Füzuli irsi: ali
ideyalar və yüksək estetik zövq qaynağı
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev 25 yanvar 2024-cü ildə dahi Azərbaycan
şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd
olunması ilə bağlı Sərəncam imzaladı. Bu Sərəncam
Şərq və dünya mədəniyyətini qiymətli əsərləri
ilə zənginləşdirmiş, hərtərəfli biliyə
malik, insana ilahi məhəbbət aşılayan, oxucusunu
ülvi ideyalarla yaşamağa çağıran və
pedaqoji fikrin inkişafında müstəsna yer tutan Məhəmməd
Füzuli irsinin tədqiqi və təbliğinə
mühüm təkan verdi. Yaradıcılığı
ümmana bənzəyən Məhəmməd Füzulinin
irsinə, ideya və görüşlərinə Ulu öndər
Heydər Əliyev də vaxtilə çox yüksək dəyər
vermişdi: "Biz bu gün də, gələcəkdə də
öz həyatımızda, öz işimizdə Füzulinin
yaratdığı mənəvi dəyərlərdən
istifadə edərək xalqımızı xoşbəxt gələcəyə
aparacağıq".
Əsərlərini oxuduqca görürük ki,
Füzuli həm də yüksək mülahizəyə malik
bir pedaqoq olub. Füzuli öz elmi və düşüncələrini
irəli sürərkən lazım gələndə Sokratdan,
Platondan, Aristoteldən, Miletli Falesdən, Anoksaqordan, Miletli Empedokldan,
Pifaqordan, Plutarxdan, Heraklitdən, İbn Sinadan, digərlərindən
də sitatlar gətirir və bu kimi alimlərin fikrini ehtiramla
şərh edir. Əxlaqın mənşəyi və mahiyyətini
düzgün aydınlaşdıran Məhəmməd
Füzuli belə nəticəyə gəlir ki, əgər məsələ
ata sözünü və ya müdrik sözləri sadəcə
əzbərləməkdən ibarət olsaydı, onda əxlaq
tərbiyəsinə ehtiyac qalmazdı, resept və düsturlar
verməklə cəmiyyətdəki əxlaqi qəbahətləri
asanlıqla aradan qaldırmaq olardı. "Lütfün əlası
sözün mənasını bilməkdir" - deyən Məhəmməd
Füzuli az sözlə nəcib insani xüsusiyyətləri
obrazlı şəkildə ifadə etmişdi. Söz sənətinin
dahi ustad "özünün az bir zamanda böyük
şöhrət qazanmasına baxmayaraq, biliksiz şeirin təməli
olmadığını bilərək, elmləri dərindən
öyrənməyə başlamışdı".
Bədii təfəkkür dairəsi geniş və zəngin
olan Füzuli "şeirə hər şeydən əvvəl,
həyatın məhsulu, qəlb xəzinəsinin gövhəri
kimi baxır". Fikrin obrazlı şəkildə ifadəsi,
az sözlə geniş məna vermək qabiliyyəti
şairin qəsidələrinə də aid xüsusiyyətlərdəndir.
Şərq klassik poeziyasının bütün şəkli
xüsusiyyətlərindən özünə məxsus bir sənətkarlıqla
istifadə edən Füzuli əsərlərini boş və
mənasız sözlərlə doldurmaqdan çəkinmiş,
ərəb, fars və Azərbaycan dilinin zəngin xüsusiyyətlərini
mənimsəyərək hər sözünə, hər bir
ifadəsinə dərin məna və orijinal xüsusiyyətlər
verməyə çalışmışdı.
Dil onda yaxşıdır ki, Allahın birliyini söyləsin,
Əgər elə olmasa, ağızda dil olmasa yeydir.
Eşq olsun o kamil Yaradana ki, iki aləm də
Onun cızmış olduğu kainatın əbədi
naxışıdır.
Füzuli deyir ki, hər kim ruhun bədəndə necə
zahir olmasını, ruh ilə bədənin eyniyyət və
fərqlənmə cəhətlərini bilsə,
Tanrının da şeylərdə necə zahir
olmasını, Tanrı ilə şeylərin eyniyyət və
fərqlənmə cəhətlərini bilər və beləliklə,
hər kim "özünü tanısa, Tanrısını
da tanıyar".
Mütərəqqi fikirlər təbliğ edən
şairin dini əsərlərində belə şairin humanist
ideyaları, həyati əməlləri oxucunu təsir
altında saxlayır.
