İstiqlala inamın bədii-publisistik təcəssümü  

MÜHACİR ƏZİZ ALPOUDUN "HƏYATIMIN HEKAYƏTLƏRİ" MEMUAR-ROMANINDAKI "AZƏRBAYCAN DAVASI"

 

 

Mühacirət memuarları Azərbaycanın azadlığı uğrunda mübarizə yolunu əks etdirən ensiklopediya, istiqlal mücadiləsi tarixini işıqlandıran salnamədir. Bu janrda yazılan əsərlər yazıçının bilavasitə şəxsi-tərcümeyi halı, həyatı, təfəkkür tərzi, əqidəsi ilə sıxbağlıdır, eyni zamanda "Azərbaycan davası"nın önəmli hadisələrini, qəlbi Vətən həsrəti və məmləkət azadlığı ilə vuran mücahidlərin ölümsüz obrazlarını yaşadan, mühüm ədəbi-mədəni, tarixi, ictimai-siyasi əhəmiyyət kəsb edən mötəbər mənbə, dəyərli və zəngin milli-mənəvi xəzinədir.

Bu qəbildən olan bədii-sənədli əsərlər dili, üslubu, sənətkarlıq səviyyəsi, həcmi, süjeti, kompozisiyası və sairə görə bir-birindən fərqlənsə də, bir ortaq xüsusiyyəti ilə birləşirlər: milli məsləyə xidmət və ona sədaqət! Bunun ən böyük göstəricisi isə azərbaycançılıq ideyasına bağlılıqdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Şəfi bəy Rüstəmbəylinin qəzəb və qərəzlə qələmə aldığı "Yıxılan bütlər" əsərinə silahdaşı Məhəmməd Əmin Rəsulzadənin hiddətlə, eyni zamanda dərin məntiqə və sənədlərə əsaslanaraq yazdığı "Şəfibəyçilk" adlı cavabında deyilir: "Azərbaycançılıq demək, istiqlalçılıq deməkdir. Elə bir istiqlalçılıq ki, tarixin ən böyük müəssisəsi olan milliyyətin dövlət olması məqsədilə müzəffər yürüşü deməkdir. Azərbaycançılıq demək, böyük türk irqinə mənsub bir millətin istiqlalını qazanmaq üçün başlanmış şanlı bir mücadilə deməkdir. Azərbaycançılıq, eyni zamanda, bir hürriyyət və mədəniyyət hərəkatıdır ki, onun ən bariz sifəti xalqçılıq və milli hakimiyyət əsasına bağlılıqdır... Azərbaycançılıq işdə bu istismara, bu istilaya - bu qırmızı imperializmə qarşı vuruşan bir qüvvədir". B.E.Ağaoğlunun "Solovkidə gördüklərim", Əhməd Ağaoğlunun "Sərbəst Firqə xatirələri", Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... və bütöv bir ömür", Mirzə Abay Dağlının "Onlar türklərdi", M.Ə.Rəsulzadənin "Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri", Teymur Atəşlinin "Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk", Nağı Şeyxzamanlının "Azərbaycan istiqlal mücadiləsi xatirələri", Əbdülvahab Yurdsevərin "Azərbaycan istiqlal savaşından səhnələr", Hüseyn Baykaranın "Azerbaycan istiklal mücadelesi tarihi", Məhəmməd Altunbayın "Düşmən gəlir", "Hürriyyətə uçan türk", İsmayıl Saryalın "Bakı rüzgarı", İhsan Özköşəlinin "Bir ömrün döngələri" və sair kimi memuarlar məhz bu ideallarla süslənib.

Qürbətdə qələmə alınan memuarların taleyi mühacirlərin həyatına bənzəyir. Onların hər ikisi keşməkeşli, qorxulu, təhlükəli həyat yaşayır, hər ikisinin hər an məhv edilmək, yenidən didərgin salınmaq ehtimalı var. Yuxarıda adları sadalanan memuarların bir çoxu xoş bir təsadüfdən, yaxud kimlərinsə fədakarlığı, qayğısı ilə günümüzə gəlib çatıb. Belə bir taleyi Əziz Alpoudun (Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov. Dilican mahalı, Alpoud, 1895-Ankara, 1988) haqqında bəhs edəcəyimiz "Həyatımın hekayətləri" memuar-romanı da yaşayıb.

