"COP29 Azərbaycanın
güclü potensialını dünyaya nümayiş etdirəcək"
Məlum olduğu kimi, Azərbaycanın paytaxtı
Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasına Tərəf
Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək.
COP "Conference of the Parties", yəni Tərəflərin
Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin
sayca 29-cu olduğuna işarə edir. COP29-un bir sıra iqlim dəyişikliyi
məsələlərini müzakirə etmək və
danışıqlar aparmaq üçün dünya liderlərini,
hökumət rəsmilərini, alimləri, QHT-ləri və
digər maraqlı tərəfləri bir araya gətirən
böyük tədbir olacağı gözlənilir. BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı
1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində
əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə
mübarizədə irəliləyişləri qiymətləndirməkdir.
1990-cı illərin ortalarından başlayaraq sözügedən
konfrans çərçivəsində inkişaf etmiş
ölkələrdə istixana qazlarının atmosferə
tullantılarının məhdudlaşdırılması ilə
bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən
Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə
keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə
mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd
hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə
qəbul olunub.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri Samir Nuriyev deyib ki, Azərbaycan
dövləti ciddi qlobal problem olan iqlim dəyişmələrinin
qarşısının alınması istiqamətində
ardıcıl siyasət həyata keçirir, 2030-cu ilə qədər
bərpaolunan enerji həcminin və enerji səmərəliliyinin
artırılması ilə bağlı beynəlxalq təşəbbüsə
qoşulub: "Ölkəmizdə "yaşıl enerji"
sənayesinin inkişafı üçün müvafiq
normativ-hüquqi aktlar qəbul olunur, Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonları, Naxçıvan Muxtar
Respublikası "yaşıl enerji" zonaları elan
edilmişdir. Azərbaycan xarici tərəfdaşları ilə
birlikdə bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi
məqsədilə böyük layihələr
reallaşdırmağa başlamışdır. Prezident
İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı
ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya
naminə həmrəylik ili" elan edilməsi ətraf
mühitin qorunmasına böyük diqqətin və həssas
münasibətin göstəricisidir. COP29 kimi mötəbər
tədbirin Azərbaycanda keçirilməsi ilə
bağlı yekdil qərarın verilməsi beynəlxalq
ictimaiyyətin ölkəmizə böyük hörmət və
etimadının ifadəsi olmaqla yanaşı, həm də
yeni inkişaf mərhələmizdə əldə edilmiş
növbəti uğurdur. Prezident İlham Əliyevin Sərəncamı
ilə yaradılan Təşkilat Komitəsi qlobal tədbirin
reallaşması ilə bağlı müvafiq texniki-təşkilati
tədbirlər həyata keçirir. Əminliklə demək
olar ki, "Yaşıl dünya naminə həmrəy
olaq!" şüarı altında yüksək səviyyədə
keçiriləcək COP29 qlobal əhəmiyyət
daşıyan bu problemin həllinə mühüm töhfə
olmaqla yanaşı, həm də Azərbaycanın güclü
potensialını bütün dünyaya nümayiş etdirəcəkdir".
Millət vəkili Rüfət Quliyevin dediyinə
görə, COP29-un keçirilməsi böyük beynəlxalq
hadisədir. Hətta bir çox siyasi, iqtisadi ekspertlər bu tədbiri
BMT-nin baş assambleyasının iclasına bərabər
sayırlar: "Azərbaycana təxminən 100 ölkədən
55 mindən yuxarı qonaq gələcəyi gözlənilir.
Proqnozlara görə, 85 ölkənin rəhbəri gələcək.
Dünyada ən tanınmış alimlər, ekspertlər, nəhəng
şirkətlər, ekoloji problemlərlə məşğul
olan bütün tanınmış insanlar Azərbaycanda olacaqlar.
Bu, bir də onu göstərir ki, Azərbaycan onlarla yüksək
səviyyədə olan beynəlxalq toplantılar keçirir və
gələn qonaqlar bir daha yeniləşən, inkişaf edən,
çiçəklənən Azərbaycanı görürlər,
onlar böyük təəssüratlarla qayıdırlar,
bütün dünyada bunu danışırlar,
bölüşürlər. Bizdə çox maraqlı bir
trend var ki, Azərbaycan hansı işə əl qoyursa, o
işdə ya birinci, ya üçlükdə, ya da beşlikdə
olmalıdır. Azərbaycanda artıq belə bir ənənə
var. İstər idman olsun, istər elmi konfranslar, mədəniyyətlə
əlaqədar olan beynəlxalq festivallar, transmilli layihələr
olsun, bunların hamısı həyata keçirilib və
davam edir".
