Ya sən, ya da
heç kim
Ulu öndər Heydər Əliyev və
ömür-gün yoldaşı Zərifə Əliyevanın
sevgi hekayəti
Görkəmli siyasi xadim, Ümummilli lider Heydər
Əliyev və onun əbədi məhəbbəti,
ömür-gün yoldaşı, ruhdaşı, akademik Zərifə
Əliyeva... Fərqli mühitdə böyüsələr də,
xarakterləri - məqsədyönlü olmaları, özlərinə
qarşı tələbkarlığı, milli-mənəvi dəyərlərə
sadiqliyi onları birləşdirirdi. Onların həyatını
isə əsl sevgi hekayəti adlandırmaq olar...
Zərifə xanım Əliyevanın atası -
ictimai-siyasi xadimi, elm fədaisi Əziz Əliyev İrəvan
mahalında dünyaya göz açmışdı.
Sankt-Peterburq Hərbi Tibb Universitetində təhsil alan Əziz
Əliyev ermənilərin azərbaycanlılara qarşı
soyqırım siyasəti başlayanda ailəsi ilə birlikdə
Naxçıvana köçməli olur. 1923-cü ildə Zərifə
xanım dünyaya gəlir. Elə həmin il ailə
Bakıya köçür. Burda Əziz Əliyev universitetin
tibb fakültəsini, sonra isə aspiranturanı bitirərək
elmlər namizədi olur. Qısa bir vaxt ərzində o,
doktorluq dissertasiyasını da müdafiə edir.
Peşəkar və zəhmətkeş elm adamı
bir-birinin ardınca uğurlara imza atırdı. Səhiyyənin
inkişafında xidmətlərinə görə irəli
çəkilən Əziz Əliyev Tibb Universitetinin
müdiri, sonra rektoru, daha sonra Azərbaycan SSR səhiyyə
komissarı vəzifələrinə qədər yüksəldi.
Amma ailə üzvləri heç vaxt Əziz
Əliyevin cəmiyyətdəki yüksək statusu ilə
lovğalanmırdılar. Belə bir şöhrətpərəstlik
duyğusu Zərifəyə də yad idi. Hələ yeniyetmə
olanda, paltarlarının həmişə sadə olmasına
çalışar, geyimləriylə deyil, daxili keyfiyyətləriylə
seçilməyə çalışardı. Yeniyetmə
yaşıyla uyuşmayan təmkini yaşıdlarını təəccübləndirərdi.
Yaxın rəfiqəsi Zəhra tez-tez ona deyərdi:
- Zərifə, bizim yaşıdlarımız olan
qızlar gözəl libaslara meyl edərkən sən
gözünün ucu ilə də dəbli donlara baxmırsan.
Həmişə sadəliyə üstünlük verirsən.
- Zəhra, insanın zahiri nə qədər sadə
olsa, mənəvi gözəllikləri daha aydın
görünər. Atam da bizə belə öyrədir.
Zərifənin insanlara duyduğu sevgi onu mərhəmətli
olmağa, köməyə ehtiyacı olanların qayğısına
qalmağa sövq edirdi. Bir dəfə rəfiqəsini fikirli
görən Zəhra bunun səbəbini soruşanda Zərifə
belə dedi:
- Ev işlərində bizə kömək edən
Leyla xalanın həyat yoldaşı xəstələnib.
Leyla xalaya dedik ki, bu gün gəlməsin.
- Bəs sən hara belə hazırlaşırsan?
- Onlara ərzaq və dərman aparıram.
- Bunları bir adamla da göndərə bilərdin.
- Yox, mənim özümün getməyim Leyla xalaya
daha çox təsəlli olar...
Əziz Əliyevin ailəsi böyük və mehriban
idi. Zərifə ilə bərabər, evdə iki
qardaşı və üç bacısı da
böyüyürdü. Evdə şeir və musiqi kultu
vardı.
Musiqi təhsili uşaqların tərbiyəsinin
ayrılmaz hissəsi idi. Təsadüfi deyil ki, Zərifə
xanımın bacısı Gülarə Əliyeva sonralar
görkəmli musiqiçi kimi tanınmış, unudulmaz
"Dan ulduzu" ansamblını yaratmışdı.
Görkəmli ziyalıların, məşhur sənət
xadimlərinin qonaq olduğu evdə tez-tez konsertlər təşkil
edilirdi. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev,
Bülbül, Niyazi və başqa musiqi ustadlarıyla
görüşlər uşaqların yaddaşında
özünəməxsus iz qoyur,
dünyabaxışlarını təzələyirdi.
