DAĞLAR,
ÇAYLAR, AĞACLAR, ÇİÇƏKLƏR
KİMİ SAF
Kimə bu sözlərlə müraciət edilsə,
özünü təhqir olunmuş sayar, dərhal qabarar, ona
belə deyəni yerində oturtmağa çalışar.
Çünki "alçaq", "əclaf"
ağır sözlərdir və kimsə bu layiqsiz kəlmələri
üstünə könüllü götürməz. O isə
etiraf edirdi ki, bu sözləri ən ali ləqəb kimi qəbul
etməyə, bu sözlərlə iftixar etməyə də
hazırdır.
Azadlıq aşiqi olanı, bu yolda
çarpışanı, əlbəttə ki, düşmən
sevməz, onu bu deyilənlərdən də kəskin sözlərlə
yamanlayar.
Sabir düşmənin hansı hərzə-hədyan
deməsini eyninə alan deyildi, mühüm olan bu idi ki, onun məhz
hürriyyət sevdalısı olmasını hətta
düşməni də birdəfəlik görüb
anlasın, bu həqiqətlə barışmaq məcburiyyətində
qalsın. Sabirin nəzərində hürriyyət ülviyyətin,
müqəddəsliyin elə bir qatı idi ki, o ucalıqlardan
aşağıda söyüş, təhqir nədir, hətta
boranlar, qasırğalar da adiləşirdi, ən qorxunc sellər
də topuqdan yuxarı qalxmayan arxlara dönürdü.
Ey dilbər-i hürriyyət, olandan bəri aşiq,
Könlüm sənə çarpışmadadır
ruz ü şəb ilə!
Derlərsə əgər işbu səbəbdən mənə
fasiq,
Pək müftəxirəm mən də bu ali ləqəb
ilə!
İstiqlal yolunun yolçusuna çevrilmək,
hürriyyəti amal saymaq və azadlıq pərisinə
aşiq olmağın fəlsəfəsi elə budur - hər
mübarizəyə, o mübarizəni apararkən hər məşəqqətə
mətanətlə sinə gərmək, bu gedişatda
başına yağan məlamət daşlarını da
şikayətsiz qəbul edərək SEVGİLİNƏ
DOĞRU yürüşünü dayandırmamaq!
...Sabir mənəviyyat adamı idi, insanı
sözündən, tərpənişindən,
davranışından tanıyan idi. Ancaq 1910-cu ilin
yayından, səhhəti ciddi şəkildə laxlayandan sonra
asta-asta yalnız insanın ruhuna deyil, elə bir həkimcə
vücuduna da bələd olmağa başlamışdı.
Dünyadan köçüşündən sonra
kitablarına da salınacaq bu dördlüyü Sabir 1911-ci il
fevralın 6-da, "ruhum, canım" dediyi sirdaşı
Qurbanəli Şərifzadəyə bərk soyuqları
başladığından soba yanından
ayrılmadığı Tiflisdən, elə buralar kimi
şaxtalar düşdüyündən, yəqin ki, dostunun da
isti kürsü böyründən
ayrılmadığını fərz etidyi Naxçıvana
göndərdiyi məktubda, səhhətindəki
nasazlıqlardan söz açandan sonra əlavə etmişdi.
Ariz-i qəmlər əlindən ki başım
şişmiş idi,
Zənn edirdim ona bəlkə edə çarə ciyərim.
Bəxt-i mənhisimi gör, mən bu təmənnadə
ikən
Başladı şişməyə indi üzü qarə
ciyərim.
Qaraciyərin bədəndə hansı vacib
yükü daşıdığını elə həkim
peşəkarlığı ilə nişan verir. Belə
yazırsa, demək, beynin də, ürəyin də, həmin
iki başlıca mərkəzə aparan qan damarlarının
da əsas yükünü qaraciyərin çəkdiyini tibbi
baxımdan dürüst bilirmiş və o mənada ümid bəsləməkdə
haqlıymış ki, məhz başının şişməsinin
- əsəb gərginliyinin, ruhi
darıxqanlığının toxtamasına ciyəri kömək
edə bilər. Ancaq indi bəxtinin qaralığından qara
ciyərinin şişməsi ilə yaranan gərgin vəziyyətin
bütün bədəni çökdürə biləcəyindən
təşviş keçirməsi də yenə həkimanə
-peşəkarcasına əsaslı narahatlıqdır.
Sabir gözü dünyada qalaraq gedənlərdəndir.
Böyük qardaşı Mehdiqulunun oğlu Zeynalabdin Tahirzadənin
(1883-1976) xatirəsi ürək sıyırır. Deyir, Sabir əlyazmalarının
hamısını bir yerə toplayıb taxçaya qoymuşdu,
xəstə yatanda tez-tez qanrılıb həmin taxçaya tərəf
baxır, "onlardan muğayat olun" söyləyirmiş.
Ölümündən bir dəqiqə əvvəl Zeynalabdini
yanına çağırır, nə isə demək istəsə
də, halsızlıqdan danışa bilmir. Son sözü nə
olacaqmış Sabirin? Axırıncı sözlərini də
elə nəzərlərini taxçaya zilləyərək
söyləyəcəkmişmi? Yox, güman etmirəm.
Əlyazmalarının taleyi ilə bağlı daha əvvəl
vəsiyyətini Səhhətə etmişdi. Bu da Sabirin hələ
yazmadığı şeirləri kimi, özü ilə
biryolluq apardığı məchullardandır.
Son sözlərini çatdırıb deyə bilməyib.
Bəlkə bunun özü daha mənalıdır? Sabirin
sözü, necə ola bilər ki, onun sonsuzluğu, bitəcəksizliyi
artıq əbədi olaraq gələcəkdədir?!
