Vətəndaşlığın
əlifbası
Gözümü açar-açmaz, dünyanın
sehrli rənglərinin təsirinə düşər-
düşməz, özümü saysız-hesabsız kitab qəhrəmanlarının
dostu, sirdaşı kimi gördüm...
Mən Azərbaycanın cənub bölgəsində,
gözəl bir şəhərdə, ziyalı ailəsində
doğulmuşam... Lənkəran bir vaxtlar əyalət
sayılsa da, hər zaman inkişafda olan şəhərlərdən
biri olub. Gün ərzində zamanım məktəb, dərslər,
musiqi məktəbində piano təhsili almaqla keçsə də,
evə gəlib tapşırıqları yerinə yetirdikdən
sonra vaxtım atamın kitabxanasının rəngli
dünyasına dalmaqla keçirdi. Bəlkə elə bu təsirlə
3-cü sinifdə oxuyarkən ilk şeirimi
yazmışdım.
Onunla da ilk tanışlığım hələ
çox kiçik yaşlarımda olmuşdu... Evimizin
kitabxanasındakı kitab rəfində qoyulmuş,
böyük hərflərlə adı yazılmış
kitabını əlimə alanda tanış olmuşduq...
Kitabın ilk səhifəsindən mehriban baxışlı,
nur üzlü bir şair-yazıçı ilə
göz-gözə gəlmişdik. Saf, uşaq təbəssümümlə,
böyük bir sayğı ilə
salamlaşmışdıq, onun özünün belə bundan
xəbəri olmadan... "Ömür kitabı"nı
yazıçı duyğularında, öz ruh
dünyasında sehrli qələmi ilə boyayan
yazıçı - Sabir Rüstəmxanlı ilə olan ilk ,
virtual tanışlığımız ağlıma belə gəlməzdi
ki, gün gələcək real tanışlıqla əvəz
olunacaq...
O, illər öncə uzaq, doğma Yardımlı
rayonundan, kənd mühitindən çoxdan
çıxmış, arzularının arxasınca yola
düşmüş, ədəbiyyat dünyasında
sözünü deməyi bacarmışdı. Mən isə
onu və qələm dostlarının yaratdığı
sehrli söz dünyasını qalaq-qalaq kitablardan oxuyaraq
onlara tərəf qanad açmaq istəyimin fərqində
deyildim. Rayondakı evimizdə atamın qurduğu o kiçik
kitabxanamız mənim gözümdə Sabir Rüstəmxanlı
və onun "silahdaşlarının"
yaratdığı böyük bir ədəbi məktəb
idi...
Tanıdıqca onunla atamın çox bənzərliklərini
kəşf etməyə başladım. Bəlkə bu torpaq,
yer və ruh doğmalığından irəli gəlirdi.
Yaxşı xatırlayıram, atam bizim soyadımızın
sonundakı "ov-ova", "yev-yeva" sonluqlarını
ilk dəyişdirənlərdən biri olmuşdu. Evdə Azərbaycan
dilində olmayan bir kəlməni belə dilimizə gətirməyimizə
izn verməzdi. Eynilə Sabir bəyin
dərsliklərə salınan "Ana dilim" şeirində
olduğu kimi, eynilə dəfələrlə valideynlərə
uşaqlarınıza öncə dilimizi yaxşı öyrədin
dediyi kimi və ruhunu əbədi bu dilə
tapşıracağını şeirdə dilə gətirdiyi
kimi... Gülləbatmaz ipək nəğmələrinin
dilimizdəki gözəlliyi anlatdığı kimi, dilimizin
orduları sarsıdan qəhrəmanlığı kimi, Araz sərhədini
qıran kəlmələrimizin müqəddəsliyinə
öyündüyü kimi...
Həyat 40 illik ömrümü dünya adlı
okeanda elə dalğalarla üz-üzə qoydu ki, uzun zaman qərib
ölkələrin həsrət imtahanlarından keçməli
oldum. Bəzən sınaqlardan kəsildim, bəzən sinifdə
qaldım, bəzən qələbə çaldım,
uğursuzluqlar məni büdrətdisə də
yıxılmadım, mübarizəyə davam etdim. İllər
sonra uzaq İspaniyadan vətənə qayıdıb kənar
qaldığım ədəbiyyat susuzluğuna dözəmməyib
yenidən qələmlə silahlandım... Heç gözləmədiyim
anda, ağlıma belə gəlmədiyi zamanda söz
dünyasının yaradıcı qəhrəmanlarını
yaxından tanımaq nəsibim oldu.
Sabir bəy mənimçün kitablardan
tanıdığım, uşaq ikən görmədən
böyük rəğbətlə oxuduğum insan olaraq
qalmadı. Ailəmizin, ədəbiyyat sevgisi ilə
böyüyən məktəbli qızımın, dərs
oxumağı sevməsə də, öz zəngin mənəvi
dünyasını qapalı saxlayan balaca oğlumun da şair
kimi tanıdığı, dərsliklərdə əzbərlədiyi
müəllifin şeirlərdən çıxıb real
dünyamıza gələn, baba adlandırdıqları birinə
çevrildi... Mehriban baxışlarında, yüksək
insani keyfiyyətləri özündə cəmləşdirən
təmiz qəlbində bizə də yer olduğunun fərqində
olduğumuz üçün özümüzü xoşbəxt
saya bildik.