Zərifə xanım üçün musiqi ayrıca
bir dünya idi. Saatlarla bu dünyaya qapılar, fortepianoda ifa edər,
sevdiyi nəğmələri oxuyardı. Hansı şəhərdə
olmasından asılı olmayaraq, bir konsert də buraxmazdı.
"Musiqi mənim üçün sehrli sənətdir.
Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin,
Tofiq Quliyevin musiqisini duymadan yaşamaq olarmı? Bu musiqilər
məni həyatın zərafətinə kökləyir"
deyən Zərifə əmin idi ki, hansı sənəti
seçsə də, onu hər zaman müqəddəs musiqinin
xeyir-duası müşayiət edəcək.
Zərifə xanım 1942-ci ildə orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsinə daxil olur və
1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Həmin
dövrdə Azərbaycanda gözü zədələyən
və ağır nəticəyə, hətta tam korluğa səbəb
olan traxoma xəstəliyi geniş yayılmışdı. Belə
bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə
qarşı aparılan tədbirlərdə fəal iştirak
edir, traxoma xəstəliyinin daha geniş
yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr
oxuyur, əhali arasında faydalı söhbətlər
aparırdı.
Heydər Əliyev fərqli sosial mühitdə
doğulmuşdu. Ailə maddi çətinliklə üzləşsə
də, uşaqların tələm-tərbiyəsinə, təhsilinə
xüsusi diqqət ayrılırdı. Təsadüfi deyil ki,
bu ailədən böyük şəxsiyyətlər
çıxmışdı.
1947-ci il idi. Əziz Əliyev ailəsilə birlikdə
Kislovodskda dincəlirdi. Müharibə təzə
qurtarmışdı, artıq yeni xəyallar qurmaq, yeni həyata
başlamaq olardı.
Gənc Heydər böyük qardaşının dəvətilə
Kislovodska gəlmişdi. Gəzintilərin birində Heydər
Əliyev sadə və mehriban bir qızla tanış olur.
Qızın əsilzadəliyinə,
ziyalılığına, xoş ünsiyyətinə heyran
olan gənc Heydər öyrənir ki, o, Əziz Əliyevin
qızıdır. Gənc oğlan fikrə gedir. Görəsən,
vəzifəli ata qızının sadə ailədən
çıxmış oğlanla münasibət qurmasına
icazə verərmi?
Gənclər tanışlıqlarını Bakıda
davam etdirirlər. Bir-birlərini yaxından tanıdıqca, fərqli
mühitdən çıxmalarına baxmayaraq, ruhən
çox yaxın və doğma olduqlarını
anlayırdılar. İkisi də dürüst və ədalətli,
kitablara bağlı, gözəl nitq qabiliyyəti olan insanlar
idi. Amma Zərifəni itirmək qorxusu Heydərə
rahatlıq vermirdi.
- Zərifə, sən nazir qızı, mən isə
sadə bir zabit...
- Heydər, sənin daxili aləmin səni mənim
gözümdə hər zaman yüksəldir. Bu isə
bütün vəzifələrdən ucadadır.
- Əgər səni evdə seçim
qarşısında qoysalar?
- Əgər məni seçim qarşısında
qoysalar, bir kəlmə deyəcəyəm: ya sən, ya da
heç kim.
Amma siyasət ətrafında oynanılan ədavətlər
gənclərin münasibətinə müdaxilə etdi. Məsələ
bundadır ki, birinci katib Mircəfər Bağırov Əziz
Əliyevin get-gedə artmaqda olan nüfuzuna qısqanclıqla
yanaşırdı. 1950-ci ildə Əziz Əliyev vəzifədən
çıxarılır və ona qarşı çirkin
kampaniya başladılır. Onun adının
hallandığı anonim məktublar ailənin dincliyini
pozurdu.
Gənclər öz ətrafına məhəbbətdən
sədd çəkir, Əziz Əliyevə qarşı
aparılan oyunların onların həyatına müdaxilə
etməsinə yol verməməyə
çalışırdılar. Amma bir çətinlik də
vardı. Gənc Heydər Əliyev Əziz Əliyevin fəaliyyətini
yoxlayan şöbədə çalışırdı.
Sevdiyi insanın gələcəyindən narahat olan Zərifə
bir dəfə ona dedi:
- Heydər, atama qarşı haqsızlıqlar davam
edir. O, xalq düşməni elan edilib. Bu kampaniya sənin
karyerana ciddi zərər yetirə bilər.
- Zərifə, gəl bu barədə
düşünmə. Hər şey yaxşı olacaq.
Əziz Əliyevin günahsız olduğu gec-tez üzə
çıxacaq.