Füzulinin tərənnüm etdiyi gözəl,
öz təbirincə desək, misilsiz təsir qüvvəsinə
malik ideal gözəldir: O, elə gözəgörünməz
lətafətə malikdir ki, onun lətafətinin
çoxluğunu idrak nəzərə alsaydı, hiss qüvvələri
zəifləyərdi. Bədr zühurunu onun camalı ilə
kamala yetirmişdir. O, bir gözəllik sahibidir ki,
baxışı, xətti, xalı, qəddi ilə aşiqləri
cəlb etmişdir. Məlahətdə yeganədir. Bir
işıqlı ulduzdur ki, səyyarələrin mərkəzindən
ən uzaq nöqtəyə çatıb. Qaməti bir şaxədir
ki, ruh bağçasında aşiqlərin göz yaşı
ilə artıb, böyüyüb.
Onun şeirlərində zəmanədən
narazılıq, həyatdan şikayət motivləri də
mühüm yer tutur. Orta əsr mühiti, rəzalət və
riyakarlıq bütün xalq kimi şairə də o qədər
iztirab vermişdi ki, bəzən fikirlərində dünyada
düzlük olmadığı qərarına gəlmişdi.
Füzulinin qəsidələrində əxlaqi fikir və
qayələr geniş ifadə edilib. "Böyük mütəfəkkirin
eşqi, məhəbbəti insan həyatının, insan qəlbi
və hisslərinin əsas qayəsi saydığını,
eşqin şairin yaradıcılığında tərənnüm
edilən başlıca motiv olduğunu demək olar ki,
Füzuli irsini tədqiq edən bütün alimlər söyləyirlər.
Bu füzulişünaslıqda şəksiz-şübhəsiz
qəbul edilmiş bir məsələdir". Müxtəlif əxlaqi
prinsip və qayələrin toqquşduğu bir cəmiyyətdə
yaşayıb-yaradan şair bu məsələyə
etinasız qala bilərdimi? Hər şeydən əvvəl
qeyd etmək lazımdır ki, Füzuli bütün
varlığı ilə ülviləşdirdiyi, ləkəsiz
bir gövhər qədər saflaşdırıcı məhəbbəti
ən yüksək əxlaqi sifət sayır, ilahi eşqi
bütün dünya eşqinin fövqündə tutaraq,
başqa xoşagəlməz əməlləri şeytani əməl
olduğunu göstərərək yaramaz işlərdən
uzaqlaşmağı məsləhət görür.
Günahdır eşqdən özgə əməllərin
hamısı
Eyib deyilmi, günah işləyib olum rüsva?
Qəsidələrdə həsəd əhli, paxıl
və alçaq adamlar xeyirxah insanlara, nəcib və ali şəxslərə
qarşı qoyulur. Burada təmiz əxlaqi sifətlərə
malik insanlar çirkin adamların fasiləsiz hücumuna məruz
qalırlar.
Məzəmmət əhli bizi dəhrdə edər təhqir,
Nə vəsldən bir əsər var, nə rəhmdən
bir əsər.
Yaxud:
Kədərlənir ürəyim tənələr
eşitdikcə,
Odur ki, dinləmirəm təni, vermirəm məna.
Füzulinin əsərlərindəki surətlərin
çoxu köməksizdir. Daxilən böyük, namuslu və
vicdanlı insanlar əksərən tək, kimsəsiz təsvir
olunur. Mərd insanların köməksizliyi bir neçə səbəblə
əlaqədardır. Əvvələn Füzuli göstərmək
istəmişdi ki, bu insanları köməksiz edən
yaltaqlıqdan, paxıllıqdan uzaq olmaları, namuslu əməklə
yaşamaları, heç kimə boyun əyməmələridir.
Füzuli həyatın hər növ haqsızlıqlarına
"ədalətsizliyə, hüquqsuzluğa,
zorakılığa qarşı" daim əsərlərində
qiyam qaldırmışdı.
Riyakarlıq və paxıllıq kimi pis əxlaqi sifətlərin
tənqidinə Füzulinin qəsidələrinin, demək
olar ki, əksəriyyətində rast gəlmək
mümkündür. "Vay olsun o şəxsə ki,
riyakarlıqla ömür keçirir" - deyən şair
belə şəxslərə, hətta nəsihət etməyi
də yersiz hesab edir: xeyirxah və nəcib insanları onlardan
uzaqlaşmağa çağırır.
Şair yaradıcılığında insanın əxlaqının
təmizliyindən danışaraq, "zatən təbiətim
alçaq işlərdən uzaqdır", "fəsad
işlərə adət etmədim", "qəlbim həmişə
həqiqətə mail olmuşdur", "məcaz zəncirlərinə
müqəyyəd olmadım" deyərək oğurluq,
tamahkarlıq, mütilik kimi sifətləri pisləyir,
faydalı, vəfalı, ədəbli olmağı, fəsad
işlərdən uzaq olmağı təbliğ edir,
insanları sədaqətə, etibarlılığa, ata-anaya,
Vətənə, torpağa, eşqə, məhəbbətə,
öz ülvi duyğularına sədaqətə
çağırır.
