Sözün sehri və seyri
Sirli, sehrli söz dünyasının seyri poetik
düşüncənin alt qatından, saf, səmimi hiss və
duyğuların şahə qalxan cazibəsindən, qutsal
sevginin möcüzatından başlayır... Möhtəşəmliyin
bünövrəsində yuvalanan hər kəlmənin daxili
enerjisi, işıq, nur sıxlığı, məna
hüdudsuzluğu, forma rəngarəngliyi və musiqi
polifonikliyi yalnız söz qalaktikasının daxili sisteminin
monolitliyində və zənginliyində təcəlla
tapır, biçimlənir... Taleyindən qüdrətli
düşüncə adamının söz içində
öz iç dünyasının poetik səltənətini
qurub-yaratması, xarakterlər qalereyasını, bədii
obrazlar çələngini süsləməsi sənətin,
yaradıcılığın intəhasızlıq,
hüdudsuzluq imkanlarını genişləndirən bəxtiyarlıqdır...
Sözlü-közlü düşüncələrdən
bir anlıq ayrılıb başımı qaldıranda uzun illər
bərabər çalışdığımız Ədəbiyyat
İnstitutunun dəhlizində onunla üz-üzə gəldim.
Sözlü adama oxşasa da, fikrini açıq söyləməkdən
bir anlıq çəkindi, bəlkə də həya etdi,
qıymadı... Köməyə həmkarı Qürbət
Mirzəzadə özünü yetirdi... "Bilirsiniz,
Əflatun müəllimin şeirlər toplusu çapa
hazırdı" - dedi. "Bəlkə qovluqdakı əsərlərlə
tanış olasınız, kitaba yığcam ön söz
yazasınız?
İş günlərimin sıxlığına
baxmayaraq, qarşıdan gələn istirahət vaxtını
nəzərə alaraq şeirlər toplusunu böyük maraq
hissi ilə qəbul etdim. "Dağlar da kövrələrmiş"
adlı şeirlər toplusu yanılmıramsa, Əflatun
Baxşəliyevin sayca 19-cu kitabıdır. Bu vaxtadək onun məzmunlu
həyat və yaradıcılığının, dolğun
elmi fəaliyyətinin, mənalı ömür yolunun müəyyən
məqamlarına diqqət yetirmək, xatırlatmaq fikrimcə,
vacibdir və yerinə düşərdi.
Şair, ədəbiyyatşünas, filologiya üzrə
fəlsəfə doktoru Əflatun Şükür oğlu
Baxşəliyev 70 il əvvəl Hacıqabul rayonunun Atbulaq kəndində
dünyaya göz açıb. Bakı şəhərində
orta məktəbi yüksək qiymətlərlə bitirdikdən
sonra o, dövrünün yeganə Dövlət Universitetinin
Filologiya fakültəsinə daxil olmuş, həmin elm və
təhsil ocağını 1978-ci ildə fərqlənmə
diplomu ilə uğurla bitirmişdir. Əflatun müəllim
yüksək ali təhsil aldıqdan sonra doğma Atbulaq kəndinə
qayıtmış, azyaşlı və yeniyetmə həmyerlilərinə
25 ilə yaxın milli ədəbiyyatımızın sirli-sehrli
aləmindən söz açmış, onlara klassik irsi,
çağdaş poeziyanı tədris etmişdir. Bədii
yaradıcılığa könül verən, poetik nümunələrini
respublikanın nüfuzlu mətbuat orqanlarında - "Azərbaycan",
"Ulduz" dərgilərində, "Ədəbiyyat və
incəsənət", "Azərbaycan gəncləri",
"Bakı axşam" qəzetlərində dərc etdirən
müəllifin "Könlüm gözəllik əsiri"
adlı ilk şeirlər kitabı sovet senzurasının
ideoloji baryerini xəta-bəlasız dəf edərək
1987-ci ildə geniş oxucu auditoriyasına
ünvanlanmışdır.
