Yolda hadisə  

 

("Olmuş əhvalatlar" silsiləsindən)

 

...Yolun hər iki tərəfindəki yamyaşıl ağacların yavaş-yavaş sıxlaşmasından bildi ki, dağların döşündə yerləşən meşə massivinə çatır.

O, bu yerlərə ilk dəfə idi ki gəlirdi. Sübh tezdən hələ günəş doğmamış molbertini, palitrasını, fırça və rənglərini səliqə ilə maşının yük yerinə yığıb şəhərdən çıxmışdı. Fikirləşmişdi ki, həm Bakının səs-küyündən uzaqlaşıb bir az dincələr, həm də təbiətlə baş-başa qalıb gördüyü mənzərələrdən etüdlər, eskizlər edər. Ruhunu silkələyən, ilhamını coşduran görüntülərlə üzləşsəydi, lap molberti qurub fırçalara, rənglərə əməlli-başlı əziyyət də vermək olardı: məşhur mahnıda deyildiyi kimi, çəmənliklərdəki qıpqırmızı közə bənzəyən lalələri, gizlənpaç oynayan uşaqlar kimi ordan-burdan görünüb yox olan bənövşələri, ora-bura uçuşub qəfidən rəngbərəng çiçəklərə qonaraq qeybə çəkilən kəpənəkləri yaxından seyr etmək şansı həmişə ələ düşmür axı.

Çöldə çiçəklərin rəngi kəpənəklərin rənginə qarışmışdı. Nəzərlərini sanki bacadan çıxan tüstü topalarının donaraq üfüqdən asılı qalmış kütləsini xatırladan ağ bulud lopalarından çəkməyə macal tapmamış yüngül meh əsdi, hardansa lap yaxınlıqdan təzə akasiya çiçəklərinin ətrini xatırladan tanış qoxu maşının açıq pəncərəsindən içəri dolub onu az qala bihuş elədi... "İlahi, yaratdığın bu gözəlliyə alqış. Dünya elə sənin çəkdiyin nəhəng bir tablo imiş ki. Biz rəssamlar da ora-burasından didişdirib, oğurlayıb özümüzü aldada-aldada baş girləyirik".

Belə fikirləşsə də, nədənsə ona elə gəlirdi ki, özünün ən gözəl, lap elə şah əsərini məhz bu gün burada - min bir bəzək vurmuş təbiətin ağuşunda yaradacaq və əgər bunu eləməyə gücü çatmasa, onun rəssam adı daşımağa mənəvi haqqı yoxdur.

Qarşıda yol azca sağa burulurdu, ona görə də sürəti bir az azaltdı, amma döngəni keçəndən sonra irəlidə yolun sağ hissəsindəki qaraltını görüb əyləc pedalını bir az da sıxdı. Sübh tezdən gördüyü bu mənzərədən bir az çaşan kimi oldu.  Təxminən 30 metr gedəndən sonra  isə gördüklərindən elə heyrətləndi ki, başının tükləri biz-biz dayandı - onun yolunu kəsən və maşının yavaş-yavaş da olsa yaxınlaşmasından qorxub hürkməyən dişi bir maral idi.

"Səhər tezdən bu nə möcüzədir, canım? Maral ola, gəlib yolunu kəsə, özü də qorxub eləməyə - bu ki lap mistikadır".

Bir tərəfi üfüqlərə qədər uzanıb gedən bu meşələrdə müxtəlif heyvanlar yaşadığından, ov hərislərinin icazəli-icazəsiz, fərqi yoxdur, tez-tez buralarda peyda olmalarından xəbəri vardı. Lakin  heç yuxusuna da girməzdi ki, nəinki güllə, hətta kiçik bir sıqqıltı səsindən, hənirdən diksinib şair demişkən, ox kimi süzən bu zərif heyvan nə vaxtsa gəlib Ərəb Zəngi kimi onun yolunun üstündə bitə bilər.