Elə başlayıb tamamlaya bilmədiyi bu şeirinin
də ardı keçmişdə yox, gələcəkdədir.
Bu həmin şeirdir ki, indiyədək "Hophopnamə"nin
heç bir nəşrinə daxil edilməyib - Sabirin baş
tutmamış son təşəbbüsünün qəlpəsi
- "Molla Nəsrəddin"in bütünlüklə
şeirlə yazmağı düşündüyü
xüsusi Novruz buraxılışı üçün
başladığı, amma tamamlamağa macal
tapmadığı parça.
Novruzla bağlı ədəbiyyatımızda Nizami Gəncəvidən
üzü buyana yüzlərlə şairimiz,
aşığımız sayı bilinməyəcək qədər
şeirlər qoşub, onların bir çoxu hər kəsə
bəllidir. Ancaq o şeirlərin heç biri bu gözəllər
gözəli bayrama Sabir gözü ilə baxa, mövzunu Sabir
qədər geniş ölçüdə və fəlsəfi
seyr edə, gözəllikdən yaza-yaza milli müqəddəratımız
məsələlərinə də toxuna,
bayramçılığımızda hansı əskiklərin
olmasına da nəzər sala bilməyib.
Sabir ən üzdə olandan başlayır, Novruzun
yeni il bayramı olmağını önə çəkir və
ürcah olduğumuz təqvim nahamarlığının
üstünə gəlir ki, bizdə iki ilbaşı var - biri
hicri-qəməri ilə məhərrəm ayının 1-dən
başlanan, digəri də səmsi təqvimlə, Novruzla
başlanan təzə il. Onunla bunun fərqini -
ağlayıb-sıtqamaqla müşayiət olunan o biri
ilbaşıyla deyib-gülməklə işıqlanan öz
ilbaşımızı qarşılaşdırır. Sabir
tarixlərə baş vuraraq bizim əsl milli
bayramımızın məhz Novruz olduğunu, ərəblərin
türkləri işğal edib islamiyyəti gətirməsindən
sonra dədə-baba dinimizi - odpərəstliyimizi də yerlə-yeksan
etdiyini, biz də bütün adətlərimizi atsaq da, bircə
bu müqəddəs bayramı əzəm - çox gərəyimiz
olduğu üçün indiyə qədər qoruyub saxlaya
bildiyimizi söyləyir.
Həmdülillah ki, bu gün bəxtəvər oldu
başımız,
Gəldi Novruz, deməli, artdı bir il də
yaşımız,
Bütün əqvamə görə gərçi
çox azdır yaşımız,
Bavücud-in ikidir bir sənədə
ilbaşımız,
Biri Novruz, biri mah-i məhərrəmdir, əmu!
Birisi maye-yi işrət, birisi qəmdir, əmu!
Bu səbəbdən bir ili biz də iki pay edərik:
Bir payı onbir, ikinci payı bir ay edərik,
Onbir ay nalə çəkib, ağlayıb ah-vay edərik,
Bir ayı ləbləbi-kişmiş yeyib oxqay edərik;
Çünki bu eyd biz islamdə əzəmdir, əmu!
Şive-yi məzhəb-i Zərdüşt, əsəri-Cəmdir,
əmu!
Tapdı vəqta ki, ərəb ləşkəri ətrakə
zəfər,
Din-i abaimizi eylədi həp zir ü zəbər,
Biz də atdıq bütün adatımızı, bircə
məgər
Bu mübarək günü təqdis ilə bu anə
qədər
Saxladıq, çünki biz islamə çox əzəmdir,
əmu!
Bərşikəstə olan ərbab məgər kəmdir,
əmu!
Ancaq Sabirin bizim gözlərimizlə müqayisədə
cəmiyyət mikroskopu olan gözlərinin başqa
müşahidələri də varmış. Növbəti bənd
elə həmin müşahidəsinin nədən ibarət
olmağından bəhs edəcəkmiş. Belə
başlayırdı:
Leyk bu eydimizin bircə qüsuru yenə var:
Ardı gəlmir, qələm burda dayanıb.
Görünür, ciyərindən qopan ağrı, ürəyindəki
sancmalar onu nəfəs dərməyə, ovqatı
babatlaşanacan fasilə verməyə vadar edib. Ümidlər
puça çıxıb, daha halı şeir yazacaq qədər
münasib olmayıb və günlər ötsə də,
"Novruz" şeiri bitirilmədən qalıb. Həm də
bu əl boyda kağızı Sabirin özü yox, "Molla Nəsrəddin"
redaksiyasındakı qovluqda - Mirzə Cəlil və Ömər
Faiqin Tiflisdə olmadığı aralıqda jurnalın
işlərinə rəhbərlik etmiş Məhəmmədəli
Sidqi saxlayıb. Həm də yalnız o vaxt deyil, sonrakı
çox onillər ərzində də həmkar, dost sədaqəti
ilə hifz edib.
Olsun ki, qarşıdakı sabahlarda dünya da, insanlar
da dəyişəcək, başqalaşacaq, bizim
tanıdığımızdan, bildiyimizdən
büsbütün fərqli görkəm və məzmun
alacaq, süni intellekt hökm sabibi olacaq, ənənəvi
şeirə də, şairliyə də rişxəndlə,
keçmiş qalığı kimi baxacaq. Süni intellektin
icraçı maşınlarından könül istəyən
üslubda və tərzdə, arzulanan mövzuda şeir istəniləcək,
maşın da tapşırığı alınca əmr edəni
çox intizarda saxlamayacaq, saniyələr müddətində
müəyyənləşdirilmiş vəzifəni yerinə
yetirib məhsulu ortalığa qoyacaq. Məhz tirajlana bilən
məhsulu! Tutalım, süni intellektli kompüterə
"Hophopnamə"ni bəlli proqramlar içində
yükləyərək şərt qoyacaqlar ki, elə həmin
"Novruz" şeirini də Sabiranə tərzdə tamamla.
