Hava monitorinqində yeniləşmə:
xəbərdarlıqda fərqli mexanizm
Azərbaycanda hava xəbərdarlıqları yeni
mexanizmlə təqdim olunacaq. Gündəlik hava xəbərdarlıqları
zamanı gözlənilən təhlükəli hidrometeoroloji
hadisələr "Rəng xəbərdarlıq sistemi"
şkalası ilə əhaliyə daha anlaşılan formada
çatdırılacaq. Yeni mexanizmə əsasən, 3 rəng
- sarı, narıncı və qırmızı rəng
şkalası tətbiq ediləcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata
görə, hava xəbərdarlığının sarı rəng
şkalasında təqdim olunması bəzi ərazilərdə
meteoroloji risklərin ola biləcəyini
proqnozlaşdırıldığı deməkdir. Belə ki,
sarı xəbərdarlıqlarda kiçik xəsarətlər
üçün bəzi potensial təhlükələr qeyd
olunacaq. Narıncı rəng xəbərdarlığı isə
ictimai təhlükəsizliyə, yaşayış sahələrinə
və əmlaka yüksək risk olduğunun göstəricisidir.
Bu rənglə edilən xəbərdarlıqlara və
tövsiyələrə mütləq əməl etmək
vacibdir. Hava xəbərdarlığı qırmızı rənglə
edilirsə, bu ictimai təhlükəsizliyə,
yaşayış sahələrinə və əmlaka çox
yüksək, yəni ekstremal risk olduğunun göstəricisidir.
Bu rənglə xəbərdarlıqlar şiddətli
fırtına və tufan, qasırğa halları zamanı
istifadə ediləcək.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini
Gülnarə Abbasova deyir ki, 2019-cu ildən başlayaraq Azərbaycanda
mövcud olan hava keyfiyyəti üzrə monitorinq şəbəkəsinin
modernizasiyası işlərinə başlanılıb,
avtomatik rejimdə çalışan beş stansiya
quraşdırılıb. Avtomatik stansiyalar Bakı şəhərində
3 ədəd, Sumqayıt və Gəncə şəhərlərində
isə 1 ədəd olmaqla quraşdırılıb:
"Stansiyalardan atmosfer havasındakı toz hissəcikləri
və qaz birləşmələrinin monitorinq nəticələri
əldə olunaraq Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə
ötürülür. Monitorinq stansiyaları ilə əhatə
olunmayan ərazilərdə isə hava keyfiyyətinin operativ
qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə
edilir".
O qeyd edib ki, "Meteo.az" mobil tətbiqini istifadə
edən hər kəs olduğu ərazi üzrə hava durumu
haqqında mütəmadi məlumat alacaq. Sözügedən
tətbiq vasitəsilə əhaliyə hava hadisələri
barədə xəbərdarlıqlar daha öncədən
bildiriləcək. Hazırda hava hadisəsinin hansı bölgədə
baş verməsi haqqında məlumat veririk, lakin yeni sistem
imkan yaradır ki, əhalini konkret hansı ərazidə dolu,
leysan, şimşək, sel və daşqın hadisələri
olacağını əvvəlcədən məlumatlandıra
bilək. Eyni zamanda, Şuşada quraşdırılması nəzərdə
tutulan radar sistemi vasitəsilə Qarabağ ərazisində də
baş verəcək hidrometeoroloji hadisələr Situasiya Mərkəzində
vizuallaşacaq: "Yeni tətbiq ediləcək "Rəng xəbərdarlıq
sistemi" şkalası ilə küləyin sürəti
haqqında qiymətləndirmə hər kəsə mütəmadi
göndəriləcək. Küləklə bağlı tətbiq
edilən bu vasitə gələcəkdə digər təhlükəli
meteoroloji hadisələr üçün də sistemləşdiriləcək.