- Yox, vəziyyət düşündüyümüzdən
də qəlizdir. Səni həmişəlik partiyadan
uzaqlaşdıra bilərlər. Sən yüksək ideallar
üçün yaranmısan. Mən sənin yolunun yarıda
qırılmağını istəmirəm.
- Zərifə, açıq danış, nə demək
istəyirsən?
- Deyirəm ki, ayrılaq. "Xalq düşməni"nin
qızıyla evlənmək sənin siyasi həyatına son
qoya bilər.
- Zərifə, yadındadır, sən iki yol
ayrıcında qalmışdın? Bu yolun birində valideynlərinin
sənin üçün arzuladığı daha gözəl
həyat, birində isə mən vardım. Onda sən dedin: Ya
Heydər, ya da heç kim. İndi mən də bu sözü
deyirəm: Ya Zərifə, ya da heç kim.
Heydər Əliyev əmin idi ki, hər şey
onların öz iradəsindən asılıdır. Hətta
dövlət təhlükəsizlik naziri ilə
görüş də inamını sarsıtmadı.
- Sizin Əziz Əliyevin qızı Zərifə ilə
münasibətinizdən xəbərimiz var, ailə qurmağa
hazırlaşırsız. Ancaq bu nikahı sizə tövsiyə
etmirik. Xalq düşməninin qızıyla evlilik sizi zərbə
altında qoyar. Əgər o qızla əlaqəni kəsməsəniz,
sizi Dövlət təhlükəsizlik orqanlarından
uzaqlaşdırmalı olacağıq.
- Yoldaş nazir, siz istəyirsiz mən o qıza sevmədiyimi
deyim? Axı bu, belə deyil. Dövlət təhlükəsizlik
orqanlarında qalıb işləmək naminə mən
sevdiyim qadından ayrılmaq istəmirəm
Heydər Əliyevin gələcək karyerası beləcə
sual altında idi. Gənclər sevgilərini bir müddət
gizləməyi qərara alıb parkda şər
qarışandan sonra görüşürdülər. Amma yenə
də nəzarət altında olduqlarını, təqib
olunduqlarını bilirdilər.
Əsl sevginin önündə tarix də aciz idi. Mircəfər
Bağırovun partiya sıralarından
uzaqlaşdırılması Əziz Əliyevin təmiz
adını özünə qaytardı. Gənclər dərhal
nikah bağlamağa yollandılar. Onlar toyun çox sadə
olmasında qərarlı idilər. Elə də oldu. Gənc
Heydər Əliyevə işdən yeni mənzil verilmişdi.
Toyu yeni mənzildə etdilər. Süfrəni Zərifə
xanımın anası qurmuşdu. Cəmi 15 adamın dəvət
olunduğu məclis sadə və şən keçdi. Gəlin
pianoda ifa edir, bəy isə həvəslə oxuyurdu. Qonaqlar
deyir, gülür, rəqs edirdilər.
Sonralar da pianoda çalıb oxumaq onların ən
sevimli əyləncəsi oldu. Heydər Əliyevin gözəl
bariton səsi vardı. Özlərinin bir parçası bildikləri
xalq mahnılarından biri də "Küçələrə
su səpmişəm" idi. Bu mahnının
melodiyasını Zərifə xanım pianoda dilləndirir,
Heydər Əliyev isə xalq musiqisinə duyduğu
böyük sevgiylə oxuyurdu. Ailədə yaşanan belə
anların bənzəri yox idi.
Zərifə xanım əsl isti ailə ocağı
yarada bilmişdi. Evdə həmişə sevgi və hörmət
hökm sürürdü. 1955-ci ildə xoşbəxt ailənin
bir qızı doğuldu - Sevil. 1961-ci ildə isə təkcə
bir ailənin deyil, bir xalqın qəhrəmanı olacaq
İlham dünyaya gəldi.
Uşaqlar azad mühitdə böyüyürdülər
və valideynlər onlara tam etibar edirdilər. Onlar da ata-anaya
ürəkdən bağlı idilər.
İstirahət günlərində ailə
bütün vaxtını bir yerdə keçirirdi. Zərifə
xanım öncədən həftə sonu üçün
proqram hazırlayır, sonra uşaqlarla müzakirə edirdi.
Birlikdə viktorinalar hazırlayır, bayramlar təşkil
edir, ya da ailəliklə kinoya, teatra və ya muzeyə gedirdilər.
Ailənin qayğıları Zərifə
xanımı sevimli işindən ayırırdı. Amma o, əsla
şikayətçi deyildi. Onun illərini həsr etdiyi elmi
işindən uzaq düşməsi Heydər Əliyevi narahat
edirdi.
