Atalı yetimlərin
bədii mənzərəsi
İSİ MƏLİKZADƏNİN "DOLAŞALARIN
NOVRUZ BAYRAMI" POVESTİ BARƏDƏ QEYDLƏR
İsi Məlikzadə insanın ən kövrək
hisslərini açan və bu kövrəkliyə səbəb
olan mənəvi-sosial oyanışı əks etdirən
istedadlı yazıçıdır. Onun yığcam və həyati
povestləri bir növ Turgenevi xatırladır. Əslində,
bu günün özünə və oxucusuna belə əsərlər
daha gərəklidir: bədii idrak metodu kimi, ədəbiyyat
gördüklərimizin yazıçı təxəyyülü
ilə təqdimatıdır. Onun üçün dar,
geniş epiklik haradasa həyatın təkrarına gətirir,
obrazlar əlacsızlıqdan usanırlar, passivləşirlər.
Bu qəhrəmanlar insanların surətləridir və həyati
situasiyalarda çox vaxt artıq hərəkətlərə
yol verirlər, sanki oxucunun gözünə görümək
istəmirlər. Bu gün əksinə olaraq həqiqəti
görən İsi Məlikzadə ilk qələm təcrübəsindən
son əsərinədək üslubuna sadiqdir. Maraqlı odur
ki, o, zahirən həyatın üzündə olanı, hər
gün şahidinə çevrildiyimiz, yaxud yanından
etinasız ötdüyümüz məsələləri bizdən
daha həssas görür.
İsinin "Dolaşaların Novruz bayramı"
("Azərbaycan jurnalı, 1988, №5) lirik-psixoloji povesti mənə
imkan verdi ki, onun yaradıcılıq məziyyətinə məhz
bu əsərdən başlayım və tarixi xroniki metodu
pozum: dünəndən bu günə yox, bu gündən
dünənə qayıdım. Əslində, burada həqiqət
var: yazıçı ilk əsərindən ya cilalana-cilalana
bədii yol keçir, ya da ilk uğurlarından sonra bədii
tənəzzülə uğrayır. Məncə, əgər
yazıçı enişi-yoxuşu birnəfəsə
qalxırsa, onda, bir növ, bədii materiala yanaşmada
robotsayağı nəfəs var. Onun üçün yazmaq vərdişi
əsas amildir. Belələri isə yolun hansısa
dayanacağında ilişib qalır, nəticədə onun
yaradıcılıq psixologiyası tədqiqatın diqqətindən
yayınır. İsi Məlikzadə yaradıcılıq
üslubuna görə fərdi dəsti-xəttə malikdir və
yuxarıda dediyimiz kimi, in-sanın əxlaqi duyumundan və fəaliyyət
damarından keçən prosesləri lirizm mizanı ilə təsvir
edən yazıçıdır. Necə ki, bu povest bizi hətta
daha irəliyə - müharibədən sonra cəmiyyətdə
əyilməyə, aldatmağa, xidməti vəzifələrin
şəxsi maraqlara xidmətinə və s. sosial bəlaların
qanad taxdığı dövrə aparır. Hər halda
internat məktəbinin atalı şagirdlərinin ilişdiyi ədalətsizliklərin
daşıyıcıları 60-80-ci illərin vətəndaşlarıdır
və bu illərin havasında tərbiyələniblər. Mən
bu üçlüyün xətti istiqamətini "Kövrək
qanadlar", "Günəşli payız",
"Gümüşgöl əfsanəsi" əsərlərindən
götürürəm. "Dolaşaların Novruz
bayramı"nın övladları kimlərdən törəmişlər?
Onlar davadan sonra əlləri çörəyə çatan,
özləri üçün yaşamaq ehtirasını həyatda
qazanan adamların uşaqlarıdır. Bu ataların əsl
ataları bizə tanış olan Cəbrayıl və onun
yaşıdlarıdır. Acınacaqlıdır ki, onların
belindən gələn kişilər Qurban və Qumralın, Həsən
və Hüseynin, Köçəri və Savalanın, Ceyhun və
Vasifin atalarıdır. Bu ataların taleyi əsərin epik təsvirində
özlərinə yer tutmamışlar.
Yazıçının müvəffəqiyyəti və onun
özünə xas məziyyətidir ki, bu atalar epizodik, amma
yadda qalan təmasla keçirlər. Sanki dünyaya gətirdikləri
uşaqlarının taleyinə biganə qalmaq əzabının
ağrısından bircə dəfə gözə dəyirlər.
Hətta verdikləri vədlərinə əməl eləmirlər.
Hətta atalı yetimləri birləşdirən internat məktəbində
gözə dəyən Nəsib də, Bulud da, Sultannisə də
tərbiyə verdikləri uşaqların dədələrindən
fərqlənmirlər. Yazıçının bir aydın
niyyəti: "atalar və uşaqlar" paralelinin heç
vaxt birləşməyəcəyini ayrıca deməliyik.