Bilgisayar da qafasını qurdalayacaq, ortada olan bəndlərə
bənzədərək onlara oxşar, hətta bunlar əlin
altında olduğundan onlardan da qəşəng misralar
qoşub düzəcək, saniyələr sonra sənə
bütövləşmiş "Novruz" şeirini təhvil
verəcək. Ancaq dünyanın ən uzaq sabahlarındakı
ən bərkgedən süni intellekt "yazarı"nın
hünəri çatarmı Sabirin ardı olmayan
misrasını davam etdirsin, onun qoyduğu suala növbəti bəndlərlə
cavab verə bilsin?! Heç vaxt mümkün olmayacaq! Ona
görə də Sabir həmişə heyrətləndirməkdə,
mat qoymaqda davam edəcək.
Vaxtı yetişəndə süni intellekti də!
Belə müstəsnalığı idi ki, müasiri
olan gəncləri, yeniyetmələri Sabirə əfsun,
qeyri-adi kimi baxmağa səfərbər edirdi.
Gənclikləri Hüseyn Cavidin şöhrətli
vaxtlarına təsadüf etmiş insanları az dinləməmişəm.
Xalq rəssamı Tağı Tağıyev
danışırdı ki, Cavid əfəndi İstiqlaliyyət
küçəsi ilə qalxaraq Darülmüəllimin tərəfə
- iş yerinə və evinə - ağır addımlarla irəlilədikcə
biz də düşərdik onun ardınca, hər qədəmini
izlərdik, arada dayanıb ətrafa baxanda biz də ayaq
saxlardıq, dilimizin əzbərində də səhər-axşam
Cavidin sözləri idi, hamımız onun aşiqi idik.
Cavid Sabirdən 20 yaş kiçik idi və Sabirin də
şöhrətli vaxtları onun gəncliyinə
düşmüşdü. Cavid də sonralar onun özünə
heyran olan gənclik kimi, 1900-cü illərdə Sabirin məftunu
imiş, ona möcüzə kimi baxırmış. Sabiri itirəndən
lap az sonra - 1912-ci il mayın 14-də "İqbal"da
çıxan yazısında Cavid bu düşüncələrini
açıqca bildirir, Sabirin əvəzolunmazlığını
bir daha təsdiqləyirdi: "Onu Tiflisdən Şamaxıya,
yəni məzar-i ədəmə doğru
yollandığı sırada görmüşdüm. O lətif
və düşkün sima hala gözümün önündə
təcəssüm edib duruyor. Qafqaz öylə nadir bir
vücuda çətinliklə malik ola bilir".
XX yüzilin əvvəllərinin Sabir heyranı gənclərindən
biri də əvvəlinci mürəttiblərimizdən,
Tiflisdəki Azərbaycan teatrının seçkin
aktyorlarından, fədakar mədəniyyət xadimlərimizdən
olmuş İsmayıl Həsənzadə-Həqqi (1884-1938)
idi. 1937-ci ildə "Revolyusiya və kultura" jurnalında
dərc olunan və sevimlisi Sabirə həsr edilən "Bir
xatirə" adlı məqaləsi onun Gürcüstan
dövlət təhlükəsizlik orqanları tərəfindən
həbs edilərək növbəti ilin iyununda baş verən
güllələnməsindən öncə Azərbaycan mətbuatındakı
son yazısıdır. Nə yaxşı ki, bu
yaddaşlarını quduz rejimin repressiya girdabı onu təkinə
sovuranadək jurnal səhifələrində tarixləşdirməyə
macal tapıb. Həbsindən sonra zəngin kitabxanası və
arxivi, bütün əlyazmaları, məktublaşmları,
fotoları - nəyi varsa, hamısı müsadirə olunaraq məhv
edilmiş, 1957-ci ildəki bəraətinədək adı mətbuatda,
kitablarda gözə dəymədən, dilə gətirilmədən
"xalq düşmənləri" cərgəsində
qalmışdı.
İsmayıl Həqqi Sabiri ilk dəfə 1907-ci ildə
Bakıda, mürəttiblik etdiyi "Kaspi" mətbəəsində
gördüyünü yada salırdı. Şair ora iki nəfərlə
gəlibmiş. Bu üç nəfər çıxıb
gedəndən sonra cavanlar xəbər tutur ki, demə, onlardan
biri Sabir imiş. Çox heyifsilənirlər, İsmayıl Həqqinin
sözlərindən bu da anlaşılır ki, o da, digər
gənc yoldaşları da Sabirgilin ardınca qaçaraq
şairlə tanış olmağı çox istəyirlərmiş,
ancaq o arada mətbəədən aralanmağada işə
görə imkan tapmırlar. Ancaq 1909-cu ildə vaxtın gərdişi
İsmayılı çoxdankı arzusuna
çatdırır, əvvəlcə barmaqları hər həftə
Sabirlə görüşməyə başlayır.
Gürcüstandan olan İsmayıl həmin il Tiflisə
qayıtmış, mürəttib kimi "Molla Nəsrəddin"də
çalışmağa başlamışdı və hər
təzə nömrədə Sabirin yeni şeirləri gedirdi,
təbii ki, onların da hamısı əvvəlcə mürəttibin
əllərindən keçirdi: "Hər həftə
böyük Sabirimizin ləzzətli və mənidar şeirlərini
düzürdüm".