- Zərifə, bilirəm ki, sənin nəzərində
ailə birinci yerdə dayanır. Həyatımın
bütün dövrlərində işlə məşğul
olduğuma görə ailə məsələlərinə
fikir verməyə vaxtım olmayıb. Bunların
hamısı sənin üstünə düşüb və
sən bu vəzifəni şərəflə, sədaqətlə,
çox böyük məharətlə yerinə yetirmisən.
Amma onu da bilirəm ki, sənin böyük elmi potensialın
var. Sənin istedadının puç olmasını istəmirəm.
- Mən tədqiqatlarımı davam etdirəcəyəm,
mütləq davam etdirəcəyəm.
- Vaxt gözləmir, Zərifə. Ölkə
quruculuğunda hamı bir nəfər kimi səfərbər
olmalı, xalqın keşiyində durmalıdır. Sevil və
İlham nümunəvi tərbiyə, təhsil alıblar. Bu,
həm də sənin əməyindir. Amma artıq elmə
qayıtmağın vaxtı gəlib.
1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, yəni
faktiki olaraq respublikanın rəhbəri seçildi. Zərifə
xanımın bir alim kimi məsuliyyəti də
artmışdı.
Zərifə xanımın elmi tədqiqatlarından
artıq mərkəzi qəzetlərdə də söz
açmağa başlamışdılar. O isə öz vəzifəsini
layiqincə yerinə yetirir, şan-şöhrət
qazanmağa, başqalarından fərqlənməyə
çalışmırdı.
Yaxın rəfiqəsi Zəhra xanım Zərifə
Əliyevanın tədqiqatları haqqında artıq əcnəbi
alimlərin də müsbət fikirdə olduğunu söyləyəndə
o, təvazökarlıqla deyirdi:
- Zəhra, bu, mənim həkimlik vəzifəmdir,
qeyri-adi olan Heydər Əliyevin gördüyü işlərdi.
Ona olan heyranlığım hər gün daha da artır.
- Heydər Əliyev böyük şəxsiyyətdir.
Hamımız onunla qürur duyuruq.
- Yaxşı, Zəhra, indi Djerjinski adına kluba getməliyəm,
Heydər Əliyevin zəhmətkeşlərlə
görüşü var.
- Sən Heydər Əliyeviçin heç bir
çıxışını qaçırmırsan. Həm
də televiziya ekranlarından yox, canlı izləyirsən. Bu,
çox gözəldir.
- Onun çıxışlarını əvvəldən
axıracan dinləyirəm. Bu çıxışlardan
hamı kimi mən də çox şey öyrənirəm.
Heyranedici olan onun təkcə qüsursuz nitqi, gözəl
diksiyası, qeyri-adi natiqlik istedadı deyil, həm də
çıxışlarında dərin məsələlər
qoyub onlara məharətlə cavab axtarmasıdır.
"Valideynlərimə baxanda mən həmişə
düşünürdüm ki, nikahlar yerdə yox, göydə
bağlanır. Bizim ailədə heç vaxt fikir
ayrılığı olmurdu, çünki anam və atam bir-
birini qeyri-adi şəkildə tamamlayırdılar. Atam bir dəfə
mənə demişdi ki, əgər mən sənin anana rast gəlməsəydim,
yəqin ki, heç vaxt ailə qurmayacaqdım" - Sevil
Əliyeva xatirələrində söyləyir.
"Mən xoşbəxtəm ki, Zərifə
xanım kimi anam olub" - Bu sözlər isə Əliyevlər
ailəsinin daha bir böyük siması, Prezident İlham
Əliyevə məxsusdur. Anasının əllərinin
yumşaqlığını heç vaxt unutmayan həssas
oğul çox keyfiyyətləri üçün ona borcu
olduğunu söyləmişdi.
İlham Əliyevin ömür-gün yoldaşı
Mehriban xanım Zərifə xanımın əsl
arzuladığı gəlin idi. O, səmimiyyət,
xeyirxahlıq, yüksək mədəniyyət, alicənablıq
- bütün bu müsbət keyfiyyətləri özündə
birləşdirirdi.
Həyat bir-birindən təkrarsız anlar
yaşadırdı. Belə anlardan biri Zərifə xanım
Moskvadan gələrkən yaşanmışdı. Təyyarədə
nasazlıq olduğu ortaya çıxmışdı. Hər
dəqiqə fəlakət baş verə bilərdi. O isə
öz aqibəti haqqında deyil, həyat yoldaşının
bu itkiyə necə tab gətirəcəyi haqqında
düşünürdü. Beynində yalnız bir fikir
dolaşırdı: Bu barədə Heydər Əliyevə necə
məlumat verəcəklər və dəhşətli xəbəri
eşidəndə onun vəziyyəti necə olacaq?
