdə çox şeyi açıq söyləməyə
cəsarət etmirdi. 1992-ci ildə Xocalı
soyqırımının baş verdiyi zaman dünya mətbuatında
faciəni həqiqətə uyğun şəkildə
işıqlandırılmasında ən böyük fəallığı
qardaş Türkiyə mediası göstərmişdi.
XX əsrin Qarabağ müharibəsi görünməmiş
dəhşətləri ilə tarixdə və yaddaşlarda
qaldı. ABŞ jurnalisti Steve Levine 1993-cü ildə EBSCO-da dərc
olunan "Qurban zorakıya çevriləndə" məqaləsində
müharibə dəhşətlərini belə təsvir edir:
"Son yeddi ayda erməni qoşunları və tankları Azərbaycan
torpaqlarını işğal edərkən, serblərin
Bosniyada etdiklərini də üstələdi".
Hər zaman özünü məzlum millət kimi
dünyaya təqdim edən ermənilər isə Qarabağ
müharibəsini dünyaya xristian-müsəlman müharibəsi
kimi təqdim edərək, özlərini "azərbaycanlılar
tərəfindən əzilən xalq" kimi göstərmişdilər.
Hələ 70 illik sovet rejimi dövründə Azərbaycan mətbuatı
xalqlar dostluğu tendensiyasını qoruyub saxlayanda ermənilər
yalan informasiyalar yaymaqda çoxdan böyük təcrübə
qazanmışdılar. Hətta kitabda yer alan Rashit Gurdelikin
ABŞ-ın "The Press Democrat" qəzetinin 4 sentyabr
1993-cü il sayındakı "Türk qoşunları sərhəddə"
adlı məqaləsində Türkiyənin hərbi
aktivliyinin olduğunu məhz ermənilər iddia edirlər. Həmin
dövrdə Türkiyə mətbuatının Azərbaycanı
müdafiə etməsi erməni mətbuatını
qıcıqlandırır, buna görə
"Hürriyet" və "Milliyet"in 26 fevral 1992-ci il
saylarında ermənilər Türkiyəni yalan informasiyalarla
Azərbaycana silah yardımı etmək kimi böhtanla
günahlandırırdı. "Tercüman" qəzetinin
26 fevral 1992-ci il sayında ermənilərə Polşanın
silah yardımı etdiyini qeyd edən iqdırlı müxbirin
verdiyi məlumata görə, ermənilərin törətdikləri
soyqırımlarla hətta fəxr etdiklərini
vurğulayır.
Hələ 1992-ci ilin fevralın əvvəlində
Türkiyə qəzetlərində çap olunan qəzetlərdən
aydın olur ki, ermənilər soyqırımları planlı
surətdə həyata keçirirdilər. Moskvada
barış sazişi etməyə çalışanlar ermənilərə
silah yardımı edərək azərbaycanlılarla
döyüşə yardım etməsi, ermənilərə
İsrail, Fransa, Rusiyadan silah yardımı gəlməsi kimi xəbərlər
yer almışdır.
El Messanyan Qriqoryan Beyrutda çıxan "Zartunk"
("Oyanma") qəzetində (1992-ci il, 24 mart) "Bir erməni
yardımı", Fransada nəşr olunan "Valer
aktuel" jurnalı 14 mart 1992-ci il sayında yazısında
dünyanın 24 ölkəsində zəngin erməni iş
adamının hesabına maliyyələşən "Arsax
yardım fondu"nun Xocalıda döyüşən erməni
"qəhrəmanlar" üçün
ayrıldığını qeyd edir. Kitabda ABŞ-ın
"Daily Herald" qəzetinin 3 avqust 1993-cü il sayında
Edith M.Lederer "Qələbəsinə ümidini üzən
Ermənistan Azərbaycandan uzaqlaşır",
Avstraliyanın 27 avqust 1993-cü ildə "Sydney Morning
Herald" qəzetində çap olunan Robert Hauptun "Ermənilərin
azərbaycanlılar üzərində yeni hücumu",
ABŞ-ın "Pittsburq Post-Gazette"də 9 sentyabr
1993-cü ildə çap olunan Deborah Sevardın
"Türkiyə lideri Qafqaz müharibəsini müzakirə
etmək üçün Rusiyada" adlı məqalələrində,
döyüşən ermənilərin Rusiyadan və xarici
dövlətlərdən həm əsgər, həm də
maddi-texniki yardım aldığını bir daha təsdiq
edir.
1990-cı illərdə çap olunan xarici mətbuatda
yeni müstəqilliyinə qovuşmuş Azərbaycanı zəif
dövlət kimi görənlər də var idi. "Nyu York
Tayms" qəzetinin müxbiri Serge Schmemann 9 iyul 1993-cü il
sayında "Müharibə və siyasət Azərbaycanın
zənginliyinə gedən yolunu bağlayır" adlı məqaləsində
Stepanakerti Qarabağın paytaxtı adlandıraraq Azərbaycanın
ağır vəziyyətdə olduğunu qeyd edir: "Azərbaycan
biabırçı məğlubiyyətin
astanasındadır". Əvvəla, Azərbaycan
Respublikası Ali Sovetinin 1991-ci il 26 noyabrında qəbul etdiyi
"Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv etmək
haqqında" qanununa əsasən, Stepanakert şəhərinin
tarixi adı özünə qaytarılmış, Xankəndi
kimi adlandırılmışdı. Ancaq ABŞ jurnalisti Serge
Schmemann bu qanundan 2 il sonra 1993-cü ildə yazdığı
məqaləsində jurnalist etik qaydalarını pozaraq Xankəndini
"Qarabağın paytaxtı Stepanakert" kimi
adlandırır ki, bu, çox böyük
yanlışlıqdır. 2020-ci il "Europamaps"
statistikasına əsasən, vətənpərvər millətlər
içərisində Azərbaycan birinci yerdə dayanır. 8
noyabr 2023-cü il tarixində
Xankəndi şəhərində Vətən müharibəsində
əldə edilən Zəfərin üçüncü
ildönümünə həsr olunan hərbi paradda Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev
də bunu böyük qürurla qeyd etmişdi: "XXI əsrdə
heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq
göstərməmişdir. Heç bir xalq öz doğma
torpağını bu qədər əziz tutub uğrunda
ölümə getməyə hazır olmamışdır.
Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da
bilsin".
1993-cü ildə Azərbaycanı
"biabırçı məğlubiyyətin
astanasındadır" yazan "Nyu York Tayms" qəzeti 30
ildən sonra, 17 noyabr 2023-cü il sayında II Qarabağ
müharibəsində torpaqlarımızın erməni
separatçılarının əlindən işğaldan
azad olunduğundan bəhs etdi.
Qarabağ məsələsi ilə bağlı kitabda
yer alan məqalələrdə diqqəti çəkən
digər məsələ öz yurd-yuvasından didərgin
düşmüş məcburi köçkünlərdi.
ABŞ-ın Azərbaycandakı ilk işlər vəkili
Robert Finn "Nyu York Tayms" qəzetinin 28 avqust 1993-cü il
sayındakı "Azərbaycandakı müharibə
köçə təkan verib" adlı məqaləsində
azərbaycanlı məcburi köçkünlərə
ABŞ yardımının gecikdiyini bildirir, insanların
acınacaqlı vəziyyətindən bəhs edərək
yazırdı: "Mən dünyanın müxtəlif hissələrində
çox qaçqının vəziyyətini
görmüşəm. Bu, gördüyüm ən pislərindən
biridir". Bu məqalə çap olunduqdan sonra 5 fevral
1994-cü ildə ABŞ-ın EBSCO İnformasiya xidmətində
dərc olunan "Azərbaycan" məqaləsində
1993-cü ilin dekabrında ABŞ Azərbaycana 34 milyon dəyərində
humanitar və 2 milyonluq texniki yardımı göstərdiyini
yazır.
1993-cü ilin dekabrından 1994-cü ilin yanvarın
6-dək davam edən Horadiz əməliyyatı nəticəsində
Azərbaycan Ordusu Füzuli rayonunun 24 kəndini və Horadiz qəsəbəsini
işğaldan azad etmişdi. Jonathan Rudman İngiltərənin
22 fevral 1994-cü ildə "The Guardian" qəzetində
çap olunan "Neft Rusiyanın Qarabağda Sülh
planını asanlaşdırır" başlıqlı məqaləsində
Azərbaycanın əldə etdiyi bu qələbənin Ulu
öndər Heydər Əliyevin apardığı uğurlu
siyasətin nəticəsi kimi görürdü. Bundan sonra 12
may 1994-cü ildə Qarabağ münaqişəsilə bağlı
Azərbaycan və Ermənistan arasında atəşkəs
müqaviləsi imzalandı.
BMT Təhlükəsizlik Şurasının qətnamələrində
Azərbaycan Respublikasının ərazi
bütövlüyü, işğalçı qüvvələrin
(ermənilərin adı qeyd olunmamış) Azərbaycan ərazisindən
dərhal çıxarılması tələbi ilə
bağlı müddəalar yer alsa da, əməl olunmadı.
4 mart 1994-cü ildə İngiltərənin "New
Statesman" jurnalında dərc olunan Dilip Hironun "Azərbaycanlılar
rus oyunu oynayır" adlı məqaləsində BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə ermənilərin
əməl etməməsi, Heydər Əliyevin hakimiyyətə
gəldikdən sonra Rusiyanın Azərbaycana təzyiqinin
azaldılmasından bəhs açılmışdı.
Xarici mətbuat orqanlarını izləyəndə
çox hissəsi Qarabağ məsələsinin həlli
yolunu Rusiyanın və ATƏT-in Minsk qrupunun verəcəyi qərarda
görürdü. "Nyu York Tayms" qəzetində Douglas
Frantz, Jane Perlezin, Michanel Wines, "The Washington Post" qəzetində
Steve Guttermanın məqalələrində bu istiqamətdə
aparılan davamlı və nəticəsiz
danışıqlar barədə məlumat verilir. Ancaq
1994-cü ildən sonrakı illərdə çap olunan xarici
mətbuat məqalələrində əsasən diqqət Ulu
öndər Heydər Əliyevin apardığı neft siyasəti
üzərində dayanıb. Ümummilli liderin liderliyi sayəsində
1994-cü il sentyabrın 20-də Əsrin Müqaviləsinin
imzalanması və yeni neft strategiyasının həyata
keçirilməsi nəticəsində Azərbaycan
güclü dövlətə çevrildi, 30 ildən sonra
Qarabağı işğalçı ermənilərin əlindən
azad etdi.
Nəzərə alsaq ki, Azərbaycan və Ermənistan
münasibətləri hələ də dünya gündəmində
müzakirə mövzusudur, buna görə "Müstəqillik
dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı
(1993-2003)" kitabında yer alan mətbuat nümunələrinin
araşdırılması həm mətbuat tariximizin, həm də
tarixşünaslığımızın öyrənilməsi
baxımından böyük aktuallıq və əhəmiyyət
kəsb edir.
Aynurə HÜSEYNOVA,
Azərbaycan Dillər Universitetinin dosenti, filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2024.- 8 may,№80.- S.12.