Güneydə "fləş
fikşn": Məlihə Əzizpurun "kibriti öykülər"i
Hansı vəzndə, hansı üslubda, yaxud tərzdə
yazırlarsa-yazsınlar, çağdaş Güney
yazarlarının yaradıcılığının baş
mövzusu Vətənin azadlığı, istiqlal,
bağımsızlıq duyğuları, milli kimlik, ana dilinin əsarətdən
qurtuluşu, Uluyurda məhəbbət, el-obaya sədaqət
hissləridir. Şeiri insan həyatının aynası kimi dəyərləndirən
Məlihə Əzizpur müsahibələrində daim
vurğulayır ki, o, şeirlərində məhz Güney Azərbaycanı,
doğma xalqının real həyatını tərənnüm
edir. "Flash fiction (Fləş fikşn") - minimalist,
yaxud, özünün dediyi kimi, "kibriti öykülər"
yazan M.Əzizpur Güneydə dinamik inkişaf edən yeni ədəbiyyatda
xüsusi tərz yaratmağa çalışır. Keçən
əsrdə Avropada formalaşmağa başlayan "fləş
fikşn" ifadəsi fləş fantastika - mikrofizika,
mikroskoplar, qısa qısametrajlı filmlər, qısa hekayələr,
çox qısa hekayələr, ani fantastika, açıqca
fantastika və nanofantastika daxil olmaqla, bir çox adla da
anlaşılır. Sözlərin sayına əsaslanaraq fləş
fantastikanın dəqiq tərifini təyin etmək çətin
olsa da, onun bəzi xüsusiyyətlərinin qiymətləndirilməsi
bu sıxılmış qısa hekayənin forması
haqqında aydınlıq gətirməyə köməklik edə
bilər.
Güney Azərbaycanın çağdaş dövrdə
yazıb-yaradan bəzi söz ustaları ən qısa həcmli
- kibriti şeir və hekayələr, eləcə də hekayənin
çox sıxılmış formasında əsərlər
- sözlərin sayına da əsaslanan, bir çox özəllikləri
nəzərə alınan qısa öykünün daha da
sıxılmış formasını yaradırlar. Belə ki,
özəl söz sayından asılı olmayaraq, fləş
qurğu bədii hekayəni mümkün olan ən az sözə
çevirməyə, başqa bir şəkildə nəzərdən
keçirmək üçün, müəyyən bir söz
sərhədi içində mümkün olan ən
böyük, ən zəngin, ən mürəkkəb bir hekayəni
izah etməyə çalışır... Məlihə
Əzizpurun "Kibriti hekayələr" silsiləsindən
on beş hekayə//öyküsü fləş fikşnın
gözəl örnəkləri sayıla bilər.
Tanınmış şair, istedadlı öykü yazarı,
eleştirmən və çevirmən Əziz Səlami bu
öykülərə çox yüksək dəyər verir,
onların bədii-poetik özəlliklərindən ürəklə
söz açır. Məlihə xanımın "Kibriti
hekayələr"in həcmcə ən qısa
olanlarını diqqətə çatdırmağı gərəkli
sayırıq:
Əziz xəyal - Dünyanın üzərində
heç nə, hətta uzaqdan ağaran yiyəsiz tikinti belə
onun qədər yalqız deyildi. Ürəyi bir dost
üçün sıxıldı. Və O... gecə səhərədək
oyaq qalıb tanımadığı birini fikirləşdi...
"100 tümən" - Sapsarı
saralmışdı. Üzərində qan ləkəsi
görünürdü. Asta-asta sürünüb
dayanırdı. Maraqlandı. Ona doğru getdi.
Qulağından tutub götürdü: "1383 di, 1425 ziqədə,
yanvar 2005, birinci il, ikinci sayı, 12 səhifə, 100 tümən".
"Yazı" -
Demişdi ki, yazacaq. Yadında idi, amma nə
yazacağını bilərkən, gərəkli
sözcükləri tapa bilmədi. Bütün
yazdıqlarını qaralayıb kağızı ovcuna
bürgələyib fikrə daldı.
"Yaramaz" - Dünyada heç işə yaramaz
idi. İnsancasına yaşamağı da bacarmazdı əslində.
Xiyavandakı dəli ondan daha dəyərliydi. O, bir
yazıçı idi..."
Bayram - Yenicə evlənib. Ən böyük
yatırımı biləyindəki gücüdür, bir də
ürəyindəki ümidi... Adı Bayramdır.
Bütün bayram günləri də gözləri dolar nədənsə.
Nə isə... Bir şirkətdə çalışır.
İşi ağır olsa da, qatlaşır... "Kişi
özünü qorxutmamalıdır çətinliklərdən"
düşünür.