Maşını yolun sağına verib saxladı. Əvvəlcə bilmədi ki, nə qərara gəlsin - düşüb maralı hürküdüb qaçırsın, ya da başqa bir şey fikirləşsin. O, heç vaxt yaxından canlı maral görməmişdi, amma bilirdi ki, yaraşıqlı, gözəl heyvandır və bəlkə də elə buna görə maralın hürküb qaçmasını istəmirdi. Onun qara gözlərinə yaxından baxmaq,  dərisinin rənginə çalan qonur xallarını görmək məgər həmişəmi ələ düşən şans idi?

"Təki qaçmayaydı" - deyib qapını ehmalca açaraq çölə çıxdı və asta addımlarla marala tərəf getdi.

Maral başını çevirib ona baxdı. Amma nə hürkdü, nə də yerindən tərpəndi: elə bil ayaqlarını yerə yapışdırmışdılar.

Ürəklənib heyvana lap yaxınlaşdı, əlini belinə çəkdi, sonra qabağa sürüşdürüb boynunu, boğazını sığalladı, qulaqlarının dibini qaşıdı və əyilib gözlərinə baxmaq istəyəndə elə maralın özü kimi donub yerində qaldı - heyvanın gözləri yaşarmışdı və göz yaşları ilə dolub daşmağa bənd idi.

Ana maralın gəlib yolun ortasında boş yerə ağac kimi bitmədiyini, onu buna məcbur edən nə isə bir səbəb olduğunu bilsə də, beynində suallar bir-birinə calandı: "Nə olub, ay allahın heyvanı? Sən ki, belə ehtiyatsız deyilsən.  Qorxmursan ki, qansız ovçular səni tutub apararlar? Nə olub axı, niyə belə qəmlisən? Bəlkə sən də bu zalım dünyada yaşamaqdan bezib bir əhlikef, qansız sürücünün güdazına gedərək özünə qəsd etmək istəyirsən?"

Ağlına gələn sonuncu fikirdən diksindi və bədənini soyuq tər basdı...

Ana maral qəfildən başını irəli uzadıb onun paltarını, bayaq boynunda, boğazında gəzən əllərini iylədi. Sonra axır ki, hərəkətə gəlib ayaqlarını yüngülcə yerə döydü və çevrilib yolun qırağındakı torpaq cığıra tərəf getdi. Altı-yeddi addım  atandan sonra dayanıb geri çevrildi  və rəssam onun nə istədiyini dərhal başa düşdü: heç maşının qapısını bağlamadan maralı izləməyə başladı.

Əvvəlcə meşənin ətəyi boyunca getdilər. Böyük bir ağacın tuşuna çatanda maral sağa döndü və addımlarını bir az yeyinlətdi. Rəssam cavan adam idi, di gəl həyəcanlandığı üçün ürəyi tez-tez döyündüyündən tənginəfrəs kimi olmuşdu. Görəsən, heyvan onu hara aparırdı, qarşıda onu daha hansı sürpriz gözləyirdi?       

...Təxminən 6-7 dəqiqədən sonra   kiçik bir talaya çatdılar. Görünür, çoxdan adam ayağı dəymədiyindən  ot az qala dizə qalxmışdı. Ətrafda hər yerdən gül-çiçək boylansa da, talanın ortasında bitən çiçəklər yaprıxıb yerə yapışmışdı, havadan isə əzilib suyu çıxmış ot iyi gəlirdi. Hiss olunurdu ki, bir az əvvəl burada kimsə olub və ayaqları ilə talanın ortasını eninə-uzununa əməlli-başlı "şumlayıb".

Görəsən, maral onu niyə məhz bura gətirmişdi?