İstedadlı yazıçı, publisist, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tanınmış tədqiqatçılarından Zakir Sadatlı (Zakir Əmin oğlu Aslanov (1961-2013) 1998-ci ildə şəxsi arxivindəki sənədləri gözdən keçirərkən onun diqqətini Parisdən Əkbər ağa Şeyxülislamzadənin 1953-cü il mart ayının 24-də İstanbula, məşhur Gəncə üsyanının təşkilatçılarından Cahangir bəy Kazımbəyliyə ünvanladığı rus dilində yazılmış 8 səhifəlik məktub çəkir. Məktubda Azərbaycanın bolşevik işğalına məruz qalmasının səbəblərini sadalanır, ayrı-ayrı şəxslərin müstəqillik zamanı və müstəqillikdən sonrakı fəaliyyətləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülürdü. Zakir Sadatlı, Əziz Alpoud istisna olmaqla, adları sadalanan tarixi şəxsiyyətlərin demək olar ki, hamısını tanıyırdı. Əkbər ağa Əziz Alpoud adlı mücahidin xidmətlərini yüksək dəyərləndirir və ona qarşı törədilən haqsızlıqlardan heyrətini gizlətmirdi.

Məktubda yazılanlar Zakir Sadatlıda böyük maraq doğurur və o, Əziz Alpoudun izinə düşür. Türkiyəyə səfərlərinin birində Əziz Alpoudu soraqlayır, xoş təsadüfdən bir nəfər professor onun qızını tanıdığını deyir. Beləliklə, Zakir Sadatlı Əziz Alpoudun qızı Güler Somer ilə görüşür və "Həyatımın hekayətləri"nin əlyazmasını ondan alır. Bu tapıntını taleyinin hədiyyəsi kimi qəbul edən Zakir Sadatlı əsəri dilimizə çevirir və 2011-ci ildə "Taleyin xəritəsi" adlı ön söz və "Şərhlər"lə nəşr etdirir. Bununla da kifayətlənməyən Zakir Sadatlı əsəri türk dilində nəşrə hazırlayır və 2012-ci ildə memuar "Hayatımın Hikayeleri" adı ilə "Bengü" nəşriyyatı tərəfindən Ankarada nəşr yayımlanır.

Altı yüz qırx beş səhifədən - "Giriş" və 185 yarım sərlövhədən ibarət "Həyatımın hekayətləri" bir istiqlal mücahidin sürgünlərlə, təqiblərlə, təhdidlərlə keçən çətin, lakin şərəfli həyat yoluna işıq salır, Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra qurucularının fəaliyyəti dəyərləndirilir, dövrün ictimai-siyasi mənzərəsi təsvir olunur, çar və sovet Rusiyasının Qafqazdakı çirkin əməlləri, bolşevik rejiminin və kommunist ideologiyasının qorxunc siması, antibəşəri mahiyyəti, havadarlarının maddi, mənəvi dəstəyi ilə ermənilərin qəddarlıqla xalqımıza qarşı törətdiyi ağlasığmayan cinayətləri ifşa edilir. Müəllif iştirakçısı və şahidi olduğu bir çox tarixi hadisələri - Azərbaycanın müxtəlif bölgələrində erməni vəhşiliyi ilə müşayiət olunan qırğınları, Bakının erməni-bolşevik işğalçılarından azad edilməsini, sovet hakimiyyətinin ilk illərində həmvətənlərimizin min bir əziyyətlə İrana, Türkiyəyə mühacirət etməsini, Sovet İttifaqından olan mühacirlərin antibolşevik hərəkatında iştirakını və s. həm işıqlandırır, həm də olaylara öz münasibətini bildirir.