1910-cu ilin payızında Sabir müayinə və
müalicə üçün Tiflisə gələndə onu
şəhərdəki ən yaxşı hesab edilən Birinci
şəhər xəstəxanasına da Məhəmmədəli
Sidqi ilə İsmayıl Həqqi aparıb yerləşdirmişdilər.
Gənc İsmayıl Sabirə necə
vurğunmuş, xatirəsinin bu parçasındakı hər
cümlədə bütün hərarəti ilə
duyulmaqdadır: "Hər gün onun yanına gedirdik. Onu
atadan artıq sevdiyimizdən xəstəxanadan ayrılmaq istəməyirdik.
Hətta mən deyirdim ki, "Sabir əmi, kaş mən də
xəstə olub səninlə bərabər olaydım". O
isə cavabında mənə acıqlanıb deyirdi ki,
"Oğul, elə demə, sağ can ələ düşməz,
sən cavansan, başının ağrısını bilməyirsən,
Allah heç mənim düşmənimi də xəstə
etməsin".
Bir neçə gün sonra Sabir xəstəxanadan
çıxıb redaksiyaya gələndə, burada qalmağa
başlayanda Ustadla daha çox saatları birlikdə
olmağın xatirinə İsmayıl gecələr evə
getməz, elə "Molla Nəsrəddin"də qalar,
ayrıca çarpayı olmadığından Sabirlə eyni
otaqda, stolun üstündə yatarmış. Onun həmin
günlərlə bağlı xatirələri ətrafdakı
cavanların Sabirə pərəstiş həddində sevgi bəsləməsinə
dəlalət edir: "Hər gün həkimə gedirdi, evdə
də lazım olan kompres və başqa həkim göstərişlərini
edirdik, halı bir az yaxşılaşırdı, sevdiyi
"Molla Nəsrəddin" idarəsində yaşaması
da ona yaxşı təsir bağışlayırdı.
İdarədə olan adamlar və gələn qonaqlar
hamısı ona bir ata kimi baxırdılar, məhəbbət
bəsləyirdilər. Hətta o, şəhərə
çıxmaq istədikdə hamımız onun paltosunu və
əl ağacını tutmaq istərdik, bunun üstündə
bir-birimizlə çəkişərdik, axırda qayda qoyduq
ki, hər gün birimiz onun paltosunu tutub ağacını
hazırlayaq".
Bir tərəfdən şairin düçar olduğu
xəstəlik, çəkdiyi ağrılar yanındakı
cavanları qəmləndirirdisə, digər tərəfdən
xoşbəxt idilər ki, Pərvərdigar onlara günlər
boyu Sabirlə birlikdə olmaq xoşbəxtliyini bəxş
edib. Sabir də onlara bərk isinişibmiş, gecələr
İsmayıl çıxıb evə getmək istəyəndə
şuxluqla onu yolundan saxlayırmış: "Sabir əsla təklik
sevməzdi, həmişə yoldaşları ilə bir yerdə
işləmək, bir yerdə yaşamaq və bir yerdə
gün keçirmək istərdi, bununla da dərdini bir az
unudurdu. Bəzən mən evimizə getmək istədikdə
mane olurdu, evimizə getməyə qoymayırdı. Deyirdi ki,
"Adə, hara gedirsən? Evlisən?" Cavab verirdim ki,
"Nişanlıyam, hələ evimizə gətirməmişəm".
Deyirdi: "Onda evinizə getməyin heç mənası
yoxdur, nişanlıbazlığa da getsən, vurarlar, əngin
əzilər. Yaxşısı budur ki, nə get, nə də
başın qalmaqala düşsün, bax mən də indi
subayam, nişanlımı Şamaxıda buraxıb buralarda gəzirəm".
İsmayıl Həqqi şairə "Sabir əmi"
deyirdi - bir yandan ona ülvi bir şəxsiyyət, əlyetməz
qədər azman sima kimi aşağıdan yuxarı baxır,
obiri yandan da ən yaxın qohumu, doğması kimi sevirdi.
İsmayıl Həqqi də, Məhəmmədəli
Sidqi də, Əziz Şərif də, Əhməd Pepinov da həmin
Sabirli günlərində nadir adamlar idilər, əlbəttə
ki, özləri də Tanrı sovqatı olan bu təmaslarla nə
qədər bəxtiyar olduqlarının fərqində idilər
və möcüzə adam onların gözü
qarşısında hər gün, günaşırı yeni
möcüzələr doğururdu, "Molla Nəsrəddin"in
səhifələrinə qonan təzə şeirlərini
onların şahidliyi ilə yaradırdı. Amma onlar həm də
nə jurnalın səhifələrinə çıxan, nə
də hər hansı dəftərdə-kağızda qalan, elə
məqamı düşdükcə Sabirin bədahətən
dediyi, səslənən və uçub gedən, onlardan
başqa heç kəsin eşitmədiyi, oxumadığı
və oxuyub eşitməyəcəyi də duzlu misraların,
beytlərin də yeganə dinləyiciləri idilər. Sabir
özü o misralara, beytlərə, bəndlərə əsl
ədəbiyyat kimi yox, elə sözlə zarafatlaşma, qafiyəli-vəznli
şux məişət deyişləri kimi
yanaşırdı, onlara kağıza köçürüləcək
qədər ciddi məna vermirdi - sözün dəmi gəlirdi,
o da deyirdi, keçirdi.
Ancaq sonralar həmin şahidlərdən hərəsi
yadında qalan hansısa misranı, hansısa parçanı
o sətrin, o qitənin yarandığı tarixçə ilə
birgə başqalarına da nağıl edəcək, dahinin
ömrünün son aylarında dodaqlarından qopmuş
neçə belə inci qayıdışsız unuduluşdan
qurtaracaq, çevriləcək ondan bizə qalan söz
mirasının ayrılmaz hissəsinə.
