"Keçmiş tələbələrimiz
bu gün auditoriyaya müəllim kimi daxil olurlar"
Vüqar Zifəroğlu: "BDU-nun jurnalistika
fakültəsi ənənəsi olan fakültədir və
bizim borcumuz müəllimlərimizin, ustadlarımızın bu
yolunu davam etdirməkdir"
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika
fakültəsi öz ab-havası, fərqli mühitilə
başqa təhsil ocaqlarından həmişə seçilib.
Əvvəllər bu barədə bir vaxtlar bu fakültədə
təhsil almış, indi ölkənin adlı-sanlı qələm
sahibləri olan jurnalistlərin yazdıqlarından, dediklərindən
oxuyur, eşidirdik, artıq indi tələbə kimi deyilənlərin
əyani şahidi oluruq. Və yəqin ki, bu fəqliliyin səbəbi
bir deyil, çoxdur. Yoxsa ki, tək bir məqamla bu ənənəni
illər uzunu qoruyub saxlamaq mümkün olmazdı.
Bəs BDU-nun Jurnalistika fakültəsinin əldə
etdiyi bu uğurlu nəticələrin arxasında hansı məqamlar
dayanır? Bu suallara cavab tapmaq istəyilə fakültənin
dekanı Vüqar Zifəroğluya müraciət etdik.
- Vüqar müəllim, ötən illərlə
müqayisədə fakültədə hansı dəyişikliklər
olub?
- Birincisi, bizim tədris korpusumuz tam şəkildə
təmir edilib. Son dərəcə keyfiyyətli təmirlə
yanaşı, yeni auditoriyalarımız texniki avadanlıqlarla
təmin olunub. Şübhəsiz ki, bu amillər tədrisə
müsbət təsir göstərir. Yaradılan bu şəraitə
görə universitet rəhbərliyinə təşəkkürümü
bildirirəm.
Fakültəyə gəlincə, yeniliklərə
imza atmağa çalışırıq. Son beş-altı
ildə biz maksimum dərəcədə dərs saatlarından
əlavə, praktik təlimlərə də
üstünlük veririk. Peşəkar jurnalistlərimizlə,
ictimai-siyasi xadimlərlə görüşlər keçirilir,
sahə jurnalistikasıyla bağlı ayrı-ayrı təlimlər
təşkil olunur. Medianın İnkişaf Agentliyi ilə, Mətbuat
Şurası ilə, Audivizual Şura ilə çox sıx
münasibətlərimiz var. Həm bu münasibətlər, həm
də universitet rəhbərliyinin yaratdığı şərait
bizi daha yeni və maraqlı layihələrə imza atmağa
ürəkləndirir. Yeni tədris ili başlayandan fakültəmizdə
iki otağın açılışı oldu. Bunlardan biri Mətbuat
Şurasının otağıdır. Məqsəd Mətbuat
Şurasının xətti ilə müxtəlif media
kapitanları, Mətbuat Şurası İdarə Heyətinin
üzvü olan peşəkar jurnalistlərimizlə tələbələrimizin
görüşünü təşkil etməkdir. Bir məqsədimiz
də Mətbuat Şurasının Şikayətlər
Komissiyasının və Etika Komissiyasının
toplantılarını fakültəmizdə keçirməkdir.
Artıq Şikayətlər üzrə Komissiyanın 2
toplantısı tələbələrimizin iştirakı ilə
fakültəmizdə keçirilib. Tələbələrimiz
bu toplantılarda iştirak etməklə Azərbaycan media
mühitindəki mövcud çatışmazlıqlarla
tanış olurlar ki, gələcək fəaliyyətlərində
oxşar hüquq pozuntularına yol verməsinlər. İkinci
otağımız isə Cənubi Qafqazda ilk xəbər
kanalı olan ARB 24 kanalının otağıdır.
Ümumiyyətlə, ARB 24 kanalı ilə universitetimizin
sıx əməkdaşlığı mövcuddur. BDU ilə
ARB24 kanalı arasında əməkdaşlıq müqaviləsi
var. Kanal artıq üç ildir,
fakültəmizlə birlikdə "NewsLab" təlim
layihəsini həyata keçirir. Bu təlimlərdən
müvəffəqiyyətlə keçən tələbələrimiz
birbaşa işə götürülür. Xeyli tələbəmiz
artıq işlə təmin olunub.
Xüsusi vurğulamaq istəyirəm ki, artıq ARB 24
bizim fakültəmizdən müxtəlif verilişlərində,
xəbərlərində bir neçə canlı yayım
edib. Hətta universitet əməkdaşları olan ekspertlərin
bir neçəsi bizim fakültəmizə gələrək,
ARB 24-ün verilişlərinə canlı olaraq qoşulurlar.