Azadlıq və istiqlal ideyasını özünə həyat kredosu seçən müəllif memuar janrının imkanlarından bəhrələnərək mühacirət irsinin, "Azərbaycan davası"nın - tarixi və milli bir savaşın qəhrəmanlarına xas bədii-estetik düşüncənin diqqətəlayiq nümunəsini yarada bilib. 1961-ci ildə - Sovet İttifaqının dünyaya meydan oxuduğu bir dövrdə qələmə alınan memuarı maraqlı və təsirli edən əsas məqamlardan biri müəllifin əzab və işgəncələrə rəğmən, sonadək millətin və məmləkətin istiqlala qovuşacağına, parlaq istiqbala yetişəcəyinə sarsılmaz inamı, tükənməyən ümididir. Əsərin əvvəlindən sonunadək bu ruh, bu inanc, bu duyğu sətirlərə hakimdir. Memuarın başlanığıcında "İnşallah... illərdən bəri bir millət olaraq çəkdiyimiz zillət də sona yetmiş olar. Və müstəqil Azərbaycan Cümhuriyyətinin üç rəngli bayrağı təkrar Millət Məclisinin binası üstündə dalğalanar. Onu Xəzərdən qopub gələn küləklər salamlayıb, oxşayar..." yazır, əsərinin sonunu da eyni tərzdə bitirir: "Bu gün həyatımda fərəhli bir gündür!.. Partiyamızın (MHP) mitinq günü idi... Tandoğan meydanından yürüşə başladıq. Ərzurumdan gələn gənc "Bozqurdlar" özləri ilə bir Azərbaycan bayrağı da gətirmişdilər... Sevinclə ona sarılıb öpdüm... Və 6 saat onu yürüşdə daşıdım... Yol boyu qızlar bayrağımızın üstünə qırmızı qərənfillər atırdılar... Bunlardan birini qaldırdım və xatirə olaraq cibimə qoydum... İnşallah, bir gün bu bayraq yenə də əvvəlki yerini tutacaq və Millət Məclisi binasına gətirilib, əzəli yerinə asılacaq!" Ən çətin situasiyalada - sürgündə, müstəntiq qarşısında sorğu-sual edilərkən, işgəncələrə məruz qalarkən, ac-susuz vaxtlarında belə istiqlala inam hiss onu tərk etməmişdi. O, düşmən tərəfdən addımbaaddım izlənəndə də ölkəsinin bir gün istiqlala qovuşacağına əmindir, bu duyğu onu tərk etmir: "İzləndiyimə tam inanmaq istəyirdim. Küçəyə çıxıb, addımladım. Küncdəki evin tinindən bir kölgə ayrıldı. Ayaqqabıların səsini tanıdım - eyni yerişdi. İçimdəki əsəbdən dəli olacaqdım: - Ay sizi, donuzotaran kafirlər, öz yurdumuzda da rahatlığımız yoxdur. Bir gün, inşallah, bizim də üzümüz gülər". Nişanlısı Ruqiyyə də sabaha inamla baxır, o da işğalçıların rədd olub gedəcəyinə inanır və bu, Əziz Alpoudu qəlbən duyğulandırır: "Ruqiyyənin milli davamızda göstərdiyi narahatlıq məni çox sevindirirdi. Nişanlım həqiqətən millətçiydi: - Sənin vətənpərvərliyin, milli davalarımızı düzgün anlamağın, həyəcanın məni çox sevindirir, Ruqiyyə! - dedim. - İnşallah, yaxın vaxtlarda vətənimiz rus boyunduruğundan qurtular. Yenə də bir yerdə, yurdumuzda bəxtiyar yaşayarıq!.. O gün gələcək, Ruqiyyə! Küçələr, meydanlar sevinən, bir-birini qucaqlayıb öpüşən insanlarla dolacaq.

Gözlərdən yalnız sevinc göz yaşları axacaq. Hər tərəfdə "Yaşasın Müstəqil Azərbaycan!" nidaları eşidiləcək. O günə az qalır, Ruqiyyə! Əlini uzatsan, o günə çatar... Mən bunları deyərkən, Ruqiyyənin iri qara gözlərindən yaş axırdı...

Lakin o anda küçənin qarşı tərəfindən keçən, şeytan sifətli rus nəzarətçisini görəndə, gözlərindəki sevinc silindi:

- Ah, Əziz, bunları kaş bir daha, bir daha... görməyəydik!..

Ona təskinlik verməyə çalışdım:

- Fikir eləmə, canım. Bunların hamısı rədd olub gedəcəklər yurdumuzdan!"

