Tərtərdə
jurnalistika rüzgarı
"YENİ TƏRTƏR" QƏZETİNİN 90
İLLİK YUBİLEY TƏDBİRİ İLƏ BAĞLI
QEYDLƏR
Tərtər rayonu Zaqataladan yetəri qədər
uzaqda yerləşir. Lakin bu uzaqlıq "Yeni Tərtər"
qəzetinin dəvətini qəbul edib, qəzetin 90 illik yubileyində
iştirakımıza əngəl ola bilməzdi. O gün həm
də hava bir az yağışlı idi. Olsun, dedik, may
ayının yağışı təbiətə bir az da təravət
verir, gözəl Azərbaycanımızın gözəlliklərini
bir daha seyr etmək imkanı qazanmış olarıq, deyərək
yola çıxdıq. Nə yaxşı da etdik, bu səfər
zamanı nəinki yol boyu seyr etdiyimiz gözəlliklərdən
zövq aldıq, ən əsası rayon qəzetlərinin belə
ağrılı vaxtında, qayğıdan uzaq
düşdüyü, yaşamaq üçün son
gücü və imkanları ilə mübarizə
apardığı, işini tam dayandırmaq məcburiyyətini
yaşadığı bir vaxtda Tərtərdə başqa bir
mənzərə ilə qarşılaşdıq və bundan
böyük zövq aldıq. Sən demə, Tərtərdə
"Yeni Tərtər" qəzeti elə bir qayğı ilə
əhatə olunub ki, buna ancaq həsəd aparmaq olar.
"Yeni Tərtər" rayon icra hakimiyyətinin təsisçiliyindən
çıxıb, Media İnkişaf Agentliyindən reyestrdən keçərək
müstəqil qəzet kimi fəaliyyət göstərir.
Lakin burada İcra Hakimiyyəti ilə o qədər gözəl
münasibətlər qurulub ki, bunu sözlə ifadə etmək
çox çətindir. Hər ikisinin məqsədi, məramı
birdir - Tərtərin dirçəlməsinə,
çiçəklənməsinə xidmət etmək, tərtərlilərin
həyatını günü-gündən yaxşılaşdırmaq.
Müharibə Tərtərə o qədər ziyan vurmuşdu
ki, bu dağıntının aradan qaldırılması, erməni
vəhşiliyinin izlərini həm görüntü olaraq, həm
də mənən təmizləmək üçün Tərtərdə
bütün qurumların vahid işbirliyi təmin edilmişdi.
Bu birlikdə mətbuat işçiləri ilə əlaqə,
onların işləməsi üçün şəraitin
yaradılması da əsas fəaliyyət istiqamətlərindən
biri kimi götürülmüşdü. "Yeni Tərtər"
qəzeti mütəmadi olaraq ayda 3 dəfə
çıxır, qəzetin saytı demək olar ki, hər
gün yenilənir. Bütün bunları görmək tədbirdə
iştirak edən rayon qəzetlərinin redaktorları
üçün həqiqətən çox xoş idi.
May ayı gül-çiçək ayıdır. Hər
tərəf min bir rəngə boyanıb. Biz Bərdəyə
daxil olduğumuzda artıq açıb tökən
çiçəklərin gözəlliyindən məst
olmuşduq. Bərdənin öz əvvəlki
növcahanına qayıtmasını görmək çox
xoş idi. Şeyx Nizami yazırdı: "Bərdə nə
gözəldir, necə qəşəngdir, yazı da,
qışı da güldür-çiçəkdir". Bərdə işğal və
müharibə ağrılarını bütün
gücü ilə üzərindən atır, qonaqları
gülü-çiçəyi ilə qarşılayır. Bərdənin
içindən keçərək Tərtər yoluna çıxırıq.
Yolboyu əkin sahələrində insanların necə həvəslə
işləməsinin şahidi oluruq. Onları daha namərd
düşmənin dayanmadan atdığı güllələr
narahat etmir. Sərhəd bölgəsi kimi 30 ildə tərtərlilər
nələr yaşamadılar. Ali Baş Komandan İlham
Əliyev buranı nahaq yerə Stalinqrad
adlandırmamışdı. Müharibədən sonra etdiyi
çıxışlarında isə Tərtərə dəfələrlə
"Qəhrəman Tərtər" demişdi. Tərtər,
həqiqətən, son işğal nöqtəsi kimi
düşmən qabağında əzmi, iradəsi ilə
dayandı.
Bu da, bəlkə də, hər evinə bomba
düşmüş Tərtər. Təbii ki, qələbədən
sonra Tərtərdə elə abadlıq, quruculuq işləri
gedib ki, burada müharibə yaralarını görmək
mümkün deyildir. Lakin o dağıntılar yüzlərlə,
bəlkə də minlərlə lentin yaddaşına
köçürülüb, tarix üçün qorunur.
Tarix üçün bir də "Yeni Tərtər" qəzetinin
qovluqları saxlanılır. Çünki "Yeni Tərtər"
doğma şəhərinin o ağrılı günlərini
öz səhifələrində bir-bir yazıb, müharibənin
dağıntılarını ürək ağrısı ilə,
bəzən göz yaşları ilə yazdıqları sətirlərdə
təsvir edib.