Çox zaman fikirlərini açıq söyləyə
bilməyən Füzuli zəmanədən
narazılığı cananın cövr və cəfasında
çəkdiyi əziyyət və işgəncə pərdəsi
ilə örtürdü. Onun qəhrəmanı zamanında hər
bir arzunun maneələrlə üzləşdiyini
gördükdə kədərlənir, bir
çıxış yolu tapa bilmədikdə cəmiyyətdən
uzaqlaşıb gizlində yaşamaqla nicat tapacağına
ümid bəsləyir: "Paxıllıqdan, cəmiyyətdən
uzaqlaşmaqla bir mağarada gizləndim, düşmənlərin
qorxusunu bilməmək üçün mənə bu qələdə
doğru yol göstərildi". Belə motivlər Füzuli
dövründə olan ictimai bərabərsizliyin, zülm və
əsarətin nəticəsidir. Məhz bu cür
haqsızlıqlar şairi "faniyi-mütləq"ə
sığınmağa məcbur edir.
Gətirdi təngə nakəslər məni, arzum
budur daim,
Nə mən bir kəslə, nə bir kəs mənimlə
aşina olsun.
Əgər şair bir tərəfdən kədərlənir,
dünyadan əl üzüb "üzlət" aləminə
(bir tərəfə çəkilib təkbaşına oturma
mənasında) sığınmağa can atırsa, digər
tərəfdən zülm və haqsızlıqlar
dünyasında özünü bütün
çırkinliklərin fövqündə tutur, sənətinə,
ideyalarının qüdrətinə, fənası olmayan bir bəqaya
çatacağına o qədər inanır ki, bu hal onu
sevindirir. Füzulinin fikrincə, "insan faydalı əməlləri
ilə cəmiyyətə xeyir verməyi bacarmalı, bununla da
özünü tanıtdırıb, etibarlı mövqe kəsb
etməlidir. Əks təqdirdə onun varlığı kimsə
tərəfindən hesaba alınmaz".
Füzulinin adı, irsi nəinki Azərbaycan,
bütün Şərq və Qərb üçün
doğma və əzizdir. Çünki Füzuli
yaradıcılığı boyu xalqımızın ən nəcib
duyğularını, yüksək və humanist əməllərini
tərənnüm edən əvəzolunmaz bir sənətkar,
böyük bir insan olub.
Azərbaycan məktəb və pedaqoji fikir tarixinin ilk
korifeyi sayılan Əhməd Seyidov Füzuli
yaradıcılığını tədqiqə cəlb edərkən
qeyd edir ki, şair "nəğməni səma
eyvanının kəməndi, xoş mahnını uca aləmin
nərdivanı adlandırır". Musiqinin də
inkişafında və təbliğində əvəzsiz xidmətləri
olan, "özünün zəngin şeir aləmini musiqi təranələri
və sehrli ahəngləri ilə zinətləndirən
Füzuli bəzən ustad musiqişünas kimi
çıxış edir". O, dərin kamal, ideal və
möhtəşəm sənət xəzinəsi sayılan
"Rindü Zahid" əsərində musiqinin mənəvi-estetik
tərbi-yə gücünü diqqət mərkəzinə gə-tirib.
Füzulinin müxtəlif məzmunlu əsərlərində,
qəzəl və şeirlə-rindəki estetik təsir
imkanla-rı Azərbaycanın korifey sənətkarları tərəfindən
daim tərənnüm olunub və bu gün də tərənnüm
olunmaqdadır. Ümumxalq şənliklərində, ağır-əziz
məclislərdə Füzulinin "Can vermə qəmi-eşqə
ki, eşq afəti candır", "Nalədəndir ney kimi
avazeyi-eşqim bülənd", "Şəfayi-vəsl qədrin
hicr ilə bimar olandan sor", "Pərişan halın
oldum, sormadın hali-pərişanım", "Dün sayə
saldı başimə bir sərvi-sərbülənd",
"Sərvi-azad qəddinlə mənə yeksan
görünür, Nəyə sərgəştə olan baxsa,
xuraman görünür", "Pənbeyi-daği-cünun
içrə nihandır bədənim", "Heyrət ey
büt, surətin gördükdə lal eylər məni",
"Saqiya, cam tut ol aşiqə kim, qayğuludur" və
sair əsərlərini görkəmli ifaçılar
muğam və təsniflərdə sevə-sevə, duya-duya,
ilhamla oxuyublar və bu ənənə yenə də davam edir.
Kamal CAMALOV Pedaqogika elmləri doktoru,
Əməkdar müəllim
525-ci qəzet.- 2024.- 9 may,№81.- S.13.