Əziz Alpoudun silahdaşı Həsən bəy də ümidlidir: "Sabah, inşallah, hər şey əlimizə keçəcəkdir. O vaxt rus çapoulçularını da buradan qova biləcəyik. Sabah Qurtuluş günümüz olacaqdır! Azərbaycan azad olacaq. Haydı! Dan ağarmamış iş başına!"

Bütün mühacirlər kimi Əziz Alpoud da Yeni ili yeni arzularla qarşılayır: "Yarım saatdan sonra yeni, 1973-cü il başlayacaqdır. Bütün Türk Yurdları və Millətimiz üçün xeyirli və uğurlu olsun! İnşallah, bu yeni il Millətimizə xoşbəxtlik və əsarətdə olan Türk Yurdlarına da Qurtuluş gətirər!"

İsiqlalçı memuarist, bolşeviklərin ölkəmizdə hakimiyyəti zəbt etdiklərini və hazırda istiladan xilasın mümkün olmadığını dərk etsə də, bir gün Vətənin azad ediləcəyinə inanır: "Artıq Azərbaycan Cümhuriyyətinin sərhədinə çatmışdım. Xəzər dənizini görəndə ürəyim sıxıldı. Bir vaxtlar Türk dənizi olan Xəzərə indi ruslar sahib çıxmışdı. Ah, Xəzər-Türk Xəzər! Sularında kimlər gəzər!.. Ürəyim partlayırdı. Qatarmı burda çox durdu, yoxsa mənəmi uzun gəldi... Sonra yavaş-yavaş tərpəndi... Qəlbim döyünürdü. Daha Bakıya çox qalmırdı. Axşamçağı Biləcəri stansiyasına çatmışdıq... Bundan sonrakı Keşlə (Qışla) stansiyası sayılmazdısa... Bakıydı!.. Bakının ətrafındakı meşəliyə bənzər neft buruqları... Hamısına da rus sahiblənib! Yazıq oldu Yurdumuz... Azərbaycan! Biz bacarmadıq, qurtara bilmədik səni allahsız rusdan!.. İnşallah, bizdən sonrakılar xilas edər səni. Müəllif ölümcül xəstəliyə mübtəla olmuş mücahidlə söhbətində də ümidlidir, o, xəstənin kürəyini sığallaya-sığallaya "Xəstəliyin keçəcək... Qəzeti davam etdirərik. Sonra bir gün Vətənimiz də ruslardan xilas olar... Hamımız birlikdə Yurdumuza gedərik".

Polşa və Macarıstandakı azadlıq hərəkatını həyəcanla izləyən Əziz Alpoud rusların məğlubiyyətini ürəkdən arzulayır, türk yurdları üçün də dua edir: "Ulu Tanrım! İşğal altında olan Türk Yurdlarını da xilas et!"

Memuarda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının həyat və fəaliyyəti, onların arasındakı münasibətlər barədə maraqlı məlumatlar da kifayət qədərdir. Əlbəttə, bu cür fikirlər - istər şişirdilmiş, istər təhrif olunmuş, istərsə də tərif dolu mülahizələr Əziz Alpoudun subyektiv mühakimələridir, bəzən də partiyalı münasibətin təzahürü kimi meydana çıxdığından mübahisəli, ziddiyyətli, hətta yanlış təəssürat yaradır. Biz istiqlal mücahidləri haqqında memuarda əksini tapan məlumatlardan əvvəl memuaristin həyat yoluna qısaca nəzər salmaqla, həm sarsılmaz əqidə sahibi Əziz Alpoudun məşəqqətlərlə dolu, eyni zamanda şərəfli tərcümeyi-halı ilə tanış olar, həm də silahdaşları barədə yürütdüyü fikirlərin haradan qaynaqlandığını bilərik.