Tədbir İcra Hakimiyyətinin geniş iclas
zalında keçirilirdi. İctimaiyyət nümayəndələri
ilə yanaşı, idarə və təşkilat rəhbərləri
də qəzetin yubileyində iştirak etmək
üçün bura toplaşmışdılar. Həmkarlarımızı
bir arada görmək çox xoş idi. Bir çox rayon qəzetlərinin
redaktorları, "Yeni Tərtər" də ilk əmək
fəaliyyətinə başlayan, indi isə müxtəlif mətbuat
orqanlarında çalışan tərtərlilər də
burada idi. Biz Mətbuat Şurasından gələn nümayəndələrlə
bir olduq. Mətbuat Şurasının demək olar
bütün kollektivi bu yubiley tədbirinə gəlmişdi.
Yubiley tədbirində Azərbaycan Mətbuat
Şurasının sədri Rəşad Məcid, Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsinin
dekanı Vüqar Əliyev, Milli Məclisin deputatı Sahib
Alıyev, unversitetin Redaksiya-nəşriyyat işi
kafedrasının dosenti Rasim Süleymanov, Tarix fakültəsinin
elmi işlər üzrə dekan müavini Kəmalə
xanım Nəcəfova, Ahıl Jurnalistlər Birliyinin sədr
müavini Əminə Yusifqızı, "Azərbaycan" qəzetinin
bölgə müxbiri Lazım Quliyev, siyasi icmalçı
İlham İsmayıl, Bərdə, Zaqatala, Goranboy, Ağdam,
Ağcabədi rayonlarının bölgə qəzetlərinin
redaktorları və bir çox tanınmışlar
iştirak edirdilər.
Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Müstəqim Məmmədov qonaqları böyük hörmət
və ehtiramla qarşıladı. Tədbir Ulu öndər
Heydər Əliyevin abidəsi önünə gül dəstələri
qoymaqla başladı. Sonra qəzetin 90 illik fəaliyyətini əks
etdirən sərgiyə baxıldı.
Rəsmi tədbirdə həm şəhidlərin, həm
də Ulu öndərin xatirəsi bir dəqiqəlik
sükutla yad edildi və söz "Yeni Tərtər"in
redatoru Svetlana Bağırovaya verilir.
Svetlana xanım qəzetin 90 illik çap tarixindən, bu
yolda qarşılaşdıqları çətinliklərdən,
qazanılan uğurlardan və son illərdə qəzetə
göstərilən qayğıdan ağız dolusu
danışır. Tədbirdə iştirak edən
qonaqların hər biri bu sahənin peşəkarı
olduğu üçün onların
çıxışları da yubileyinə
toplaşdığımız "Yeni Tərtər"in
kontekstindən bu günümüzün media mühitinə
ciddi bir baxış idi. Bu çıxışlarda çox
maraqlı təhlillər var idi. Bu çıxışlarda
çap mediasının bugünkü durumunun təhlili var
idi. Bu çıxışlarda vəziyyətə bir peşəkar
baxış var idi. Ən əsası da yubileyinə
toplaşdığımız qəzetin uğurlarına sevgi,
sayğı var idi.
Hər kəs "Yeni Tərtər"ə öz hədiyyəsini
təqdim edir. Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Müstəqim Məmmədov qəzetin
əməkdaşlarına rayon icra hakimiyyətinin fəxri fərmanlarını
təqdim edir. Respublika Prezidentinin sərəncamı ilə
Svetlana Bağırovanın "Heydər Əliyevin 100 illiyi
(1923-2023)" yubiley medalı ilə təltif olunduğunu
bildirir və medalı ona təqdim edir. Mətbuat
Şurası qəzeti diplomla mükafatlandırır. 100
yaşını ötən il tamamlayan "Zaqatala" qəzetinin
redaktoru İbrahim İbrahimov birgə imza
atdığımız "Qarabağın fatehləri" və
"Tarix yazan oğullar" kitablarını həm Tərtər
rayon İcra Haimiyyətinin başçısı Müstəqim
müəllimə, həm də "Yeni Tərtər"in
redatoru Svetlana xanıma təqdim edir. Qeyd edir ki, bu kitablarda
adı keçən şəhidlərin və Vətən
müharibəsi qəhrəmanlarının bir qismi
Suqovuşanda və Talışda vuruşublar.
Hər görüş bir xatirədir. Bu
görüşün də xatirələri unudulmazdır. Bu
görüş bizləri, jurnalistika fakültəsinin bir qrup
məzununu bir araya gətirdi. Tərtərdə bir jurnalistika
rüzgarı əsdi. Peşəsinə, sənətinə
sadiq insanlar bir daha göstərdilər ki, maddiyyat
üçün yox, mənəviyyat üçün
yaşamaq və işləmək nə deməkdir. Biz bu sənətlə
bütün ömrümüz boyu xalqa, millətə xidmət
etmişik, mədəniyyətimizin keşiyində
durmuşuq, tarixin qaranlıq keçmişinə işıq
salmışıq, bu gün də yurdun işıqlı
sabahı üçün çalışırıq,
yazıb-yaradırıq. "Yeni Tərtər"in yubiley tədbirindən
rayon qəzetlərinin sabahı üçün hər halda
nikbin əhval-ruhiyyə ilə ayrılırıq. Həmkarlarımıza
uğurlar arzulayır, onlar üçün bu şəraiti
yaradanlara "Var olun!" deyirik.
Elmira MEHDİYEVA
"Zaqatala" qəzetinin redaktor müavini, Əməkdar
mədəniyyət işçisi
525-ci qəzet.- 2024.- 14 may,№83.- S.8.