Millət vəkili Azər Kərimli bildirib ki, Birləşmiş
Millətlər Təşkilatının İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyası 1992-ci ilin
iyununda Rio-de-Janeyroda keçirilən Sammitdə insanın
iqlim sisteminə təhlükəli müdaxiləsinin
qarşısını almaq üçün imzalanmış
sazişdir. COP abbreviaturası
"Tərəflərin Konfransı" mənasını
verir: "Tərəflərin Konfransı" İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının həyata
keçirilməsinə nəzarət edən ali qanunverici
orqandır. 198 ölkə Konvensiyanın
iştirakçısıdır. COP29 konfransının
keçirilməsini Azərbaycan üçün 2024-cü
ilin ən mühüm hadisəsi və ölkənin
yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi
davamı hesab etmək olar. Bu missiyaya uyğun olaraq, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə 2024-cü il Azərbaycanda "Yaşıl Dünya
Uğrunda Həmrəylik ili" elan edilmişdir. Azərbaycan
öz əməli fəaliyyəti ilə ölkənin
"yaşıl" enerjiyə verdiyi önəmi sübut
edir. Məsələn, Azərbaycan 1990-cı illə
müqayisədə 2030-cu ilə qədər istixana qazı
emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40
faiz azaltmağı hədəfləyir. Azərbaycan bərpa
olunan enerji mənbələri üzrə yüksək
potensiala malik ölkələrdən biridir. Energetika
Nazirliyinin məlumatına görə, ölkənin texniki bərpa
olunan enerji potensialı quruda 135 GVt, dənizdə isə 157
QVt təşkil edir. Bərpa olunan enerji mənbələrinin
iqtisadi potensialı 27 GVt, o cümlədən, külək
enerjisi - üç min meqavat, günəş enerjisi - 23 min
meqavat, bioenerji potensialı - 380 meqavatdır. Dağ
çaylarının potensialı 520 meqavat qiymətləndirilir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflərinin Konfransı iqlim dəyişikliyi
ilə mübarizədə son dərəcə mühüm və
dünyada ən əlamətdar hadisələrdən biridir.
Şərqi Avropa Qrupu ölkələrinin yekdil qərarı
ilə Azərbaycanın konfransın növbəti
sessiyasının keçiriləcəyi yer seçilməsi
ölkəyə yüksək etimadın göstəricisidir.
Azərbaycan artıq böyük beynəlxalq tədbirlərin
təşkilatçısı kimi müsbət imic
qazanıb. Bu hadisə bütün dünyaya sübut edəcək
ki, Azərbaycan təkcə neft-qaz ölkəsi deyil, həm də
"yaşıl" iqtisadiyyata prioritet sahə kimi
böyük önəm verir. COP29-un Bakıda keçirilməsi
Azərbaycanın dünyada nüfuzunun daha da
artırılmasına və ölkə həqiqətlərinin
beynəlxalq ictimaiyyətə birbaşa və maneəsiz
çatdırılmasına güclü təkan verəcək.
Avrasiya məkanında coğrafi baxımdan Şərqlə Qərb
arasında körpü rolunu oynaya biləcək ölkələrin
sayı kifayət qədərdir. Onların bəziləri ərazilərinə
görə Azərbaycandan dəfələrlə böyük,
təbii ehtiyatlarına görə ölkəmizdən dəfələrlə
zəngindirlər. Lakin Şərqlə Qərb arasında
siyasi, iqtisadi və mədəni körpü rolunu oynamaq,
dünyanı çoxsaylı təhdidlər
qarşısında qoyan çağırışlara
qarşı bəşəriyyəti həmrəyliyə
çağırmaq, humanizm prinsplərini, mədəniyyətlərarası
dialoqu təşviq etmək missiyası Azərbaycanın qismətinə
düşüb və liderlərimizin 1993-cü ildən etibarən
həyata keçirdikləri siyasət ölkə ərazisini
geostrateji körpüyə çevirə bilib".
Onun sözlərinə əsasən, Bakının təşəbbüsü
və iştirakı ilə həyata keçirilən enerji və
nəqliyyat dəhlizləri layihələri,
sivilizasiyalararası dialoqun və humanizim dəyərlərinin
təşviqi istiqamətində gerçəkləşdirilən
və ildən-ilə əhəmiyyətini daha da artıran təşəbbüslər
qlobal miqyasda ölkəmizin nüfuzunu daha da artırıb, Azərbaycanın
bütün dünyada qlobal məsuliyyətinə, öhdəliklərinə
xüsusi həssaslıqla, prinsipiallıqla yanaşan
etimadlı dövlət obrazının formalaşmasına zəmin
yaradıb: "Ölkəmizin istər Qoşulmama Hərəkatı,
istər İslam Konfransı və Türk Dövlətləri
təşkilatları, istərsə də BMT çərçivəsində
irəli sürdüyü təşəbbüslərin dəstək
qazanmasının səbəbini də əsasında əməli,
ardıcıl, sistemli fəaliyyət dayanan etimadlı
münasibətdə, Prezident İlham Əliyevin həyata
keçirdiyi sistemli, ardıcıl, bəşəri dəyərlərin
qorunmasına, sülhün, əminamanlığın təmin
olunmasına xidmət edən siyasətdə axtarmaq
lazımdır. Azərbaycan, təkcə özünün
deyil, bütövlükdə bəşəriyyətin,
qütbləşmənin ağır nəticələri
altında əzilən ölkələrin
qarşılaşdıqları problemlərin yaranma səbəblərini
kifayət qədər yaxşı bildiyi, ikili standartların ən
aqressiv nümunələrini öz təcrübəsində
"sınaqdan keçirdiyi" üçün qütblər,
maraqlar və fərqli baxışlar arasında dialoq
körpüsü missiyasını yerinə yetirməklə bəşəriyyətin
taleyi barəsində maraqları bir kənara qoyaraq, birgə
düşünmək strategiyasını təqdim edir. Bu
baxımdan, Azərbaycanın irəli sürdüyü təşəbbüslər
də qütblərarası ziddiyyətlərin dərinləşdiyi,
beynəlxalq təhlükəsizlik mexanizmlərinin sıradan
çıxdığı, ətraf mühitin
qorunmasının ən önəmli amilə çevrildiyi,
yaranmış vəziyyətdən çıxış yolu
tapmaq üçün yeni baxış bucağına və təşəbbüslərə
ehtiyac duyulduğu bir zaman kəsiyində təqdim etdiyi ən
optimal humanitar, siyasi, iqtisadi və mədəni platformalar,
sülhə, təhlükəsizliyə körpü salan yol xəritələridir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 14 may,№83.- S.15.