Qlobal iqlim dəyişikliyinə və
sülhə töhfə - COP29
Qlobal iqlim dəyişikliyinə və sülhə
töhfə - COP29 Bu il noyabr ayında Bakıda keçiriləcək
COP29 tədbiri ilə bağlı ölkəmizdə
müvafiq hazırlıq işləri görülür. Bu,
öz əhəmiyyətinə və miqyasına görə
dünyada ən mötəbər və böyük tədbirlərdən
biridir. COP iştirakçılarının sayı 100 minə
yaxın olur. Bu platforma çərçivəsində qlobal
önəm daşıyan məsələlər, eyni zamanda
müasir çağırışlar geniş müzakirə
olunur.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının
(BMT) İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransı (COP) hər
il keçirilir və sədrlik BMT-nin beş regionu arasında
rotasiya olunur.
COP qlobal istiləşməni mümkün qədər
1,5°C-yə yaxın səviyyədə saxlamaqla bağlı
Paris Sazişindən irəli gələn əsas məqsədə
nail olmaq üçün hökumətlərin beynəlxalq səyləri
qiymətləndirdiyi Tərəflər Konfransının rəsmi
tədbirləridir.
COP tədbirləri zamanı dünya liderləri irəliləyişləri
qiymətləndirmək və iqlim dəyişmələri ilə
mübarizədə ən yaxşı həll yolları barədə
müzakirələr aparmaq məqsədilə bir araya gəlirlər.
Hazırda Konvensiya 198 Tərəfdən (197 ölkə və
Avropa İttifaqı) ibarətdir.
Azərbaycan Tərəflər Konfransının bu
ilin noyabrında Bakıda keçiriləcək 29-cu
sessiyasına (COP29) sədrlik edəcək. Ölkəmizin
beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində
zəngin təcrübəsi nəzərə alınarsa, əminliklə
demək olar ki, bu tədbir də yüksək səviyyədə
təşkil olunacaq, ən əsası isə nəticələri
olacaq.
Azərbaycan son illər iqlim dəyişiklikləri ilə
bağlı mühüm işlər görür və
"yaşıl keçid"lə bağlı gündəliyini
inkişaf etdirir. Belə ki, 2027-ci ilin sonuna qədər
ölkəmizdə 9 günəş və külək
elektrik stansiyası istismara veriləcək, onların enerji
potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər
isə əlavə 10 külək və günəş
elektrik stansiyası tikiləcək ki, onların da
potensialı 5 qiqavata qədərdir. Hazırda Azərbaycan Avropaya
yaşıl enerjini ixrac etmək üçün fəal
iş aparır. Təbii qaz təchizatçısı olan Azərbaycan
Avropa üçün həm də yaşıl enerji təchizatçısı
olacaqdır.
Prezident İlham Əliyevin ötən ay Almaniyanın
paytaxtı Berlində keçirilən "15-ci Petersberq
İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində
çıxışı zamanı dediyi kimi, Azərbaycanın
yaşıl gündəliyi hələ COP29 qərarından əvvəl
icra olunmağa başlanıb: "Biz xarici tərəfdaşlar
və sərmayədarlarla yaşıl keçid üzrə
artıq nəhəng layihələrə
başlamışıq. Bu il Azərbaycanda "Yaşıl
dünya naminə həmrəylik ili" elan edilib. Yalnız
bu il ərzində 1300 meqavat günəş və külək
enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının
təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin
sonuna qədər ümid edirik və əslində, müqavilələr
imzalandığına görə əminik ki, 2000 meqavat
günəş və yaşıl enerji imkanlarımız
olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə
qədər əlavə 10 Günəş və külək
enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000
meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə
edərək, biz qaz istehlakımızı əksər hissədə
elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik.
Həcmlərə gəldikdə isə düşünürəm
ki, Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac
olunacaq. Bir sözlə, bu, əslində, hər kəs
üçün uduşlu variantdır. Biz olduqca münbit sərmayə
mühitini yaratmışıq. Qeyd etdiyim bütün həmin
yaşıl enerji layihələri xarici sərmayədarlar tərəfindən
maliyyələşdirilir".
Təbii ki, COP29-la bağlı Azərbaycandan
böyük gözləntilər var, həm hazırlıq
prosesinin, həm tədbirin özünün yüksək səviyyədə
təşkili üçün cəmiyyətin müxtəlif
seqmentlərinin səfərbər olunması zəruridir.
Bütün bu məqamlar nəzərə alınaraq, Təşkilat
Komitəsinin tərkibi bir qədər də genişləndirildi.
Azərbaycan müsbət nəticələrə nail olmaq
üçün bütün imkanlarını səfərbər
edib.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, biz nəinki
yaxşı tədbir təşkil etməli, o cümlədən,
yaxşı nəticələrə nail olmalıyıq.
COP29-un əsas mövzusu maliyyə məsələsi
olacaq. Prezident VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda nitqi zamanı çox haqlı olaraq bildirdi ki,
iqlim dəyişmələri ilə bağlı məsələdə
bizə maliyyə vəsaiti lazımdır, lakin bizə eyni
zamanda həmrəylik və qarşılıqlı etimad
lazımdır: "Biz bir-birimizi günahlandırmalı
deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da
qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət
daşıması ilə bağlı mübahisə etməməliyik.
Əgər biz bu davranışı davam etdirsək, onda bunun
sonu faciə olacaq. Mən bu yaxınlarda tərəfdaşlarımızla
iqlim dəyişikliyi ilə bağlı danışdım.