Bir az irəli yeriyib diqqətlə ətrafı nəzərdən keçirdi. Qeyri-adi bir şey gözə dəymirdi. Bir tərəfdə yerə basdırılmış iki kiçik payaya səliqəsiz şəkildə tor bağlayıb  hokkey oyunundakı qapıya bənzər bir şey düzəltmişdilər. Talanı sağ tərəfdən dövrələyən ağacların  budaqları arasından təxminən 10-15 metr aralıdakı köhnə tikililərin damlarının, talvarların qırmızı kirəmitləri görünürdü. Bütün bunlar böyük ehtimalla, dünyanın düz vaxtlarında burada yerləşən  məktəblilərin yay istirahət düşərgəsinin baxımsızlıqdan miskin vəziyyətə düşmüş qalıqları, çallı-çağırlı xoş günlərdən qalan nişanələr idi.

"Yaxşı, burası məlum, bəs bütün bunların boynubükük, qəmli marala nə dəxli var?" - deyə öz-özünə sual verib qeyri-ixtiyarı çevrilərək əks tərəfə baxanda əldəqayırma tor qapının bayaqdan gözə dəyməyən o biri tayı əvəzinə nigarançılıq və təlaşla o tərəf-bu tərəfə baxan maralı gördü və üç-dörd addım irəli yeriyəndə qarşısında açılan  mənzərədən bu gün ikinci dəfə tükləri biz-biz oldu - balaca bir maral balası dirəyinin biri çürüyüb sınmış ikinci qapının toruna ilişib, görünür, özünü xilas etmək üçün  necə çapalamışdısa tor burula-burula körpə heyvanla bir yerdə onun özü boyda yumağa dönmüşdü. Möhkəm ipək iplərin məngənəsində tam hərəkətsiz qalmış bu körpə, zərif məxluq bədəninin hansısa bir əzasını heç tükün ucu qədər tərpətmək gücündə deyildi, daş kimi sərələnib yerdə qalmışdı. Yalnız qara gözləri ilə imdad diləyir, köməyə çağırırdı - "Məni xilas edin!"

Lap yaxına gəlib gödəkçəsinin döş cibindən cib bıçağını çıxaranda yuxarıdan hayqırtıya bənzər səs gəldi. Başını qaldırıb baxdı - iri bir qartal qanadlarını açaraq yerdəkilərə meydan oxuyurmuş kimi qəribə səslər çıxara-çıxara süzürdü. Başa düşdü ki, lap vaxtında özlərini yetiriblər, bu zərif, köməksiz gözəlliyin məğrur, vüqarlı, fəqət yırtıcı quşun caynaqlarında məhv olmasına izn verməyən Allahın hökmü ilə ona görə burdadır ki, köməksiz maral balasını qartalın caynaqlarından xilas edib anasına qaytarsın.

"Hirslənmə, cənab qartal,  körpəsini anasından ayırıb özünə yem etməyə sənə imkan verməyəcəm. İnciməyə də lüzum yoxdur, çünki Allahın buyruğu belədir"

Bıçağın tiyəsini ehmalca torun altına salıb ipləri kəsməyə başladı və işin heç yarısını görüb qurtarmamışdı ki, əzaları cana gələn bala maral azadlığın havasını hiss edən kimi sıçrayaraq özünü anasının üstünə atdı. Əvvəlcə burnunu iylədi,  sonra bədənuni gah sağdan, gah da soldan onun ayaqlarına sürtə-sürtə iki dəfə dövrə vurandan sonra dodalarını anasının döşlərinə yapışdırıb acgözlüklə əmməyə başladı, amma sevinci o qədər böyük idi ki, ana maral başını əyib onu yalamağa başlayanda bundan xoşallansa da, qəfildən yerindən sıçrayıb atlana-atlana talada o tərəf-bu tərəfə qaçmağa, xoşbəxtliyini  nümayiş etdirməyə başladı.

Bıçağı bağlayıb qalxdı və birdən-birə ona elə gəldi ki, Günəşin işığı, ətrafdakı çiçəklərin ətri bir az da çoxaldı, elə bil bayaqdan cəh-cəhlərinə ara verib bu əhvalatın nə ilə bitəcəyini gözləyən quşlar yenidən, amma daha şövqlə oxumağa başladılar, hətta çiçəkdən-çiçəyə uçuşan kəpənəklər də vəcdə gəlib oxumaq həvəsinə düşdülər.