Bütün işçilər nahar yeməyinə
çıxıblar. Hər kəs evindən gətirdiyini yeməklə
məşğuldur. Bayramı isə yarım saat öncə
apardılar. Deyirlər: - Düz biləkdən
qırılmışdı əli...
Görüş - Əl-ələ tutaraq yeni
çiçəkləmiş ağacın yanında
dayandılar. Gözləri dolan qız qəhərli səslə
dedi:
- Səni burada gözləyəcəm.
Oğlan isə heç nə demədən
baxışlarını onun gözlərinə zillədi.
Tam o ağacın yanında dayanmışdılar.
Heç nə dəyişməmişdi. Yalnız
qızın qaşları incəlmiş, oğlanınsa
saçları bir az seyrəkləşmişdi...
Qasırğa - Gözlərini qapadı. Göz
qapaqlarının arxasındakı qasırğa, dərinliyinə
uddu beynini. Ürək tökülməsi kimi xoşa gəlməz
hiss çiyinlərini titrətdi. Əlini alnına qoyub titrək
səslə:
- Ola bilməz... ola bilməz... deyə dizləri
üstə çökdü.
- Ax... Yer kürəsi! Bu Əzrayıl
yumurtasını sındırıb varlıq quşunu yenidən
yumurtlada bilsəydim...
"Bu kiçik və bir çox hallarda, miniatür
hekayələrdə, yazıçı, yaşamın belə
kiçik durumlarından və gözqırpımlarından
yola çıxmışdır. Onun zamandan qoparıb
durdurduğu bu ufaq durumlar, bir xalqın ruhunun tən
ortasından gəlib keçən acılar, ağrılar, həsrətlər,
dəhşətlər, işgəncələr və fəlakətlərlə
dolu uzun bir zamanın parçalarıdır".
Bu hekayələrə kədərli bir qapı kimi
açılan ən birinci öykü - "Əziz xəyal"
yalnız üç cümlədən oluşub və hekayədə
dünyadakı, yazarın yanı-başındakı bir
çox insanlardan birinin yalnızlığının
tanığı oluruq. Əziz Səlami hekayənin içəriyini
özü də sanki bu yalnızlığın içindəymiş
kimi, o qədər ustalıqla təsvir edir ki, heyrətlənməmək
əldə deyil: "Bir yalnızlıq bu azsözlü hekayənin
hər bir sözünü qaranlıq dərin və
havasızlığıyla insanı boğan bir quyu kimi
doldurub. Kimsəsiz bir gecənin içində, uzaqda ağaran
yiyəsiz, buraxılmış və unudulmuş o tikintidən
başqa dünyada heç nə, heç kim yoxdur! O,
bütün yaşamdan ayrılmış, qaranlıqda bir
yoxluq kimi ağaran o tikintini belə həsrətlə süzməkdədir!
Çünki o, onun qədər yalnız deyil; çünki
onun səssizliyini, ıssızlığını bir
bayquşun səsi və hənirtisi bir az azalda bilər. Amma
onun yalnızlığının soyuqluğunu heç bir hənirtinin
bir az isitməyinə belə, ümid yoxdur! Bütün gecəni
oyaq qalmaq və tanımadığı bir insanı
düşünmək uzaq bir adada təkbaşına qalıb
yelkənsiz üfüqlərə göz dikməyə bənzəmirmi?!"
Fləş fikşn (flash fiction), yəni ən
qısaldılmış, sıxılmış hekayə mətnində
də bir başlanğıc, orta və son olur... Bir vinyetdən
və ya əksindən fərqli olaraq, ən çox bənzər
fantastik fantaziyanı vurğulamaqdadır. Bu qayda
üçün, əlbəttə, istisna olsa da, tam bir hekayəni
izah etmək, əslində bu kondensasiya formasında işləyən
həyəcanın bir hissəsidir. Sonda oxucunu bir
bükülmə və ya sürpriz gözləyir. Yenə də
bu qayda üçün çox istisnalar var, lakin gözləntilərin
qurulması və daha sonra onları dəyişib qısa bir
yerə sıxışdırmaq uğurlu bir fləş
qurğusunun əlamətidir. Flash fantastika bütün hekayəni
bir neçə abzas boşluğuna
sıxışdırır. Fləş fantastika
üçün müəyyən edilmiş söz sayı
yoxdur, lakin fləş fantastikada ümumi istifadə olunan bəzi
söz məhdudiyyətləri qısa sonda cəmi altı
sözdən, uzun sonda isə təxminən 1000 sözə qədərdir.