Təbii ki, başqa planlarımız da var. Bu tədris ilinin
sonuna qədər daha iki böyük layihəyə imza atmaq niyyətindəyik.
- Gələcəkdə hansı layihələr nəzərdə
tutulur?
- Birincisi ilə bağlı artıq konkret işlər
gedir. Media İnkişaf Agentliyinin xətti ilə fakültəmizdə
ən yeni avadanlıqlarla, xüsusi texnika ilə təchiz
edilmiş 50 nəfərlik təlim otağı
açılacaq və Media İnkişaf Agentliyi öz təlimlərinin
bir qismini fakültədə həyata keçirəcək.
Bu, Media İnkişaf Agentliyi ilə BDU arasında
bağlanmış əməkdaşlıq barədə
müqaviləsi çərçivəsində həyata
keçiriləcək. Bizim fakültə jurnalistika təhsili
verən, qocaman fakültə olmaqla yanaşı, ən
çox tələbə sayına görə də
seçilən fakültədir və agentliyin təlimlərinin
əksəriyyətində bizim könüllülər
böyük həvəslə iştirak edirlər. İkinci
böyük layihə yenə də bir spesifik otağın
açılmasıdır. İyul ayının sonuna qədər
xüsusi debat otağının açmağı
düşünürük. Mənə elə gəlir ki, ali
məktəblərin heç birində xüsusi dizayn
edilmiş debat otağı yoxdur və belə bir ilkə imza
atmaq, məncə, olduqca səmərəli olar. Bu məsələdə
"Xalq qəzeti"nin, qəzetin baş redaktoru Əflatun
Amaşovun dəstəyini vurğulamaq istərdim. Paralel olaraq fakültəmizdə
üç təlim prosesinə start verilib. Oktyabr ayından
Audiovizual Şuranın tələbələrimiz
üçün ayda bir dəfə olmaqla təlimləri
keçirilir. Həmin təlimlərdə audiovizual media
quruluşlarının hüquqi tənzimlənməsindən
tutmuş, məsələn, reytinqlərin hesablanmasına qədər
bir çox məsələlər barədə hazır
nümunələr əsasında
məlumatlar verilir. Həmçinin aprel ayından Mətbuat
Şurası, "525-ci qəzet" və fakültəmizin
mədəniyyət sahəsindən yazmağa marağı
olan tələbələr üçün xüsusi təlim
prosesinə start vermişik. Artıq üç təlim
baş tutub və sözün həqiqi mənasında imza
sahibi dəyərli həmkarlarımız fakültəmizdə
təlimlər keçiblər. Bunlarla yanaşı, fakültəmizin
tədris-teleradio studiyasında tələbələr
üçün professional montaj təliminə start vermişik.
Təqribən 60-dan yuxarı müraciət olub və tələbələr
həvəslə bu təlimə qoşulurlar.
Bu otaqların açılması həm cümhuriyyətimizin
yadigarı olan universitetimizin - elm məbədgahının 105
illik yubileyinə, həm Jurnalistika fakültəsinin 55 illiyinə,
həm də unudulmaz ustadımız Şirməmməd
Hüseynovun 100 illiyinə anlamlı hədiyyədir. Bu
yubileylər ilində Jurnalistika fakültəsi olaraq maksimum dərəcədə
yaddaqalan işlərə imza atmaq istəyirik. Təbii ki,
bütün bunlara görə universitet rəhbərliyinə,
həmçinin hər zaman yanımızda olan Mətbuat
Şurasına, Medianın İnkişafı Agentliyinə,
Audiovizual Şuraya, eləcə də hər zaman dəstəklərini
hiss etdiyimiz dəyərli həmkarlarımıza öz dərin
təşəkkürümü bildirirəm.
- Dediniz ki, fakültəyə qonaqlar dəvət
olunur. Sonuncu qonaqlardan biri Xarici İşlər Nazirliyinin Mətbuat
Xidmətinin rəhbəri Ayxan Hacızadə olub. Həmin
şəxslərin tələbələrlə
görüşünün əhəmiyyətləri nələrdir?
Bundan sonra kimlərin dəvət olunması nəzərdə
tutulur?
- Fakültədə hər həftə ən azı
dörd-beş belə tədbir keçirilir. Hətta elə
vaxt olur ki, gündə iki tədbirimiz olur. Gələnlərin
də hamısı seçkin, sayğılı, eyni zamanda
öz sahəsi üzrə peşəkarlığını
təsdiq etmiş dəyərli insanlardır. Ayxan müəllimlə
görüş də, hesab edirəm ki, tələbələrimiz
üçün unudulmaz, yaddaqalan bir görüş oldu.