Azərbaycanda daha çox küləkli havalar müşahidə
olunduğundan ilk olaraq bunu pilot kimi
götürmüşük. Növbəti mərhələdə
- ilin sonuna qədər güclü istilər,
daşqınlar, dolu, leysan, sel xarakterli hava hadisələri ilə
bağlı da rəng şkalası üzərindən xəbərdarlıq
sistemi tətbiq ediləcək".
Azərbaycan 1993-cü ildən Ümumdünya Meteorologiya
Təşkilatının üzvüdür. Təşkilat
2030-cu ilədək üzv ölkələr
qarşısında erkən xəbərdarlıq sisteminin
quraşdırılmasını tələb kimi qoyub. Bu
yöndə Milli Hidrometeorologiya Xidmətində işlər
aparılır. Bu sistem quraşdırılan zaman əhali,
onların əmlakı və eyni zamanda iqtisadiyyatın
müxtəlif sahələri təhlükəli hidrometeoroloji
amillərdən qorunacaq, dəyən zərərin minimuma
endirilməsi təmin ediləcək. İnsanlar baş verə
biləcək təhlükəli və xüsusi təhlükəli
atmosfer hadisələri barədə əvvəlcədən məlumatlı
olacaqlar və tədbirlər görməyə
başlayacaqlar. Məlumatlar Fövqəladə Hallar Nazirliyinə,
Səhiyyə Nazirliyinə və güc strukturlarına
göndəriləcək. Hazırda iqlim dəyişikliyi
fonunda təhlükəli hidrometeoroloji hadisələrin
başvermə intensivliyi və arealı daha da artıb.
Azərbaycanda hidrometeoroloji müşahidələr
1830-cu illərdən başlayıb, ilkin müşahidələr
dəniz səviyyəsi üzərində aparılıb.
Sonrakı mərhələdə isə meteoroloji
müşahidələr aparılmağa başlanılıb.
Ardınca bütün ölkəni əhatə edən
meteoroloji şəbəkə sistemi qurulub. Son illər
hidrometeoroloji şəbəkənin 50 faizi tam
avtomatlaşdırılıb. Milli Hidrometeorologiya Xidmətində
respublikanın 8 iqlim bölgəsi və Xəzər dəniz
akvatoriyasının altı rayonu üzrə sutkalıq, 2
sutkalıq və 10 günlük hava proqnozu hazırlanır.
Proqnozlar hazırlanan zaman faktiki hava təhlil olunur. Bundan sonra
isə müxtəlif proqnoz sistemi mənbələri ilə
hava proqnozu hazırlanır. Bunlar meteoroloji radarlar,
"Türkmedcap" sistemi, peyk məlumatları və digər
mənbələrdir. "Türkmedcap" sistemi ilə
yaxın 10 gün ərzində gözlənilən hava şəraiti
barədə məlumatlar əldə olunur. Bununla küləyin
sürəti, istiqaməti, qarın hündürlüyü,
şimşək hadisələri, havanın minimal temperaturu
haqqında məlumatları əldə etmək
mümkündür. Məlumatlar real vaxtda Situasiya Mərkəzinə
ötürülərək emal prosesinə göndərilir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov
qeyd edib ki, ölkə ərazisində ən çox
rastlaşdığımız təhlükəli atmosfer
prosesləri güclü küləklər və
qasırğalar hesab olunur. Belə güclü küləklər
əsasən Bakı və Abşeron yarımadasında,
xüsusilə də Xəzər dənizinin Azərbaycana aid
hissəsində müşahidə olunur: "Müxtəlif
dövrlərdə dəniz akvatoriyasında sürəti 40
m/saniyəyə çatan güclü qasırğalar
müşahidə edilib ki, bu da təsərrüfat sahələrinə
zərər vurmaqla yanaşı, insan tələfatına da səbəb
olub".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
(ETSN) mətbuat katibi İradə İbrahimovanın dediyinə
görə, Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə
hidrometeoroloji şəbəkənin modernləşdirilməsi
işləri aparılır. Artıq Azərbaycanda
hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilərək
ən müasir avadanlıqlarla təmin edilib,
avtomatlaşdırılmış sistemə keçirilib:
"Artıq hidrometeoroloji xəbərdarlıq, proqnoz məlumatlarının
əhaliyə daha operativ çatdırılmasını təmin
etmək məqsədilə meteo.az mobil tətbiqinin istifadəyə
verilməsi nəzərdə tutulur".
