COP29 - Azərbaycan ən
yaxşı nəticələrə inanır
Bu gün iqlim dəyişikliyinin yaratdığı fəsadların
aradan qaldırılması qlobal aləm üçün əsas
məsələlərdən birinə çevrilib. Bu
mövzu beynəlxalq müstəvidə aktiv müzakirə
olunur, həll yolları araşdırılır, müxtəlif
addımlar atılır. Məlumdur ki, BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransı (COP29) bu məsələdə xüsusi rola
malikdir. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə
davamlı addımlar atmaq, həll yolları tapmaq
üçün hər il bu tədbir müxtəlif ölkələrdə
baş tutur. COP dünyada ən mötəbər və ən
mühüm tədbirlərdən biri hesab olunur. Bu, vacib
problemi əhatə etməklə yanaşı, həm də
iştirakçılıq sayına, böyük marağa
görə fərqlənir. Belə ki, COP-un işinə 100
minə yaxın insan qatılır.
Bu il isə bu tədbirə Azərbaycan ev sahibliyi
edir. Artıq Bakı bu istiqamətdə aktiv işləyir,
müxtəlif müzakirələr, təqdimatlar
keçirilir, hazırlıq işləri yüksək səviyyədə
aparılır. Dünya ölkələrinin liderləri
COP29-a dəvət olunurlar.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də
BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli
keçid üzrə xüsusi müşaviri Selvin Çarlz
Hartı qəbul zamanı bildirib ki, COP29-a hazırlıq məqsədilə
bütün lazımi və zəruri işlər plana
uyğun davam etdirilir. Azərbaycan beynəlxalq ictimaiyyətlə
və təsisatlarla COP29-un substantiv məsələləri
üzrə danışıqlar və məsləhətləşmələr
aparır.
Prezident bildirib ki, Azərbaycanın məqsədi
dünya ölkələri arasında iqlim dəyişmələri
mövzusunda həmrəyliyin və birgə fəaliyyətin
gücləndirilməsidir. Bütün dünya ölkələri,
o cümlədən, Azərbaycan iqlim dəyişmələrinin
mənfi təsirlərinə və fəsadlarına məruz
qalıb. Belə ki, artıq son yeddi ildə Azərbaycanda
quraqlıq müşahidə olunub, yağıntının
miqdarı əhəmiyyətli dərəcədə
azalıb. Bu il yağıntının miqdarının
artması prosesi baş versə də, bütövlükdə
Azərbaycan bundan əziyyət çəkir. Xəzər dənizinin
suyunun çəkilməsi prosesi müşahidə olunur və
bu da ciddi narahatlıq doğuran məqamdır.
Dövlət başçısının sözlərinə
görə, Azərbaycan müsbət nümunəsi və
yaşıl gündəliyi ilə iqlim dəyişmələri
proseslərinə və iqlim fəaliyyətinə öz
töhfəsini verir. Belə ki, neft və qaz ixrac edən Azərbaycan
bu sahədə əldə olunmuş gəlirləri ölkənin
inkişafına sərf etməklə uğurlu inkişaf
modeli nümayiş etdirir. Azərbaycanda yaşıl
keçid qarşıya hədəf kimi qoyulub və ölkəmizdə
beynəlxalq tərəfdaşların da iştirakı ilə
ciddi yaşıl enerji ixrac potensialı yaradılır.
Məlumdur ki, zəngin təbii enerji resurslarına
malik olan, Avropanın enerji təhlükəsizliyinin təminində
mühüm rol oynayan Azərbaycan həm də iqlim dəyişikliyi
ilə mübarizədə önə keçir, bərpaolunan
enerji resurslarını inkişaf etdirməklə
"yaşıl keçidi" sürətləndirir.
Azərbaycan bərpaolunan enerji mənbələri
üzrə yüksək potensiala malik ölkələrdəndir.
Bərpaolunan enerji mənbələrinin texniki potensialı
quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan
enerji mənblərinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən,
külək enerjisi üzrə 3000 meqavat, günəş
enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat,
dağ çaylarının potensialı 520 meqavat həcmində
qiymətləndirilir.