Hələ orta məktəbdə müəllim işlədiyi
dövrdə ədəbiyyatşünaslığın fərqli
istiqamətləri üzrə araşdırmalar
aparmış, Azərbaycan sovet poeması mövzusunda
yazdığı elmi-tədqiqat işi əsasında
dissertasiya müdafiə edərək 1988-ci ildə elmi dərəcə
almışdır. Əflatun Şükür oğlu son 20 ildə
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə
sıx əməkdaşlıq əlaqələri quraraq
"Nəbi Xəzrinin yaradıcılıq yolu", "Səməd
Vurğun və Türk xalqları ədəbiyyatı"
mövzusunda monoqrafiyalar yazmış, İnstitutun
aparıcı elmi işçisi vəzifəsinədək mənalı,
dolğun həyat yolu keçmişdir. Elmi-tənqidi məqalələrinin
sayı 30-a çatsa da, Əflatun müəllimin stixiyası
poeziyadır, lirik şair kimi tanınır, oxunur və
sevilir. "Taleyimin dan yeri", "Ürəyimin səsi",
"Sevgi qanadlarında", "Sevda qoxulu çiçəklər",
"Qeyrətli oğullar", "Hər insan bir
dünyadır" və b. kitablarının sərlövhələrini
şairin toxunduğu, bəhs etdiyi mövzuların parolu,
açar kəlmələri da adlandırmaq olar. Bu mənada
müəlliflin "Hər insan bir dünyadır" fəlsəfi
baxışını onun öz
yaradıcılığına tətbiq edərək
şairin söz, sənət aləminin sirrinə, sehrinə
vaqif olsaq, bədii obrazlar dünyasının seyrinə
çıxsaq, ədəbi səyahətimizdən nələr
yadda qalar? Hansı obrazlı düşüncələr, ifadə
tərzi, fəlsəfi baxış, müdrik kəlamlar
yaddaş hücrəsində əbədi yaşam səlahiyyətlərinə
haqq edər? Əlbəttə, bu nöqteyi-nəzərdən
seçim, baxış bucağı və dəyərləndirmə
fərqli ola bilər. Hətta müəlliflə də fərqli
məsələlərdə fikirlərin üst-üstə
düşməməsi ehtimalı da mümkündür
(Çünki o da tanınmış ədəbiyyatşünas-tənqidçidir).
Əflatun Şükür oğlunun söz
dünyası, lirik aləmi işıqlı, rəngarəng,
musiqi yönümlü və cazidədardır. Sətirlərin
sırasında özünü narahat, özgə hiss edən
kəlməyə, sözə rast gəlmək
müşkül məsələdir. Şeirin mükəmməlliyinin
təməlində sözlərin məna yükü
arasındakı sarsılmaz vəhdət dayanır. Sevilən
və öyülən poeziya nümunələri asan
yaranmır. Şairin bir şeirində deyildiyi kimi:
Girib qılığına kəlmənin,
sözün,
Çəkirəm ana tək qayğısını mən.
Bir yazıq şairin qatlayıb dizin,
Verdim söz əlinə yaxasını mən.
Şair sənət məbədini ucaldarkən
rastına, ürcahına çıxan hər sözdən, kəlmədən
barınmır, bəhrələnmir. Seçdiyi, sevdiyi məfhumun
qayğısını çəkməyi, qədrini bilməyi,
qılığına girməyi də bacarır. Bu əzablı,
işgəncəli poeziya yollarında lirik "mən"in
dizləri qatlansa da, "yaxası söz əlində"
qalsa da, müəllif yaşadığı hisslərin bəxtiyarlığından,
sözə, kəlməyə ləyaqətli xidmətin
qazandırdığı qürurdan, ucalıqdan məmnundur.
Topluda xalq ədəbiyyatı janrlarında
yazılmış şeirlər, xüsusilə qoşmalar, gəraylılar
üstünlük təşkil edir. Əflatun
Şükür oğlu janrın mövcud imkanlarından
faydalanaraq bədii peyzajlar, unudulmaz mənzərələr
yaratmaqda mahirdi. Onun "Gəlmişəm" rədifli
qoşması bu baxımdan nümuna sayıla bilər:
Çəmənlərin jaləsinə bələnib,
Çiçəklərə qarışmağa gəlmişəm.
Gözəlliyə damla-damla çilənib,
Lalələrlə alışmağa gəlmişəm.
Zirvəsində bulud bənzər bir taca,
Düşüncəli, müdrik, ağsaç,
qos-qoca,
Qayaların qulağına astaca,
Tariximi danışmağa gəlmişəm.
Təbiətin jalədən sırğalanmış,
çiçəklərə bürünmüş, lalələrə
qərq olmuş gözəllik portreti, başına bəmbəyaz
buludlardan tac qoymuş dağ obrazı, düşüncəli,
müdrik qaya yaddaşı özündə qədim və
şərəfli vətən tarixinin məhəbbət,
hünər, cəsarət, ləyaqət səhifələrini
əks etdirən ecazkar mənzərələr...
qorumağı, qayğı göstərməyi,
yaşamağı və yaşatmağı bacaranların
sevgisinə hesablanmışdır. İnsan və təbiət
arasındakı bağlar hava-su qədər saf və
uzunömürlüdür. Müəllif eyni mövzuya həsr
etdiyi "Dağlar" adlı lirik mənzuməsində
qayaları daş cildli tarix kitablarına, dağları isə
əbədiyaşarlıq qazanmış həmin kitabların
müəllifinə bənzətməklə insan təbiətində
dağ ucalığı, əzəməti, vüqarı,
saflığı, dağların
"yaradıcılığı"nda isə insani
xüsusiyyətlərin paralellərini təbii ştrixlərlə
təqdim etmişdir. Şair digər bir əsərində -
"Dağlar da kövrələrmiş" adlı
şerində isə insana məxsus duyğulanma, kövrəlmə
kimi psixoloji əlamətləri metaforik təsvir vasitəsilə
"azman dağlar" üzərinə köçürərək
məcazın cazibədarlığını, ifadəliliyini,
emosionallığını artırmışdır.
Zirvəsi buludlu, qoynu çiçəkli,
Duman lələyindən hey süzülür şeh.
