Ağır kişilər

 

Gözləmirdi əvəz yaxşılığından,

Səslənsən, yetərdi dada həmin an.

Yaxşılıq edərdi, görsə də yaman,

Verməzdi kimsəni yola birtəhər,

Ovaxtkı - sözübir, ağır kişilər.

 

Qanundu hər kəlmə - dilindən çıxan,

Deyildi nahaqdan incidən, sıxan.

Çaşardı acizə güc gəlib yıxan,

Yetərdi göstərsin ona tərs nəzər,

Ovaxtkı - sözübir, ağır kişilər.

 

Sorardı hər yerdə: kimin dərdi nə,

Arardı bir əlac insan dərdinə,

Dayaqdı obanın, elin mərdinə,

Qoymazdı həddini aşa bir nəfər,

Ovaxtkı - sözübir, ağır kişilər.

 

Tələb edərdilər hey dönə-dönə:

Gərək pozulmaya adət-ənənə!

Ləkə gətirənə yurd şərəfinə

Qulaqburmasını bərk verərdilər,

Ovaxtkı - sözübir, ağır kişilər.

 

Müşküldə gəlməklə birgə qərara,

Baxmayıb belədə gəlir-çıxara,

Xələl gəlməməkçün abıra, ara,

Həyat yollarında düz gedərdilər,

Ovaxtkı - sözübir, ağır kişilər.

 

Gözlərdilər daim haqq-ədaləti,

Təlimdi onların sözü-söhbəti.

Səylə qazanmağa eldən rəğbəti,

Onlar igiddilər, onlar şiri-nər,

Ovaxtkı - sözübir, ağır kişilər.

 

Tanı, millət!

 

Zaman-zaman, saflığından, milyon kərə

Uğramısan yadlar atan böhtan-şərə.

Çox çəkiblər sinənə dağ - bir cür hərə.

Söylə, tayın-bərabərin hanı, millət?!

Tanı dostu, düşmənini tanı, millət!

 

Parçalanıb bölünmüsən neçə yerə,

Qısılmısan xırda, kiçik sərhədlərə.

Əsir yurdlar harayına bir hay verə

Səslən, hamı gözləyir o anı, millət,

Tanı dostu, düşmənini tanı, millət!

 

Niyə açdın axı qucaq yağılara,

Oldu onlar köksündə bir qara yara.

Rəhm etmə, çək hər nankoru indi dara,

Qoy biryolluq çıxsın daha canı, millət.

Tanı dostu, düşmənini tanı, millət!

 

Bax, üstünə gəlir necə "dünya şər"i,

Gözləmir haqq-ədaləti, bir dəyəri,

Qoy ortaya sonsuz əzmi, sərt hünəri.

Uğur qazan, qoru şərəf-şanı, millət,

Tanı dostu, düşmənini tanı, millət!

 

Türklüyünlə böyüksən sən, həm də ulu,

Tutduğun yol həqiqətdir - Tanrı yolu!

Get irəli, gözlə amma sağı-solu,

Dön özünə, qur Böyük Turanı, millət,

Tanı dostu, düşmənini tanı, millət!

 

  Nəcməddin MÜRVƏTOV

525-ci qəzet.- 2024.- 9 may,№81.- S.14.