M.Əzizpurun 100 sözü qapsayan
sıxılmış cümlələrlə demək istədiklərini
Əziz Səlami elə o dərəcədə konkret sözlərlə,
əsl tənqidçi-eleştirmən ustalığı ilə
təhlil edərək belə açıqlayır: "Uzaq
uşaqlıq çağlarında qalmış, amma hələ
də göynərtisi və ağrısı azalmamış
bir xatirədir. Qonşuluqlarına yenicə gəlmiş,
bığ yeri təzəcə tərləməyə
başlayan bir oğlan. O, hər gün axşamları
qapı ağzında durub eşikdə oynayan uşaqları
süzməyi sevir. Çox utancaqdır. Bir gün, həmin
oğlan, o zaman 9 yaşında olan qıza bir sarı sərçə
tutub verir. O, böyük bir sevinclə o quşla oynayır.
Bir gün o quş əlindən qaçıb bağçada
gizlənir. Çox sevdiyi quşunu tutub gətirsin deyə,
qonşu oğlandan yardım almaq üçün evlərinə
getdikdə onların köçüb getdiklərini öyrənir.
O, itirdiyi quşunu bağçada, ayağındakı sapla
bir qızılgül kolundan asılıb
öldüyünü görür!
Bu hekayəni oxuduqda, nədənsə o oğlanla,
bağçada qızılgül kolundan asılmış o
quşu, görünməz bir tellə bir-birinə
bağlanmış kimi duyursan! Bu hekayəni sarmış bir
yanğı, oxucunu da, onu yaşayan və yazan qədər
ağrıdır... (Əziz Səlami. Axar kitab, s.110)"
Məlihənin qısa öykülərindən də
göründüyü kimi, fləş-fantastik hekayə
türü gerçəkdən başlanğıcı,
ortası və sonu olan bir hekayədir. Bu, onu süjetsiz bir
duyğu, yaddaş və ya düşüncəni
araşdıra bilən nəsr, şeir və ya vinyetdən fərqləndirir.
Böyük fləş fantastika tez-tez sürprizi özündə
cəmləşdirir, adətən tvist sonluğu və ya
gözlənilməz son sətir şəklində. Bu, hiylə
deyil: məqsəd oxucunu hekayənin əsl mənası
haqqında dərindən düşünməyə yönləndirmək,
kökləməkdir.
"100 tümən" hekayəsi, bəlkə,
vergül nəfəs dərməsi ilə, iki cümləlik
də ola bilərdi. Ə.Səlami ilk dəfə bu
öykünü də oxuyanda, adı olmadığına
görə nədən bəhs etdiyini qavraya bilmir və sonra
"100 tümən" adını
daşıdığını öyrənir.
Demək, yerə düşən, üzərində
qan ləkəsi olan və torpağın üstündə
sürünən, arada dayanan bu nəsnə 100 tümənlik
kağız puldur. Bunca az sözləri olan bir hekayə, daha
doğrusu, üzərində qan ləkəsi olan, əldən-ələ
keçməkdən sapsarı saralıb köhnələn bu
100 tümən pulun o saralmış, o qanamış
varlığında nə qədər... hekayələri gizlədiyini,
əl boyda kağızın söyləməyə nə qədər
sözü olduğunu təxmin edir! "Bütün o hekayələr,
bütün o sözlər bu bir neçə sözdə
saxlanır. İnsanların, uzaq bir planetdən gətirdikləri
bir ovuc torpaq kimi! Bu hekayələri oxuyarkən, özümdən
asılı olmadan, bir çoxunun gecə baş verdiyini
sanırdım. Halbuki 15 hekayədən ancaq 2 hekayə gecə
ilə bağlıdır. Bu hekayələrin gecə
havasına və qaranlığa bürünməsinin nədəni,
məncə, onlarda gizlənmiş və deyilməmiş
sözlərdədir. Bu hekayələrin sözləri olduqca
azdır. Sanki bu sözlər söyləmək
üçün deyil, oxucunu bir gerçəyin yanına
aparmaq üçün deyilir. Özləri isə susurlar və
sonra, nə varsa, oxucu özü görməli və
görünməyəni də özü
düşünüb tapmalıdır. Elə bu özəllik,
onları rəsm sənətinə çox
yaxınlaşdırır. Daha doğrusu, onları birbaşa
sözlərlə işlənmiş tablolara çevirir.
Deyilməmiş sözlərin qaranlığı bu hekayələrin
gündüzünün üzərinə çöküb...
Görkəmli alman yazarı İ.V.Höte deyirdi ki,
"Hər kiçik bir durum, hər bir
gözqırpımı belə, özündə sonsuz bir dəyər
daşımaqdadır; çünki o, bitməz bir zamanı təmsil
etməkdədir..."
Flash fiction, yəni ən qısaldılmış,
sıxılmış poetik mətnlər-kibriti öykülər
də özündə böyük dəyər
daşımaqla yanaşı, bitməz-tükənməz
sonsuz zamanı da təmsil edir.
Ədəbiyyatın, bədii mətnlərin içərisindəki
möcüzələr də bu zamanlarda yaranır...
Esmira FUAD
525-ci qəzet.- 2024.- 9 may,¹81.- S.11.