QOŞA HEYKƏL

 

 

Qazaxda köhnə seminariya binasının, indiki ADA Universitetinin Qazax filialının qarşısında Firudin bəy Köçərlinin və həyat yoldaşı Badisəba qoşa heykəli ucaldılıb.

 

Bir vaxt xalq düşməni sayılsalar da,

Axır suçsuz çıxıb işə döndülər.

Qazaxdan çıxanda tək çıxsalar da,

Qazaxa dönəndə qoşa döndülər.

 

Çoxdan repressiya tufanı yatıb,

Sahilə çıxıbdı gəmi - oxşayır.

İndi qarşısında seminaryanın

Qoşa heykəlləri könül oxşayır.

 

Xidmət etmək üçün bu yurda hələ,

Çevrilib ocağa-közə, gəliblər.

Sanki qayıdıblar yüz il əvvələ,

Qoridən Qazaxa təzə gəliblər.

 

Səsi Ərşə çatır Badisəbanın,

(Çox istəyir Günəş, Ay xatirini)

"Canım sənə qurban, a Firudin bəy,

Susamış olarsan, çay gətirimmi?!"

 

Stul gətirsə də, oturmaq üçün,

Ona Firudin bəy nə deyir görün:

"Tək-tənha tufana qarşı gedəndə,

Bəşərin gücünü artırmaq olur.

Adamın işləri yaxşı gedəndə,

Ayaq üstündə də oturmaq olur?!"

 

Bir övlad sahibi olmasalar da,

Varistək onların adı bəsidir.

Bu adi ər-arvad heykəli deyil,

Milləti tərbiyə eyləyənlərin

Şanlı heykəlidir, abidəsidir.

 

Qoşa dayanıblar yolların üstə,

Xalqı al sabaha səsləyəcəklər.

Qoşa girəcəklər sinfə yenə də,

Elə bil, ilk dəfə dərs deyəcəklər!

II

 

"Bir institutun görmədiyi işi Firudin bəy Köçərli görmüşdür"

Mir Cəlal

 

 

Gözün aydın olsun, a Firudin bəy,

Sən açdığın Qazax seminaryası

Bir də cana gəlib, bir də açılıb.

Öz-özünə olmur atəşfəşanlıq,

Yaylım atəşləri birdən açılır...

 

 

Qayıdıb dünyaya mülkün sahibi,

Məşədi İbrahim kişi də gəlib.

Gəlib ağlı-huşu başında gəlib.

Həmişəki kimi tək gəlməyibdi,

Qazaxlı kişilər başında gəlib!

 

Oxumağa neçə cavan, gənc gəlir,

Gör neçə tələbə - "əjdaha" gəlir.

Kasıb balasıdır çoxu haqq üçün,

Mehdi bir tərəfdə, Osman bir yanda,

Gəlir qara Səməd, bir daha gəlir.

Gəlir, bütün millət, bir daha gəlir,

Sənin məktəbində oxumaq üçün!

 

Mir Cəlal övladı - Hafiz müəllim

Sənin davamçındır elmin yolunda!

Sənin kimi ustad-müəllim idi,

İndi ruhu şaddır Mir Cəlalın da!

 

 

Bilirəm, ay atam, a Firudin bəy,     

 

Çox yaman incidir güllə yaranı.

İzn ver, sarıyım...

sarğı yerinə

Sənə gətirdiyim güllə yaranı!

 

Barat VÜSAL

Əməkdar incəsənət xadimi,

AYB Qazax bölməsinin sədri

525-ci qəzet.- 2024.- 9 may,№81.- S.14.