Əziz Alpoudun memuara "səpələnmiş" faktlar əsasında ərsəyə gələn bioqrafiyası onun portretinin yaradılmasına imkan verir. Sonralar Əziz Alpoud kimi məşhurlaşan Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidovun atası əslən Şirvandandı, dövlət qulluğunda çalışmış, rus, ərəb, fars dillərinə mükəmməl yiyələnmiş, ədliyyə tərcüməçisi kimi fəaliyyət göstərmişdi. Memuarın bir yerində Əziz ailə üzvləri, nəsil şəcərəsi haqqında bunları yazır: "Atam uşaqları çox sevirdi. Və anamdan on iki uşaq istəmişdi, atam masanın bir başında, anam isə o biri tərəfində oturmalıymış. Hər iki yanda da uşaqları altı-altı cərgələnməliymiş. Anamın dediyinə görə, o, bu sayı on birə çatdıra bilib, amma uşaqların ömürləri qısa olub. Onlardan ancaq biz dördümüz qalmışdıq - böyük qardaşım Əli, bacım Sürəyya, ortancıl qardaşım Keyqubad və mən. Məndən sonra doğulan kiçik qardaşım Hüseyn körpə yaşlarında öldü. Ailəmizdə olan şəcərəyə görə soy-kökümüz Cəfər Sadıqdan gəlirdi. Rəvayətə görə, Cəfər Sadıqın ailəsi Şirvan xanlığının Şamaxı (Şamdan gələn əxilər) şəhərində yerləşdirilmişdilər. Ona görə də adımızın önünə "Mir" və ya "Seyid" verilmişdi" .

Ə.Alpoudun anası Şəhirbanu xanım isə əslən Azərbaycanın Qazax mahalından idi: "Anam Qazax türklərindəndi... Çox ağıllı və cəsur bir qadındı. Yaxşı at minər, silahdan istifadə etməyi bacarırdı. Özünün təhsili olmadığı halda, oxumağa böyük əhəmiyyət verir, qohum-əqraba uşaqlarını - qız, oğlan - evimizə gətirir, böyüdür, oxudur, evləndirirdi".

Ə.Alpoud 10 yaşında ikən - 1905-ci ildə o zamankı Qafqazın nüfuzlu təhsil ocaqlarından biri olan Tiflis Birinci Klassik Liseyində oxuyarkən atasını itirir. Liseydə latın, alman, rus, fransız dillərinə də yiyələnir, həmin dövrdə yaranan gərgin siyasi vəziyyətlə əlaqədar təhsilini Stavropolda davam etdirmək məcburiyyətində qalır. Orta təhsilini tamamlayan Əziz, Estoniyanın Tartu Universitetinin tibb fakültəsinə daxil olsa da, bu ölkənin sərt qışı onun səhhətinə pis təsir edir, ağır xəstələnir və qardaşı Əlinin təkidi ilə təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirir. Uşaqlıqdan rus mütləqiyyətinə qarşı nifrət ruhunda böyüyən Ə.Alpoud Estoniyada tələbə hərəkatına qoşulur, Bakıda qurulan "Qafqaz Türk-Müsəlman Tələbə Birliyi"nə başqan seçilir. Ə.Alpoud Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət quruculuğu işinə qoşulur: "Gəncədə böyük hərbi təşkilat və hökumət qurulmuşdu. Mən Bakıda istintaq hakimi (Polşalı) Volkonskinin yanında altı aylıq staj yığdıqdan sonra, "Bakı Dövlət Dəmiryolları İstintaq Hakimi" vəzifəsinə təyin edildim. Bakı-Dəvəçi və Bakı-Ələt stansiyaları mənim nəzarətimdə idi".