Sən demə, payızda qaya ürəkli,
O azman dağlar da kövrələrmiş, eh!
Müdrik ifadələr, hikmətli deyimlər
Əflatun Şükür oğlunun poeziyasında
sıx-sıx müşahidə olunur. Şeirin siqlətini, məna
yükünü, cazibəsini artıran deyimlərin bir qismi
xalq yaradıcılığından, şifahi ədəbiyyatdan
bəhrələnmə yolu ilə
poeziyaya gətirilibsə, digər qismi şairin həyat
təcrübəsindən, istedadından,
dünyagörüşündən qaynaqlanır. Müəllifin
"Umma" rədifli qoşması bu yönümdən səciyyəvidir.
Kəhər desən, qatır çıxmaz palandan,
Həqiqətə arxa olmaz yalandan.
Çörəyi dizinin üstə olandan,
Qapısını açan bir qonaq umma.
Əflatun şeirdən qurmusan bir taxt,
Sənin də payına yazılıb bu baxt.
Kökü çürük olan ağacdan heç
vaxt,
Yamyaşıl bir gövdə, göy budaq umma.
Şübhəsiz ki, sonuncu beytdə ağaca məxsus deyilən bənzətmə,
metafora zatı-kökü çürük, cəmiyyət
üçün ziyankar, yaramaz olan bədəsil insanlara
şamil edilmiş, fikrin tərbiyyəvi qatı önə
çəkilmişdir.
Qəlbi dar adamın verdiyi loxma,
Boğaza tıxacdır, başa qaxıncdır.
Və yaxud:
Bəzən dəyərlidir mis özü zərdən,Zirvə
də ucalıq alıbdı yerdən.
Nə qədər dəyərli, sanballı, müdrik
fikirlərdir... Birinci beytdə qəlbi xıltlı,
paxıl, xəbis, mənəvi cəhətdən naqis
insanların iç dünyası əməlləri
arasındakı ziddiyyətlər yaddaqalan, kontraslı rənglərin
təcəssüm tapdığı lövhədə
görüntülənir. Elə insanlardan ehtiyatlı olmaq
tövsiyə edilir. İkinci beytdə isə ilk
baxışdan diqqəti cəlb etməyən, bütün
dövrlər üçün aktuallığını
qoruyub saxlayan zaman və insan, cəmiyyət və fərd
amilinin metaforik üslubda önəmi, mühüm rolu və dəyəri
qabardılmışdır. Yığcam sətirlərdə
böyük məna, fəlsəfi düşüncələr
öz əksini tapmışdır.
Əflatun müəllimin sevgi ilə
çırpınan misraları, məhəbbət dolu
şeirləri kəmiyyət və keyfiyyət etibarilə
üstünlük təşkil edir. Axıcılıq, təbiilik,
səmimilik elə bil bu nəğmələrin boyuna, ruhuna
biçilib. Hər bir misradan yaşanmış hisslərin
obrazı boylanır, həniri gəlir.
Ruhum, canım bu sevginlə diridi,
Barmaqlarım saçlarında kiridi.
Baxışların gözəlliyin piridi,
Sağaldım, mən ona sığınan kimi.
Şairin vətən sevgisini, torpaq, el-oba məhəbbətini,
doğma yurd-ocaq həsrətini özündə yaşadan əsərləri
də kitabda mühüm yer alır. Müəllifin təbirincə
vətən eşqi, yurd sevgisi bütün dəyərlərdən
yüksəkdir və o heç bir qiymətli qızılla, ləl-cəvahiratla
ölçülə bilməz.
Əflatun, olmuşam bir eşqə kölə,
Dəyişmə sözünü qızıla, lələ.
Dəyməz yaşamağa min il də belə,
Vətəni köksümə əgər sıxmasam.
Əflatun Şükür oğlunun sirli-sehrli söz
dünyasına səyahətim, məna aləminin alt
qatlarını seyrim çox təsirli, emosional və unudulmaz
oldu. Təəssüratların təkidi və təzyiqi ilə
yaddaşımda yuvalanan bütün qeydlərimi oxucu
önünə çıxmağa hazırlaşan, ciddi məsuliyyət
hissi daşıyan "Ön söz"ə yükləmək
istəyindən könüllü imtina etdim. Çünki
sevgidən, saflıqdan, səmimiyyətdən yoğrulmuş
şeirlərin, hikmətli deyimlər ilə süslənmiş
poeziya buketinin hər misrasının, sətrinin bənzərsiz
ətrini, qoxusunu, musiqisini, rayihəsini ilk öncə oxucu
duymalı və dəyərləndirməlidir. Əminliklə
vurğulamaq olar ki, Əflatun Baxşəliyevin oxuculara
ünvanladığı "Dağlar da kövrələrmiş"
adlı yeni şeirlər toplusu, "həyat və mübarizə
nəğmələri" müstəqil və qalib ölkənin
vətənpərvər gənclərinin mənəvi
yaddaşında zərif izlər buraxacaqdır.
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2024.- 14 may,№83.- S.14.