Ölkəmizdə bərpaolunan enerji potensialından
səmərəli istifadə edilməsi məqsədilə
atılmış əsas addımlardan biri 2004-cü ildə
"Azərbaycan Respublikasında alternativ və bərpaolunan
enerji mənbələrindən istifadə olunması üzrə
Dövlət Proqramı"nın qəbul edilməsi olub.
Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin
istifadəsində əsaslı dəyişikliklərin həyata
keçirilməsinə və ölkəmizin bu sahədəki
potensialının dəyərləndirilməsinə geniş
imkanlar yaradıb.
2020-ci ildə Səudiyyə Ərəbistanın
"ACWA Power" və BƏƏ-nin "Masdar" şirkətləri
ilə 240 meqavat gücündə külək və 230 meqavat
gücündə günəş enerjisi üzrə pilot layihələrlə
başlayan yaşıl enerji tərəfdaşlığının
miqyası qısa müddətdə genişləndi.
"Masdar", "ACWA Power", BP, "Fortescue Future
Industries", "China Gezhouba Group Overseas Investment",
"Total Energies", "Nobel Energy" və "A-Z Czech Engineering"
şirkətləri ilə ümumi gücü 28 qiqavatdan
çox layihələrə dair əməkdaşlıq sənədləri
imzalandı. Bütün bunlar ölkəmizin yaşıl
enerjiyə keçidə olan niyyətindən irəli gəlir.
Onu da qeyd edək ki, ötən ilin oktyabr ayında
açılışı olan 230 meqavat gücündəki
"Qaradağ" GES ölkəmizdə 225 milyon dollar məbləğində
xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır.
Bu stansiya sayəsində enerji balansımıza ildə 500
milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon
kubmetr həcmində təbii qaza qənaət ediləcək.
Həmçinin "Masdar" ilə 10 qiqavatadək həcmdə
müqavilələr bağlanıb. İlkin mərhələdə
quruda sənaye miqyaslı 1 qiqavat gücündə günəş
və 1 qiqavat gücündə külək enerjisi, həmçinin
2 qiqavat gücündə dənizdə külək və
inteqrə olunmuş yaşıl hidrogen istehsalı layihələrinin
qiymətləndirilməsi, inkişafı və həyata
keçirilməsi ilə bağlı İcra Müqaviləsi
imzalanıb. Bu çərçivədə Neftçalada 390
meqavatlıq günəş, Biləsuvarda 445 meqavat günəş
və Qobustanda 200-300 meqavat gücündə külək
elektrik stansiyalarının inşası nəzərdə
tutulur.
Eyni zamanda, işğaldan azad edilən ərazilərdə
də yarımstansiya və su elektrik stansiyaları istismara
verilib. Bununla yanaşı, Prezident azad edilmiş əraziləri
yaşıl enerji zonası elan edib. Bu ərazilərin 2050-ci
ilədək "Netto sıfır emissiya" zonasına
çevrilməsi nəzərdə tutulur.
Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsindəki
fəaliyyəti, yaşıl enerji gündəliyi ölkəmizin
bu məsələdə qətiyyətini göstərir.
Dövlət başçısı bununla
bağlı deyib ki, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə
də özünü göstərəcəkdir və
dünyada hər kəs bir daha görəcək ki, bizim
gündəliyimiz yaşıl enerji ilə bağlıdır.
Yaşıl enerji növlərinin yaradılması və
yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda
enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və
bütün dünya bunu bir daha görəcək.
Azərbaycan COP29-a təkcə ev sahibliyi etmir, həm
də bu tədbirdən ən yaxşı nəticələri
əldə etmək üçün çalışır.
Prezident İlham Əliyevin dediyi kimi, bizim üçün
COP29 çox böyük məsuliyyətdir. Burada söhbət
təkcə təşkilati məsələlərdən
deyil, nəticələrin əldə edilməsindən də
gedir. Ölkəmizin beynəlxalq tədbirlərə
uğurlu ev sahibliyini, irəli sürdüyü əhəmiyyətli
təşəbbüsləri və onların
reallaşmasını nəzərə alsaq, COP29 konfransı
ilə bağlı da gözləntilərin doğrulacağına
şübhə qalmır.
Pərvanə
525-ci qəzet.- 2024.- 14 may,№83.- S.5.