"Heydər Əliyev:
multikulturalizm və tolerantlıq ideologiyası"
mövzusunda VII beynəlxalq konfrans keçirilib
Akademik Kamal Abdulla: "Bu gün Azərbaycan gəncliyi
qalib xalqın nümayəndələri kimi daha məsuliyyətli,daha
inamlı və daha bacarıqlı olmalıdır"
Aprelin 7-də Azərbaycan Dillər Universitetində
(ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının
101-ci ildönümünə həsr edilən "Heydər
Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası"
mövzusunda VII beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan
Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla bildirib ki, Ulu
öndər Heydər Əliyevin anadan olmasının 101-ci
ildönümünə həsr edilən konfransa maraq
böyükdür. Müxtəlif xarici dövlətlərdən
elm və təhsil nümayəndələri, alimlər,
ziyalılar konfransa böyük diqqət və maraq göstərirlər:
"Bu gün biz Ulu öndərin əziz xatirəsini dərin
hörmət və ehtiramla yad edirik. O, dahi bir lider kimi,
müdrik bir siyasətçi kimi, xalqını,
torpağını bütün varlığı ilə sevən,
qoruyan bir şəxsiyyət kimi qəlbimizdə əbədi
yaşayır və yaşayacaqdır. Bu gün Azərbaycan gəncliyi
qalib bir xalqın nümayəndələri kimi daha məsuliyyətli,
daha inamlı və daha bacarıqlı olmalıdır. Bu məsuliyyəti,
bu inamı və bu bacarığı hər birimiz öz
işimizdə son dərəcə ləyaqətlə yerinə
yetirməli, Azərbaycanın gələcək
inkişafına öz töhfəmizi verməliyik".
Akademik Kamal Abdullanın dediyinə görə, müasir dövrdə Heydər
Əliyev idealları etibarlı, münbit zəmində
inkişaf etdirilir. Bunun müəllifi onun siyasi varisi, Azərbaycan
Respublikasının Prezidenti, qalib Ali Baş Komandan İlham
Əliyevdir. Ulu öndərin ideyalarını və irsini
mükəmməl mənimsəyən, onların həyata
keçirilməsində yeni-yeni uğurlar qazanan İlham
Əliyev çağdaş zamanımızda multikultural dəyərlərin
himayəçisi kimi çıxış edir. Azsaylı
xalqların, dini konfessiyaların hüquqlarının
qorunmasında, mədəni müxtəlifliyin
saxlanılmasında, Azərbaycanın multikultural həqiqətlərinin
qlobal miqyasda təqdimində Prezident İlham Əliyevin
cahanşümül fəaliyyəti göz önündədir.
Ulu öndərin fasiləsiz titanik fəaliyyəti
getdikcə daha çox bəhrə verir, Azərbaycanın
inkişaf və tərəqqisinə əvəzsiz xidmətlərini
göstərir. Onun ideya və fikirləri bu gün də
yolgöstərəndir, respublikanın yüksəliş və
inkişafı yolunda sönməz bir mayakdır.
Türkiyənin Ege Universitetinin professoru Fikrət
Türkmən konfransla bağlı fikirlərini
bölüşüb. O qeyd edib ki, Ulu öndər Heydər
Əliyevin anadan olmasının 101-ci ildönümü ilə
bağlı keçirilən konfrans öz əhəmiyyəti
ilə seçilir. Dünyanın bir sıra ölkələrindən
olan alimlər, tələbələr bu konfransda iştirak etmək
üçün ciddi şəkildə
hazırlaşıblar.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)
Qazılar Şurasının üzvü və QMİ sədrinin
müavini hacı Fuad Nurullayev deyib ki, Ulu öndər Azərbaycan
tarixinə öz adını qızıl hərflərlə
yazdıran dahi bir lider olmaqla yanaşı, həm də
xalqının ağır günündə onu xilas edən
müdrik bir rəhbər kimi yaddaşlarda yaşayır və
yaşayacaq: "Ulu öndər Heydər Əliyev Azərbaycan
xalqının dövlətçilik tarixində o qədər
böyük yeniliklərə, o qədər böyük
işlərə imza atıb ki, yuxarıda
sadaladığımız titulların heç biri Onun titanik
fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan
tarixində Heydər Əliyev erasını yaratmış Ulu
öndər haqqında danışarkən, adətən, Onu
bir Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə,
bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə
gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər
məhdudlaşdırmış oluruq. Onun fəaliyyətinə
bir qədər sırf milli kontekstdə yanaşmış
oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti
təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə
bağlı deyil və Ulu öndərin bir siyasətçi
kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi
coğrafiyası ilə məhdudlaşmır. O, istər sovet
xalqları müstəvisində və istərsə də
Şərqi Avropadan tutmuş, hətta, Afrika ölkələrinə
qədər olan xalqların tarixində rol oynamış,
onların yaxından tanıdığı və onların həyatına
təsir edəcək proseslərə imza atmış bir
şəxsiyyətdir".