Bu, qaçılmazdır. Çünki biz neft hasil edən
ölkəyik və dedim ki, neft-qazımızın olması
bizim günahımız deyil. Başqalarının da belə
təbii sərvətləri var və əlbəttə ki,
onların öz təbii sərvətlərindən ölkələrinin
faydası üçün istifadə etmək imkanı var. Azərbaycana
gəldikdə, bu imkan nəinki Azərbaycana aiddir, biz təbii
qazımızı səkkiz ölkəyə
çatdıraraq onların enerji təhlükəsizliyinə
töhfə veririk. Əgər biz bu gün məhz yol təchizatlarına,
enerji təchizatlarına baxsaq görərik ki, onlar çox
müxtəlifdir. Ona görə bizim səylərimiz
körpülərin salınmasına yönələcək".
Burada diqqət eyni zamanda Azərbaycanın COP29-da sədrliyinin
sülh prosesindən qaynaqlanmasına yönəlir. Dövlət
başçısı ADA Universitetində keçirilən
beynəlxalq forumda bəyan etdiyi kimi, COP29 sülh prosesinin nəticəsidir.
Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq,
ev sahibi ölkə olaraq gündəliyə bir neçə əlavə
edə bilərik və belə məsələlərdən
biri sülh olacaq.
Bir neçə gün əvvəl BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi
ilə əlaqədar Təşkilat Komitəsinin
üçüncü iclasında qeyd edilib ki, COP29 Sədrliyinin
Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir.
Milli Məclisin deputatı Elman Nəsirov mövzu ilə
bağlı bildirib ki, COP29 tədbirinə Azərbaycanın
ev sahibliyi etməsi əslində Azərbaycanın beynəlxalq
aləmdə nüfuzu və xüsusi çəkisinin bir
göstəricisidir: "Çünki bu tədbirə ev
sahibliyi etmək üçün Azərbaycan dünya ölkələrinin
hər birinin müsbət rəyini almalı idi. Bu prosesdə
bizə mane ola biləcək tərəf Ermənistan ola bilərdi.
Ancaq o da prosesdən kənarda dayandı. Azərbaycanla Ermənistan
arasında aparılan ikitərəfli danışıqlar və
əldə edilmiş razılaşmalar nəticəsində
Ermənistan da Azərbaycanın bu tədbiri keçirməsinə
etiraz etmədi və bu ilin noyabr ayında dünyanın ən
böyük tədbirinə Azərbaycan ev sahibliyi edəcək".
Deputat əlavə edib ki, bu işə ev sahibliyi etmək
üçün Azərbaycanın iqtisadi gücü var, Azərbaycanın
infrastruktur potensialı və beynəlxalq aləmdə
nüfuzu kifayət qədər böyükdür: "Noyabr
ayında 80 mindən çox adam iki həftə ərzində
Azərbaycanın paytaxtında olacaq. Dünyanın əksər
dövlətlərinin rəhbərləri, prezidentləri,
baş nazirləri ölkəmizə təşrif buyuracaq və
sözün həqiqi mənasında dünyanın ürəyi
Azərbaycan paytaxtında döyünəcək.
Nəzərə alsaq ki, bu tədbir BMT-nin iqlim dəyişiklikləri
ilə bağlı bir tədbir idi. Adətən ənənəvi
enerji potensialına malik olan dövlətlərin belə tədbir
keçirməsinə qısqanclıqla yanaşırlar. Ancaq
Azərbaycanı bu prosesdə bütün dövlətlər
dəstəklədi. Bunun əsas səbəblərindən
biri də onunla bağlıdır ki, bəli, Azərbaycan zəngin
neft və qaz potensialına malik olsa da belə, qeyri-ənənəvi
enerji sahəsində də bizim çox mühüm
imkanlarımız var. Azərbaycanın çox böyük
külək, günəş və hidrogen potensialı
mövcuddur. Artıq Azərbaycan Avropa ölkələrinə
qeyri-ənənəvi enerji mənbələrinin ixracı ilə
bağlı ilkin addımlar atmağa başlayıb. Bu sahədə
bu proses başlanıb. Həm də çox mühüm
müqavilələr imzalanıb və bütün bunları
nəzərə aldıqda görmək olur ki, Azərbaycan həm
ənənəvi, həm də qeyri-ənənəvi enerji mənbələrinə
malikdir və ölkəmiz bu tədbiri keçirməklə
bütün dünyaya belə bir ismarıc verir ki, bəli,
biz iqlim dəyişiklikləri problemlərinə çox
ciddi yanaşırıq və bu prosesə öz töhfəmizi
vermək istəyirik. Sağlam dünya görmək istəyirik
və Azərbaycan da bütün imkanlarını səfərbər
edib COP29 tədbiri çərçivəsində iqlim dəyişiklikləri
ilə bağlı mühüm qərarların qəbuluna nail
olmağı hədəf seçib.
Hesab edirəm ki, bu tədbir çərçivəsində
bir sıra mühüm siyasi və hərbi problemlərin
müzakirəsi üçün də imkanlar açıla
bilər. Nəzərə alsaq ki, həm Rusiya, həm də
Ukrayna prezidenti tədbirə dəvət alıb. Eyni zamanda Azərbaycan
Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, noyabr
ayına qədər biz Ermənistanla sülh müqaviləsinin
imzalanmasına çox böyük ümidlər bəsləyirik
və bütün bunların reallaşacağı təqdirdə
istisna deyildir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan
da bu tədbirə qatıla bilsin. Yəni zaman hər şeyi
göstərəcək. Əsas odur ki, Azərbaycan bu günləri
dünyanı narahat edən ən mürəkkəb, ən qəliz
problemlərin həlli yollarının tapıldığı
bir məkana çevrilib".
Pərvanə
525-ci qəzet.- 2024.- 8 may,№80.- S.5.