Xarici İşlər Nazirliyi ilə belə bir praktikamız əvvəl
də olmuşdu. 2018-ci ildə biz
"Beynəlxalq jurnalistika məktəbi" adlı təlim
proqramına start vermişdik və iki ay davam edən bu proqram
çərçivəsində XİN-in mətbuat xidmətinin
o zamanki rəhbəri, Azərbaycan Respublikası Prezidentinin
köməkçisi - Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyevlə
görüş keçirmişdik. Ümumiyyətlə, belə
görüşlər tələbələrin peşəkar
kimi yetişmələri üçün çox əhəmiyyətlidir.
Ayxan müəllimlə keçirilən görüşdə
də, o, əsasən praktik məsləhətlər verməklə
əslində tələbələr üçün həm
də bir peşəkarın iş təcrübəsini
bölüşmüş oldu. Tələbələrimiz tədbirdə
çox aktiv iştirak etdilər, geosiyasi proseslər, regionda
baş verən hadisələrlə əlaqəli çox
maraqlı suallar verdilər. Bizim Mətbuat Şurasının
otağında da media kapitanları ilə görüşlərimiz
keçirilir, artıq bir neçə görüş olub və
bu görüşlər çox maraqlı keçib.
- Fakültədə bakalavr üzrə SABAH
qruplarının açılması gözlənilirmi?
- Magistraturada artıq SABAH qrupu var. Bu il ikinci dəfədir
ki, qəbul həyata keçirilir. Məqsəd bakalavr üzrə
jurnalistika təhsili olmayan, lakin bu sahəyə marağı
olan gəncləri Jurnalistika üzrə təhsilə cəlb
etməkdir. Çox maraqlı ideyadır. Təkliflər var,
proses hələ "bişməlidir". Mən inanıram
ki, bu təkliflər dinləniləcək və qəbul ediləcək.
Bu gün bizim qarşımıza qoyduğumuz məqsəd
daha çox "ictimaiyyətlə əlaqələr''
ixtisasının açılmasıdır. Bu gün hər
birimiz bu və ya başqa dərəcədə mətbuat xidmətlərinin
ictimaiyyətlə əlaqələr sektorlarının fəaliyyətini
ya təqdir edirik, ya tənqid edirik, yəni birmənalı
münasibət yoxdur. Hesab edirəm ki, bu sahədə peşəkar
kadrların hazırlanmasına ehtiyac var. Bir çox ölkədə
jurnalistika ilə bağlı fakültələrin
hamısında bu sahəylə bağlı ali təhsil verən
ixtisas var. Məzunlar olur ki, magistratura pilləsində sırf
bu təhsili almaq üçün Türkiyə və ya Qərbi
Avropa ölkələrinə müraciət edirlər. Niyə
bu sahə bizdə də olmasın? Bizim bu təklifimizə dəstək
verənlər çoxdur. İnanıram ki, yaxın zamanlarda
bu məqsədimizə nail olacağıq.
- Keçmiş məzunların müəllim kimi
fakülətdə qaldığı hallar da var. Bu zaman
hansı kriteriyalara önəm verilir?
- BDU-nun Jurnalistika fakültəsi öz ənənəsi
olan fakültədir. Jurnalistika fakültəsi hər zaman
öz dəyərləri, prinsipləri ilə seçilən
fakültə olub. Bizim borcumuz müəllimlərimizdən,
ustadlarımızdan gördüyümüz bu yolu davam etdirməkdir.
Mən də tələbə olmuşam, müəllimlərim
mənə belə bir imkan yaradıblar. Biz öz müəllimlərimizdən
belə görmüşük ki, nəsillər arasında
rabitə qırılmasın. Buna hər zaman
çalışmışıq və
çalışırıq. Həmin tələbələr
də bizim öz yetişdirdiyimiz tələbələrimiz,
övladlarımızdır. Özünü təsdiq edən,
müsbət mənada o sınaqlardan çıxan tələbələrimizi
biz müəllim kimi fakültədə saxlayırıq.
Fakültəmizdə özünü doğruldan xeyli sayda
keçmiş tələbəmiz var və onlar artıq
müəllim kimi auditoriyaya daxil olurlar. Mənə elə gəlir
ki, bu, çox gözəl ənənədir və bundan sonra
da davam etdirilməlidir.
Sevinc YARMƏMMƏDOVA
BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi
525-ci qəzet.- 2024.- 8 may,№80.- S.8.