Bu, Sabir bəyin həyatdakı öz halal qazancı
idi.
"Karantin boşluğu" adlı kitabıma
ön söz yazan şairin şeirlərim haqqında dediyi dəyərli
fikirlər məni necə sevindirmişdi, bir bilsəniz... Daha
sonralar isə növbəti çapdan çıxmağa
hazırlaşan yeni şeirlər kitabımın adını
qoymağa çətinlik çəkdiyim zaman da yenə o
dadıma çatmışdı.
"Sənin şeirlərin həsrət, özləm
doludur, sənin şeirlərin darıxır, Aysel, əgər
istərsənsə kitabının adını
"Darıxan şeirlər" adlandıra bilərsən"
- demişdi. Və qısa zaman sonra "Darıxan şeirlər"imlə
oxucuların görüşünə çıxa bildim.
Həyatdakı ustad, Dədə Qorqud
missiyasını o, burada da yerinə yetirmişdi. Şeirləriylə
ədəbiyyat dünyasında kövrək addımlarla irəliləyən
gənc bir yazarın kitabına xeyir-dua verib, ad qoymuşdu,
"Darıxan şeirlər" adını...
Sabir bəy həm də bizim üçün gəncliyin
dostu, hər yaşda olan insanlarla ünsiyyət qurmağı
bacaran doğması, sevdiyimiz insan, kölgəsində sərinləyə
biləcəyimiz uca, qol-budaqlı bir çinardır. Öz
şeirində dediyi kimi, "Vətənə bənzəyir"...
Bu gün "Difai fədailəri", "Cavad xan",
"Göy Tanrı", "Atamın ruhu" kimi dəyərli
əsərlərinin hamısında o, özüdür. Son
illərdə çapdan çıxan "Vətəndaşlığın
əlifbası" kitabı "Ömür
kitabı"nın davamı olmaqla bərabər,
"Qarabağa dönüş" poeması da Zəfər
savaşının ilk bədii ifadəsidir. Dəyərli ədəbiyyat
nümunələri yaratmaq üçün həmin
yaşantıları duymaq, yaşaya bilmək, onların
dövrünə virtual səyahət etməyi bacarmaq
lazımdır və bunu da ancaq qəlbi torpaq, xalq, insani
duyğular üçün çırpınan bir ürək
yaza bilər. Belə bir ürək də yalnız SABİR
RÜSTƏMXANLI köksündə döyünə bilər.
Bu mənada onun son illərdə bir birinin ardınca nəşr
etdirdiyi "Qarabağa
dönüş", "Şair və şər",
"Vətəndaşlığın əlifbası",
"Ölüm son deyil. Tanıdığım Heydər
Əliyev" kitablar silsilsəsini
Azərbaycan Respublikasının Dövlət
mükafatına təqdim edilməsi həm də Böyük
Yazıçıya verilən layiqli rəsmi qiymət
sayıla bilər.
Mən də ömrünün ən gözəl illərini
meydanlarda keçirən, azadlıq üçün, ana dili
üçün xalqla birlikdə, çiyin-çiyinə
vuruşan söz sərkərdəsi haqqında qısa da olsa
bir neçə səmimi fikirlərimi bildirməyi
özümə borc bildim.
Bilirəm ki, Sabir bəy üçün də bu
dünyada sözdən, insani duyğulardan, mənəvi hisslərdən
dəyərli heç nə ola bilməz.
O bu gün M.Ə.Sabir, Bəxtiyar Vahabzadə, Xəlil
Rza, Məmməd Araz, Musa Yaqub və başqa digər
böyük şəxsiyyətlərin yer üzündəki,
bu dünyadakı nəfəsidir. Yaxşı insanların
çox yaşamasına, gümrah qalmasına,
yanımızda olmasına, bizə yol göstərməsinə
ehtiyacımız böyükdür...
Bir şeirində özünün də dediyi kimi:
Kəlmə, kəlmə dalınca
düzüləndə dil olur.
Barmaqlar bir pəncədə
birləşəndə əl olur.
İnsanlar bir qədəri
paylaşanda el olur.
Millət şərə əyilsə
alışmadan kül olur.
Bu gün xalqımızın keçdiyi
ağrılı və qürur dolu illəri, ayları,
günləri söz-söz yaşayan və
yaddaşımıza şeir-şeir hopduran Sabirlərin sayəsində
vətən vətən olur, tarix öz səhifələrində
kövrək sətirlərdə qürurla "Azərbaycan"
yazır, şanlı zəfərin igid oğulları
Tanrı qatında hüzurla
uyuyur.
Nə qədər ağır düşmən
zülmüylə savaşsaq da, yolumuzun haqq yolu olduğundan
qürurla söz açaraq şairin də dediyi kimi, biz
"hesabı axırda kəsirik":
Mənim yoluma bax, əzəldən haqdı
Haqqı gücsüz bilib gülmək günahdı,
Gələcək cəzanı çəkməyin
vaxtı,
Hesabı axırda kəsən millətəm!..
Aysel XANLARQIZI SƏFƏRLİ
525-ci qəzet.- 2024.- 14 may,№83.- S.10.