Pakistanın Milli Müasir Dillər Universitetinin
rektoru, general Mahmud Kyani konfransın müəllim və tələbələr
üçün önəmini xüsusi olaraq
vurğulayıb. O qeyd edib ki, Pakistan hər zaman qardaş Azərbaycanın
yanında olub və bundan sonra da Azərbaycanın yanında
olacaqdır. Bu dostluq və qardaşlıq münasibətləri
özünü həm də elmi, mədəni müstəvidə
göstərməkdədir.
Sonra çıxış edən qonaqlar - Belqrad
Universitetinin Şərqşünaslıq kafedrasının
müdiri Kseniya Aykurt, Aleksandr İoan Kuza adına Yasse
Universitetinin professoru Lyudmila Bejenaru, Ural Federal Universitetinin
professoru Aleksandr Nesterov, Mərakeş Universitetinin professoru
Adil El Madhi, Auqsburq Universitetinin professoru Klaus Vulf, Bakı şəhəri
Dağ yəhudiləri dini icmasının sədri Milix
Yevdayev, Buxara Dövlət Universitetinin prorektoru Abror Jurayev,
Braziliyanın Paraibe Federal Universitetinin professoru Ana Berenise Peres
Martorelli konfransın beynəlxalq əhəmiyyətindən
söz açıblar və gələcək elmi, mədəni
istiqamətləri haqqında fikirlərini
bölüşüblər.
Konfrans bölmə iclasları ilə davam edib.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin əziz
xatirəsinə həsr olunan beynəlxalq konfrans ADU-da ənənə
şəklini alıb və beynəlxalq müstəvidə
böyük diqqət və marağa səbəb olub.
Konfransın bağlanış mərasimində
çıxış edən rektor Kamal Abdulla
iştirakçılara bir daha öz təşəkkürünü
bildirib. Yerli və xarici nümayəndələrə konfransa
verdikləri töhfəyə görə minnətdarlıq
ifadə olunub. Rektor bölmə iclaslarının öz
işini uğurla həyata keçirdiyini vurğulayıb.
Bölmə iclaslarında tezislərlə
çıxış edən yerli və xarici məruzəçilərin
təqdim etdiyi mövzuların keyfiyyəti və
aktuallığı xüsusi olaraq vurğulanıb. Qeyd olunub
ki, konfrans növbəti ildə yenidən keçiriləcək.
Rektor çıxışında konfransın
iştirakçı tərkibini növbəti ildə də
bir arada görmək və yeni uğurların əldə
olunacağına olan inamını ifadə edib.
Daha sonra bölmə iclasları haqqında məlumat
verilib. Hər bir bölmə üzrə ayrıca məlumat
verildikdən sonra konfrans iştirakçılarına və təşkilatçılara
təşəkkürünü bildirən Ege Universitetinin
professoru Fikrət Türkmən konfransın uğurla başa
çatdığını və bu işin yüksək
peşəkarlıqla həyata keçirildiyini söyləyib.
Qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin rəhbərliyi
və kollektivi beynəlxalq əhəmiyyətli
konfransların yüksək səviyyədə keçirilməsi
istiqamətində kifayət qədər təcrübəyə
və bacarığa sahibdir. Bu da digər universitetlər
üçün, təşkilatçılar
üçün əlavə imkanlar deməkdir. Bildirilib ki, bu
imkanların faydalılığı və zəruriliyi hər
zaman xatırlanacaq.
Konfransın bağlanış mərasimindən sonra
iştirakçılar "Yaşıl dünya naminə həmrəylik
ili" münasibətilə ADU-nun həyətində
ağacəkmə aksiyasında iştirak ediblər.
S.QARAYEVA
525-ci qəzet.- 2024.- 9 may,№81.- S.9.