Amma qəfildən açılan güllənin səsi deyəsən quşları, kəpənəkləri, hətta ağacları, çiçəkləri də diksindirdi və bayaqkı gözəllik daşa dəyən ayna kimi çat verdi.

"Yəqin icazəsiz ov edənlərdir. Görüm sizin kökünüz kəsilsin".

Növbəti güllə səsi daha yaxından və aydın eşidildi. Təhlükənin yaxınlaşdığını hiss edən ana maral irəli şığıdı, balasını qabağına salıb başı ilə onu sol tərəfdən dağın döşünə uzanan meşəyə tərəf itələyə-itələyə tələsik burdan uzaqlaşdı.

Heç bir dəqiqə keçməmişdi ki, ana-bala sıx ağacların arasında görünməz oldular.

"Vəssalam" - deyə dərindən rahat nəfəs aldı - "Deyəsən, bu gün insanlıq və heyvanlıq naminə faydalı bir iş görə bildik".

Amma bayaq maralın ardınca düşüb gəldiyi yolla geri qayıdanda gördüyü mənzərə onu elə sarsıtdı ki, başının tükləri üçüncü dəfə, özü də daha mükəmməl şəkildə biz-biz durdu və hərgah başında papaq olsaydı heç şübhəsiz ki, yerə düşüb dığrlana-dığığırlana maşının bayaqdan açıq qalmış qapısının yanında dayanıb ona baxan ana maralın ayaqlarının yanına qədər gedərdi.

"Yenə nə olub, ay Allahın heyvanı? Daha nə dərdin var? Bəs balan hanı? Yoxsa..."

Ana maralın nə istədiyini bilməyə çox vaxt lazım gəlmədi: ağzında tər-təzə bir lalənin saplağından tutmuş maral balası kabinadan çölə atlanıb yenə də tullana-tullana ona tərəf qaçdı, təxminən dörd-beş addımlığında dayanıb qabaq ayaqlarının dizlərini qatlayaraq yerə yatdı, sonra laləni də yerə qoyub başını üç dəfə aşağı-yuxarı hərəkət etdirərək xilaskarına təzim edə-edə demək istədiklərini dedi.

Əvvəlcə sinəsinin düz ortasında isti maye kimi bir şey axıb bədəninin bütün nöqtələrinə yayıldı, sonra gözləri doldu, irəli yeriyib bala maralı qucağına aldı, uşaq kimi başını sığallayaraq gözlərindən öpdü... və elə o andaca üçüncü atəş açıldı - ana maralın başının üstündən uçan güllə arxadakı ağacın gövdəsini parçalayaraq sağ tərəfini sivirib apardı. Bayaqdan xilaskarının isti nəfəsindən, sığalından xoşhal olub sakitcə dayanan bala maral diksindi. Gecikmək olmazdı. Aydındır ki, növbəti güllələr boşa getməyəcəkdi. Əyilib körpə heyvanı yerə qoymağı ilə ana-bala meşəyə tərəf götürülmələri bir oldu...

Cib dəsmalını çıxartdı və son sözləri yaşarmış gözlərini silə-silə havaya pıçıldadı:

- Gedin, tez burdan uzaqlaşın. Adamlardan nə qədər uzaq olsanız, bir o qədər yaxşıdır. İnanın, vəhşi heyvan xislətli ikiayaqlı, mədəni, şüurlu məxluqlardansa insan xislətli  canavara, ayıya, pələngə yem olmaq bəlkə də sizin yeganə xoşbəxtliyinizdir.

Sonra əyilib yerdəki laləni qaldırdı. Çəkəcəyi şah əsərin əsli onun əlində idi...

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2024.- 9 may,¹81.- S.10.