Nəhayət ki, təhlükə sovuşdu və Zərifə
xanım başqa bir təyyarəylə Bakıya
qayıtdı. Təyyarə hava limanında enəndə onu
xoş xəbər gözləyirdi.
- Zərifə xanım, narahatlığa görə
üzr istəyirik. İndi verəcəyimiz xəbər sizin
təlaşınızı unutduracaq. Heydər
Əliyeviç sizi qarşılamağa gəlib.
Böyük bir gül dəstəsilə.
Bu, həyatın ən unudulmaz anlarından biriydi.
Heydər Əliyev büruzə verməməyə
çalışsa da, siması qayğılı idi.
- Təyyarədə nasazlıq oldu.
- Bilirəm. Dərhal mənə dedilər.
- Yəqin ki, çox qorxdun.
- Çox. Amma inandım ki, sənə heç nə
olmayacaq. Tale mənə heç vaxt bunu etməz.
Zərifə xanım gülümsündü. Bu
qeyri-adi adam ona taleyin ən böyük hədiyyəsi idi və
onun həyatı üçün öz həyatını
düşünmədən qurban verə bilərdi.
Bəlkə də Zərifə xanımın
könül pıçıltılarını tale eşitdi
və onu amansız xəstəliklə son yolçuluğa
hazırladı. Xəstəxanada keçirdiyi sonuncu gün
ömür dostuna bir bükülü verdi:
- Heydər, bu gün qəribə bir əhval məni
bürüdü. Elə sandım ki, yenə evimizin
bağçasındayıq: Sən, mən, İlham, Mehriban və
Sevil. Yenə xoşbəxtik, gülürük.
Başımızın üstündə durnalar uçur.
Sanki bizim xoşbəxtliyimizi uzaq ellərə yaymaq, əsl
xoşbəxtlikdən soraq vermək istəyirlər. Ürəyim
sakit oldu. Anladım ki, bu xoşbəxtlik bitməyəcək,
kainata qarışıb yaşayacaq.
- Zərifə, bizim xoşbəxt günlərimiz hələ
çox olacaq. O gözəl anları gerçəklikdə
görəcəyik. Kainata çox sevgi dolu mesajlar göndərəcəyik.
- Mən... bir məktub yazdım. Amma hələ oxuma.
Bir də bu bükülü səndə qalsın.
- İçində nə var?
- Sənin mənə toy günü hədiyyə
etdiyin sırğalar. Mən onları talisman kimi
saxlayırdım...
...17 aprel, 1985-ci idə Zərifə Əliyeva gözlərini
əbədilik yumdu. Onun ömür dostuna yazdığı məktub
bu sözlərlə bitirdi: "Məndən ötrü
narahat olma, uşaqlara yaxşı bax və həmişə
yadında saxla ki, səni çox sevirəm".
Zərifə xanımın vəfatı Heydər
Əliyevi dərindən sarsıtmışdı və həyatını
onsuz təsəvvür edə bimirdi. Hər gün onun məzarına
gedir, saatlarla səssizcə dayanırdı. Hamı bilirdi ki,
ürəyində onunla danışır.
Sevil Əliyeva Zərifə xanımın xatirəsinə
ən gözəl əsərini ("Ana") yazdı və
Müslüm Maqomayev böyük sənətkarlıqla həmin
əsəri ifa etdi. Müslüm Maqomayevin özünün Zərifə
xanımın xatirəsinə həsr etdiyi "Elegiya" əsərini
də Heydər Əliyev göz yaşlarıyla dinlədi və
müğənniyə zəng vurub təşəkkür
etdi.
Zərifə xanımsız Heydər Əliyev 18 il
yaşadı və bu 18 ilin bir gününü də onu
düşünmədən, anmadan, həyatına gətirdiyi
sonsuz sevgi, hüzur, xoşbəxtlik üçün xəyalən
ona təşəkkür etmədən keçirmədi
"Zərifə xanım kimi həyat yoldaşım
olduğuna və o, ailəmdə çox yüksək mənəvi
mühit yaratdığına görə mən xoşbəxt
olmuşam".
Bir-birini yarım kəlmədən anlayan bu iki dahi
insanın ruhları əbədi qovuşub, çünki
böyük məhəbbətlər ölümə təslim
olmurlar...
Günel NATİQ
525-ci qəzet.- 2024.- 9 may,№81.- S.8;9.