Həmin anidən doğularaq bircə dəfə səslənmiş,
elə Tiflisdə, bir vaxtlar "Molla Nəsrəddin"
redaksiyasının yerləşdiyi otaqdaca əriyib itmiş
qoşa sətirlərdən birini yoxluqdan xilas edən
İsmayıl Həqqidir.
Xatırlayırdı
ki, "Molla Nəsrəddin" idarəsində qəribə
hallar vardı, gah qapının zəngi xarab olurdu, gah redaksiya
ailəsindəki adamların sayına görə onsuz da
kiçik samovar su axıdırdı, ya da başqa nəsə
sıradan çıxırdı. Bunları Mirzə Cəlilə
deyəndə o da qayıdırmış ki,
görürsünüz, "Molla Nəsrəddin"in də
çox işləri qaydasında getmir, gərək biz də
jurnalımıza oxşayaq, əgər bizim hər işimiz
nizamlı olsa, "Molla Nəsrəddin"ə bənzəmərik.
Çöldə-bayırda, cəmiyyətdə hər
nöqsanı alıcı quş kimi gendən tutan Sabir
heç olardımı ki, burdan-bura evin içərisində
bir belə kəm-kəsiri görməyə.
Görürmüş və ona xas dillə bunları da elə
dilucu söylədiyi ötəri misralarla şeirləşdirirmiş.
İsmayıl Həqqi anırdı: "Sabir əmi bu
nöqsanların hər birinə duzlu bir qitə deyib bizi
güldürürdü. Xüsusən samovar məsələsi
onu çox mütəəssir edirdi. O, çay içməyi
çox sevirdi, amma samovarın suyu bizə
çatmadığından adama bir stəkan çay
içib yenidənsu tökürdük. Nəhayət, bir
gün samovarın bu halından təngə gəlib söylədi:
Molla, samavarından dərda, həzar dərda,
Bir istəkan indi, bir istəkan fərda (sabah - R.H.).
Çox heyif ki, zəngə və başqa şeylərə
söylədiyi beytlər yadımda qalmamışdır".
Parisdə dahi heykəltaraş Ogüst Rodenin muzeyində
onun müxtəlif rəsm məşqləri, sonradan məşhurlaşacaq
heykəlləri üzərində işləyərkən
hazırladığı ilkin fraqmentlər və neçə
cür belə-belə qaralamalar qorunmaqdadır. Fikir vermişəm
ki, bəzən sanki böyük sənətkarın şəxsiyyəti
və yaradıcılığı baxımından ikinci,
üçüncü dərəcəli olan bu yadigarlar daha
artıq tamaşaçı cəlb edir, daha artıq
duyğulandırır və düşündürür.
Axı ölməz sənətkarların soyumayan
izini, isti nəfəsini, diriliyini yaşadan hər tarix
saxlancının öz cazibəsi var. Onda qalmış Sabirin
irili-xırdalı söz gövhərləri ola. Kədərlə
düşünürəm ki, müstəsnalığını
hamımızın dərk etdiyimiz, xatirəsini də uca
tutduğumuz Mirzə Ələkbər Sabirdən bizə gəlib
çatmış irili-xırdalı ədəbi nümunələrin
hamısı indiyədək bir kitabda qovuşaraq nəşr
edilməyib. İnanılmazdır, amma həqiqətdir - hələ
Azərbaycan oxucusuna elə bir kitab təqdim edilməyib ki,
orada Sabir ixtisarsız olmasın. 1962-ci ildə Sabirin 100
yaşı tamam oldu. Sabirin 100 yaşı Azərbaycanda o
çağacan baş tutmuş ədəbi bayramların ən
möhtəşəmlərindən idi. Sabiri gərəyincə
araşdırıb xalqa təqdim etməyə qadir bir qatar
görkəmli alimlər meydanda idi. O vaxt Sabirin indiyədək
olmuş nəşrlərinin ən kamili, bütün akademik
tələblərə cavab verən üçcildliyi də,
haqqında məqalələr, xatirələr topluları da
buraxıldı, şeirlərinə musiqilər bəstələndi,
əsərlərinə yeni-yeni karikaturalar, rəsmlər
çəkildi, nə qədər şeirinə müasir
cavablar - bənzətmələr yazıldı. O vaxt Sabirin
işlərinə ağsaqqallıq edən, qabağa
düşən Abbas Zamanov, Əziz Mirəhmədov, Məmməd
Məmmədov, Əkrəm Cəfər, Nazim Axundov kimi
sanballı ədəbiyyatşünaslar, püxtə mətnşünaslar
vardı. Nə qədər ki Abbas Zamanov sağ idi, nə qədər
ki ənənəvi Sabir poeziya günlərinə rəhbərlik
edən Rəsul Rza həyatda idi, Sabir özü də sanki
bizim günlərin içərisində idi, bizə daha yovuq
idi. Bu gün böyük Sabirin o sanbalda olan dayaqlarına,
arxalarına çox ehtiyacı var...
...İndi dünyanın, insanlığın
üzü ayrı səmtə gedir. Bəlkə gün gələcək,
elə indiki insanlıq da ən uzaq keçmişlər kimi
xatirəyə çevriləcək, fərqli dünyada
yaşayan başqa insanlar ayrı zövqün və mənəviyyatın
sahibi olacaqlar. Ancaq süni intellekt zamanında ümumən
zövq və mənəviyyat da olacaqmı? Texnolojilərin
indiki inkişafını kim təsəvvür edə bilərdi?