İnternat məktəbinə düşən günahsız,
əqli və fiziki cəhətdən sağlam balalarda təmizlik
də, qeyrət də, incə hisslər də, hətta təkəbbürlülük
və kobudluq da var. Güman ki, buranı bitirəndən sonra
həyata atılacaqlar. Amma hökumətin olan məktəbdə
uşaqlar da rüşvətxorluqla, ədalətsizliklə
üzbəüz dayanmışlar. Vaxtilə milis sistemindən
qovulan, indi yetimlərin məktəbində işləyən
Bulud yoxlama niyyəti ilə məktəbə ayaq açan
milis işçilərinə Qənimətin bəslədiyi
quzusunu kəsib yedizdirir. Aşpaz Münəvvərin təəssüfü:
"Əlləri qurusun Buludun, qonaqlara yedizdirməyə
bir ayrı şey tapmırdı? Onu ayağa qaldıranacan
yazıq uşaq nə qədər əziyyət çəkmişdir.
Əmziknən saxlayırdı onu". Münəvvər xala
Qənimətin saçını tumarladı, yupyumşaq səsi
ilə elə bil oğlanın başını ağappaq,
yupyumşaq, yüpyüngül qar yağırdı.
"Qurbanın olum, keç xalanın günahından, vallah
qanmamışam, elə bilirəm Bulud mənim, - istədi
desin "doğmaca balamın başını kəsib",
amma belə deməyə utandı, çünki balası yox
idi. Dedi: "Bulud mənim başımı kəssəydi,
bundan yaxşı idi".
Bu, qadın etirafıdır və quzunun
başını kəsməsiylə özünün
başının kəsilməsini eyniləşdirən
Münəvvər də povestdə zərif işıqla nəfəs
alan surətdir. Bu epizod əsas aparıcı motivdir və
sanki bu uşaqları - quzu təkin bərkiməyən, dərisindən
çıxanları gələcək necə
qarşılayacaq? Axı, bu haqsızlıq
körpüsünü uşaqların beyninə, qəlbinə
tuşlayanlar elə "Məni qoruyan milislərimdir".
Bu epizoda diqqət edək: "Yaşlı milis
işçisi kibrit çöpü ilə dişlərini təmizləyirdi.
Cavan milis işçisi gözlərini zilləmişdi Buludun
ağzına. Hərdən sinəsini qabardır, güclə
nəfəs alırdı, görünür yediyi
ağırlıq edirdi ona. Heç səhəri Ceyhunu
sorğu-suala tutmamış təkəbbürlü, ədalı
milis işçisinə oxşamırdı -
boşalmışdı, sustlaşmışdı, gözləri
axırdı".
Povestin ən həyati və kövrək səhifələrinin
qiyməti təkcə onda deyil ki, ciddi sosial problemlərə
toxunulub. Sosializmdə anadan olmuş, oxumuş və işləmiş
bəzi şəxslərdə mühit lazımi əxlaqi hiss
aşılaya bilməyib və vəziyyət o yerə gəlib
ki, öz ciyərparalarını gətirib internat məktəbinə
qoyub biryolluq gediblər. Elə bil ki, akvariumdan
çıxardıb balığı dənizə
buraxırıq, orada yaşaya biləcəklərmi?..
Şübhəsiz ki, hamısı yox.
Povestdə ən zərif, yaz otu kimi - hələ dəryaz
ağzında biçilməyən otun qoxusunu verən və
bu qoxuyla uşaqlıq xatirələrimizi oyadan epizodlar,
duyğuların kövrəkliyi necə də canlıdır.
Həsənin qardaşı Hüseynə hər gecə
uydurduğu nağıllar və bu nağılların
özü kimi hər iki uşağın tale izlərinin fəhm
duyğusu, Qumralın qardaşı Qurbandan böyüklərin
əlinə aldığı çantadan istəməsi və
bu arzu üçün yük daşıması, pul
yığması. Və bir də "kassasının"
Savalanın oğurlaması, bunun faş olması, amma
Qurbanın guya kassanı özü bağışlaması,
Ulduzun Vasif üçün yanıqlı-yanıqlı
kaman-çanı çalması.
Bir kövrək epizoda qayıdaq: "Ulduz
ağzını dəmir şəbəkəyə yaxınlaşdırıb
dedi: Vasifçik. Bir oyun havası qoşmuşam səninçün.
Sənin adını qoymuşam havaya: "Vasifi". Qulaq as,
gör sümüyünə düşür?"