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Gilana, oradan da Rəştə gəlir, burada ölkəmizə doğru irəliləyən ingilis qoşunlarına qarşı mübarizə aparır. Ə.Alpoudun daxil olduğu gizli təşkilat Bakıda bolşeviklərə qarşı üsyana hazırlaşır. 1920-ci ilin 31 oktyabrında həyata keçirilməsi nəzərdə tutulan üsyan ərəfəsində o, "Xüsusi şöbə" ("Osobıy otdel") tərəfindən həbs olunur. Bakı türmələrində, istintaq kameralarında dəhşətli işgəncələrdən sonra sürgün edilir, Rostov, Moskva, Tambov, Arxangelsk, Xolmoqorı həbsxanalarında ağır, acı günlər keçirir, tez-tez xəstələnir. Qardaşı Əlinin köməkliyi ilə məhbusluqdan xilas olan Ə.Alpoud Bakıya qayıdır və burada dostu Əlinin bacısı Ruqiyyə ilə evlənir, bu nikahdan bir qız övladı - İsmət dünyaya gəlir. Tərginməyən, səngiməyən təqiblərdən özünü qorumaq üçün Ə.Alpoud əvvəl Ənzəliyə, daha sonra təkrar Rəştə dönür, burada şərikli əczaxana açıb dərman satışı ilə məşğul olur. Lakin günlər ötdükcə problemlər çoxalır, vəziyyət çətinləşirdi. Əziz bu qərara gəlir ki, hüquq təhsili onun burada yaşaması üçün yetərli deyil: "Ümidim qırılmışdı artıq... Burada yaşamaq da, işləmək də çətindi mənimçün... Əczaxananın da gəliri xeyli azaldı. Bir daha anladım ki, ixtisas sahibi, daha doğrusu, texniki biliyi olmayan üçün burada yaşamaq çətindir... Artıq bu qənaətə gəlmişdim. Hüquq təhsilimin burada qiyməti yoxdu... Ümidsizlik içindəydim. Bunları Ruqiyyəyə deməyə ürəyim gəlmirdi... Necə edim?.. Mən də bacım uşaqları ilə Avropaya, texniki bir təhsil almağa gedə bilim?.. Günlər sürətlə ötürdü. Hər gün beynim fikirlərlə dolu, səhər əczaxanaya gedir, axşam yenə də eyni qayğılarla evə dönürdüm. Bir axşam Həsənin yanında işləyən bir oğlan məktub gətirdi. Açdım. Bakıdan, anamdan gələn məktubu Həsən mənə göndərmişdi. Görünür, bu məktub dolanbac yollardan keçib, Fatma xanıma gəlmişdi. O da Həsənlə bizə göndərmişdi..."

Belə vəziyyətdə, maddi sıxıntı ucbatından Əziz həyat yoldaşını və qızını Bakıya göndərmək məcburiyyətində qalır. Özünə müəyyən məbləğdə pul yığdıqdan sonra "Erennabor" markalı alman velosipedi ilə 1925-ci il sentyabrın 23-də Ənzəlidən Türkiyəyə doğru yola düşür. Türkiyədə siyasi mühacirətimizin nümayəndələrindən biri olan Nağı Şeyxzamanlı ilə görüşür. Türkiyə Cümhuriyyəti vətəndaşlığını qəbul etdikdən sonra Almaniyaya yola düşür. O, Almaniyanın Freiberq Dəriçilik İnstitutuna qəbul olunur. Ə.Alpoud alman qızı İlse-Mariya (bu qız islam dinini qəbul edir, adını dəyişdirərək Aytən olur) ilə ailə qurur, bu nikahdan Gülər adlı bir qız və Oxyay, Gökçə adlı iki oğlan övladı dünyaya gəlir.

Ə.Alpoud Türkiyəyə qayıtdıqdan sonra "Beykoz Dəri Fabriki", "Şərq Dəri Türk Limited", "Qapalı Dəri Fabriki", "Elektrik və hava qazı şirkəti"də müxtəlif vəzifələrdə çalışır. Azərbaycan siyasi mühacirlərindən məşhur "Bakı ruzigarı" memuarının müəllifi İsmayıl Saryalla "Azərbaycan Yardımlaşma Dərnəyi"ni qurur, ancaq bu dərnək də uzunömürlü olmur. Daha sonra Ə.Alpoud Almaniyaya qayıdaraq Berlin-Charlottenburqda Ali Texniki Məktəbin Kimya Mühəndisliyi fakültəsinə qəbul olur, eyni zamanda "Berlin Scharlotenburq Teshnische Hochschule"nin kimya mühəndisi şöbəsində işləyir.

Almanların sovetlərə qarşı yaratdıqları "Kaukassesche Veitvauqsstelle" siyasi təşkilatı ilə əməkdaşlıq edir. O, kimya elmi sahəsində apardığı tədqiqatlarla fəlsəfə doktoru elmi dərəcəsini qazanır. Eyni zamanda tərcüməçiliklə məşğul olur, Şillerin "Çin şahzadəsi Turanqız" adlı əsərini almancadan türk dilinə çevirərək 1967-ci ildə kitab halında çap etdirir.