Köhnə ağ-qara filmləriniz boyanıb olur sanki bu
gün çəkilibmiş kimi parlaq rəngli kinolar, həmin
obrazlardan, hətta onların səslərindən istifadə
edərək onları başqa cür hərəkət etdirib
ayrı təhər danışdırmağı da indi
bacarırlar. Ancaq süni intellekt tərəqqi edə-edə
nə qədər təbiiləşsə belə, haçansa
ikinci gerçək Sabir ola, o zəkanı olduğu kimi təkrarlaya
bilərmi? Ya Sabirin doğurduqlarından bircəsini sırf
onun özü kimi yarada bilərmi? Qətiyyən! Misli
olmayanlara oxşar quraşdırmaq, bənzər
çıxarmaq alınar, ancaq heç vaxt onlar olmaq
mümkün olmaz! Yoxsa nədir ki, keçmişlərdə
də nəzirəçilər nə qədər desən
vardı, indi də istənilən şairin
yazdıqlarını mükəmməlcə oxuyub mənimsəyəndən
sonra onun biçimində qoşa alma kimi onun əsərlərinə
oxşayanları, taydaşları, ekizləri doğurmaq
mümkündür. Ancaq plastik əməliyyatdan
çıxmış xanımların ütülü-redaktəli
vücudları, dərisi dartılaraq ifadəliliyini
itirmiş simaları, eyni gəlinciyin bir maşın
ağzından çıxmış yüzlərcə surətinin
olduğu kimi təkrarlanan yontanmış burunları sayaq, bu
şeirlər də könül titrətməyəcək, içərimizi
qızdırmayacaq, qondarmalığı ilə bizi
özündən kənara itələyəcək.
Aktyor Hacağa Abbasov Sabirin hələ Balaxanıda məktəbdə
müəllim işlərkən bir gün fəhlə-kəndli
klubunda sosial-demokratların yığıncağına
aparılmasını, orada fəhlələr
qarşısında şeirini oxumasını və savadı
heç də dərin olmayan bu zəhmətkeş
insanların onun hər misrasından riqqətə gəldiyini,
elə həmin hisslərin təsiri ilə şairin
Şamaxıda qoyub gəldiyi ailəsinə yardım məqsədi
ilə vəsait topladıqlarını, üstəlik,
ovaxtkı Nikolayevski, indiki İstiqlaliyyət küçəsindəki
dərzixanada şəkili usta Mirzə Əhmədə
Sabirçün bir dəst kostyum tikdirtdirib pay verdiklərini,
varlı-hallılardan birinin Maştağada Sabirin ailəsini gətirərək
onlarla birlikdə yaşaya bilməsi üçün
ayrıca mənzil də düzəltdiyini yada salırdı.
Bütün bunlar təmənnasız sevgidən doğurdu,
nazik mənəviyyat telləriylə açıq
könüllərə ötürülən məhəbbətin
bəhrəsi idi və heç bir insan ən gözəl
şeir örnəkləri istehsal edən maşını o
cür həssaslıqla sevə, bunca vəcdə gələrək
məhəbbətinin müqabilində həmin
maşınçün nəsə etməyə sidq-ürəkdən
can atmaz.
Hacağa Abbasovun başqa bir yaddaşı da yenə
sadə insanların ürəkdən sevdikləri Sabirə məhəbbətinin
fədakarlıq tərəfini, üstü mazutlu mədən
fəhlələrinin Sabirin yolunda hər
çarpışmaya hazır olduqlarını göstərməkdədir.
Ramanadakı fəhlə klubunda "Pəhlivanan-i zəmanə"
göstərilirmiş, teatrı çox sevən Sabir də
baxmağa gəlibmiş. Tamaşa başa çatanda fəhlələrdən
biri - Muxtar Cəbiyev Sabiri aparır səhnəyə. Zalı
dolduran fəhlələrin Sabirin hədələnməsindən
xəbəri varmış. Həmin Cəbiyev Sabirə
hamının qarşısında üz tutaraq deyir ki, biz fəhlələr
daim sənin dostun və tərəfdarınıq, sənə
barmaq uzadanın fəhlələr əhdini kəsər.
...Hamını hökmən tapacaq o ayrılıq (və
qovuşma) anı Sabirçün də gəlib
çatmışdı. Ondan əsrlər öncə
Füzuli də həmin an yetişincə könlünə
öyüd verirdi, qəflət içində gəzməyin
sona yetdiyini, uçuş anının yetişdiyini
pıçıldayırdı, ölümdən əsla
qorxub-hürkmədiyindən bu dünyada vücudu
üçün qazana bilmədiyi azadlığı indi ruhuna
bağışlamağa, onu bədən qəfəsindən
açıb buraxmağa tərəddüdsüz hazır
olmasını bəyan edirdi:
Bu qəfəsdən mən səni, əlbəttə,
azad eylərəm!
İndi növbət ona gəlib
çatmışdı və sakit idi, təlaşsız idi,
könlütox idi və ruhu ilə danışırdı, ona
"bu bədən darısqallığından qurtul",
"qanadlan" deyirdi, bu bədəndən ayrılmana
sıxılma, "boş ver" söyləyirdi, ruhunu
başa salırdı ki, mən bu bədən deyiləm, mən
elə sənəm:
Ruhum, ey şahbaz-i ülviyyət,
Himmətimtək fəzadə pərvaz et!
Uç! Uç! Övc-i səmadə pərvaz et!
Təngna-yi bədəndə var xiffət!
Boşla bu cismi, cism mən deyiləm;
Sana müşkül olursa hicranım -
Mən sənin, sən mənim dil ü canım,
Mən sənin kəndinəm, bədən deyiləm!