Çaldı. Bir az ağır idi, qoca havasına da
oxşayırdı, mahnıya da, amma yapışıqlı
idi. Bir-iki uşaq düşdü ortalığa, qalanları
da çırtıq vurdular. Oynayanlar Vasifin dövrəsində
fırlanırdılar. Vasif də qara gözləriylə
gülümsəyə-gülümsəyə gah Ulduza
baxırdı, gah da uşaqlara. Öz havasına özü də
oynamaq istəyirdi, ancaq utanırdı - bu vaxtacan qol
götürüb oynamamışdı. Uşaqların
içərisinə hamıdan sonra gələn
dağuşağı Əhsənin saf ürəyi, sadə səsi
dilindən düşməyən bir mahnıda unudulmur:
Nə gəzirsən, qoca qartal,Dağlar qoynunda,
qoynunda,
Dərdin alım, dərdin alım.
Bala gördüm anasının
Ağlar, qoynunda, qoynunda,
Dərdin alım, dərdin alım.
Və bu da dağ uşağının faciəli
ömrü...
İsi Məlikzadə povestdə kövrək və zərif
səhnələri mənəvi-sosial ədalətsizliklərlə
müvazi aparıb. O burada istedadla maraqlı həyati lövhələr,
həyata bələdlikdən, həssas müşahidəçilikdən
irəli gələrək bu atasızları bütün
varlığıyla işıqlandıran Fəxrəddin
müəllim surətini yaradıb. Əslən müəllim
ailəsində doğulan (onun atası da bir vaxt bu məktəbdə
işləyib) Fəxrəddin müəllim incə qəlbli,
namuslu ziyalıdır. Uşaqları başa düşür,
onların tale ağırlığına tab gətirməyib
hətta məktəb direktorluğundan getmək istəyir. O,
bunu bacarardı, ancaq bir hiss önünü kəsir:
"Əgər mən də uzaqlaşsam burdan, bu
uşaqların taleyi necə olar?" Əslində, sual
yazıçının qəlbindən keçir. Fəxrəddin
müəllim üzünü valideynə tutub deyir:
"Uşaqlarınızı ora-bura səpələməyin.
Ən müasir, işıqlı, yaraşıqlı məktəb,
yataqxana doğmaca komanı əvəz eləyə bilməz.
Uşaq valideyn nəfəsinə qızınmalıdır,
ailə içində böyüməlidir. Valideyn şərəfindən
məhrum olan uşaq susuz ağac kimidir". Onu da deyək ki,
Fəxrəddin müəllim surətinin təsvirində
yazıçının epik imkanları çox olsa da, nədənsə
xəsislik edib. Bu surət sosial ədalətsizliyin
caynağından kənarda dayanır. Valideynlərdən sanki
qaçır, bircə Əhsənin atasıyla yaxından
görüşüb söhbət eləyir. Təkcə bu
ünsiyyətlə qanunsuz qanunu pozur, tab gətirə bilməyəcəyindən
ehtiyat eləyir. Xüsusilə, milis işçilərilə
ciddi konfliktə girmir. Hətta dayə Nəsib və Bulud
ayrı-ayrı məqamlarda mənfi xarakter kimi ondan
güclü görünür.
Povestin ümumən bütövlüyü ona da zəmanət
vermir ki, yazıçı nəsrin poetik imkanlarına rəğmən,
sərt xarakter yaratmaqdan uzaqlaşsın. İnternat məktəbində
ona qədər uşaq adı çəkilir, hərəkətləri
ilə sanki onlar həqiqətən dolaşalardır və qəfildən
uçub gedirlər. Bu rəmzi dolaşalar yerinə
düşüb, yazıçı talantıdır, di gəl,
hara uçdular bu canlı uşaqlar? Öz kiçik dünyalarının
diktəsi necə oldu? Niyə bütün valideynləri
dönük çıxdı? Bu mənəvi kövrəkliyə
bələnmiş sərtlik lazım idimi? Fəxrəddin
müəllim tərbiyəçi kimi süni təsir
bağışlamır. Qeyd edək ki, bir sıra nəsr əsərlərində
müəllim surətləri xaraktercə kasıb, naqis təqdim
olunur: onun işlədiyi mühit də həmçinin,
çünki yazıçılar var müəllim-məktəb
münasibətlərindən xəbərsizdir, uydurma faktlara
daha çox sığınırlar. Bu baxımdan İsi Məlikzadə
istisnalıq təşkil etmir. Direktor səlahiyyətində
Fəxrəddin müəllim zəifdir, fondadır bir növ.
Sanki bu məktəb öz uşaqlarıyla uzaq adada yerləşir.
Heç bir pedaqoji mühitlə təması yoxdur. Halbuki bu əlaqəlilik
sosial-mənəvi naqisliyin dərinə işləməsini əyaniləşdirərdi.
"Dolaşaların Novruz bayramı" povesti
yazıçı İsi Məlikzadənin dəst-xəttində
səngiməyən yaradıcılıq yolunun zirvəyə
tuşlandığını göstərir.
Allahverdi EMİNOV
Pedaqogika üzrə fəlsəfə elmləri
doktoru, dosent
525-ci qəzet.- 2024.- 14 may,№83.- S.11.