Vaxtilə iştirak etdiyi "Türk ocağı", "Azərbaycan Milli Birlik Komitəsi" kimi təşkilatlarda əhəmiyyətli siyasi fəaliyyət görmədiyinə görə oradan ayrılan Əziz Alpoudun həvəskar rəssam kimi çəkdiyi əsərlər Orxan Pakerin diqqətini cəlb edir və o, həmin rəsmlərin sərgilərdə nümayiş etdirilməsinə yardımçı olur. Ə.Alpoudun əsərləri, gözləmədiyi halda, böyük maraq doğurur, yüksək qiymətə satılır, televiziyada nümayiş etdirilir. Memuarın son səhifələrindən bəlli olur ki, Əziz Alpoud Kipr hadisələri ilə, Türkiyənin ictimai-siyasi həyatı ilə dərindən maraqlanır, üzvü olduğu Milliyyətçi Hərəkat Partiyasının tədbirlərində fəal iştirak edir, övladlarına, nəvələrinə qayğı göstərir, məhkəmədə mənzil probleminin həllinə çalışır. Kiçik yaşlarından xatirə dəftərində qeydlər apardığını yazan Əziz Alpoud 1961-ci ildən memuar üzərində işləyir və 1972-ci ilədək olan dövrü əhatə edən bədii-publisistik əsərini - həyatının hekayətlərini yazır.

Ə.Alpoud memuarında bir sıra Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin, istiqlal mücadiləsi silahdaşlarının fəaliyyəti, xarakteri, azadlıq uğrundakı mübarizədə rolu, yeri, mühacirətdəki soydaşlarımızın problemləri, onların arasındakı qarşılıqlı münasibətlər və sair barədə geniş bəhs edir. Əsərdə Ömər Faiq, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə, Nağı bəy Şeyxzamanlı, general Tlexas, Ceyhun bəy Hacıbəyli, Gəncə üsyanının başçısı polkovnik Cahangir bəy Kazımbəyli, Xudadat bəy Məlikaslanov, Xosrov bəy Sultanov, Əbdürrəhman Fətəlibəyli, Şeyxülislam Əkbərağa, Mustafa Vəkiloğlu, Sadıq Aran, Ağarza Tağıoğlu, Fuad Əmircan, İsmayıl Saryal, eləcə də Atatürk, Ənvər Paşa, Xəlil Paşa, Cəlal Bayar, Alparslan Türkeş, Mirzə Kiçikxan, Çiçerin, Hitlerin yavəri və digər tarixi şəxsiyyətlər haqqında yazılanlar yeni araşdırmalar aparmaq, bu və ya digər məsələlər barədə geniş fikir mübadiləsi və müzakirələr üçün də ciddi əsas verir. Məsələn, Gəncə üsyanının başçısı polkovnik Cahangir bəy Kazımbəylinin vəfatı ilə bağlı memuarda oxuyuruq: "Bu gün daha bir bəd xəbər eşitdim. Həmyerlimiz polkovnik Cahangir bəy Kazımbəyli Berlinə getmiş və orada vəfat etmişdir. Kim bilir, olmaya onu da kommunistlər zəhərlədi... Allah axırını xeyir eləsin!" Başqa bir misal, 1920-ci il fevralın 18-də - iyirmi üç yaşında ikən Azərbaycan Respublikasının daxili işlər naziri təyin olunan Mustafa bəy Nadir ağa oğlu Vəkilovun vəfatı ilə bağlı ayrı-ayrı mənbələrdə fərqli tarixlərə təsadüf edilir. Əziz Alpoud isə yazır: "1 dekabr 1965-ci il. Çərşənbə: Bir həftə əvvəl Ərdəşirin qayınatası Səməd Göyçay vəfat etdi. Dünən gecə də, Müstəqil Azərbaycan Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkili də dünyasını dəyişdi. Sabah torpağa tapşıracağıq... Allah rəhmət eləsin!" Digər bir misal: Ə.Alpoud yazır ki, bəstəkar Üzeyir Hacıbəylinin qardaşı Ceyhun bəyin təkidilə mən də oraya vaxtaşırı yazılar verməyə başladım. Buradan məlum olur ki, Ə.Alpoud da "Kaspi" qəzeti ilə əməkdaşlıq etmişdi və bu məlumat araşdırmaçılar, tədqiqatçılar üçün əsas verir.

 

(Ardı var)

 

Abid TAHİRLİ

 525-ci qəzet.- 2024.- 14 may,№83.- S.12-13.