O, dünyaya, özünə, insanlara hesabat verirdi. Cəfaçı
aləmdə ağ gün görmədiyini, qısa müddət
sərnişini olduğu dünyada dərdlərinə
çarə tapılmadığını, bir ucdan elə hey
düşmənlərinin artdığını deyirdi və
bu, nə şikayət idi, nə gileylənmə, nə də
gerçəkliklə mübarizədə
uğranılmış məğlubiyyətin boyuna
alınması. Bu, yorğun bir müdrikin ömürə
vurduğu yekun, axırıncı vergülləri, nöqtələri
yerinə qoyması idi, çünki
yaşayışının nədən belə
alınmasının niyəsini o hər kəsdən
yaxşı anlayırdı və düçar olduqlarına
haqpərəstliyinin səbəb olduğunu bildiyindən son nəticəyə
görə də peşman deyildi, bunu elə qismət hesab
edirdi.
Dəhr bir müddət oldu mənzilimiz,
Onda həll olmadı bir müşkilimiz.
Yaşadıqca çoxaldı düşmənimiz,
Nə edək, doğru söylədi dilimiz!
Dərk edirdi ki, beləsənsə, aqibətin də
bu cür olmalıdır. Ondan əvvəl də belə
olmuşdu, onun zamanında da həyat həmin cür
keçdi. Ancaq hər halda inanırdı. Dünyanı nə
qədər yaxşı tanısa və özü də təcrübədən
keçirmiş olsa da, sabaha ümidli idi, "Mən gedərsəm,
var olsun amalım! Yaşasın şəhriyar-i hürriyyət!"
deyirdi.
Bu şeirini Sabir 1910-cu ilin bitəcəyində,
artıq canının ağrılarla dolu olduğu yaxın
sonu içərisi ilə duyduğu çağlarda
yazmışdı və "Yeni füyuzat" vəsiyyət-qoşqunu
dekabrın 28-də çap etmişdi. Ancaq dərginin o
sayını tapıb baxsanız, misralarda "hürriyyət"
sözünü görməyəcəksiniz. Heç
"Hophopnamə"nin Sabirin vəfatından az sonrakı Səhhət
nəşrində də həmin şeirdə o kəlməni
tapmayacaqsınız. Sözün yerində nöqtələr
düzülüb. Senzura həmin kəlməni ixtisara
salmışdı. Guya iqtidarlı olan hakimiyyət nəinki
azadlığın özündən, onu ifadə edən
kiçicik sözdən də hürkür, çəkinirdi.
Demək, Sabir qalib idi. Özü dünyadan köçəndən
sonra da amalı olan hürriyyət sadəcə səslənişi
ilə belə hövlləndirirdisə, deməli, arzusunda
olduğu günlərin gələcəyinə, sözü
doğru söyləməyin yalnız müşküllərə
bais olmayıb məqsədə də
çatdıracağına ümid bəsləməkdə
haqlı imiş!
Sabirin həmin şeirindəki böyük
çağırışa ilk səs verənsə elə
"Yeni füyuzat" özü olmuşdu. Jurnalın
naşiri və məsul redaktoru Əlipaşa Səbur
Hüseynzadənin həmin şeirə redaksiya adından
yazmış olduğu qeyd əslində bir nəfərin, bir
redaksiya heyətinin də deyil, millətpərvər, vətənsevər
azərbaycanlıların Sabirə andı kimi idi: "Sabir,
böyüklüyün ən böyük sifəti səbrdir.
İştə sən də bu sifətlə mövsum
(adlandırılmış - R.H.) və mövsufsan (vəsf
edilmiş - R.H.). Əzizim, səni incidənlərə həmpa
(yoldaş, ayaqdaş - R.H.) olmamaq üçün sabir ol, sən
ölmə!
Fələk hər dürlü əsbab-i cəfasın
toplasın, gəlsin,
Dönərsək, alçağız millət yolunda
bu əzimətdən".
...Sabir həyatının çətin günlərində,
səhhət böhranlarının imkansızlıqla əl-ələ
verərək onu küncə sıxdığı
çağlarda qohum-əqrəbadan görmədiyi
qayğını Mirzə Cəlil ailəsindən hiss etdiyi
üçün, təbii ki, çox mütəəssir idi və
hətta bu diqqətin düşündüyündən də
artıq olmasına görə bir qədər
sıxılırdı da. Özlərinə deyə bilməsə
də, altından heç vəchlə çıxa bilməyəcəyi,
ona görə qarşılığını İlahinin verməsini
dilədiyi yaxşılıqlarına görə sonsuz
razılığını və bu nəvazişi heç
öz ailəsinin göstərmədiyini 1911-ci ilin 15 iyununda
Abbas Səhhətə məktubunda açıqca
yazırdı: "Müalicədən ötrü Tiflisə
gəldikdən sonra sənə məktub yazmamışam; zira
ki, halım müsaid olmayıbdır. Mirzə Cəlil və
Həmidə xanım cənablarından çox razıyam.
Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu
neçə müddətdə təmam məxaricimi və zəhəmatımı
mütəhəmməl olmuşlar. Məni mehmanxana, ya xəstəxanada
yatmağa razı olmadılar, öz evlərində mənzil
vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür
edəm, Rəbb-İ Təala həzrətləri əvəz
versin. Bu qədər bil ki, öz evimdən artıq mənə
pərəstariş edirlər". Bir az sonra - iyunun 27-də,
vəfatına 15 gün qalarkən, artıq əlinin qələmi
zorla tutduğu taqətsiz çağlarında Səhhətə
göndərdiyi sonuncu məktubunda etiraf edirdi ki, Mirzə Cəlilgilin
ona göstərdiyi diqqətin həddən ziyadəliyindən
sıxılırmış və müalicəsini tezbazar yola
verməyə, Tiflisdən bacardıqca tez çıxıb
getməyə çalışırmış ki, canı
yaxşılıqların bunca şiddətindən daha tez
qurtulsun. "Mənim əhvalım sabiqdə sənə məktub
yazdığım halda indiki haldan min dəfə
yaxşıraq idi; özüm öz bədbəxtliyimə
bais oldum. Doğrusu, Mirzə Cəlil və Həmidə
xanım cənablarının həddən artıq
iltifatlarından xəcalət çəkdiyimə görə
çalışdım ki, bəlkə bir az tez səhhət
tapım; daha da xəstəliyim şiddət elədi. Böylə
ki, burada bir nəfər Qandəmirov adlı doktor var, -
İran konsulunun məxsusi həkimidir, Rusiyada və Yevropada təhsil
etmişdir, osmanlı türkcəsilə də gözəlcə
danışır, - getdim onun yanına. Məni müayinə
etdi, soruşdu ki, kimdən əlac edirsən. Dedim:
- Doktor Kasparyansdan.
Dedi:
- Kasparyans eyi bir doktordur, lakin bir qədər
ixtiyarlaşmış.
Doğrusu, onun bu ibarəsi ğayətdə mənim
xoşuma getdi. Türklərə məhəbbətimin kəsrətindən
xəyal etdim ki, bu adamın danışığı
yalnız mənə əlacdır.
Ondan əlac istədim. Mənə bir həb və bir
içmə dərman yazdı. Dedi ki:
- Bu həbdən gecələr yatan vəqtdə iki dənə
atarsan və içmə dərmandan da iki saətdə bir
xörək qaşığı içərsən. Bir az vəqtdə
bütün-bütün səhhətyab olarsan,
şişmanlaşarsan. Vətəninə gedib, qəzetələrdə
məni mədh edərsən.
Bu adamın yazdığı davaları Mirzə Cəlil
cənablarına məsləhət etməmiş aldım.
Çünki bilirdim ona məsləhət etsəydim, razı
olmayacaqdı. Həkim iki həb demişdisə, mən gecə
bir danə həb atdım. O qədər məni ishala
apardı ki, daha taqətim qalmamışdır. Xəcalətimdən
əhvalatı Mirzə Cəlil cənablarına deməyə
utanıram. Yenə də doktor Kasparyansa ricu' etmişəmsə
də, lakin həyatımdan bilkülliyyə qət'-iümidəm.
Axır nəfəslərim olduğun dərk edib də, bu məktubla
sənə əhvalımı xəbər verirəm".
Sabir bunu da hiss edirdi ki, Mirzə Cəlil ailəsindən
gələn bu qayğıkeşliyin əsas səbəbkarı
ona əsl ana, bacı kimi yanan, məsrəflərə də
məhdudiyyət qoyulmamasında təkid edən elə Həmidə
xanımdır. Könlündən çox keçirdi ki, tale
nəsib etsin, bu yaxşılıqların əvəzini nə
şəkildəsə çıxa bilsin, lakin bunun
ağlabatan olmadığını, artıq Əzrayılın
qapını kəsdirdiyini də bütün acısıyla
duyurdu və heç olmazsa farsca yazdığı bu bir beytlə
ürəyini boşaltmağı vacib saymışdı:
Nəgərdəd k-əz əcəl poştəm xəmide,
Keşəm dər duş-e xod rənc-e Həmide.
Əcəl, qəddim qılmaz isə xəmidə,
Çəkərdim mən hər zəhmətin, Həmidə.
Və həmin beyti də təsadüfən farsca
yazmayıbmış. Şamaxıda, son günlərindən
birində bu əhdini qızına söyləyibmiş, o da
illər sonra qardaşı Məmmədsəlimə
danışıbmış ki, Xurşidbanu Natəvanın
içərisinə farsca "Neşinəd ba mələk
zanu be zanu, Kəniz-e Fateme Xurşidbanu" (Mələklə
diz-dizə görürəm onu, Fatimə kənizi
Xurşidbanu) beyti yazılmış qızıl
üzüyü olubmuş, Allah qismət eləsin,
sağalım, imkan tapıb bir üzük düzəltdirəcəyəm,
içərisinə də elə həmin vəzndə
yazdığım beyti ovdurub Həmidə xanıma hədiyyə
edəcəyəm.
Həmidə xanıma xatirə olaraq Sabirin
qurtuluşsuz mərəzin titrətdiyi qələmindən
çıxan, bəlkə də vida şeiri olan bu iki sətir
qalır.Xudavəndi-aləm, üzüyədək
yaşamağa möhləti əsirgəyir...
Bircə az qala bütün Azərbaycanın əzbər
bildiyi bu qoşqunu oxuyun ("Şeir" deməyə dilim,
yazmağa əlim dönmür, çoxdan bizimkiləşsə
də, istənilən halda gəlmə kəlmədir):
Gəl, gəl, a yaz günləri,
İlin əziz günləri!
Dağda ərit qarları,
Bağda ərit qarları;
Çaylar daşıb sel olsun,
Taxıllar tel-tel olsun.
Ağaclar açsın çiçək,
Yarpağı ləçək-ləçək.
Bircə dənə də yad söz yoxdur. Gül kimi
təmiz, bulaq suyu kimi duru. Elə mən Sabirin
özünü də həmişə bu qoşqusundakı
kimi görürəm - saf, pak, aydın, qarları əriyən
dağlar, suları daşan çaylar, budaqları
çiçəkli, yarpaqları ləçək incəlikli
ağaclar kimi təbii, doğma...
1 may 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 8 may,№80.- S.10-11.