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun
sözlərinə əsasən, işğaldan azad olunmuş
ərazilərdə müşahidə şəbəkəsinin
bərpası və yenidən qurulması tədbirləri
davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonları ərazisində 11 hidroloji stansiya artıq bərpa
olunub. Bunlar Araz, Bərgüşad, Tərtərçay,
Oxçuçay, Həkəriçay, Tutqunçay, Zabux,
Quruçay, Bəsitçay, Köndələnçay
çayları üzərində hidroloji avtomatik sensorlar
quraşdırılıb. 4 transsərhəd çay - Araz, Bərgüşad,
Bəsitçay, Oxçuçay üzərində isə
keyfiyyət sensorları yerləşdirilib. Bu sensorlar vasitəsilə
suyun kəmiyyət və keyfiyyət göstəriciləri
izlənilir: "2022-ci ildə "İşğaldan azad
olunmuş ərazilərdə Böyük
Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində
beş dəst bütün lazımi sensorlarla təchiz
olunmuş yeni nəsil avtomat meteoroloji stansiyalar Kəlbəcər,
Ağdam, Zəngilan, Füzuli və Şuşa şəhərlərində
quraşdırılıb. Bu stansiyalar ərazinin meteoroloji
şəraitini öyrənməyə, buludluluq,
görünüş məsafəsi, havanın və
torpağın temperaturu, rütubəti, yağıntı,
küləyin sürəti və istiqaməti və s.
meteoroloji parametrləri onlayn rejimdə izləməyə imkan
verir. İstifadədə olan bütün avtomat
stansiyaların məlumatları hazırda Milli Hidrometeorologiya
Xidmətində fəaliyyət göstərən Situasiya Mərkəzində
vizuallaşır. Dövlət proqramı çərçivəsində
bu il də işlərin davam etdirilməsi nəzərdə
tutulur. Belə ki, Şuşa şəhərində bir dəst
dopler radar sisteminin, həmçinin 2025-ci ildə
Laçın, Qubadlı, Ağdərə, Xocavənd
rayonlarında, eləcə də Xankəndi şəhərində
daha beş ədəd müasir standartlara cavab verən avtomat
meteoroloji stansiyaların da quraşdırılması
planlaşdırılıb. Bundan başqa, Füzuli rayonu ərazisində
cari ildə yeni aeroloji stansiyanın
quraşdırılmasına hazırlaşırıq.
Ümumilikdə isə ölkə üzrə 2019-2023-cü
illər ərzində müasir standartlara cavab verən iki dəst
dopler radar, dörd dəst dəniz hidrometeoroloji və 40 ədəd
avtomat hidroloji, həmçinin 17 ədəd avtomat meteoroloji
stansiyalar qurulub".
Təhlükəli hava şəraitinin vaxtında
müəyyənləşdirilməsi, identifikasiyası və
onların dəqiq proqnozlaşdırılması
üçün dünya təcrübəsində erkən xəbərdarlıq
sistemlərində dopler radarlarından geniş istifadə
olunur. Əhatə etdiyi radiusda radarlarla həm ölkədaxili,
həm də ölkəxarici atmosfer prosesləri fasiləsiz
olaraq Situasiya Mərkəzində
vizuallaşdırılır. Bu məlumatlar xəbərdarlıq
və proqnoz kimi istifadə olunur. Radarlar vasitəsilə
düşən yağıntının miqdarını, bulud
sisteminin şaquli kəsiyini analiz edə bilirik. Radar şəbəkəsinin
sayının artırılması üçün işlər
görülür. Növbəti mərhələdə isə
məlumatların ictimaiyyətə və aidiyyəti orqanlara
təqdim edilməsi başlanılır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 15
may,№84.- S.15